Ölkəmiz 190 dövlətlə mal mübadiləsi aparır
Son illər ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəsi getdikcə artır. Qeyri-neft sektoru üzrə mövcud potensialın hərəkətə gətirilməsi ölkə iqtisadiyyatında əlavə dəyərin yaradılması üçün geniş imkanlar yaradır. Bundan əlavə, azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsi ölkədə yeni, müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli məhsulların istehsalına səbəb olur. Bu səbəbdən də hazırda əksər dünya dövlətləri, həmçinin beynəlxalq nüfuzlu təşkilatlar Azərbaycanda həyata keçirilən iqtisadi islahatları, ölkəmizdə baş verən dinamik inkişafı bəyənir, təqdir edirlər.
Azərbaycanın iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə artması isə, öz növbəsində, xarici ticarət dövriyyəsinin genişlənməsinə təkan verir. Məhz bunun nəticəsidir ki, ölkəmizin xarici ticarət əlaqələrinin coğrafiyası ildən-ilə genişlənir. Belə ki, cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb. Hesabat dövründə Azərbaycan istehsalı olan məhsullar planetin 111 ölkəsinə ixrac olunub. Bununla yanaşı, ilin 7 ayında 181 ölkə ilə idxal əməliyyatları həyata keçirilib.
Dövlət Statistika Komitəsindən XQ-yə verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 26 milyard 333,2 milyon ABŞ dolları təşkil edib. Ümumi ticarət dövriyyəsinin 16 milyard 776,7 milyon dolları ixracın, 9 milyard 556,5 milyon dolları isə idxalın payına düşüb. Xarici ticarət əməliyyatlarında ixracın həcminin xeyli artması nəticəsində ilin 7 ayı ərzində əmtəə dövriyyəsində 7 milyard 220,2 milyon dollarlıq müsbət saldo yaranıb. Göründüyü kimi, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,2 faiz azalsa da, real ifadədə 1,4 faiz artıb. O cümlədən idxal real ifadədə 8 faiz artıb, ixrac isə 0,7 faiz azalıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 31,6 faizi İtaliya, 15,6 faizi Türkiyə, 8,1 faizi Rusiya, 5,3 faizi Çin, hər biri 3,2 faiz olmaqla Almaniya və Yunanıstan, 2,8 faizi İsrail, 2,6 faizi Hindistan, 2,4 faizi İspaniya, hər biri 1,9 faiz olmaqla Çexiya və Türkmənistan, 1,7 faizi Gürcüstan, hər biri 1,5 faiz olmaqla Rumıniya və Fransa, 1,3 faizi İrlandiya, hər biri 1 faiz olmaqla Xorvatiya,Birləşmiş Krallıq və ABŞ, 0,9 faizi İran, 11,5 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Bu ilin 7 ayında ümumi ixracın 44,9 faizini İtaliyaya, 16,5 faizini Türkiyəyə, 4,6 faizini Yunanıstana, 4 faizini İsrailə, 3,4 faizini Rusiyaya, hər biri 3,2 faiz olmaqla Hindistan və İspaniyaya, 2,5 faizini Çexiyaya, 2,2 faizini Gürcüstana, hər biri 2,1 faiz olmaqla Rumıniya və Almaniyaya, 1,8 faizini İrlandiyaya, 1,5 faizini Xorvatiyaya, 1 faizini Bolqarıstana, 0,8 faizini Vyetnama, 0,7 faizini Avstriyaya, hər biri 0,6 faiz olmaqla Fransa və Birləşmiş Krallığa, 4,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Bununla belə, mövcud ixrac əməliyyatları ölkəmizin iqtisadi potensialını tam əks etdirmir. Məhz buna görə də son illər Azərbaycan özünün ticarət tərəfdaşları ilə bu sahədə əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini artırır. Bu baxımdan dövlət rəhbərlərinin qarşılıqlı səfərləri, eləcə də hökumətlərarası iqtisadi komissiyaların birgə iclasları xüsusi əhəmiyyət kəsb edir.
Yanvar-iyul aylarında ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Rusiyanın, 16,3 faizi Çinin, 13,8 faizi Türkiyənin, 5,8 faizi Almaniyanın, 5,4 faizi Türkmənistanın, 3,3 faizi Fransanın, 3 faizi ABŞ-ın, 2,8 faizi İranın, 2,6 faizi İtaliyanın, hər biri 2,5 faiz olmaqla Koreya və Yaponiyanın, 1,9 faizi Birləşmiş Krallığın, hər biri 1,8 faiz olmaqla Belarus və Qazaxıstanın, 1,4 faizi Ukraynanın, hər biri 1,3 faiz olmaqla Braziliya və Hindistanın, 1 faizi Polşanın, 0,8 faizi Vyetnamın, hər biri 0,7 faiz olmaqla Niderland, İspaniya, Özbəkistan və Gürcüstanın, 9,8 faizi isə digər ölkələrin payına düşüb.
Ölkəmizdə davam etdirilən çevik iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər, eləcə də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının hərəkətə gətirilməsi qeyri-neft sektoruna bir dinamizm, inkişaf gətirib. Məhz bunun nəticəsidir ki, son illər Azərbaycanda qeyri-neft məhsullarının istehsalında artım müşahidə edilir. Bu da ixracın strukturunda qeyri-neft məhsullarının xüsusi çəkisinin artmasına səbəb olur.
2023-cü ilin yanvar-iyul aylarında mühüm məhsul növlərindən təzə meyvə, təzə tərəvəz, şəkər, meyvə və tərəvəz şirələri, meyvə və tərəvəz konservləri, təbii üzüm şərabları və üzüm suslosu, marqarin, qida üçün yararlı digər qarışıqlar, polipropilen, polietilen, emal olunmamış alüminium, sement klinkerləri, qara metallardan çubuqlar, qara metallardan borular, pambıq ipliyi və bentonit gilinin ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb. Hesabat dövründə kartof, çay, tütün, bitki yağları, pambıq lifi, mineral gübrələr və qara metallardan yarımfabrikatların ixracında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən azalma qeydə alınıb.
Cari ilin 7 ayında buğda, xam şəkər, unlu qənnadı məmulatları, şokolad və şokolad məhsulları, mal əti, siqaretlər, minik avtomobilləri, dərman vasitələri, polad prokatı, qara metallardan borular, hesablama maşınları, blok və qurğuları, rezin şinlər, yük avtomobilləri, sintetik yuyucu vasitələr, mebellər, polietilen, mineral gübrələr, paltaryuyan maşınlar, polipropilen, qara metallardan künclüklər və məişət soyuducularının idxalı əvvəlki ilin eyni dövrünə nisbətən artıb. Bununla belə, təzə meyvə, bitki yağları, kərə yağı, digər süd yağları və pastaları, çay, quş əti və onun əlavə məhsulları, kartof, təzə tərəvəz, məişət kondisionerləri, qara metallardan çubuqlar, avtobuslar və sementin idxalı isə əksinə, azalıb.
Mirbağır YAQUBZADƏ
XQ