Utanmasan oynamağa nə var ki...

post-img

27 il BMT TŞ-nin qətnamələrini saya salmayan İrəvan indi hansı mənəvi haqla ona müraciət edir?

Ermənistan Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin, guya, humanitar böhranla üzləşməsinə dair başlatdığı iftira və böhtan kampaniyasını getdikcə daha da genişləndirir. Belə ki, rəsmi İrəvan avqustun 11-də Qarabağın mülki əhalisinin “məcburi blokadaya alınması nəticəsində humanitar vəziyyətin pisləşməsi ilə bağlı” BMT Təhlükəsizlik Şurasına fövqəladə sessiyanın çağırılması xahişi ilə müraciət edib.

Ölkənin BMT-dəki daimi nü­mayəndəsi Mher Marqaryanın BMT Təhlükəsizlik Şurasının prezidentinə ünvanladığı məktub əvvəldən axıra­dək yalan-palanla doludur. O qeyd edib ki, bütün humanitar yardımların dayandırılması, məhdud daxili təmi­natın tədricən istifadəsi kəskin ərzaq qıtlığına və mağazaların bağlanma­sına səbəb olub. Daimi nümayəndə saxta rəqəmlər uyduraraq, guya, 2 minə yaxın hamilə qadının, 30 minə yaxın uşağın, 20 min yaşlı və 9 min əlilin əsas qida və vitamin çatışmaz­lığı səbəbindən yaşamaq üçün mü­barizə apardığını bildirib. Başqa bir sıra yalan rəqəmlər uyduran Marqar­yan qeyd edib ki, bunun nəticəsində bu gün “Qarabağ xalqı humanitar fə­lakətin astanasındadır”.

Bildirib ki, hazırkı şəraitdə Er­mənistan hökuməti qlobal təhlükə­sizliyin təmin edilməsi və kütləvi cinayətlərin, o cümlədən müharibə cinayətləri, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və soyqırımların qarşısının alınması üzrə əsas orqan kimi BMT Təhlükəsizlik Şurasının müdaxiləsini və fövqəladə sessiyası­nın çağırılmasını xahiş edir.

Qeyd edək ki, BMT Təhlükəsiz­lik Şurası BMT-nin daimi fəaliyyət göstərən ali orqanıdır. BMT-nin Nizam­naməsinə görə, təşkilat beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasın­da əsas məsuliyyət daşıyır. Şuranın 15 üzvü var. Onlardan 5-i (Çin, Fran­sa, Rusiya, Böyük Britaniya və ABŞ) daimi, 10-u isə 2 il müddətinə seçilən qeyri-daimi üzvlərdir. Şuranın hər üzvü bir səsə malikdir. Prosedur məsələlə­rinə dair qərarlar şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. Yeri gəlmişkən, qeyd edək ki, 2011-ci il okt­yabrın 24-də Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciət etdiyini eşidəndə in­sanın ağlına ilk olaraq qurumun Azər­baycan torpaqlarının işğalı ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı 4 qətnamə gəlir.

822 saylı qətnamə Kəlbəcərin işğa­lından sonra – aprelin 30-da qəbul edi­lib. Qətnamə bölgədə hərbi əməliyyat­lara son qoymağı, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. 853 saylı qət­namə Ağdamın işğalından sonra – iyu­lun 29-da qəbul olunub. Bu qətnamə də bölgədəki hərbi əməliyyatları da­yandırmağı, erməni qoşunlarının Ağ­damdan və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkil­məsini, həmçinin 822 saylı qətnaməyə əməl edilməsini tələb edirdi.

Oktyabrın 14-də qəbul olunan 874 saylı qətnamə erməni qoşunlarının Fü­zuli, Cəbrayıl, Qubadlı və digər əraz­lərdən geri çəkilməsini özündə ehtiva edirdi. Nəhayət, noyabrın 12-də qəbul olunan 884 saylı qətnamədə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozun­tuları qınanılır, Ermənistan Respublika­sından ermənilərin Qarabağdakı qon­darma respublikası üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi istə­nilirdi. Qətnamədə hərbi əməliyyatla­rın dərhal dayandırılması, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni si­lahlı dəstələrinin çıxması tələb edilirdi.

Ermənilərin yalançı iddialarından fərqli olaraq bu qətnamələr yaxın ta­rixin bir hissəsi, BMT-nin ali orqanı­nın məcburi hüququ öhdəlik daşıyan sənədləridir. Rəsmi İrəvan 27 il ərzində onların birini də icra etmədi. Nəhayət, Azərbaycan özü məcbur qalaraq onla­rın icrası üçün hərəkətə keçdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gündən sonra Ermənis­tanın təslimolma sənədini imzalaması ilə yekunlaşdı. Bununla da Azərbay­can BMT Təhlükəsizlik Şurasının qət­namələrini təkbaşına icra edən ilk ölkə kimi adını dünya tarixinə yazdırdı.

İndi beynəlxalq sülhün və təhlükə­sizliyin qorunmasında əsas məsuliyyət daşıyan orqanın qətnamələri heçə sa­yan, onları kağız parçası hesab edən Ermənistan hansı mənəvi haqla bu ali quruma müraciət edir? Onlar BMT-nin “qapısını döyməyə” belə utanıb xəcalət çəkməlidirlər. Amma biz hayların xislə­tinə yaxşı bələdik. Bilirik ki, onlar belə insanı keyfiyyətlərdən çox-çox uzaq­dırlar. Müdrik atalarımızın dediyi “utan­masan oynamağa nə var ki…” sözləri sanki bu toplumun boynuna biçilib.

Yeri gəlmişkən, Ermənistanın BMT Təhlükəsizlik Şurasının sədrinə 2022-ci il 13 sentyabr tarixli məktubu və Təh­lükəsizlik Şurasının həmin ilin dekabrın 20-də çağırılan iclası qarşı tərəfin tam iflası ilə nəticələnib. Görünür, haylar yeni iflas üçün darıxıblar.

Aydın QULİYEV,
politoloq

– Ermənistanın Qarabağ ətrafında və Laçın yolunda yaranmış vəziyyət­lə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasının çağırılması xahişi ilə müraciəti növbəti həyasız­lığın, bölgədə sülh və sabitliyin əldə olunması istiqamətində aparılan işə sayğısız münasibətin təzahürüdür. İrəvanın müraciəti BMT Təhlükəsiz­lik Şurasının düz 30 il bundan öncə – 1993-cü ildə qəbul etdiyi 4 qət­naməyə, heç olmasa, zərrə qədər sayğı göstərdiyi təqdirdə əsaslı, haqlı görünə bilərdi. BMT-nin rəhbərliyində olanlar, onun tarixini bilənlər çox yax­şı anlayırlar ki, Ermənistanın müstəqil dövlətçilik tarixinin bir istiqaməti BMT TŞ-nin qətnamələrinə və bütün bey­nəlxalq hüquq normalarına hörmət­sizlikdən başqa bir şey olmayıb. Əgər belə olmasaydı, onlar BMT Təhlükə­sizlik Şurasının məcburi gücə malik qətnamələrinin yerinə yetirilməsinə çalışar və bölgəmizi 2020-ci ildə mü­haribə ilə üz-üzə qoymazdılar. Buna görə də BMT Təhlükəsizlik Şurasının rəhbərliyi ilk növbədə Ermənistan rəhbərliyinin bu müraciətinin arxasın­da dayanan ikiüzlü siyasətə diqqət yetirməlidir.

Digər tərəfdən, biz burada qu­rulmuş oyunun tərkib hissələrini gö­rürük. Çünki Qarabağda yaranmış vəziyyətin, guya, “humanitar böhran” olduğu, “soyqırımı” ərəfəsində olması ilə bağlı ermənilər çoxdandır nağıllar uydurur, bütün dünyanın diqqətini ol­mayan bir şeyə cəlb etməyə çalışırlar. Vətən müharibəsində sarsıdıcı məğ­lubiyyətə düçar olan haylar Qarabağ iqtisadi rayonunda Azərbaycanın tam suverenliyinin bərqərar olması ərəfə­sində prosesi dayandırmaq üçün belə çirkin üsullara əl atırlar.

Bir neçə gün öncə separatçı reji­min “qlavarı” Arayik Arutyunyan bey­nəlxalq ictimaiyyətə müraciət ünvan­lamışdı. Həmin müraciətdə məsələni BMT Təhlükəsizlik Şurasında qaldır­maqla bağlı İrəvana çağırış edilmişdi. Görünür ki, separatçı rejimlə Ermənis­tan rəhbərləri əlbir olaraq, bu işi ön­cədən düzüb-qoşublar. Əvvəlcə Arut­yunyana belə bir müraciətin edilməsi üçün işarə verilib. Arutyunyan həmin müraciəti edəndən sonra, Ermənistan rəhbərliyi də, guya, bu müraciətə uy­ğun olaraq BMT Təhlükəsizlik Şurası­nın fövqəladə sessiyasının çağırılma­sı təşəbbüsü ilə çıxış edib.

Bütün hallarda “blokada”, “soyqırı­mı” söhbətlərinin bir oyun olduğu dün­yaya məlumdur. Təkcə bunu demək kifayətdir ki, aprelin 23-də Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılandan indiyədək Xankəndi­dən Ermənistana və əks istiqamətdə gedib-gələnlərin sayı 2 min nəfəri keçməyib. Əgər Qarabağda vəziyyət iddia etdikləri kimi ağır olsaydı, öz­lərinin dediyi 120 min nəfər arasın­dan 2 min nəfər İrəvana getmək və qayıtmaq zərurəti görməzdi. Deməli, orada insanların yaşayışı normaldır. Sadəcə olaraq, Ermənistan real və­ziyyət ətrafında çox acınacaqlı du­rum var imiş görüntüsü yaratmaq və dünyanın diqqətini buna cəlb etmək istəyir. Ancaq dünya artıq hər şeyi başa düşüb. Azərbaycanın Laçın yolu və Qarabağ üzərində suverenliyini tam bərpa etmək kimi legitim hüquqa malik olduğunu dünya birliyi də yaxşı başa düşür.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət