Azərbaycanın və İranın XİN başçıları bölgədə son vəziyyəti müzakirə ediblər

post-img

Sentyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda İranın xarici işlər naziri Hüseyn ƏmirAbdullahian ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən XQ-ə bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə son vəziyyət ətrafında fikir mübadiləsi aparıb.

Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq çərçivəsində artan dinamika məmnunluqla qeyd olunub, son dövrlərdə bir sıra digər sahələr üzrə reallaşdırılan yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin həmkarını Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə məlumatlandırıb, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən danışıb. Hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah tədbirləri barədə iranlı nazirə məlumat verilib.

Azərbaycanın Qarabağ regionunun erməni əsilli sakinlərinin reinteqrasiyasının bu gün tarixi bir mərhələdə olduğunu, bu istiqamətdə ümidverici imkanların yarandığını, sentyabrın 21-də Yevlax görüşünün müsbət və konstruktiv mühitdə keçdiyini, görüşdən irəli gələn məsələlərlə bağlı hazırda Azərbaycan tərəfindən aidiyyəti yardımların göstərildiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin regional və beynəlxalq müstəvidə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasət