Fakt da ortadadır, video-sübut da

post-img

Rusiya sülhməramlı kontingentinin erməni quldurları ilə “işbirliyi” təsdiqləndi

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti iki il doqquz ayda olduğu kimi, bu gün də öz “missiyasını yüksək səviyyədə” icra etməkdədir. Bunu “Caliber.az” saytının yaydığı videogörüntülərdə aydın şəkildə görə bilərik. Avqustun 11-də Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya sülhməramlılarının zirehli transportyorunun müşayiəti ilə erməni quldur dəstələrinin döyüş postlarına dəstək vasitələrinin ötürüldüyü aydın görünür.

Bu görüntülər bir daha onu göstə­rir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kon­tingentin “çətiri” altında olan erməni quldur dəstələri özlərinin qeyri-qanuni fəaliyyətlərini davam etdirirlər. 

Bunu təsadüfi hesab etmək olarmı? Olmaz! Çünki onların Qarabağda birgə hərəkətləri əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilir. Planın əsas hərəkətverici qüvvəsi rolunda isə yenə Rusiya sülhməramlıları çıxış edirlər. 

Bu barədə yazmışdıq, yenə təkrar edirik: Rusiyalı sülhməramlıları Qara­bağda sülhdən başqa hər şeylə məş­ğuldurlar. Onların Xankəndidəki sepa­ratçı rejimlə, eləcə də silahlı erməni quldurları ilə müştərək və şübhəli fəa­liyyəti, ara-sıra təxribatçı əməllərə yol vermələri barədə fakt və məlumatlar yetərincədir və onların bir çoxu rəsmi şəkildə Moskvanın nəzərinə çatdırı­lıb. İndi belə məlum olur ki, Kreml ya bu sorğuları gözünün və qulağının ya­nından ötürür, ya da Qarabağımızda müvəqqəti qonaq statusunda yerləşən hərbi kontingentinə nəzarət edə bilmir. 

Məhz bu kimi incə məqamla­ra diqqəti çəkən bəzi ekspertlərin qənaətinə görə, bu cür davranışla sülhməramlılar 2 il 3 aydan sonra de­yil, o müddətdən daha tez Azərbay­can torpaqlarını tərk etməli olacaqlar. Əslində, birinci və sonuncu olmayan belə hərəkətləri ilə onlar etimad li­mitlərini tam xərcləməklə, azərbay­canlıların səbir kasasını doldurmaqla məşğuldurlar. Açıq demək lazımdır ki, sülhməramlılar 2020-ci il 10 noyabr tarixli Bəyanatla boyunlarına düşən vəzifələrin öhdəsindən gələ bilmir­lər. Əslində, onlar buna heç cəhd də göstərmirlər.

Sabah üzə çıxsa ki, baş vermiş təx­ribat əraziyə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları ilə, misal üçün, Ruben Vardanyan arasında qurulmuş hansısa ssenarinin tərkib hissəsidir, qəti təəccüblənmərik. 

İ. HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət