Sabahın təməli olan gənclər siyasəti

post-img

Azərbaycanı yüksəlişə aparan nəsil 

Artıq 25 ildir ki, 12 avqust Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Xalqların, millətlərin xoşbəxt gələcəyə olan ümidləri, ilk növbədə, gənc nəsillə bağlı olduğu üçün bu topluma hərtərəfli qayğı və diqqət göstərilir.

Ölkəmizdə Gənclər və İdman Nazirliyinin təşkili və səmərəli fəa­liyyət göstərməsi, 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, müxtəlif fondların gənclərin uğurlarını stimullaşdırması sa­bahımızın sahibləri üçün münbit nailiyyət platforması yaradılması üçündür.

Bir neçə gün əvvəl Bakıda açılan Avro­pa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasında Gənclər və İdman naziri Fərid Qayıbov Azərbaycanda gənclər siyasətinin prioritet olduğunu bildirib: “Biz gənclərlə iş­ləməyə böyük önəm veririk, çünki gənclər bi­zim gələcəyimizdir. Azərbaycanda bu tədbi­rin keçirilməsi sevindirici haldır. Azərbaycan gənclər sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Hər birinizi burada gör­məkdən şadıq və inanırıq ki, tədbir çox fay­dalı geçəcək və siz hər biriniz ölkənizə böyük təəssüratlarla qayıdacaqsınız”.

Bu Beynəlxalq tədbirdə gənclərin təh­sil imkanlarının genişləndirilməsi müzakirə edilir. Avropa Parlamentinin simulyasiyası əsasında 12 fərqli mövzu üzrə komitə iclas­ları keçirilib. Həmçinin, işgüzar plenar din­ləmələr və debatlar təşkil olunub. Tədbirə qatılan iştirak edən gənclərdə mədəniyyət­lərarası dialoqun gücləndirilməsi məqsədilə “Avropa şəhərciyi” və “Avrokonsert” təd­birləri, Azərbaycanın zəngin tarixi-mədəni irsinin əcnəbi iştirakçılara yaxından tanıtdı­rılması üçün isə əyləncəli proqramlar, turlar və muzeylərə ekskursiyalar təşkil edilib.

Hazırda ölkəmizdə çoxlu sayda gənc­lər təşkilatı fəaliyyət göstərir, yüzlərlə gənc lider yetişib. Bu gənclər müxtəlif sahələrdə Azərbaycanın inkişafında, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynayırlar.

Vətən müharibəsində Böyük Zəfərin qa­zanılmasında gənclərimizin həlledici rolu olub. Ərazi bütövlüyümüz naminə, torpaq uğ­runda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bununla hər birimiz qürur duyuruq. Uğur­lu gənclər siyasəti sayəsində ölkəmizdə elə bir nəsil yetişdi ki, hətta Qarabağı görməyən, oradakı faciələrin canlı şahidi olmayan gənc­lər Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə getdilər və şəhadətə ucaldılar, qazi ol­dular və bayrağımızı zirvələrə qaldırdılar. 

Müzəffər Ali baş Komandanımız İlham Əliyev igid gənclərimizin rəşadətini yüksək dəyərləndirib: “Azərbaycan gəncləri Vətən müharibəsində böyük şücaət nümayiş etdir­dilər. Vətənpərvərlik, dövlətə sədaqət ruhun­da yetişmiş Azərbaycan gəncləri torpaqla­rımızı işğalçılardan azad etdi. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər tor­paqları uğrunda aslan kimi vuruşurdular. Bu tarixi hadisədir”. 

Biz İkinci Qarabağ müharibəsində 3 min şəhid verdik, çoxsaylı qazilərimiz oldu, amma ermənilərdən fərqli olaraq, bir nəfər də fərarimiz olmadı. Onlarla gənc Vətən Müha­ribəsi Qəhrəmanı adına layiq görüldü, min­lərlə Vətən müdafiəçisi orden və medallarla təltif edildi. İnamla demək olar ki, indi biz məhz 44 günlük Zəfər Yürüşünün sayəsində bütün dünyada qalib xalq kimi tanınırıq, ba­şımızı dik tutub gəzirik. 

Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Gənclər cani-dildən öz Vətənlə­ri ilə fəxr etməlidirlər. Müstəqillik illərində aparılan düzgün siyasət nəticəsində buna nail olunub. İndi istənilən sahəyə baxdıqda görü­rük ki, həqiqətən də böyük tarixi nailiyyətlərə imza atmışıq.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardı­cıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempi­onatlarında uğurlu çıxışları buna əyani sübut­dur. Ölkəmizin bütün bölgələrdə yeni Olim­piya İdman kompleksləri tikilib. 

Bu gün xarici ölkələrdə yaşayan soy­daşlarımızın və övladlarının elm, təhsil və digər sahələrdə əldə etdikləri uğurlar Azərbaycanda böyük rəğbətlə qarşılanır. Onlardan bəzilərini xatırladaq:

...Sumqayıtlı gənc soydaşımız Cəfər Cəfərov “Meta” şirkətində (Facebook) təd-qiqatçı alim kimi çalışır. Ali təhsilinin baka­lavr və magistr pillələrinə Türkiyənin Bo­ğaziçi Universitetində, doktoranturaya isə Çikaqo Universitetində (ABŞ) yiyələnib. O, kompüter mühəndisliyi ixtisası üzrə oxuyub. Cəfər süni intellekt sahəsində Türkiyənin öndə gedən isimlərindən olan Cem Say ilə işləyib. Hazırda “Meta”da maşın öyrənməsi sahəsində fəaliyyət göstərir. O, öz sahəsində barmaqla göstəriləcək insanlardan olmaq, qa­zandığı təcrübəni Azərbaycanda tətbiq etmək istədiyini bildirib.

...Nyu-Yorkdakı Herbert Huver adına ibtidai məktəbin 4-cü sinfini başa vuran az­yaşlı soydaşımız Maqsud Süleymanova ABŞ Prezidentinin Təhsil Mükafatı Proqramının sertifikatı təqdim olunub. O, bu mükafata tədris ilini müvəffəqiyyətlə başa vurduğu­na görə layiq görülüb. Maqsud Süleymanov Nyu-Yorkda fəaliyyət göstərən azərbaycanlı icmasının fəal üzvləri Hikmət Süleymanov və Nigar Pənahovanın övladıdır.

...Kanadanın Alberta əyalətində yaşayan 13 yaşlı soydaşımız Emiliya Əliyeva 2022-2023-cü ilin nəticələrinə görə cüdo üzrə ilin gənc və ümidverici idmançısı seçilib.

Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Əli ƏLİYEV, “Xalq qəzeti”







Sosial həyat