İqtisadiyyat Nazirliyində 2022–2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə yaradılan “İqtisadi artım üzrə işçi qrupu”n sentyabrın 19-da keçirilən ilk iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov adıçəkilən strategiya üzrə layihələrin reallaşdırılmasının dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi tərəqqini şərtləndirdiyini vurğulayıb. O, cari ilin ilk 6 ayı ərzində görülmüş işləri diqqətə çatdıraraq strategiyanın gerçəkləşdirilməsinin səmərəliliyi üçün monitorinq və qiymətləndirmə portalının yaradıldığını da bildirib.
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi ilə bağlı 2021-ci il fevralın 2-də müvafiq sərəncam imzalayıb. Bununla da sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin təsdiqi ilə iqtisadi inkişafda keyfiyyətcə yeni bir mərhələnin əsası qoyulub və həmin vaxtdan qeyri-neft-qaz sektorunun gücləndirilməsi prioritet istiqamətə çevrilib. Eyni zamanda, sözügedən Milli Prioritetlərdə davamlı və yüksək iqtisadi artıma nail olunması, həmçinin bu məsələdə daxili və xarici təsirlərin azaldılması qarşıya mühüm vəzifə kimi qoyulub.
Dövlət başçısı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında 22 iyul 2022-ci il tarixli sərəncamı da nəzərdə tutulan Milli Prioritetlərin gerçəkləşdirilməsini təmin etmək məqsədilə imzalayıb. Ölkə rəhbəri mühüm önəm daşıyan və 5 illik bir dövrü əhatə edən bu sənədlə planlaşdırılan müəyyən layihələrin əlaqələndirilməsini, reallaşdırılmasına nəzarəti və hesabatlılığını həyata keçirməyi qarşıya mühüm vəzifə kimi qoyub.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bildirilir ki, respublikamız dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Azərbaycan ötən illər ərzində beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verib, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilib. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradıb. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyənləşdirən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu gerçəkləşdirib.
Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli inteqrasiyası, dövlət investisiyalarının ölkənin suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsinə, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsinə yönəldilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunların nəticəsində cari il iyunun 30-na Azərbaycan Dövlət Neft Fondunun aktivləri ilin əvvəlinə (49 milyard 33,6 milyon ABŞ dolları) nisbətən 12 faiz artaraq 54 milyard 915,1 milyon ABŞ dollarına çatıb. Bu ilin yanvar-iyun ayları ərzində isə Fondun büdcə gəlirləri 11 milyard 701,4 milyon manat, büdcə xərcləri isə 2 milyard 680,8 milyon manat təşkil edib.
Son illərdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Bunun nəticəsidir ki, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğu indiki dövrdə qeyri-neft-qaz sənayesində artım neft-qaz sənayesindəki artımı üstələyib. Mövcud sahədə əlavə dəyər 2023-cü ilin ilk 6 ayında 6,5 faiz artıb. Qeyri-neft sektorunda isə 3 faizdən çox artım müşahidə olunub.
Respublikamızın ixrac qabiliyyəti də davamlı şəkildə güclənib, idxalı əvəz edən məhsulların istehsalının artırılması reallaşıb. Bu, statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. Məsələn, indiyədək mövcud sahədə 10,23 milyard manat dəyərində məhsul satışı həyata keçirilib və onun 3,35 milyard manatlıq hissəsi ixrac edilib. Cari ilin ilk yarısında isə 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 33,6 faizi ixracın payına düşüb. İndiyədək sənaye zonalarında ümumi investisiya dəyəri 7,18 milyard manat olmaqla 131 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 68-i, yaxud 51,9 faizi istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarına 6,56 milyard manat investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri açılıb.
Proqnozlar da həyata keçirilən layihələrin gələcəkdə daha yüksək göstəricilərlə müşahidə ediləcəyindən xəbər verir. Məsələn, Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 2,2 faiz çox olacağını proqnozlaşdırır. Bankın “Asian Development Outlook” hesabatına əsasən, bu, ADB-nin aprel proqnozu ilə müqayisədə 1,3 faiz bəndi azdır. Bank, eyni zamanda, gələn il Azərbaycanda 2,6 faiz iqtisadi artım proqnozlaşdırır ki, bu da əvvəlki gözləntiyə nisbətən 1,2 faiz azdır. ADB, ümumilikdə, Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının bu il 4,6 faiz (əvvəlki proqnoza nisbətən 0,2 faiz çox), gələn il isə 4,7 faiz (0,1 faiz çox) böyüyəcəyini proqnozlaşdırır.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Ulu öndər Heydər Əliyevin ideyaları əsasında uğurla tərəqqi edən ölkəmiz hazırda sosial-iqtisadi inkşafının əhəmiyyətli mərhələsini yaşayır. Dövlət başçısı İlham Əliyev tərəfindən isə sosial-iqtisadi inkşafın dayanıqlığını reallaşdırmaq üçün 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkşaf strategiyası haqqında müvafiq sərəncam keçən ilin iyun ayında imzalanandan sonra dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik və sosial ədalətli cəmiyyət, rəqabətli insan kapitalı, işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış, təmiz ətraf mühüt və “yaşıl artım” ölkəsi kimi 5 əsas priroritetin icrası qarşıda önəmli vəzifələr kimi durur.
Son illər qlobal səviyyədə yaşanılan pandemiya, makro-iqtisadi sabitsizlik və müharibələrə baxmayaraq, ölkəmiz bu böhranları minimal zərərlərlə keçə bilib. Şübhəsiz ki, bunun əsasinda uğurlu iqtisadi siyasət dayanır. İndiki halda isə respublikamızın cəbhədə anti-terror əməliyyatları apardığı bir şəraitdə iqtisadi artım mövzusuna diqqət ayırması təqdirə layiqdir. İqtisadiyyat Nazirliyində 2022–2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə yaradılan “İqtisadi artım üzrə işçi qrupu”n sentyabrın 19-da keçirilən ilk iclası da bunun bariz ifadəsidir.
Son illər iqtisadiyyatın diversifikasiyası istiqamətində çoxsaylı layihələr həyata keçirilib. 2019-cu ildə Vergi Məcəlləsinə edilən düzəlişlər, sənaye məhəllələrinin, azad iqtisadi zonaların, texnoparkların salınması investisiyaların cəlbini və biznes mühütinin kifayət qədər yaxşılaşdırılmasını şərtləndirib. Azərbaycanın neft strategiyası iqtisadi artımda əsas rol oynasa da, indiki halda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində qeydə alınan göstəricilərlə qeyri-neft sektorunun payı neft-qaz sektorunu üstələyib. Belə ki, qeyri-neft-qaz sektoruun ÜDM-dəki payı 2011-ci ildəki 48,8 faizdən 2023-cü ildə 66 faizə yüksəlib. 2024-cü ildə isə bu göstəricinin 68 faizə yüksələcəyi proqnozlaşdırılıb. Qeyri-neft-qaz sektorunun payının artmasında istehlakçı fəallığının genişlənməsi və düşməndən təmizlənən torpaqarda yeni layihələrin icrası və infrastruktur investisiyaları əhəmiyyətli rol oynayıb.
Vaqif BAYRAMOV
XQ