Sosial sfera xəbərləri

post-img

Uşaqların reabilitasiyası davam edir

Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya təd­birlərinə cəlb edilən ukraynalı uşaqların bölgələrimizə eks­kursiyası təşkil edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Verilən məlumata görə, uşaqlar əvvəlcə İsmayıllı rayonunun Basqal qəsəbəsində tarixi irsimizlə tanış olub, öz koloritini qo­ruyub saxlayan qəsəbəni gəziblər. Orada qədim el sənəti nü­munələrini, məişət əşyalarını, yaşayış evlərinin fərqli mənzərə­sini maraqla izləyiblər. 

Növbəti gün iştirakçıların Qəbələ rayonuna gəzintisi təşkil edilib. Onlar təbiət gözəllikləri və istirahət mərkəzləri ilə tanış olublar. Həmçinin Qəbələnin Laza kəndində olan uşaqlar lavaşın hazırlanması prosesində iştirak ediblər.

Qeyd edilir ki, istirahət günlərində uşaqlar üçün art-terapiya, peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyaları da aparılır. Düşərgədə olduqları müddətdə onlar psixososial təlimlər, ingilis dili kursları, foto çəkilişi, milli rəqslər və ustad dərslərinə də cəlb ediləcəklər. Növbəti günlərdə uşaqların Şəkiyə və Şamaxıya ekskursiyalarının təşkili nəzərdə tutulur.

Nazirliyin məlumatında, həmçinin bildirilir ki, 14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziy­yətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyaları­nın təmin edilməsinə hər cür dəstək göstərilir. Eyni zamanda, düşərgələrə yerləşdirilən uşaqların sosial reabilitasiyası davam edir.

Psixi sağlamlıqla bağlı maarifləndirmə

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda­kı nümayəndəliyi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsi çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə Ağ­dam Rayon Mərkəzi Xəstəxanasında və Tərtər rayonunda ya­şayan əhali arasında maarifləndirmə kampaniyası təşkil edib.

Nümayəndəliyin verdiyi xəbərə görə, kampaniyanın məqsə­di psixi sağlamlıq və psixososial dəstək ehtiyacları, habelə mü­naqişələrin bitməsindən sonra müharibədən əziyyət çəkən şəxs­lərin psixi sağlamlığına, rifahına təsiri haqqında məlumatlılığı artırmaqdır. Stress, depressiya, təşviş və posttravmatik stress pozuntusu kimi psixi sağlamlıq halları, eləcə də mübarizə mexa­nizmləri haqqında məlumat əldə etmək istəyən əhali üçün psixo­loqlarla ödənişsiz görüşlər təşkil edilib.

Maarifləndirmə kampaniyası zamanı layihənin psixoloq və sosial işçiləri xəstəxanaya gələn əhalini psixi sağlamlıq barədə məlumatlandırıb, onların stress və narahatlıq səviyyələrini qiy­mətləndirmək üçün testlər keçiriblər. Eyni zamanda, vətəndaşla­ra stress, depressiya, təşviş və posttravmatik stress pozuntusu kimi psixi sağlamlıq halları, eləcə də mübarizə mexanizmlərinə dair məlumatlardan ibarət broşürlər paylanılıb.

Zərifə HÜSEYNOVA, “Xalq qəzeti”



Sosial həyat