ABŞ Ermənistanda fəallığını artırır

post-img

Hayastanda hərbi təlimlər keçirən Vaşinqton Qafqaz danışıqları üzrə baş müşavirini bölgəyə göndərib

Son vaxtlar ABŞ-ın regionda baş verən proseslərdə xüsusi fəallıq göstərdiyi diqqətdən yayınmır. Rəsmi Vaşinqtonun təşəbbüsü ilə ABŞ ərazisində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bir neçə dəfə görüş keçirilib. Hətta Virciniya ştatının Arlinqton şəhərində iki ölkənin XİN başçılarının görüşü son illərdə ilk dəfə olaraq, bir neçə gün (2023-cü il mayın 1-dən 4-dək) davam etməsi ilə fərqlənib. Bir ay sonra, iyunun 27-29-da Ceyhun Bayramov və Ararat Mirzoyan arasında yenə Arlinqtonda danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar Dövlət katibi Antoni Blinken və ABŞ Prezidentinin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Bu danışıqlardan az sonra – avqus­tun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono regiona səfər edib. O, Xarici işlər naziri C.Bayramovla danışıqlar aparıb, Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Dövlətimizin başçısı görüş za­manı Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqlə­yib və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar ol­duğunu bildirib.

Sentyabrın 1-də isə Dövlət katibi Blin­ken Azərbaycan Prezidentinə zəng edib. Telefon söhbəti zamanı Ağdam-Xankən­di və Laçın-Xankəndi yollarının açılması ilə bağlı məsələlər ətrafında fikir müba­diləsi aparılıb.

***

Onu da qeyd edək ki, sentyabrın 11-dən Ermənistanda erməni-amerikan birgə hərbi təlimi keçirilir. Beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazır­lıq çərçivəsində Ermənistan sülhməram­lı briqadasının “Zar” təlim mərkəzində keçirilən “Qartal tərəfdaş – 2023” birgə hərbi təlimində 85 amerikalı və 175 er­məni hərbçi iştirak edir. Sentyabrın 14-də ABŞ Quru Qoşunlarının Avropa və Afri­ka üzrə Baş Qərargah rəisinin müavini, briqada generalı Patrik Ellis və 10-cu dağ diviziyasının komandiri, general-mayor Qreqori Anderson hərbi təlimin gedişini müşahidə ediblər.

Generalları müşayiət edən ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinn de­yib: “Qartal tərəfdaş” təlimi Ermənistanla uzunmüddətli əməkdaşlığımızın sübu­tudur və onun əsasını təhlükəsizlik və sülhməramlılıq sahələrində əməkdaşlıq təşkil edir”.

General-mayor Qreqori Anderson isə bildirib ki, Vaşinqtonun Ermənistan­la çoxtərəfli əməkdaşlıq əlaqələri var: “Birləşmiş Ştatlar Ermənistanın silahlı qüvvələrinə, xüsusən də kütləvi qırğın silahlarının yayılmaması və sülhməramlı fəaliyyət kimi mühüm sahələrdə potensia­lın inkişafı sahəsində ardıcıl dəstək verib”.

Yeri gəlmişkən, qeyd edək ki, birgə hərbi təlimlər Rusiya rəhbərliyində böyük narazılıq doğurub. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistan ərazisində erməni–amerikan birgə hərbi təlimləri sayıqlıq tələb edir. O, əlavə edib ki, təlimlər regionda vəziyyətin sabitləşməsinə kömək etmir.

Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, ölkəsi təlimin Moskvada narahatlıqla qarşılandığını İrəvandakı müttəfiqlərinin diqqətinə ən ciddi şəkildə çatdırıb. “Ermənistan Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzrə müttəfiqdir. Biz hesab edirdik və indi də hesab edirik ki, müttəfiqlik ruhun­da KTMT üzvləri ilə təlimlərin keçirilməsi praktikasına riayət etmək lazımdır”, – deyə diplomat TASS-ın sualını cavablan­dırarkən deyib.

Rusiya XİN başçısının digər müavi­ni Aleksandr Qruşko isə Ermənistanın NATO-ya üzvlüyünün zəruriliyi ilə bağlı bəyanatları “böyük fantaziya” adlandı­rıb. Qeyd edib ki, Ermənistan KTMT-nin üzvüdür və biz reallıqdan çıxış edirik. Qruşko vurğulayıb ki, Moskva və İrəvan hərbi-siyasi əməkdaşlığı gücləndirmək­də davam edəcək: “Ermənistan bizim müttəfiqimizdir və biz təhlükəsizlik sahə­sində bir-birimizə arxalanırıq. Əminəm ki, bu məqam uzun illər bizim ikitərəfli münasibətlərimizdə həlledici rol oyna­yacaq”.

Şifahi açıqlamalarla kifayətlənməyən Rusiya xarici siyasət idarəsi sentyab­rın 8-də mətbuat üçün “Ermənistandakı vəziyyətlə bağlı” sərlövhəli açıqlama da yaymışdı. Açıqlamada qeyd olunurdu ki, Ermənistanın rəsmi dairələrində və si­yasi elitada KTMT çərçivəsində Rusiya Federasiyası ilə ikitərəfli əsasda müttə­fiqlik əlaqələrinin, eləcə də 2020-2022-ci illərdə Moskva, İrəvan və Bakı arasında imzalanmış üçtərəfli sazişlər paketinin məqsədəuyğun olub-olmadığına dair müəyyən şübhələr yaranıb: “Bütün bun­ların fonunda Ermənistan rəhbərliyi son günlər bir sıra qeyri-dost addımlar atıb, o cümlədən Beynəlxalq Cinayət Məhkəmə­sinin Roma Statutunun ratifikasiya prose­sinə başlanılıb, baş nazirin həyat yoldaşı Anna Akopyanın humanitar yardımın çat­dırılması üçün Kiyevə səfəri gerçəkləşib, ABŞ-ın iştirakı ilə Ermənistan ərazisin­də hərbi təlimlər keçirilir. Bütün bunlarla bağlı Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt nota təq­dim olunub”.

***

Göründüyü kimi, Vaşinqton Bakı ilə İrəvan arasındakı danışıqlarda təşəb­büsü ələ aldığı kimi Ermənistanda hərbi varlığını da artırır. Bu kontekstdə ABŞ Dövlət Departamentinin Qafqaz danı­şıqları üzrə baş müşaviri Lui Bononun Ermənistana səfəri diqqəti cəlb edir. Ya­yılan məlumata görə, o, sentyabrın 14-də bu ölkənin təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla görüşüb.

Qriqoryan və Bono Qarabağ ətrafın­dakı durumu, humanitar vəziyyəti, eləcə də Ermənistan–Azərbaycan münasibət­lərinin nizamlanması ilə bağlı məsələləri müzakirə ediblər.

Onu da qeyd edək ki, Bononun böl­gəyə səfəri əvvəlcədən elan olunmayıb. Hətta onun sentyabrın 15-də Senatın Xarici əlaqələr komitəsində keçirilən din­ləmələrdə iştirakı planlaşdırılmışdı. An­caq o, dinləmələrdə iştirak etməyərək, həmin gün İrəvanda peyda olmuşdu. “Tu­ran” agentliyi bildirir ki, böyük ehtimalla Vaşinqton Bakı və İrəvan nümayəndələri­nin ABŞ-da növbəti görüşünə hazırlaşır. Dövlət Departamentinin nümayəndələri agentliyin Vaşinqton müxbiri ilə söhbət­də belə bir görüşün keçiriləcəyini bəyan ediblər.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Qafqaz danışıqları üzrə baş müşavirin İrəvanla yanaşı, Bakıya da gələcəyi bil­dirilib. Qeyd olunub ki, Bono davamlı və ləyaqətli sülhə nail olmaq üçün tərəflərə ABŞ-ın dəstəyini müzakirə edəcək.

ABŞ Dövlət Departamentinin söz­çüsü Metyu Miller isə keçirdiyi brifinq zamanı Bononun səfəri ilə bağlı konk­ret heç nə deyə bilməyəcəyini vurğula­yıb: “Biz həm qısamüddətli prioritet olan Laçın yolunun açılmasına (?), həm də əlbəttə ki, uzunmüddətli prioritetimizə sadiq qalmaqda davam edirik. Uzun­müddətli prioritet bütün məsələnin sülh yolu ilə həllinə nail olmaqdır”, – deyə Metyu Miller qeyd edib.

Onu da deyək ki, Vaşinqton Xankən­didəki qondarma separatçı rejimin sent­yabrın 9-da keçirdiyi “seçkiləri” qanunsuz hesab edib. Metyu Miller Rusiya sülhmə­ramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separat­çıların keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb. ABŞ-ın Ermənistanda təsir gücünün artdığı bir vaxtda, Vaşinqto­nun İrəvana Azərbaycanla sülhə gəlmək üçün təsir göstərməsinə ehtiyac duyulur. Çünki Cənubi Qafqazda sülh regionun çiçəklənməsinə xidmət etməklə yanaşı, ABŞ-ın da maraqlarına uyğundur. Bunun əvəzində ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi və­zifələrini icra edən Yuri Kimin Senatda keçirilən dinləmələrdə dilə gətirdiyi, böl­gədə mövcud vəziyyətə və reallıqlara uy­ğun gəlməyən mövqeyi təəssüf doğurur.

Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru

– Sentyabrın 14-də ABŞ Senatı­nın Xarici əlaqələr komitəsində keçi­rilən dinləmələrdə ermənipərəst se­natorların təxribatçı çıxışları, əlbəttə, gözlənilən idi. Lakin Dövlət Departa­menti rəsmisinin bu cür çıxış etməsi, sözün doğrusu, bizi təəccübləndir­di. Həm də çox pis mənada. Çünki Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim tam olaraq erməni mövqeyindən çıxış etdi. Elə bil Ro­bert Menendezdən daha çox ermə­nipərəst olmağa çalışırdı.

Digər tərəfdən, Dövlət Departa­mentinin rəsmisi ABŞ-ın mövqeyin­dəki qeyri-müəyyənlikləri, demək olar ki, tamamilə aradan qaldırdı və Vaşinqtonun mövqeyi şəxsən mənə tam aydın oldu. Bununla bağlı, demək olar ki, ABŞ-ın bu cür yanaş­ması Azərbaycan üçün bir təhdiddir. Onun danışıqlarda vasitəçi kimi çıxış etməsi, deyərdim ki, artıq sual al­tındadır. Çünki bu yanaşma birbaşa olaraq Azərbaycanın ərazi bütövlü­yünə hörmətsizlikdir və Qarabağın ölkəmizdən qoparılmasına xidmət edir. Əlbəttə, bu, qəbuledilməzdir. Əgər biz Dövlət Departamentinin nü­mayəndəsinin yanaşmasını ümumi xarakterizə etsək, deməliyik ki, bu, ədalətsizlik və hətta vicdansızlıqdır. Bu mənada düşünürəm ki, ABŞ Döv­lət Departamentinin Qafqaz danışıq­ları üzrə baş müşaviri Lui Bononun regiona səfəri səmərəli olmayacaq. Azərbaycan ABŞ-ın təşəbbüslərinə və ümumiyyətlə, onun vasitəçiliyinə yenidən baxmalıdır.

Səxavət HƏMİD
XQ



Siyasət