Müharibə şahmat oyunu deyil ki, heç-heçə bitsin

post-img

Bakı münaqişəni “konservləşdirmək”, sülh danışıqlarını “dondurmaq” kimi ideyaları da tarixin arxivinə göndərməkdə israrlıdır

Hayastanın baş naziri yenə başlayıb nala-mıxa vurmağa. O, bir tərəfdən sülh gündəminə sadiqliyini bəyan edir, digər tərəfdən isə kənar aktorların verdiyi təlimatla, sülhə nailolma prosesini “dondurmaq” məqsədilə təxribatçı açıqlamalar verir. Bütün bunlarla yanaşı, İrəvan həm də Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər göstərir. 

Aydın görünən odur ki, hayların məqsədi sülh sazişini imzala­maqdan yayınmaq, bununla paralel olaraq savaş təhlükəsini mi­nimuma endirməkdir. Amma bir-birinə tərs mütənasib gələn bu iki məqsədinə İrəvanın hansı üsulla nail ola biləcəyi dumanlı görünür. Bəli, Hayastan hazırda sülh prosesindən uzaqlaşma variantları üzərində baş sındırır, fəqət Paşinyan iqtidarı niyyətini açıq şəkildə bildirməyə cəsarət eləmir... Bu səbəbdən sülh danışıqlarını qey­ri-müəyyən müddətədək “dondurmaq” şansını qazanmaqdan ötrü dolanbac yollarla hərəkət etməyə üstünlük verir.

“Ermənistan baş naziri Nikol Paşin­yanın 11 avqust tarixində hökumətin iclasında çıxışı zamanı növbəti dəfə bölgədə “gərgin humanitar vəziyyət” barədə iddiaları təkrarlayarkən, Ermə­nistan tərəfindən “humanitar yük” adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsinin erməni sakinlərə qarşı “etnik təmizləmə” kimi qələmə verməsi heç bir məntiqə sığ­mır”. 

Bu fikirlər Azərbaycan XİN-in hay­ların baş nazirinin yersiz, sübutsuz, yalana söykənən iddialarına cavabın­da öz əksini tapıb. 

Göründüyü kimi, Ermənistan baş naziri “beynəlxalq mexanizmlər çərçi­vəsində Xankəndi–Bakı dialoqu” istəyi ilə Azərbaycanın daxili işlərinə qarış­maq istiqamətində uğursuz cəhdlər göstərir. Baxmayaraq ki, bu zaman biabırçı məğlubiyyətə uğradığı 44 günlük müharibədən əvvəlki vəziyyətə qayıtmağın heç vaxt mümkün olmaya­cağı ona gün kimi aydındır. Heyrət do­ğuran digər məqam odur ki, müstəqil siyasət yürütmək, qərarlar qəbul et­mək imkanından məhrum Paşinyan iqtidarı bunu bilə-bilə sülh prosesinə badalaq vurmaq üçün məhz bu “tezis”­dən maksimum yararlanmağa çalışır. 

Azərbaycan XİN-in cavab bəyana­tında qeyd olunur ki, Ermənistanın bu iddialarını davamlı olaraq təkrarlaması onu göstərir ki, Laçın sərhəd-buraxılış məntəqəsi təsis edilənədək bu yoldan istifadə etməklə həyata keçirdiyi qey­ri-qanuni fəaliyyətin məntəqə təsis edildikdən sonra qarşısının alınması İrəvanı bərk narahat edir: “Erməni sa­kinlərin həqiqətən də iddia olunduğu kimi, gündəlik tələbat mallarına ehti­yacları varsa, bunun üçün Azərbayca­nın təklif etdiyi və beynəlxalq tərəfdaş­ların dəstəklədiyi “Ağdam–Xankəndi” yolundan istifadə edilməsi mümkün­dür”.

* * * 

İrəvanın “stəkanda tufan” effekti yaratmaq cəhdləri kimi xarakterizə edil­məyə layiq son “diplomatik demarşları” ilə Bakıdan sülh danışıqlarında, Qara­bağ ermənilərinə münasibətdə müəy­yən güzəştlər qoparmağı hesabladı­ğını görmək çətin deyil. Amma başına topladığı daxili və xarici dəstəkçiləri ilə bərabər “düzüb-qoşduğu” “blokada”, “humanitar böhran”, “etnik təmizləmə” kimi cəfəng iddiaların heç birinin Ba­kıya yapışmayacağını, bu yalanların ayaq tutub yeriməyəcəyini Paşinyanın özü də yaxşı bilir. Mövzunun davamı olaraq Qarabağ ermənisi, sosial şə­bəkə fəalı Artur Osipyanın Laçın yo­lunda heç bir blokadanın olmadığını, Ağdərədə “arsaxlıların” acından ölmə­diyini sübut edən açıqlamasını oxucu­larımızın diqqətinə çatdırırıq: “Mən də deyirəm ki, Qarabağda problemlər var, amma aclıqdan danışmaq, körpə uşaq­ları göstərmək bizə başucalığı gətirmir. Yəni, bütün dünyaya demək istəyirik ki, bizim ağır vəziyyətimizə baxın və qur­ban qismində uşaqlarımızı irəli veririk. Bu yalan keçmir! Bu yalan əks-effekt verir və bizə şərəf gətirmir”. Osipyanın dediyinə görə, Qarabağdakı “hakimiy­yət” 30 il bölgəni çapıb-talayıb və indi gördükləri “çörək növbələri” hansısa “blokadanın” yox, rüşvətxor “idarəçilə­rin” əməllərinin nəticəsidir. Bunu hadisə yerindən yerli erməninin qaynar repor­tajı, eləcə də real vəziyyətin canlı sübu­tu qismində qəbul edə bilərik. 

Paşinyan yəqin onu da anlayır ki, nə qədər gec deyil müharibədə uduz­duqlarını həzm etməli, Azərbaycanın şərtləri ilə razılaşmalı və daha ciddi fə­sadlarla üzləşmədən sənədlərə imzası­nı atmalıdır. Hansı tərəfdən baxmasın­dan asılı olmayaraq, rəsmi İrəvan sülh sazişindən imtina ediləcəyi təqdirdə, onu növbəti savaşda daha ağır məğlu­biyyətin gözlədiyini də nəzərə almağa məcburdur. 

* * * 

Hazırda Cənubi Qafqazda sülh və təhlükəsizlik ciddi təhlükə ilə üz-üzədir. Qarabağ münaqişəsinin son nizamla­ma mərhələsində Vaşinqton və Brüssel kimi moderatorların israrlı cəhdlərinə baxmayaraq, bölgədə kövrək sülh pro­sesinin dalana dirənmə ehtimalı inan­dırıcı görünməkdədir. Dünyanın bir çox nəhənglərinin geosiyasi, hərbi-iqtisadi maraqlarının toqquşması faktı regionda sülhün və sabitliyin bərpasına əsas ən­gəl rolunu oynayır. Məhz bu baxımdan, regionda hərbi-siyasi situasiyanın get­dikcə daha da gərginləşməsi təəccüb doğurmur.

Burada, təbii ki, sülh prosesinin po­zulmasına yönəlik cəhdlərə baş vuran məhz Ermənistandır. O Ermənistan ki, Cənubi Qafqaza iştahlı bəzi aktorların əlində “geosiyasi alət” rolunu oynamaq­dadır. Elə həm də bu səbəbdən hazırda Paşinyan hakimiyyəti hansısa formada Ermənistanın maraqlarına cavab verə biləcək sülh sazişinə imza atmaq ixtiya­rından uzaqda görünür. Rəsmi İrəvanın beynəlxalq himayədarlarının təlimatla­rına uyğun davranışları da buna hesab­lanıb.

Amma İrəvan bunu həmişəlik qu­lağında sırğa etməlidir: “Laçın dəhlizi” yoxdur, Laçın yolu var. Həmin yolun başlanğıcında Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir. Və bu postdan hər gün Qara­bağın erməni sakinləri sərbəst şəkildə hərəkət edirlər. 

* * * 

Yenidən sülh danışıqları mövzusu­na qayıdaraq qeyd etməyi zəruri sa­yırıq ki, ikitərəfli və üçtərəfli dialoqun əsas vasitəçisi, tərəflər arasında mo­deratorluq missiyasını boynuna götür­müş Rusiyanın son vaxtlar sərgilədiyi mövqe özünün “orijinallığı” ilə Cənu­bi Qafqaz sevdalı bütün oyunçuların diqqətini çəkir. 

Onu da xatırladaq ki, Rusiya XİN-nin MDB ölkələri üzrə dördüncü de­partamentinin direktoru Denis Qonçar bu günlərdə maraqlı açıqlama ilə çıxış edib. Qonçarın qənaətinə görə, tələsik hazırlanmış sülh müqaviləsi bölgəyə davamlı sülhü gətirə bilməz: “Əksinə, gələcəkdə yeni münaqişələrin, faciələ­rin əsasını qoyacaq. Sürətə deyil, ba­lanslaşdırılmış və qarşılıqlı məqbul həllərin keyfiyyətli hazırlanmasına üs­tünlük verilməlidir”.

Yerləşdiyi binanın üst fasadından hələ də SSRİ-nin oraq-çəkicli gerbi boylanan Rusiya XİN-in sülh prose­sində mövqeyi bu açıqlamasız da bəlli idi. Kremlin Ukrayna cəbhəsində vəziy­yətin kifayət qədər gərginləşdiyi indiki məqamda üçtərəfli dialoq, sülh danışıq­larının növbəti raundu kimi “ikinci dərə­cəli məsələlərə” ayırmağa vaxtı yoxdur. 

Bakı bunu dəfələrlə deyib və bəyan edib: beynəlxalq hüquq normalarına görə, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Oradakı erməni az­lığın hüquq və təhlükəsizliyinə Azər­baycan təminat verir. Dünyanın heç bir dövləti ərazisindəki etnik azlığa xüsusi imtiyazlar tanımaz. Bu mənada rəsmi Bakı da Qarabağdakı erməni azlığına Azərbaycan Konstitusiyasında bütün vətəndaşlara şamil edilən hüquqlardan daha artığını verməz. Yəni, Ermənistan üzləşdiyi bütün çətinliklərdə Azərbay­canı təqsirkar çıxarmağa, hətta Bakını dünyanın gözündə “təcavüzkar” göstər­məyə nə qədər çalışsa da, bunun tam əksini təsdiqləyən dosyelər, həmçinin Osipyan kimi canlı şahidlərimiz var. Bunları görməzdən gəlmək isə nə Pa­şinyanın özündə, nə də onun koman­dasında alınacaq. Çünki, onların gü­man etdikləri kimi, müharibə və onun nəticələri hərdən qalibin müəyyənləş­mədiyi şahmat oyununa bənzəmir. Tax­ta lövhə üzərindəki “döyüşdən” fərqli olaraq, real meydandakı qarşıdurmada “heç-heçə” variantı mümkün deyil. Bu müstəvidə məğlub tərəf qalibin şərtlə­rini qəbul etməyə məhkumdur. 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”



Siyasət