Lokal xarakterli antiterror tədbirlərinə yanaşmada onların
obyektiv mövqeləri üst-üstə düşür
Azərbaycanın sentyabrın 19-da öz ərazisində lokal xarakterli antiterror tədbirlərinə başlamasının bir sıra ciddi səbəbləri var idi. Heç şübhəsiz ki, ən başlıca səbəb kimi Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunmamasını göstərmək olar. Xüsusilə sazişin Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsini özündə ehtiva edən dördüncü bəndi kağız üzərində qalmışdı.
Bundan əlavə, Qarabağ iqtisadi rayonunda törədilən təxribatların miqyası son vaxtlar xeyli genişlənmişdi. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcud olan erməni silahlı qüvvələrinin təxribat-diversiya qrupunun üzvləri ərazilərimizə soxularaq, piyada və tank əleyhinə mina basdırırdılar. Elə sentyabrın 19-da bir ədəd nəqliyyat vasitəsi Xocavənd rayonu ərazisində basdırılmış tank əleyhinə minaya düşərək partlayıb. Bu təxribat nəticəsində 2 nəfər mülki şəxs həlak olub. Eyni gündə, qeyd edilən terrorun baş verdiyi əraziyə yola düşən Daxili İşlər Nazirliyinin 4 əməkdaşı Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minaya düşərək həyatlarını itirib. Bununla da 44 günlük Vətən müharibəsinin başa çatmasından indiyədək, ümumilikdə, mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.
Həmçinin ərazilərimiz separatçılar tərəfindən vaxtaşırı intensiv atəşə məruz qalırdı. Həm mina terroru, həm də atəşkəs pozuntusu işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyini ciddi şəkildə təhdid edirdi.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılmasının, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsinin və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsinin yeganə yolu bölgədə lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi idi. Belə də oldu. Cəmi bir sutka davam edən əməliyyat nəticəsində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq təslim oldular. Müdafiə Nazirliyinin dünənki açıqlamasında bildirilib ki, yaraqlılar döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması yayılıb. Açıqlamada qeyd olunub ki, Prezident Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
Beləliklə, sentyabrın 20-si Azərbaycanın tarxinə daha bir parlaq səhifə kimi düşdü. Həmin gün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırdılar. Bundan sonrakı mərhələdə bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Azərbaycan dövləti bir daha sübut etdi ki, onunla güc yolu ilə danışmaq olmaz. Ölkəmizin ərazisində “boz zonalar” qala bilməz. Əməliyyatın əsas məqsədi mərkəzi hakimiyyətin nəzarətindən kənar ərazilərdə qayda-qanunun və nizamın yaradılması idi ki, buna da nail olundu.
Azərbaycanın qalib dövlət kimi nüfuzu bir qədər də artdı. Rəsmi Bakı indi özünün erməni sakinlərinin ölkənin tamhüquqlu vətəndaşı kimi reinteqrasiyasına çalışır. Rəsmi şəxslərin indiyədək verdikləri açıqlamaları ümumiləşdirərək demək mümkündür ki, ermənilərin təhlükəsizliyi digər etnik azlıqların təhlükəsizliyi kimi Azərbaycan Konstitusiyası və qanunvericiliyi ilə tam təmin ediləcək. Eyni zamanda, ölkənin digər sakinləri kimi ermənilərin də hüquqları ilə yanaşı öhdəlikləri olacaq.
***
Onu da qeyd edək ki, Azərbaycanın apardığı əməliyyat beynəlxalq hüquq normalarına, o cümlədən, beynəlxalq humanitar hüquqa o dərəcədə uyğun, əsaslandırılmış idi ki, heç bir dövlət, hətta Ermənistan da ona qarışmağa cürət etmədi. Çünki Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınmış ərazisində əməliyyat həyata keçirirdi. Hədəf isə Ermənistan silahlı qüvvələri birləşmələrinin ön xətdə və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri idi. Xarici siyasi ekspertlər də ölkəmizin keçirdiyi hərbi əməliyyatların hüquqa uyğun olması məsələsində həmrəydirlər.
ABŞ Ali Hərbi Dəniz Qüvvələri Məktəbinin pedaqoqu, xarici siyasət üzrə ekspert Brenda Şaffer “X” platformasındakı hesabında Amerika mediası və beyin mərkəzlərinin postsovet məkanındakı münaqişələrə fərqli yanaşmasını qınayıb. O, “Ukrayna və Gürcüstana öz ərazilərini terrorçulardan təmizləməyə icazə verilir, lakin Azərbaycana olmaz?” deyə ritorik sual verib.
Şaffer vurğulayıb ki, Ukrayna ordusu rus qoşunlarını öz ərazisindən çıxarmaq üçün döyüşəndə medianın “Yaşasın Ukrayna!” reaksiyasını görürük, Gürcüstanda oxşar münaqişə yaşanır və “İrəli, Gürcüstan!” reaksiyasının şahidi oluruq. Onun sözlərinə görə, Azərbaycan on min qanunsuz erməni yaraqlısından ibarət qoşunun öz ərazisindən çıxarılmasını təmin etməyə çalışdığı vaxt göstərilən reaksiya isə “Azərbaycan dayandırılmalıdır!” olur.
Şaffer ABŞ-ın bu məsələlərdə mövqeyinə də toxunub: “Dövlət katibi Antoni Blinkenin Ukraynaya zəng edərək Krımda və ya Donbasdakı terrorçulara qarşı hərbi addım atmamağı Kiyevdən xahiş etməsini təsəvvür edə bilərsinizmi? Amerika Birləşmiş Ştatları ərazi bütövlüyünün toxunulmazlığı prinsipini Azərbaycan məsələsi istisna olmaqla dəstəkləyir”.
“Uzun müddətdir davam edən qanlı münaqişəyə son nöqtə qoyulub. Qarabağ Azərbaycanın tam nəzarətinə keçir, ermənilərin qanunsuz silahlı dəstələri, Ermənistan ordusunun hərbi birləşmələri Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara uyğun olaraq, Qarabağı tərk edir və tərksilah olunur”.
Bunu isə Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib. Politoloq bildirib ki, müasir dövrdə tarixi an yaşanır: “Biz möhtəşəm hadisənin şahidi oluruq. Yəqin, müasir dövrdə ilk dəfədir ki, əraziləri işğal olunmuş ölkə qələbə qazanıb, oraya qayıdıb və bərpa edib. Ən əsası, bundan sonra keçmişə dönüş olmayacaq”.
İ.Korotçenko Prezident İlham Əliyevi görkəmli siyasətçi adlandırıb. Qeyd edib ki, məhz onun şəxsi keyfiyyətləri, strateji düşüncəsi və dəmir iradəsi sayəsində Azərbaycan dövləti Zəfər qazanıb”.
Ekspert, həmçinin Azərbaycan ilə Rusiya arasında sıx, yaxşı münasibətlərin və əməkdaşlığın davam edəcəyinə, möhkəmlənəcəyinə ümid bəslədiyini, buna əmin olduğunu bildirib.
O əlavə edib ki, iki ölkə arasında münasibətlərin əsasını xalqların, prezidentlərin uzunmüddətli dostluğu və təbii ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” təşkil edir.
“Yaxın günlərdə Azərbaycanın Dövlət bayraqları Qarabağın bütün şəhərlərində dalğalanacaq”. Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.
“Qarabağda hərbi əməliyyatlar dayandırıldı. Erməni hərbi birləşmələri silahlarını təslim edərək Azərbaycan Ordusu və Rusiya sülhməramlılarının yaratdığı humanitar dəhliz vasitəsilə Qarabağı tərk edirlər. Erməni birləşmələri yüzlərlə itki verib. Yaxın günlərdə Azərbaycanın Dövlət Bayraqları Qarabağın bütün şəhərlərində dalğalanacaq. İldırımsürətli lokal antiterror tədbirləri Azərbaycan Prezidenti İlham Əliyev üçün tam uğurla başa çatdı”, – deyə rusiyalı ekspert vurğulayıb.
Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri və Liberal-Demokrat Partiyasının sədri Leonid Slutskinin fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın ərazisi kimi tanımaqla əsas işi görüb. Rusiyalı parlamentari Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasının mümkünlüyü barədə sualı da cavablandırıb. O, bu məsələnin hələ qaldırılmadığını bildirib. Eyni zamanda, Slutski qeyd edib ki, Ermənistanla əməkdaşlığın üstündən xətt çəkmək hələ tezdir, çünki Paşinyan bütün Ermənistan demək deyil.
***
“Azərbaycanın antiterror tədbiri keçirməsi labüd və zaman məsələsi idi. Çünki mütəmadi şəkildə baş verən təxribatlar azərbaycanlı hərbçilərin və işğaldan azad edilmiş ərazilərin bərpasında çalışan mülki şəxslərin həlak olmasına səbəb olurdu”. Bunu bəyan edən ukraynalı jurnalist, siyasi ekspert Marina Qonçaruk açıqlamasının davamında vurğulayıb ki, qanunsuz erməni hərbi birləşmələri regionda sülhün və sabitliyin bərqərar olmasında əsas maneələrdən biri idi. O bildirib: “Azərbaycan 44 günlük müharibədən sonra sülh sazişinin imzalanması istiqamətində böyük səylər göstərib və daha sonra regionda vəziyyətin sabitləşməsi, erməni sakinlərin reinteqrasiyası üzrə tədbirlər həyata keçirməyə başlayıb. Amma həmin hərbi birləşmələr həm Qarabağ bölgəsindəki erməni əhalini, həm də bütün Azərbaycanı təhdid edir və vəziyyətin normallaşmasına imkan vermirdi. Azərbaycanın suveren ərazisində yalnız azərbaycanlı hərbçilər ola bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması təkcə Azərbaycan dövləti üçün deyil, həm də ərazilərinin işğalı, evlərinə qayıda bilməyən qaçqınların problemləri ilə üzləşən digər ölkələr üçün əlamətdar hadisə olub. O əlavə edib ki, uğurlu antiterror tədbirləri və azad olunmuş ərazilərdə reinteqrasiya prosesi separatçılıq və ərazi bütövlüyünə təcavüzlə mübarizədə əhəmiyyətlidir.
M.Qonçaruk deyib: “Azərbaycan postsovet məkanında ərazi bütövlüyünü bərpa edən ilk dövlətdir və Ukraynada dost Azərbaycan xalqının uğurlarına sevinirlər. Qeyd etmək istərdim ki, Ukrayna dövlət müstəqilliyinin bərpa edildiyi 1991-ci ildən başlayaraq, həmişə Azərbaycanın yanında olub və Qarabağla bağlı mövqeyini dəyişmədən dost Azərbaycan xalqını dəstəkləyib. Şübhəsiz ki, qanunsuz, qondarma rejimlərin şəxsi maraqlarını təmin etmək naminə insanların dinc və sakit həyatını əlindən alması faciədir, amma ümidvaram ki, bizim böyük itkilər hesabına qurduğumuz yeni dünya nizamında separatçılığa və ölkələrin ərazi bütövlüyünün pozulmasına yer olmayacaq”.
Gürcü politoloq Tengiz Txilava isə bildirib ki, Azərbaycanın Qarabağda yeni lokal antiterror tədbirlərinə başlamasına həm Ermənistanın, həm də sülhməramlıların məsuliyyətsiz hərəkətləri səbəb olub. O deyib ki, antiterror tədbirləri tam qanunauyğun idi: “İlk növbədə ona görə ki, Ermənistan üzərinə öhdəlik götürsə də, 44 günlük müharibədən sonra öz qoşunlarını Qarabağdan çıxarmadı. Regionda sülhməramlı missiyasını öz üzərinə götürən Rusiya da bu işi yerinə yetirmədi. Bu da sabitliyin yenidən pozulmasına gətirib çıxardı. Ona görə də Azərbaycanın antiterror tədbirləri keçirməsi onun suveren hüququ idi”.
Türkiyənin “Ulusal” televiziya kanalının siyasi şərhçisi Yakub Aslan da Azərbaycanın lokal antiterror tədbirlərinin beynəlxalq hüquqa uyğun olduğunu deyib. O qeyd edib ki, beynəlxalq hüquqda dövlətin öz ərazi bütövlüyü ilə yanaşı, vətəndaşlarının da təhlükəsizliyini təmin etmək öhdəliyi təsbit olunduğu üçün Azərbaycan dövləti tam haqlıdır: “Təsadüfi deyil ki, heç bir beynəlxalq təşkilat Azərbaycanın antiterror tədbirlərinə qarşı çıxış etmədi”.
Y.Aslanın sözlərinə görə, Azərbaycan qalib ölkə kimi Ermənistana sülh, Qarabağ ermənilərinə isə reinteqrasiya, birgəyaşayış təklif etdi. Lakin separatçılar bununla razılaşmadılar: “Yalançı vətənpərvərlik üzərində siyasət quran separatçı rejim tez-tez hərbi təxribatlara əl atmağa başladı. Onlar atəşkəs rejimini pozmaqla, Azərbaycanın göndərdiyi humanitar yardımı yolda saxlamaqla, yalan təbliğat aparmaqla sülh istəmədiklərini açıq-aşkar ortaya qoydular. Belə məsələləri böyük sülhün əldə olunması naminə arxa plana keçirmək olardı. Lakin günahsız sadə vətəndaşların ermənilərin mina terroru nəticəsində həlak olmasına göz yummaq olmazdı. Bu baxımdan, Azərbaycan dövləti lokal xarakterli antiterror tədbirləri keçirmək məcburiyyətində qaldı”.
Siyasi ekspert qeyd edib ki, belə tədbirlər dünyanın bir çox dövlətləri tərəfindən həyata keçirilib: “Zamanında Türkiyə, Rusiya, İran, ABŞ, İspaniya, Böyük Britaniya belə addımlar atıb. Bu tədbirlərin məqsədi terrorçuların infrastrukturunu məhv etmək və əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət olur”.
“Vəssalam. Kabusun sonu. Daha ölüm olmayacaq. Tezliklə yaraları sağaltmaq və normal həyata qayıtmaq vaxtı gələcək. Qarabağda qalmaq istəyən ermənilər üçün hər şey yaxşı olacaq”. Bu fikirləri isə Teleqram kanalında erməni bloger İşxan Verdyan yazıb. O qeyd edib ki. Ermənistandakılar isə oturub düşünsünlər. “Düzdür, onlar həmişə olduğu kimi normal bir şey tapmayacaqlar. Amma bu, artıq məni narahat etmir. Mən Qarabağa, qalan ermənilərlə yaşamağa gedirəm”, – deyə İşxan Verdyan bildirib.
Səxavət HƏMİD
XQ