Yalan... Hamısı yalan!

post-img

Paşinyanın dünən hökumətin iclasında “humanitar böhran”,
“soyqırımı” ilə bağlı dedikləri nə reallığa söykənirdi, nə də faktlara...

Hayastanın baş naziri və ətrafını çoxqatlı yalan donuna bürüdüyü “həqiqət­lərini” dünyaya üfürməkdən yorulmur. Həm də təkcə onun özü deyil, bütün komandası bu ideoloji cəbhədə, dezinformasiya məkanında əməlli-başlı fəal­laşıb. Etiraf etməliyik ki, postmüharibə dönəmində ermənilərin Azərbaycanın üzərinə belə genişmiqyaslı “diplomatik yürüşünün” şahidi olmamışdıq. 

Yalan məlumatlarla, saxtalaşdırdıqları dosyelərlə, təhrif etdikləri reallıqla təkcə ermənipərəst siyasi dairələri və “müttəfiqlərini” deyil, həmçinin dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını, “hüquq müdafiəçilərini”, “veteran-diplomatları”, “məşhur eks-vəkilləri” səfərbər etməyə çalışan İrəvan və onun kənar dəstəkçiləri bununla nəyəsə nail ola biləcəklərini düşünürlər.

Dünən başçılıq etdiyi hökumətin iclasında “yalan və iftiralar” seriyasın­dan növbəti tezislərini dünyaya, ictimai rəyə üfürən Nikol Paşinyan girovuna çevrildiyi siyasi vəziyyətdən çıxmaq üçün Azərbaycanın ünvanına cəfəng açıqlamar verdi. O, “Dağlıq Qarabağa” daşımaları qadağan edən (?), Laçın dəhlizini (?) qanunsuz olaraq (?) ermə­nilərin üzünə bağlayan, hətta BQXK-nin vasitəçiliyi ilə humanitar xarakterli uşaq qidalarını və dava-dərmanı (?) bölgəyə buraxmayan Bakını “böhranı dərinləşdirməkdə və genişləndirmək­də” suçladı. İyulun 26-da Ermənistan Respublikası hökumət komisiyasının “Dağlıq Qarabağ xalqı” üçün 19 “tır”dan ibarət humanitar yardımın göndərilmə­si barədə qərarından bəhs edən Paşin­yan həmin karvanın 17 gündür Sünik (Zəngəzur -red.) vilayətinin Laçın yolu ərazisində saxlanıldığını və Azərbay­canın bu yolla “Dağlıq Qarabağ” ermə­nilərini soyqırımına (?) məruz qoymağı planlaşdırdığını bəyan etdi. 

Baş nazirin heç bir fakta, sübuta söykənməyən, iftira və böhtan xarak­terli bu açıqlamasına heç ermənilərin özləri belə inanmırlar,– desək, yanıl­marıq. Ən azı ona görə ki, Qarabağ iqtisadi rayonumuzda yaşayan sıravi ermənilərin bu günlərdə Laçın yolu üzərindəki həmin Həkəri sərhəd nə­zarət-buraxılış məntəqəsindən sərbəst şəkildə keçmələrinin video-görüntülə­rini izləyiblər. Eləcə də qaçaqmalçılıq fəaliyyəti sübuta yetirilən BQXK-nin təcili yardım maşınlarının hərəkətini də görməmiş deyillər. Bəs bəzi erməni blogerlərin, ictimai fəalların Xankəndi­də, Ağdərədəki restoran, kafe-barların gur işləməsindən, dadlı təamlarla zən­gin masaların ətrafında təşkil olunan kef məclislərindən bəhs edən görüntü­lü paylaşımlarından da xəbərləri yox­dur? Var, həm də çox yaxşı xəbərləri var! Sadəcə görmək istəmədikləri hə­min video-dəlilləri beyinlərinin arxa pla­nına salıb, üzlərinə saxtakarlıq mas­kası taxıb, tək bizimlə deyil, dünya ilə “yalan-palan” oyununa girişiblər. 

* * * 

“Hamının yadına salmaq istəyirəm ki, həmin 18 “tır”da bu yüklər var: 100 ton un, 80 ton makaron, 60 ton şəkər, 40 ton bitki yağı, 40 ton quru süd, 20 ton duz, 12 ton uşaq qidası, 9 ton tibb ləvazimatı. Cəmi 361 ton humanitar yükdür. Sonradan həmin humanitar yük karvanına “Qrand Kendi” şirkəti­nin 9 ton şirniyyatı olan iki avtomaşın, Paris meriyasından və Fransanın İl-de-Frans, Overn, Rona-Alpı və digər böl­gələrindən 25 ton makaron məmulatı olan bir yük maşını da qoşulub”. 

Bu şübhəli humanitar statistikanı hökumət nümayəndələrinin və daxili elektoratın diqqətinə çatdıran Hayas­tanın baş naziri Azərbaycanın “Dağlıq Qarabağda humanitar böhran” yarat­ması ilə bağlı artıq “beynəlxalq ekspert dairələrindən də rəylərin eşidildiyini” sevinclə bəyan etdi. 

Kimdir, yaxud kimlərdir həmin bey­nəlxalq ekspertlər? Qalmaqallı məh­kəmə proseslərində, hay-küylü əm­lak davalarında tərəfli davranışları və təmənnalı çıxışları ilə yadda qalmış is­pan vəkilinin, Beynəlxalq Məhkəmənin keçmiş prokurorunun heç bir hüquqi dəyəri və qüvvəsi olmayan, kağız par­çasından ibarət “ekspert rəyini” yüksək instansiyanın möhürlü hökmü-qərarı kimi daxili və xarici bazara sırımağa çalışan Paşinyan bununla kimi aldat­mağa cəhd edir? Əlbəttə ki, yalnız özlərini. Beynəlxalq hüquqdan dəm vu­ran hayların baş nazirinə sadəcə onu xatırlatmaq kifayətdir ki, Beynəlxalq Ədalət Məhkəməsi İrəvanın həmin La­çın yolunda hüquq pozuntusu və Qa­rabağın erməni icmasının təhlükəsiz­liyi ilə bağlı iddiasını əsassız saydığı, mübahisələndirmə predmeti olmadığı barədə 6 iyul tarixli qərarını təhrif et­məklə çox uzağa gedə bilməyəcək. 

* * * 

Nəhayət, Hayastanın baş naziri hökumətin dünənki toplantısında sözü­nün “mustafasını” da açıqlayıb: “İndiki şəraitdə etiraf etməliyik ki, vəziyyətdən ən yaxşı çıxış yolu Laçın dəhlizindən Azərbaycanın qanunsuz blokada­sının (?) götürülməsi və beynəlxalq mexanizm çərçivəsində Stepanakert (Xankəndi) – Bakı dialoqunun başlan­masıdır”. 

Son vaxtlar tez-tez təkrarladığı, amma heç vaxt gerçəkləşməyəcəyinə özünün də əmin olduğu bu uğursuz versiyanın ardınca İrəvanın sülh gün­dəliyinə sadiq olduğunu deməkdən utanmayan Nikol Paşinyan rəsmi Bakı­nı “sülhün əldə edilməsi üçün yaranmış tarixi imkanı aradan qaldırmağa yönəl­miş addımaları atmaqdan çəkinməyə” çağırdı. 

Bəli, Bakı Xankəndi ilə dialoqa ha­zır olduğunu çoxdan bəyan edib, bu­nunla bağlı xoşməramlı addımlarını da atıb. Amma kənar qüvvələrin və daxil­dəki separatçıların əsirinə çevrilmiş Qarabağın erməni icması danışmaq üçün Azərbaycanda yer “qəhətə çıx­dığı” üçün, görüş yeri kimi Bratislava­nı, Sofiyanı nişan verirlər. Azərbaycan daxili məsələsini niyə üçüncü dövlətin ərazisində müzakirə etməldir?– su­alına İrəvanın hansı cavabı verdiyini hələ eşitməmişik. Hər müstəvidə, çe­şidli planlarda və ayrı-ayrı məkanlarda yalana və yalnız yalana söykənməklə bunlar hara qədər getməyi düşünürlər, anlamaq mümkün deyil. Əslində, sağ­lam məntiqlə izahı tapılmayan müşkül­lərin mənbəyi hayların pozulmuş, ya­lanla həqiqəti bir-birindən ayrımaqda çətinlik çəkən beyinləridir. 

Bəlkə biz 2020-ci il noyabrın 10-dansonra ermənilərin suveren Azərbayca­nın Qarabağ iqtisadi rayonunda qalıb yaşamasına, hətta, gedənlərin təh­lükəsiz şəkildə geri qayıtmasına imkan verməklə, onlarla bu qədər humanist davranmaqla səhvə yol vermişik? Yox, Azərbaycan səhv etmədi, sivil dövlət olaraq özünə və beynəlxalq hüquqa hörmətini nümayiş etdirdi. Bəs əvəzin­də nə gördü? Naşükürlük! Daha yetər, bura qədər bəsdir. Sizi tanıdıq və uy­durduğunuz nağıllarınıza kim inansa da, biz inanmayacağıq!

Tofiq ABBASOV,
politoloq

Bir halda ki Paşinyan Laçın yo­lundakı vəziyyətlə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarını pozdu­ğunu iddia edir, bununla o, ilk növbədə savadsızlığını nümayiş etdirir. Bu fak­tı özü tam çılpaqılığı ilə ortaya qoyur. Çünki, Azərbaycan, ümumiyyətlə, istər regional, istərsə də beynəlxalq olsun, heç bir norma və qaydanı pozmayıb. Ölkəmiz işğaldan qurtulub, ərazi bü­tövlüyümüz bərpa olunub, sərhədlərini özü qoruyur, bütün kommunikasiya şə­bəkəsində nəzarət-buraxılış postlarını qurursa, bu fəaliyyət heç bir qanun­verici aktın şərtlərinə zidd deyildir. Bu səbəbdən Paşinyan həmin sərsəm bə­yanatları verməzdən əvvəl özünün bu çağırışlarının nə dərəcədə hüquqa uy­ğun, ölçülü-biçili olduğu barədə gərək düşünsün. Belə hüquqi məsələləri gün­dəliyiə çıxarırsa, Azərbaycanı ittiham edirsə, nəyə əsaslandığını izah eləsin. Azərbaycanın hansı qanun və ya qa­nunları pozduğunu açıqlasın. 

Hər bir ölkənin olduğu kimi, bizim də sərhəd qanunlarımız var. Hələ iş­ğal dövründə bəzi siyasilər, ekspertlər, jurnalistlər Qarabağa Ermənistanın qapısından keçərək gəlirdilər. Təbii olaraq, onların hamısı Azərbaycanın qara siyahısına düşürdü və XİN belələ­rinin respublikamıza girişinə qadağa tətbiq edirdi. Onların bəziləri səhvlərini anladıqdan sonra Bakıdan üzr istəyir, adlarının qara siyahıdan çıxarılmasını xahiş edirdilər. İrəvandan bəzi turistləri gəzinti adı ilə gətirirdilər Qarabağa və separatçı rejimin “möhürünü” onların pasportlarına vururdular. Guya, bu­nunla onların yeni, müstəqil dövlətə gəldikləri “təsdiqlənirdi”. Bu isə həmin əcnəbilərin Azərbaycan ərazisinə birin­ci və sonuncu səfərləri olurdu. Əksəriy­yəti sonradan Bakıdan üzrxahlıq edirdi. İndi buna son qoyulub.

Paşinyan hökumət üzvlərinin qar­şısında dəbdəbəli bəyanatları səs­ləndirəndə, heç olmasa, beynəlxalq hüququ, dünya birliyini nəzərə alsın. Amma məsələ burasındadır ki, bu ada­mın nə düz əməlli savadı, nə də baca­rığı var. 

Dəfələrlə müşahidə etmişik ki, bey­nəlxalq platformalarda Prezident İlham Əliyevlə hər dəfə üz-üzə gələndə Nikol Paşinyan zəifliyi, cılızlığı, naşılığı uc­batından xar olur. Danışıqlar prosesin­də isə siyasi savadının nə qədər aşağı olduğu aşkar görünür. 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət