Mən ötən il və bu il bütün Mərkəzi Asiya ölkələrinə səfər etmişəm və bu ölkələrin rəhbərləri Azərbaycana səfər ediblər. Bu gün bizim ikitərəfli münasibətlərimizdə daha çox dinamizm var. Birincisi, biz buna ehtiyacın olduğunu görürük. Digər tərəfdən isə bizim hər zaman gözəl münasibətlərimiz olub. Eyni zamanda, daşımalar marşrutları mövzusu daha fəal əməkdaşlığı diktə edir. Beləliklə, əminəm ki, Xəzər dənizi ilə yükdaşımaların illik statistikasına nəzər saldıqca biz rəqəmlərin artacağının şahidi olacağıq.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyulun 22-də “China Global Television Network” telekanalında yayımlanan müsahibəsindən
Bu yaxınlarda Qazaxıstanda olarkən Skandinaviyada yaşayan Əhməd Rzapur adlı bir soydaşımızla görüşmək imkanım olmuşdu. Həm təxminən yaşıd olduğumuza, həm də onun Türkiyə, İran, Mərkəzi Asiya ölkələri haqqında ətraflı biliyə malik olduğuna görə söhbətimiz tutdu və adı çəkilən bu məkanın inkişafında Azərbaycanın oynadığı rol barədə xeyli söhbət etdik.
Əhməd bəy yarızarafat, yarıgerçək dedi ki, bu məkandakı ölkələr Azərbaycanı ovuc içərisində saxlamalıdırlar və saxlayacaqlar. Çünki adıçəkilən ölkələr həm Azərbaycanın geosiyasi imkanlarından yetərincə səmərə götürmək inkanına malikdirlər, həm də Bakının son otuz ildə yeritdiyi xarici siyasət kursu bu dövlətlərin maraqlarına uyğundur. Kollecdə tarix müəllimi işləyən həmsöhbətimin fikrincə, Azərbaycanın loqistik imkanları Şimal– Cənub və Şərq – Qərb istiqamətində olan bütün nəqliyyat layihələrinin icrasına və fəaliyyətinə kömək etmək iqtidarındadır. Dünyanın aparıcı dövlətlərinin hamısının Azərbaycana dost gözü ilə baxması da məhz bu mənbədən qaynaqlanır...
Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etdiyi zaman yadımıza düşən ilk məqamlardan biri də odur ki, ulu öndər Heydər Əliyev bu əməkdaşlığın gənc müstəqil Azərbaycan dövləti üçün olduqca böyük əhəmiyyət kəsb etdiyini hələ müstəqilliyimizin ilk illərində – 1994-cü il oktyabrın 18-də İstanbulda Türk Dövlətləri Başçılarının 2-ci Zirvə toplantısının açılışında söylədiyi nitqində demişdi. “Xəzərin o biri sahilndəki” dövlətlərlə təmasın əhəmiyyətindən danışan ümummilli lider xatırlatmışdı ki, həmin ölkələrlə Azərbaycan arasında tarixi ənənələr, dostluq və qardaşlıq əlaqələri əsrlər boyu mövcud olmuşdur. Biz əsrlər boyu bir yerdə yaşamışıq, bir adət-ənənələrdən istifadə etmişik və bir-birimizə həmişə kömək etmişik: “Azərbaycan ilə Xəzər dənizinin o tərəfində olan ölkələr arasında əlaqə həmişə sıx olub, çox etibarlı olub və mən bu gün artıq müstəqil dövlət olan dost, qardaş ölkələrin başçıları ilə görüşərkən, burada, İstanbulda bu tarixi bir daha yada salmaq istəyirəm və bir daha bildirmək istəyirəm ki, biz bu dostluq, qardaşlıq ənənələrinə həmişə sadiq olmuşuq, bundan sonra da sadiq olacağıq”.
Fəxrlə yada sala bilərik ki, həmin tarixi ənənə bu gün heç zaman olmayan bir səviyyədə davam etdirilir. Prezident İlham Əliyev elə bir il olmur ki, azı iki-üç dəfə Xəzərin o biri sahilindəki ölkələrə səfər etməsin. Doğrudur, cənab Prezident bu əməkdaşlığın inkişaf etdirilməsinə 2003-cü ilin payızından bəri böyük töhfələr verir. Amma işğalçı və qəsbkar Ermənistan üzərindəki şanlı Qələbəmizdən sonra bu əlaqələr daha da sıxlaşıb və təmasların səmərəsi artıb. O da faktdır ki, dövlət başçımız həmin coğrafiyadakı ölkələrə təkcə rəsmi və digər məzmunlu səfərlərə getmir, həm də onu müxtəlif tədbirlərə dəvət edirlər. Elə bu dəfə getdiyi tədbirə də məhz fəxri qonaq kimi dəvət olunmuşdu.
Ekspertlər yazırlar ki, Prezident İlham Əliyevin son illər müxtəlif beynəlxalq tədbirlərə dəvət edilməsi Azərbaycanın artan nüfuzundan xəbər verir. Məsələn, onun Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə toplantısının plenar iclasına, “Avropa Siyasi Birliyi” Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunun və dünyada artan rolunun əyani göstəricisidir. Dünən isə Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunmuşdu. Mütəxəssislərin fikrincə, həmin tədbirin tarixində ilk dəfədir ki, regiondankənar ölkənin rəhbəri iştirak edir. Fikrimizcə, bu, dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Prezident İlham Əliyevin fikrincə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər: “Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. …Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. …Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir”.
Prezident Kitabxanasının materiallarında oxuyuruq ki, rəsmi Bakının səmimi və sədaqətli münasibətlərinə cavab olaraq, Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Özbəkistan, Qırğızıstan və Qazaxıstan bu yaxınlarda Azərbaycanın Qarabağ bölgəsində qondarma qurum tərəfindən keçirilmiş “prezident seçkiləri”ni tanımadıqlarını bəyan ediblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər.
Bundan başqa, işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesində də Türkiyə başda olmaqla, qardaş ölkələrin hamısı cani-dildən iştirak edirlər. Məsələn, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən və bu yaxınlarda açılışı baş tutan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. İlk dövlət səfərini Azərbaycana edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizlə əlaqələrə yüksək diqqət göstərdiyini vurğulayaraq bildirib: “Azərbaycan bizim üçün münasibətlərin tamamilə yeni mərhələyə yüksəldiyi ən yaxın ölkələrdən biridir”. Bundan başqa. Qazaxıstan tərəfindən Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi inşa ediləcək.
Bir sözlə, Azərbaycan Türk Dövlətləri Təşkilatı, eləcə də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı tərəflərin hamısının maraq və mənafelərinin qorunması şərti ilə genişləndirmək üçün lazım olan bütün addımları atır. Dövlət başçımız xatırladır ki, Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da bu birliyin amallarına sadiq qalacaq.
Xalqımız və dövlətimiz əmindir ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək. Nəticədə Şərqlə Qərb arasında mühüm tranzit ölkə, Avropanın etibarlı enerji təchizatçısı kimi dövlətimizin önəmli rolu bundan sonra daha da artacaq.
İttifaq MİRZƏBƏYLİ
XQ