İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) hazırladığı “Türk iqtisadi icmalı”nın 2023-cü ilin birinci yarımilliyinə həsr olunan sayı təqdim edilib.
İki bölmədən ibarət icmalın bu sayının ilk hissəsində Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi ölkələrinə dair ümumi baxış verilib, onların ərazisi, əhalisi, ümumi daxili məhsulu (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəricilər və dünyadakı payı təsvir edilib, türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb. Həmçinin türk dünyasından keçən mövcud və planlaşdırılan nəqliyyat dəhlizləri əks etdirilib. TDT-yə daxil olan üzv və müşahidəçi ölkələrin bütövlükdə əhatə edildiyi icmal 8 dildə təqdim olunub.
İcmalın TDT-nin üzv və müşahidəçi dövlətlərinə ümumi baxış statistikasında göstərilib ki, 2022-ci il üzrə türk dövlətlərinin ÜDM-i 1 trilyon 537 milyard dollar, ticarət dövriyyəsi isə 1 trilyon 193 milyard dollar təşkil edib. 2023-cü ilin ilk yarımilliyində Türkiyə iqtisadiyyatı 3,8 faiz, Azərbaycan 0,5 faiz, Özbəkistan iqtisadiyyatı 5,6 faiz, Qırğızıstan iqtisadiyyatı 3,9 faiz, Qazaxıstan iqtisadiyyatı isə 5,1 faiz böyüyüb.
TDT-yə müşahidəçi olan Macarıstanda isə 2023-cü ilin ilk yarımilliyində 2,4 faiz iqtisadi geriləmə qeydə alınıb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici 48,6 faizlə Türkiyədədir. Qardaş ölkənin dövlət büdcəsinin gəlirləri 2023-cü ilin ilk yarımilliyində 72 milyard 204 milyon dollar olub. Xarici ticarətdə ən yüksək saldoya Qazaxıstan (ticarət balansı 8 milyard 740 milyon dollar və Azərbaycan (ticarət balansı 6 milyard 557 milyon dollar) malikdir. 2023-cü ilin ilk yarımilliyi ərzində TDT-yə üzv ölkələrin hər birində əsas kapitala yönələn vəsaitlərdə artım müşahidə edilir.
Qeyd edək ki, “Türk iqtisadi icmalı”nın ikinci bölməsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın 2023-cü ilin ilk yarımilliyi üzrə, Şimali Kipr Türk Respublikasının isə 2021-ci il üzrə əsas makroiqtisadi göstəriciləri müqayisəli şəkildə verilib.
XQ