Ermənistan Azərbaycanla danışıqlar prosesini saxta “erməni soyqırımı” iddiası ilə pozmağa çalışır
Əslində, gözlənilən idi. Söhbət beynəlxalq hüquq üzrə dələduz Luis Moreno Okamponun “Ekspert rəyi: 2023-cü ildə ermənilərə qarşı soyqırımı” adlı saxta və sifarişli hesabatının hansısa Qərb nəşrində yayımlanmağından gedir. Hətta, son günlərdəki ermənipərəst mövqeyini nəzərə alsaq, hesabata “Vaşinqton post” qəzetinin də yer ayıracağı bir o qədər təəccüblü gəlmədi. Sifarişə gəldikdə, qaranlıq hüquq fəaliyyətinə malik Okamponu dövriyyəyə gətirənlər də məlumdur – erməni əsilli amerikalı pornoulduz Kim Kardaşyan və amerikalı klinik professor Erik İsraelyan.
Qeyd edək ki, professor İsraelyan bir neçə gün əvvəl özünün sosial şəbəkə hesabında Okamponun “hesabatını” böyük sevinclə paylaşmışdı. Onun sevincindən “vəcdə gələn” dostu və iş ortağı Kardaşyan isə professorun paylaşımını öz səhifəsində bölüşmüşdü. Beləliklə, ictimai rəyə ilk “siqnal” ötürülmüşdü. İndi isə “Vaşinqton post” üçün həmin o siqnal “maraqlı” gəlib. Daha doğrusu, guya maraqlı gəlib.
ABŞ nəşrinin son günlərdəki ermənipərəst mövqeyini vurğuladıq. Bunun üzərində bir qədər dayanaq. Deməli, “Vaşinqton post”un bir neçə gün əvvəlki yazısında Birləşmiş Ştatlar Administrasiyasına Azərbaycanda həbs olunan iqtisadçı ekspert Qubad İbadoğlunun məsələsini Bakı – İrəvan danışıqlarına daşımaq çağırış edilmişdi. Məlum idi ki, bu çağırış ermənipərəst qüvvələrin sifarişi idi. Məqsəd isə danışıqlar prosesinə yeni “çalarlar” gətirmək və onlardan reallıqları dəyişmək naminə yararlanmaqdır.
“Vaşinqton post”un erməni təəssübü
Bəli, “amplua”sına sadiq qalan “Vaşinqton post”un ermənipərəst ritorikanın davamı baxımından, belə demək mümkünsə, tutacaq yeri BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, beynəlxalq hüquq üzrə ekspert Luis Moreno Okamponun haqqında əvvəldə söz açdığımız hesabatıdır. Okampo təfəkkürünün mücərrəd guşəsində bəslədiyi “keyfiyyətlərini” işə salaraq bildirib ki, Azərbaycan Qarabağ ermənilərinin soyqırımına hazırlaşır. O, hesabatında bununla əlaqədar xəbərdarlıq edib. Karyerası ərzində qalmaqallarla yadda qalmış Luis Morenonun hazırladığı saxta sənədə istinad edən ABŞ nəşri, həmçinin BMT-nin Təhlükəsizlik Şurasına müraciətin ünvanlanmasını və “erməni soyqırımı” məsələsinin beynəlxalq platformalarda müzakirə mövzusuna çevirməyin zəruriliyini açıqlayıb.
“Vaşinqton post”, eyni zamanda Okamponun beynəlxalq konvensiyalarda soyqırımının digər məsələlərlə yanaşı, “yaşayış şəraitinin qəsdən dəyişdirilməsi” kimi təzahürünün mövcudluğu tezisinə söykənərək, “soyqırımın həyata keçirildiyini güman etmək üçün ciddi əsaslar var” deyə “həyəcan təbili” çalıb. Qəzetin “aclıq soyqırımının görünməz silahıdır. Təcili kəskin dəyişikliklər edilməsə, bu erməni qrupu yaxın həftələrdə məhv ediləcək” kimi fikirlərin yer aldığı məqaləsində Qarabağ münaqişəsinin tarixindən qısa şəkildə bəhs edilməklə bərabər, Ermənistanın Laçın – Xankəndi yolunun üzərində qurduğumuz Həkəri sərhəd nəzarət-buraxılış məntəqəsinə yaxın zonada hazırladığı “tır şousu”na da yer verilib.
Göründüyü kimi, Okamponun “hesabatından” söz açmaq da “Vaşinqton post”a verilmiş erməni sifarişidir. Yuxarıda bu sifarişin Kardaşyan – İsraelyan işbirliyinin nəticəsi olduğunu vurğuladıq. Onu da nəzərə alaq ki, Ermənistan baş naziri Nikol Paşinyan da bu duetlə sıx təmasdadır. Yada salaq ki, İsraelyan hələ 2019-cu ildə Paşinyanın start verdiyi ümumerməni çağırışına qoşulanlardandır. Çağırışın məqsədi bəlli idi: dünyanın erməni lobbi və diaspor təşkilatlarını Ermənistanın “yeni torpaqlar uğrunda yeni müharibə” avantürasına dəstək göstərməyə cəlb etmək. Professor İsraelyan isə ABŞ-dakı erməni lobbisinin əsas simalarındandır. Onun Kardaşyanla biznes təşəbbüsləri ilə yanaşı, mövcud istiqamətdəki fəaliyyəti də var. Bu mənzərəni isə Paşinyan – Kardaşyan “bacı-qardaşlığı” tamamlayır.
Okampo ABŞ-ı şantaj edir
Yeri gəlmişkən, Luis Moreno Okampo həyata keçirdiyi cəfəng işə ictimai məzmun qazandırmaq cəhdi ilə Paşinyan – Kardaşyan – İsraelyan oxuna “xidmətini” bütövləşdirib. O, dünən özünün sosial şəbəkə hesabında K.Kardaşyanı və E.İsraelyanı “Qarabağ xalqının” səsini ABŞ Dövlət katibi Antoni Blinkenə çatdırmağa çağırıb. Moreno yazıb ki, Blinken vəziyyəti dəyişdirə və bölgə ermənilərinin soyqırımını dayandıra bilən insanlardan biridir.
Yəqin, Okamponun həyasızlığına diqqət yetirdiniz. O, haqq-ədaləti məhz bu yolla ikinci plana atmağa çalışır. Eyni zamanda, öz “məqsədi” naminə Birləşmiş Ştatlar Administrasiyasını şantaj etməkdən belə çəkinmir. Dələduz hüquqşünasın çağırışı saxta soyqırımı iddiasını danışıqlar prosesinə, daha doğrusu ABŞ vasitəçiliyinin tərkibinə daxil etməkdir. Belə çıxır ki, əgər bu məsələ reallaşmasa, Blinken soyqırımın gerçəkləşməsinə göz yuman şəxsə çevriləcəkdir. Deməli, həm də bu qənaətə gəlmək mümkündür ki, erməni lobbi və diaspor təşkilatları Okamponun dili ilə ABŞ Administrasiyasını şantaj etmək yolunu tuturlar. Məqsəd aydındır: Vaşinqtonu ədalətli vasitəçilikdən yayındırmaq.
Dələduz Moreno – vergidən yayınma, ofşorlarda hesab və…
Okampoya gəldikdə isə o, pul üçün hər cür vicdansızlığa hazır fiqurdur. Dünyanın müxtəlif media orqanları onun karyerasındakı qaranlıq məqamlara kifayət qədər çox toxunublar. Məsələn, 2017-ci ildə Fransanın rəqəmsal “Mediapart” nəşri naməlum mənbələrdən Morenonun bütün elektron poçt yazışmalarının surətini əldə etməyə müvəffəq olmuşdu. Almaniyanın “Der Spiegel” nəşri isə bu materiallar əsasında müəyyənləşdirmişdi ki, ekspert 2003-cü ildən bəri Argentinada vergi vermir.
Məsələ burasındadır ki, alman nəşri Moreno Okamponun ofşorlarda hesab və kampaniyalarının olduğunu üzə çıxarmışdı. Onun özü də həmin qeyri-leqal zonalarda “işlədiyini” etiraf etmək məcburiyyətində qalmış və demişdi ki, Argentinada yaşamadığı üçün vergi ödəmir.
Elə sözügedən tədqiqat əsasında Avropanın jurnalist şəbəkəsi olan EIC xəbər vermişdi ki, Moreno Okamponun Hasan Tatanaki adlı müştərisi olub. Tatanaki liviyalı maqnat idi və ölkəsindəki hərbi cinayətlərdə ittiham edilirdi. Necə alındısa, Beynəlxalq Cinayət Məhkəməsi heç vaxt maqnatı qeyri-insani əməllərdə şübhəli bilmədi. Əlbəttə, bu, Moreno Okamponun 2012-ci ilədək çalışdığı qurumdakı baş prokuror “fəaliyyətinin” nəticəsi idi.
Qaranlıq hüquq fəaliyyəti ilə ad çıxarmış Luis Moreno Okamponun daha bir kriminal dələduzluq şübhəli əməlini isə “Sunday Times” nəşri üzə çıxarmışdı. Nəşr müəyyənləşdirmişdi ki, Beynəlxalq Cinayət Məhkəməsindən çıxan elektron məktublarda Moreno məhşur kino ulduzu Ancelina Coli və çox güman, onun o zamankı həyat yoldaşı, tanınmış aktyor Bret Pittin köməyi ilə uqandalı hərbi rəhbər Cozef Konini nahara dəvət etmək, onun həbsinə nail olmaq və irəli düşmək istəmişdi.
Okapmo – Arayik görüşü
Bəli, Okampo müxtəlif cinayətkar kriminal dairələrin, belə demək mümkünsə, haqlı çıxarılması, cəzadan uzaq tutulması üzrə dünyanın say-seçmə hüquq mütəxəssislərindəndir. Yəni ermənipərəst dairələr, indiki halda, Ermənistan baş naziri N.Paşinyanın dirijor çubuğu ilə hərəkət edən Kardaşyan-İsraelyan tandemi kimə, hansı məqsədlə üz tutduğunun fərqindədir. Luis Moreno saxta hesabat hazırlayaraq, Azərbaycanın Qarabağ ermənilərinə qarşı, guya, soyqırımı həyata keçirməsi ilə bağlı iddianın beynəlxalq hüquq müstəvisinə çıxarılmasına çalışır. Bütün bunlar öz yerində.
Onu da bildirək ki, Qarabağdakı separatçı rejim üçün də Okampo yad fiqur deyil. O, separatçıların başçısı Arayik Arutunyanla onlayn görüş keçirib. Bu fakt dələduz hüquqşünasın qaranlıq karyerası üçün ən böyük ləkədir. Digər ləkələr barədə isə yuxarıda bəhs etdik. Görünən budur ki, Luis Moreno üçün heç bir mənəvi dəyər olmadığı kimi, hüquq anlayışı da yoxdur. Hüquq onun üçün yalnız manipulyasiya predmetidir. Əks-halda, Qarabağın Azərbaycan ərazisi kimi beynəlxalq səviyyədə tanındığını nəzərə alardı...
Paşinyanın danışıqlar prosesinə təsir cəhdi
Sonda bütün bunların fonunda gəldiyimiz qənaəti bölüşək. Görünən budur ki, Paşinyan sözdə Qarabağın Azərbaycan ərazisi olduğunu bildirsə də, bölgə ermənilərinin durumu müstəvisində beynəlxalq platformalara daşınan cəfəngiyyatlar baş nazirin sözlərinin əhəmiyyətini heçə endirməyə hesablanıb. Nikol bu il iyulun 15-də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilmiş görüşədək Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini danışıqlar prosesinə daxil etməyə çalışdı. Lakin həmin görüş göstərdi ki, nizamlama prosesinin mövzusu stabildir. Yəni İrəvanın iddiası keçərli deyil. Deməli, başqa nələrisə fikirləşib tapmaq zərurəti yarandı. Bu zaman Okamponun “hesabatı” üzərində dayandılar.
Bəli, Luis Morenonun cəfəng sənədi sayəsində formalaşmasına hesablanmış yeni durumda Paşinyanın Qarabağ da daxil olmaqla, ölkəmizin ərazi bütövlüyünü tanımasının arxa plana keçməsi nəzərdə tutulur. Heç şübhəsiz, bu plan Nikolun özü tərəfindən işlənib hazırlanıb. Yəni o, danışıqlar prosesində, guya, konstruktiv olduğunu, beynəlxalq hüququ nəzərə aldığını təsdiqləyir, ancaq altdan-altdan dəstəklədiyi “təşəbbüslərlə” həmin hüququn bəyan etdiyi prinsiplərin interpretasiyasına çalışır. İndi görünür ki, bu labirintin bir tərəfi də “Vaşinqton post”dur. Əks-təqdirdə qəzet niyə Okamponun saxta mahiyyət daşıdığı şübhə doğurmayan hesabatını ictimailəşdirsin ki?
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”