Separatçılıq üçün hava məkanı?

post-img

Hayların ictimai rəy qıcolmasında yeni “etüdlər”

Erməni avantürist dairələri Birinci Qarabağ müharibəsi zamanı təchizat məqsədləri üçün hərbi helikopterlərdən istifadə edildiyini yada salıblar. Bu əsnada bir vaxtlar Qarabağdakı separatçı rejimdə “dövlət naziri” kimi oyuncaq post tutmuş, hazırda bölgədə ictimai hərəkat yaradaraq “fəaliyyət göstərən” Ruben Vardanyanın söylədiklərinə istinad olunur. 

Vardanyan söz vermişdi ki, ərazinin ərzaq təhlükə­sizliyinin təminatı üçün “hava körpüsü”ndən istifadə edəcək. Əlbəttə, Rubenin verdiyi bütün sözlər kimi, bu səfsəfəsi də keçərsiz oldu. Amma Qarabağdakı separatçılıq çənbərinin hər ötən gün daha da daral­mağa doğru getdiyi bir vaxtda, necə deyərlər, yapış­maq üçün saman çöpləri lazımdır. Buna görə qondar­ma blokadanın aradan qaldırılmasından danışılanda, hava məkanından istifadə məsələləri qaldırılır. 

***

Məlum olduğu kimi, Azərbaycan Qarabağdakı Rusiya sülhməramlılarının ərzaq təchizatının da Ağ­dam-Xankəndi yolu vasitəsilə həyata keçirilməsini təklif edib. Erməni tərəfinin iddiasına görə, Rusiya sülhməramlılarının bu təklifdən xoşları gəlməyib. Ona görə özləri üçün zəruri olan məhsulları və digər yükləri hava yolu vasitəsilə daşıyırlar. 

O da bildirilir ki, Azərbaycan vəziyyətə nəzarət edir və sülhməramlıların helikopterlərinə atəş açmır. Digər tərəfdən, erməni mediası yazır ki, rusların daşımalar üçün Azərbaycan ərazisindən də istifadə etdiklərinə dair təsdiqlənməmiş məlumatlar var, lakin hərbi kon­tingentin hər gün Qarabağa bir neçə helikopter gön­dərməsi barədə məlumatı heç kim təkzib etmir.

Belə bir məqamda Ermənistanda­kı bəzi dairələr sual edirlər: Nə üçün Qarabağa yüklərin hava yolu ilə da­şınması ilə əlaqədar rus sülhməramlı kontingentinin rəhbərliyi ilə danışıqlar aparılmır? Təbii ki, burada söhbət rus hərbçilərinin ən çox istifadə etdikləri 2-3 ton yükgötürmə qabiliyyətinə malik helikopterlərdən getmir. Erməni media­sı daşıma qabiliyyəti 20 tona çatan Mİ-26 helikopterlərindən yazır və bildirir ki, ölkənin müdafiə naziri Suren Papikyan rusiyalı həmkarı ilə həmin hilikopterlər­dən istifadənin təminatı məqsədilə da­nışıqlar apara bilər. Ən əsası isə guya, beynəlxalq ictimaiyyətin belə hava da­şımalarının təhlükəsizliyinə dair üzə­rinə öhdəlik götürməsi mümkündür. 

***

Göründüyü kimi, erməni me­diası da ölkənin cəmiyyəti kimi, hər şeyi başqalarının boynuna qoymağa öyrəncəlidir. San­ki, kimsə, yaxud kimlərsə bunlar üçün nə isə etməlidirlər. Hələ həyasızlığın başqa çalarları da var. Məsələn bil­dirilir ki, xarici ölkələr Qarabağda­kı “blokadanın” aradan qaldırılması üçün Azərbaycanın hava məkanından istifadə edə bilərlər. Təxminən belə: ölkəmiz, məsələn, Fransaya icazə verəcək ki, tutalım Yevlaxın üzərindən uçub Xankəndiyə yardım aparsın (?). Diqqət yetirin, quru yolunu yada salan yoxdur. Guya, insan amilindən danı­şırlar, onlara köməkdən bəhs edirlər, amma Ağdam-Xankəndi yolundan söz açmırlar. Fransanın, Almaniyanın, Ru­siyanın, ya qeyrisinin təyyarələrinin Azərbaycanda dayanmadan, onun hava məkanından istifadə edərək, Qarabağa yardım daşımasını nəzərdə tuturlar. Bu qədər düşüncə primitivliyi, yəqin ki, ancaq erməni qövmündə ola bilər. 

Hamını hamı ilə danışdırırlar, üstə­lik ölkəmizin hava məkanından da is­tifadə icazəsi alırlar, nəticədə yüklər Qarabağa çatdırılır, oradakı separatçı rejim kef çəkir, Bakı isə durub bu mən­zərəni seyr edir. Yəni, ortada bu qədər dəhşətli beyin qıcolması var. Öz aləm­lərində beynəlxalq dairələr yuxarıdakı çıxış yolunu göstərirlər. Ardınca ittiha­ma keçirlər. Təxminən belə: dediyimizi reallaşdırın, nə üçün bizə Azərbayca­nın şərtlərini qəbul etməli olduğumuzu bildirirsiniz? 

***

Guya, göstərdikləri vəziyyət­dən çıxış yoludur. Həqiqətən də, erməni ictimai rəyi ciddi psixoloji problem yaşamaqdadır. Ya da xəstə olduğunu imitasiya etməkdə. Üstəlik, mövcud fonda Ermənistan baş naziri Nikol Paşinyana yüklənmələr də nəzərə çarpmaqdadır. Bildirilir ki, baş nazir həyat yoldaşını Amerikaya apar­maq üçün dövlət hesabına təyyarə icarəyə götürmüşdü, amma iyulda ke­çirilən mətbuat konfransında Qaraba­ğa subsidiyalardan söhbət gedəndə, xərclərin böyüklüyündən şikayətləndi. Yeri gəlmişkən, qeyd edək ki, milyard­larla vəsaitin ayrılması fonunda Qa­rabağdakı rejim rəhbərliyinin bundan sui-istifadəsi ilə bağlı söz-söhbətin or­taya atılması, bir çoxları tərəfindən Er­mənistan rəhbərliyinin bölgəyə maliyyə dəstəyini azaltmaq cəhdi kimi qiymət­ləndirilib.

Qondarma rejimin oyuncaq parla­mentinin üzvü David Qalstyan Paşin­yanın milyardların hara xərclənməsi sualını belə şərh edib: “Əminəm ki, bu, doğru deyil. Böyük məbləğlər verən Paşinyan onların istifadəsinə nəzarət etməyə borclu idi. Ola bilsin ki, Paşin­yan bilərəkdən Qarabağ hakimiyyətinə bu məbləğləri mənimsəməyə icazə verib ki, sonra günahı xalqın üzərinə atsın”. Deyirlər, dinsizin öhdəsindən imansız gələr. Bu yerdə Qalstyan imansızdır, Paşinyan isə dinsiz. 

***

Erməni avantürizminə dəstək verən ekspert dairələr onu da bildirirlər ki, Vardanyanın haqqında söz açdığımız Qarabağı “aclıqdan xilas edə biləcək” “hava kör­püsü” mövzusunu gündəmə gətirməsi təsadüfi deyildi. Bu, Paşinyan hökumə­tinin konkret hansı addımı atmasına dair subliminal mesaj idi. Yəni, Rusiya­nın dediyinə qulaq as, onunla hesab­laş. 

Təsadüfi deyil ki, bir sıra hərbi eks­pertlər də ağıllı-ağıllı bildirirlər ki, Ru­siya sülhməramlıları yük helikopterləri­nin icarəsi şəklində Qarabağa yardım göstərə bilər. Onların fikrincə, Azər­baycan Qarabağ səmasında humani­tar yardımla dolu Rusiya helikopterini vurmaz. Sən demə, kollektiv Qərb də belə bir vandalizm aktına anlayış göstərməzmiş. 

Əvvəldə də bildirdiyimiz kimi, söh­bət boğulanın saman çöpündən yapış­ması söhbətidir. Əlbəttə, bu söhbətdə güc həyasızlıq elementlərinə verilib. Nə olursa-olsun, Azərbaycanın dedi­yini qəbul etməmək və alternativ yollar axtarmaq. Məşhur Azərbaycan filmin­dəki bir səhnədə deyildiyi kimi, “Ay siz öləsiniz elə…”

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət