Bakının güzəşt limiti tükənib

post-img

Bundan sonra haylarla onların başa düşdüyü dildə danışmalı olacağıq

Azərbaycanın bölgədə davamlı sülhün bərqərar olması istiqamətində atdığı əksər addımlar kimi, Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşları ölkənin sosial-iqtisadi və ictimai həyatına yenidən inteqrasiya etmək cəhdləri də Ermənistan və özünü “dqr” adlandıran xunta rejiminin başçıları tərəfindən kəskin etirazla qarşılanır. 

Onlar bütün resurslarını səfərbər edərək reinteqrasiyanın qarşısını almağa, prosesə hər vəchlə mane olmağa çalışırlar. Rəsmi Bakının suveren ərazisinə başqa ölkədən “humanitar yardım” gətirilməsinə icazə verməməsi isə hayları lap özlərindən çıxarıb. Əgər onlar ölkəmizin legitim addımlarını əvvəllər “blokada” kimi qiymətləndirirdilərsə, hazırda “soyqırımı” kimi ağır sözdən istifadə edirlər.

Erməniləri öz iddialarında vəcdə gətirən Beynəlxalq Cinayət Məhkəmə­sinin sabiq baş prokuroru Luis More­no Okamponun hesabatı olub. Belə ki, təxminən iki həftə əvvəl qondarma re­jimin tör-töküntüsünün başçısı Arayik Arutyunyan Luis Moreno Okampoya “Qarabağın blokadası”nın “soyqırımı”na müvafiq olub-olmaması barədə ekspert rəyi verməyi xahiş edib. Avqustun 7-də Beynəlxalq Cinayət Məhkəməsinin sa­biq baş prokurorunun rəyi daxil olub. Hayların “görkəmli alim” adlandırdıqları Okamponun məruzəsi üç əsas hissədən ibarətdir. Sənəd “Qarabağda mövcud olan soyqırımı cinayəti”nin əsaslandı­rılmasına, “cinayətkarların müəyyən edilməsinə və araşdırılmasına”, habelə “cinayətin qarşısının alınması yollarına” həsr olunub.

Məsələyə münasibət bildirən Azər­baycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici si­yasət məsələləri şöbəsinin müdiri Hik­mət Hacıyev ölkəmiz əleyhinə qərəzli hüquqi hesabatın müəllifi olan Luis Mo­reno Okamponun qeyri-qanuni fəaliyyə­tini ifşa edib. Bununla bağlı Hikmət Hacı­yev “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

H.Hacıyev qeyd edib ki, Luis More­no Okampo Beynəlxalq Cinayət Məh­kəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi sığınacaqlarında yerləşən şirkətləri idarə edib.

“Okamponu İrəvanda Ermənistanın eks-prezidenti, Xocalı soyqırımını törə­dən hərbi cinayətkar, səhra komandiri Serj Sarkisyanın özü qarşılayıb. “Euro­pean Investigative Collaborations” şə­bəkəsi Moreno Okamponun Liviyada hərbi cinayətkarları dəstəkləməkdə şüb-həli bilinən müştərisinin olduğunu bildi­rirdi.

Bu cür qaranlıq keçmişə malik olan şəxs öz qərəzli hesabatında Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını və La­çın yolunun fəaliyyəti ilə bağlı real vəziy­yəti bilərəkdən təhrif edir, ciddi səhvlərə yol verir. Sadəcə “Şərhsiz!”, – deyə H.Hacıyev bildirib.

H.Hacıyevin istinad etdiyi “Media­Part”ın məqaləsinə əsasən, Luis Moreno Okampo onun ofşor maliyyə fəaliyyəti ilə bağlı suala cavabında Beynəlxalq Ci­nayət Məhkəməsindəki maaşının onun üçün “kifayət etmədiyini” bildirib.

“15 avqust 2012-ci ildə Luis Moreno Haaqadakı Beynəlxalq Cinayət Məh­kəməsinin baş prokuroru vəzifəsindən istefa verdikdən cəmi iki ay sonra onun Niderlanddakı “Abn Amro” bank hesabı­na 50 min dollar məbləğində vəsait kö­çürülüb.

Baş prokurorun şübhəli keçmişinə əsas səbəb isə Beynəlxalq Cinayət Məh­kəməsinin dünyanın ən qəddar kütləvi qətllər törədənləri təqib etməsidir. Bun­lar istər insanlığa qarşı cinayət, istərsə də soyqırımı törətməkdə şübhəli bilinən yüksək rütbəli insanlar, dövlət başçıları, hərbi rəhbərlər, casuslar və başqaları­dır”, – deyə məqalədə bildirilir.

***

Məsələyə avqustun 11-də Rusiyanın tanınmış “Kommersant” qəzetində dərc olunmuş məqalədə də toxunulub. Yazı­da Qarabağ ətrafında cərəyan edən pro­seslərin ümumi icmalı verilir. Moskvada vəziyyət çox mürəkkəb kimi qiymətləndi­rilir və hesab edirlər ki, Bakı güzəştə get­mək niyyətində deyil. “Bizim, qərblilərin, beynəlxalq təşkilatların vəziyyəti birtəhər nizamlamaq cəhdlərimiz heç bir nəticə vermir. Bakı geri çəkilmir”, – “Kommer­sant”ın regiondakı vəziyyətlə tanış olan Rusiya dövlət orqanlarındakı həmsöhbə­ti deyib. Eyni zamanda, o qeyd edib ki, “dqr” hakimiyyəti də müqavimət göstərir.

Qəzetin həmsöhbəti buna misal olaraq Qarabağa tədarük üçün Bakının Ağdam vasitəsilə təklif etdiyi alternativ marşrut planını göstərib. Ancaq qeyd olunur ki, separatçılar bu təklifdən imtina ediblər.

“Kommersant”ın Rusiya dövlət strukturlarında həmsöhbəti son nəticə­də Ağdamdan keçən yolun açılacağına inandığını bildirib. Onun sözlərinə görə, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov həm Azərbaycan tərəfinin, həm də Qarabağdakı etnik ermənilərin ilkin olaraq razılaşdıqları həll variantını təklif edib. Təklifin mahiyyəti ondan ibarət idi ki, Ağdamdan keçən yol açılır və Bey­nəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə lazım olan hər şeyin oradan çatdırılması­na başlanılır. Ağdam–Xankəndi yolunda hərəkət başlanandan düz bir sutka sonra Moskvanın təklifinə əsasən Laçın yolun­da da nəqliyyatın hərəkəti bərpa edilməli idi. “Kommersant”ın müsahibi deyir ki, bu variant yüksək hazırlıq vəziyyətində idi.

Amma onun sözlərinə görə, son­ra Xankəndi şərt irəli sürüb ki, Laçın yolu 24 saat ərzində deyil, dərhal açıl­malıdır. Sonra isə “dqr” bəyan edib ki, Azərbaycan mənşəli mallar Ağdamdan keçməməlidir. Bundan sonra Vaqif Xa­çatryanın saxlanılması baş verib. Sepa­ratçı rejim onun dərhal azad edilməsini tələb edib. Nəticədə kompromiss əldə etmək mümkün olmayıb.

Məqalədə qeyd olunur ki, Qarabağ­dakı separatçı rejimin başçıları Bakıya təzyiqlərin artacağına ümid edirlər. An­caq onlara ən yaxşı cavabı elə qəzetin özü verib. “Reallıq budur ki, regionda nüfuz uğrunda bir-biri ilə rəqabət aparan oyunçuların heç biri Azərbaycana şifahi təsir etməkdən kənara çıxmağa hazır görünmür. Rusiya, Avropa İttifaqı və ABŞ Bakı ilə İrəvan arasında potensial sülh müqaviləsini belə deyək, qorxutmamaq üçün ehtiyatlı davranır və paralel olaraq əsas sülhməramlı olmaq hüququ uğrun­da yarışırlar”, – “Kommersant” qəzetinin məqaləsi bu sözlərlə bitir.

Bu arada beynəlxalq ekspert, Cey­mstaun Fondu İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın verdiyi açıqlama maraq doğurur. O deyib ki, Ermənistanın Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində törətdiyi təxribatlar bu ölkənin siyasi da­irələrinin İkinci Qarabağ müharibəsində məğlubiyyət faktını qəbul etməməsi ilə bağlıdır.

M.Brayza Laçın yolu ətrafındakı və­ziyyətin şəxsən onu narahat etmədiyini bildirib və bunun səbəbini açıqlayıb: “Ay­dındır ki, Ermənistan Qarabağın statusu məsələsini yenidən gündəmə gətirmək məqsədi güdür. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bü­tövlüyünü, o cümlədən Qarabağ üzərində suverenliyini tanısa da, İrəvanın siyasi dairələrində və hakimiyyətdə hələ də bu faktı və İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti tanımaq istəməyənlər var”.

Ekspertin fikrincə, məhz buna görə də erməni tərəfi Laçın sərhəd nə­zarət-buraxılış məntəqəsindən “huma­nitar yük” daşımaq cəhdi kimi təxribat xarakterli addımlar atır.

M.Brayza qeyd edib ki, Azərbaycanın mövqeyi kifayət qədər başadüşüləndir: “Azərbaycan öz siyasi və mülki hüquq­larından istifadə edir və Ağdam yolu ilə humanitar yardımın daşınması kimi öz variantını təklif edir”.

“Düşünürəm ki, ölkələr arasında sülh prosesinin vasitəçiləri prosesin irəliləmə­sinə kömək edəcəklər. Bu vəziyyətdə əsas məqam sülh müqaviləsi məsələsin­də irəliləyişdir. Onun imzalanma ehtimalı nə qədər yüksək olarsa, prosesi ləngit­mək və bunun qarşısını almaq istəyənlə­rin sayı da bir o qədər çox olacaq”.

Göründüyü kimi, ermənilərin Azər­baycana müxtəlif vasitələrlə təsir etmək və təzyiq göstərmək istəkləri puç olur. Onlar edilən beynəlxalq çağırışları eşit­məli, Ağdam–Xankəndi yolunun açılma­sına imkan yaratmalıdırlar. Onsuz da hə­min yol açılacaq. Bütün proseslər buna doğru gedir. Azərbaycan tələsmir. Səbr və təmkinlə hərəkət edir. Üstəlik, yolun açılması ilk növbədə Qarabağ erməniləri üçün faydalı olacaq. Onlar yersiz inad­dan əl çəkərək konstruktivlik nümayiş etdirməlidirlər.

Yeganə HACIYEVA,
politoloq

– Azərbaycan Beynəlxalq Ci­nayət Məhkəməsinin üzvü deyil. Biz onun yurisdiksiyasını tanımırıq. Yəni ölkəmiz Roma Statutunu tanımır. Bu isə o deməkdir ki, məhkəmə hətta bizim əleyhimizə qərar qəbul edəcə­yi təqdirdə belə, bunun bizə təsiri ol­mayacaq. Burada bir yol qalır. BMT Təhlükəsizlik Şurası Beynəlxalq Cinayət Məhkəməsinə bu işi xüsu­si prokurorlar vasitəsilə verə bilər. Əslində, Luis Moreno Okampo onu qeyd edir ki, BMT TŞ bunu həll edə bilər. Onun fikrinin açması bundan ibarətdir ki, xüsusi prokurorlar və­satət qaldıraraq bunu Təhlükəsizlik Şurasına göndərə bilər. Ancaq bu halda da Təhlükəsizlik Şurası BMT Nizamnaməsindən irəli gələn qə­rarlar verəcək. Nizamnamənin 51-ci maddəsi isə beynəlxalq hüquqla ta­nınan ərazilərimizdə legitim addım­lar atmaq hüququmuzu tanıyır.

Biz BMT TŞ haqda danışarkən adətən, Fransadan bəhs edirik. An­caq Rusiyanı da unutmaq olmaz. TŞ-dəki ermənipərəst təşəbbüslər hər zaman Rusiya tərəfindən də dəstəklənib. Üzdə görünən tərəf Fransa olsa da, arxa fonda Rusiya­dır. Çünki Laçın sərhəd nəzarət-bu­raxılış məntəqəsini yaratmağımız həmin yolun üçtərəfli Bəyanatda təs­bit olunan əhəmiyyətini azaldıb. Ru­siya sülhməramlılarının yola nəzarə­ti imkanları sıfıra enib. Ona görə də ölkəmiz BMT TŞ-dəki müzakirələrlə bağlı Rusiya tərəfi ilə apardığı işi in­tensivləşdirməlidir.

Səxavət HƏMİD, “Xalq qəzeti”





Siyasət