Ermənistan daha bir oyununun girovudur

post-img

Hay xisləti: əvvəl yalan, sonda dalan sevdası

Qəzetimizin dünənki sayında dərc olunmuş “Biz bu torpaqlarda əbədi yaşayacağıq” sərlövhəli yazıda qeyd etmişdim ki, Azərbaycanın uğurla icra etdiyi xarici siyasət kursu Ermənistan dövlətini dörd tərəfdən dalana dirəyib. Həmin dalanların konkret adını, ünvanını və işğalçı dövlətə vurduğu zərbəni də qeyd etmişdim. Hidayət Əliyev adlı oxucu zəng edərək soruşdu ki, həmin dalanlar arasında Qarabağa “humanitar yük gətirən” erməni “tır”larının dirəndiyi dalanın adını niyə çəkmirsiniz? Cavab verdim ki, mən Azərbaycanın siyasəti nəticəsində ərsəyə gələn dalanları sadalamışam. “Tır” məsələsi isə məhz Ermənistanın bilərəkdən yaratdığı “dalan”dır. 

Bəlkə də, kimsə bu arqumentlə razı­laşmayacaq. Ancaq faktı danmaq müm­kün deyil. İşğalçı ölkənin terrorçu rəh­bərləri məlum ərazinin relyefini də yaxşı bilirlər, iri qabaritli “Volvo” yük maşınları­nın manevr imkanlarını da. Yəni dəqiq hesablayıblar ki, “tır”lar həmin ərazidə geri dönə bilməyəcəklər və mütləq irəli getməlidirlər. Bu isə öz ərazi bütövlüyünü hansısa sarsaq “dövlət”in maraqlarına qurban vermək istəməyən Bakının cid­di etirazı ilə nəticələnəcək, qarşıdurma yaranacaq, bütün dünya münaqişənin səbəbkarı kimi Azərbaycanı qınayacaq. 

Hər şeyi hesablamışdılar. Ancaq Azərbaycan Prezidentinin müdriklik miq­yasını hesablaya bilməmişdilər. Onlar elə bilirdilər ki, “tır”lar sərhədə yaxınla­şan kimi, Prezident İlham Əliyev “Vur!” əmrini verəcək. Bununla da Azərbayca­nın sülhsevərlik imici ləkələnəcək. Bu yerdə xatırladım ki, Qəbələ camaatı ara­sında məşhur bir deyim var. Biri o birini aldatmaq istəyəndə ikinci şəxs aldan­mayacağını göstərmək üçün “Ay, sən öləsən, Vardapet!”– deyir. Yəni, ay sən öləsən, İrəvan, Bakını aldada bilməyə­cəksən. Bəli, bu faktdır ki, Azərbaycan Ermənistanı növbəti dəfə ağır məğlubiy­yətə uğratdı. 

O ki qald Moskvadan Qarabağa göndərilmiş fırıldaqçı Ruben Vardanya­nın vəsaiti hesabına işləyən “Spayka” şirkətinə, xatırladaq ki, 2018-ci ildə ha­kimiyyətə gələn Nikol Paşinyan 2019-cu ilin yazında repressiya üsulları ilə Ermə­nistanın ən böyük şirkətlərindən biri olan “Spayka”ya qarşı proseslərə başlamış, şirkətin sahibkarı və direktoru həbs edil­mişdi. MDB ərazisində yük daşımaq üçün yaradılmış (maraqlıdır, onların ni­zamnaməsində göstərilən yüklər sırasın­da “xüsusilə təhlükəli yüklər” də var) bu şirkət elə səviyyəyə salınmışdı ki, bahalı “Volvo” yük maşınlarından ancaq tabut, meyit daşınmasında istifadə edilirdi. 

Bəzi ekspertlərin fikrincə, 2020-ci ilin payızındakı İkinci Qarabağ müharibəsin­dən sonra “Spayka”nın yüksək səviyyə­də təchiz edilmiş maşınlarına (onların hamısında yaxşı soyuducu mexanizmlər quraşdırılmışdır) yeni funksiya “etibar edilmişdi”. Belə ki, cəbhədə ölən erməni əsgərlərinin hamısının meyiti evə göndə­rilmir, yüzlərlə cəsəd bu maşınlarda sax­lanılırdı. Yəni illərlə meyit saxlaya bilən maşınlarda indi “humanitar yüklər xarab olur” deyən ermənilər, sadəcə olaraq, ağ yalan danışırlar. 

Qərəz, Ermənistanın Qarabağa gön­dərdiyi “humanitar yük”lər maşınlarda qalıb, maşınlar sərhəddə, Paşinyanın əli çənəsində, Qarabağdakı ermənilərin isə gözləri yolda. İndi nə etmək olar? 

Əlbəttə, çox iş görmək olar. Ermənis­tan rəhbərliyi ilk növbədə daşı ətəyindən tökərək, adam balası kimi danışıqlar stoluna gəlməli, qonşularına ərazi iddia­larından əl çəkməli, Azərbaycan ərazilə­rindəki bütün quldur və terrorçu birləş­mələrini geri çağırmalı, mina xəritələrini təhvil verməli, Birinci Qarabağ mühari­bəsi dövründə itkin düşmüş dörd minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirməli və ən nəhayət, sülh sazişinə imza atmalıdır. Çox təəssüf ki, Ermənis­tanın heç bir siyasətçisi bu addımları at­mağa hazır deyil. Hamısı qorxur. Çünki bu millət bünövrədən elə bir sağalmaz xəstəliyə mübtəla olub ki, onların qısa müddətdə müalicəsi mümkün deyil. Bu yükü hansı siyasətçi öz üzərinə götürər­sə, onun nə vəziyyətə qoyulacağı ağla­sığmazdır.

Ancaq zaman dayanıb gözləmir. Za­man erməni xalqının məhrumiyyətlərdən xilas olunmasını təmin edəcək addımlar tələb edir. Həmin addımları kim atacaq? Hələ məlum deyil. Elə addımlar atılma­yacaqsa, xalqın ümidi “Spayka”dakı yük­lər kimi yarı yolda qalacaq və... ünvana , məqsədə çatmadığına görə zay olub gedəcək. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət