Fransız merindən “dəstək”: Ermənistana illüziya, separatçılara pampers

post-img

Yaxud Daraqonun ermənipərəst “drakonluğu”na sözardı

Deyilənə görə, Laçın yolu üzərində qurduğumuz sərhədə yaxın ərazidə lövbər salmış erməni “tır” sürüsünə daha biri qoşulub. 

O da deyilir ki, həmin “tır”ın içindəkilər Fransadan gətirilib. Yüklərin konkret nədən ibarət olduğu bildirilməsə də, ehtimal var ki, orada digər avtomobillərdə yer alan və Qarabağdakı separatçı rejimin təmsilçilərinin hazırda daha çox ehtiyac duy­duqları pampers və uşaq bezləri kimi təbii ehtiyac vasitələri yoxdur. Bir ehtimal da gedib Fransanın Ermənistana verdiyi silahlar üzərinə çıxır. Axı “tır şousunun”, bütövlükdə, İrəvanın Qarabağ erməniləri müstəvisində oynadığı “oyun”un ən böyük dəstəkçisi Parisdir. 

Əlbəttə, Parisin separatçılara dəstəyinin silahdansa pam­pers olması vacibdir. Çünki ikincilər anormal qorxu içərisindədir­lər, mədələri hər an nəzarətdən çıxa bilər. Humanistlik göstərib bunu nəzərə almaq lazımdır. Ancaq humanizm hissi nə Fransa hakimiyyətində var, nə də digər ermənipərəst dairələrdə... 

Əlqərəz, Fransanın bir sıra rəsmiləri, eləcə də ictimai xa­dimləri hazırda Qarabağda “erməni soyqırımı baş verir” kimi deyimləri və başqa həyasızlıq elementlərini dünyanın ictimai rəyinin gündəminə çıxarıb, diqqəti əsl həqiqətlərdən uzaqlaş­dırmaq, beynəlxalq hüquq normalarını heçə saymaq yolu tu­turlar. Belələrindən biri də ölkənin Valens şəhərinin meri Nikola Daraqondur. Daraqonun sərsəmləmələrindən söz açacağıq. Hələlik isə digər məqamları vurğulayaq.

Ümumiyyətlə, belə demək müm­künsə, “tır” təşəbbüsünün daha çox Fransanın başının altından çıxdığını təx­min etmək üçün əsaslar çoxdur. Birincisi, Ermənistanın baş naziri Nikol Paşinyan belə bir ideyanı gerçəkləşdirməyə baş­lar-başlamaz gördük ki, rəsmi Parisin əli ilə Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfinə yerləşdi­rilmiş Avropa İttifaqının mülki müşahidə missiyasının üzvləri əyinlərində təmsil etdikləri qurumun rəmzinin təsviri olan gödəkçələrlə hadisə yerində “monito­rinqə” başladılar. Əlbəttə, onlar çox yax­şı bilirdilər ki, “tırlar” şərti sərhədi keçə bilməyəcəklər. Nəinki keçə bilməyəcək­lər, heç qorxularından buna cəhd belə göstərməyəcəklər. 

Bəli, plan “tır”ların Həkəri sərhəd postunu keçməsi üzərində deyildi. Əsas məqsəd göstərmək və qara-qışqırıq sal­maq idi. İndinin özündə də Ermənistan hakimiyyəti dünyanın müxtəlif ölkələr­dən olan diplomatları əraziyə gətizdirib, əllərinə durbin verib şərti sərhədin o biri tərəfinə baxış keçirtdirir. Guya ki, onlar orada nə isə fövqəladə şey görəcəklər. Gələnlər də yalandan başlarını yelləyib gedirlər. Nə etməlidirlər ki? Ermənis­tan hakimiyyətinin sırtıqlığına candərdi nəzakət jesti göstərməklə kifayətlən­məkdən başqa yolları yoxdur. Nəticədə erməni avantürizmi özü üçün, obrazlı desək, ümid toxumları səpir. Fransadan danışırdıq, axı. Bir müddət əvvəl Ermə­nistan cəmiyyətinin nisbətən normal dü­şünən kəsiminin nümayəndələrindən biri bildirmişdi ki, Paris özünün qeyri-real, heç bir gerçək əhəmiyyətə malik olma­yan dəstək jestləri və hərəkətləri ilə Er­mənistana böyük ziyan vurur. Çünki hər dəfə yalançı dəstəklərdən, saxta təəssüf nümayişindən sonra Paşinyan administ­rasiyasının təmsilçiləri yeni illüziyalara qapılırlar. Həmin illüziyalara uyğun dav­ranışlar isə Azərbaycanın əks addımları­na səbəb olur və Ermənistan ziyan görür. Yəni, İrəvan Parisin ucbatından zərərə uğrayır. 

Zərər və ziyandan söz düşmüşkən, onu da deyək ki, Ermənistan Rusiyaya görə bu aqibətlə üzləşmək istəmədiyini aylar əvvəl açıq şəkildə bəyan etmişdi. N.Paşinyan Moskvanın hakim rol oynadı­ğı və Ermənistanın da üzvü olduğu Kol­lektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı­nın ölkəsində hərbi təlimlər keçirməsinə qarşı çıxmışdı. Qərarını belə əsaslandır­mışdı ki, KTMT hərbçiləri gəlib təlim ke­çirib çıxıb gedəcəklər. Azərbaycan bunu özünə təhlükə görüb, əks addımlar ata­caq ki, bu da İrəvan üçün pis nəticələr doğuracaq. Deməli, məsələ hakimiyyətin seçimindədir. Seçim Fransadır, zərər isə qaçılmazdır. Ancaq Paşinyan iqtidarı bunu anlamayacaq qədər iflic durumda­dır. 

Bəli, hazırda Azərbaycan – Ermə­nistan münasibətləri kontekstində ya­şananlar, o cümlədən haqqında söz açdığımız “tır şousu” Bakı-İrəvan danı­şıqlarının, xüsusən də Avropa İttifaqı Şu­rasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə hər iki ölkə liderlərinin iyulda Brüssel­də keçirilmiş görüşünün pozitiv ovqatı ilə tərs-mütənasibdir. Fransa ötən ilin sonla­rına doğru Mişelin vasitəçiliyini bölgədə Aİ müşahidəçiləri yerləşdirməklə necə pozmuşdusa, indi də “tır şousunun” mo­nitorinqini aparmaqla və beynəlxalq icti­maiyyətə yanlış siqnallar ötürməklə, eyni əməli gerçəkləşdirir. 

***

Gələk, Fransanın Valens şəhərinin meri Nikola Daraqonun söylədiklərinə. Daraqon bildirib ki, Qarabağı və erməni xalqını dəstəkləməyə davam edəcəklər. Guya, bu dəstək bölgədə 1915-ci il ha­disələrinin təkrarlanmasının qarşısını al­maq naminədir. Çox güman ki, söhbətin saxta “erməni soyqırımı” iddiasından get­diyinin fərqinə vardınız... 

Beynəlxalq strukturların vəziyyətə münasibətdə, guya, hərəkətsiz dayandı­ğını dilə gətirən Valens merinin sözündən belə çıxır ki, Fransa Prezidenti Emmanu­el Makronun durumu normallaşdırmaq cəhdləri yetərli olmadığından, yeni fəaliy­yət istiqamətləri tapmaq lazımdır. Hansı fəaliyyət istiqamətləri, əlbəttə ki, Daraqon bunu bilmir, bilmək də istəmir. Həm də mer fəaliyyət dedikdə, böyük ehtimalla yeni həyasızlıq elementlərinin müəyyən­ləşdirilməsini nəzərdə tutur. Bir halda ki, beynəlxalq strukturların işi qənaətbəxş (?) deyil, deməli, gücü həyasızlığa ver­mək lazımdır ki, əslində, fransız merin “news.am”a açıqlaması bu “xarakterin” nümayişindən başqa bir şey deyildi. 

Valens meri həyasızlığa baş vu­rarkən, özünün bu ilin aprelində La­çın-Xankəndi yoluna yaxın ərazidə mü­şahidə apardığını da yada salıb. Onun sözlərinə görə, həmin vaxt Rusiya buna çox pis reaksiya verib. Daraqonun çərən­ləmələrinin kulminasiya nöqtəsi də onun Moskvanın əleyhinə danışmasıdır. O deyib ki, Rusiya Ukrayna müharibəsinə fokuslanıb, mövcud səbəbdən ölkənin sülhməramlıları ilə Qarabağ erməniləri müstəvisində hansısa dialoq aparmaq mümkün deyil və hazırda onlar bölgənin erməni əhalisinin təhlükəsizliyini təmin etmək öhdəliyini üzərlərinə götürmürlər. 

N.Daraqonun bu fikirlərinə Rusiyanın müvafiq qurumları hansı cavabı verəcək və ya cavab verəcəkmi, bu barədə söz açmaq istəməzdik. Çünki prinsip etiba­rilə, mümkün cavabın hansı tərzdə ola­cağı o qədər də maraqlı deyil. Həm də ona görə maraqlı deyil ki, Qarabağda sülhməramlı kontingentlə təmsil olunan Rusiyanın bölgə ilə bağlı öz oyunu var və bu oyunun ən müxtəlif qeyri-səmimi, əs­lində, erməni avantürizminə dəskət ma­hiyyəti daşıyan elementlərini görmüşük. 

Başlıca məqamlardan biri Daraqonun Azərbaycan üçün, belə demək müm­künsə, məqsəd müəyyənləşdirməsidir. Onun sözlərindən belə qənaət hasil olur ki, ölkəmiz Zəngəzura hücum təhlükəsi­ni qabartmaqla, Laçın dəhlizini tamamilə ələ keçirmək niyyətindədir. 

***

Əlbəttə, Valens merinin nələrisə səhv salması mümkündür. Hətta Laçın dəhlizi məntiqindən danışması onun er­mənipərəst mövqeyi nəzərə alınmaqla, başadüşüləndir. Adam nə isə deməlidir və deyir də. Ancaq bu qədərmi küt forma­da? Qəribəsi budur. O, başa düşmür ki, Azərbaycanın Laçın – Xankəndi yolunun başlanğıcında Həkəri çayı üzərindəki kör­püdə təsis etdiyi sərhəd nəzarət-buraxılış məntəqəsi Laçın dəhlizi məntiqini tarixin arxivinə gömür. Artıq dəhliz-məhliz yox, şərti sərhəd var. Daraqon və onun kimilər onu da anlamırlar ki, hazırda həyata keçir­dikləri “ermənipərəst” fəaliyyət həmin şərti sərhəd amilini də sıradan çıxaracaq. 

İndiki halda vacib olan şərti sərhədi gerçək sərhədə çevirməkdir. Digər əra­zilərdə də sərhəd zolağının leqallaşması vacibdir. Bunun üçün isə Azərbaycan və Ermənistan arasında normal danışıqlar getməlidir, hansısa çərənləmələr keçər­sizdir. Daraqon və digər ermənipərəst­lər çərənləmələri danışıqlardan daha ön plana daşıyırlar. Nəticədə Paşinyan ha­kimiyyətində illüziyalar dərinləşir, reallıq hissi tamamilə itirir. Bu durumda Ermə­nistan cəmiyyətində şovinist, anarxist və revanşist meyillər də güclənir. Belə qəbuledilməz tendensiyanın vüsət alma­sı öz növbəsində yeni müharibə riskini formalaşdırır. Bəli, Daraqonu bu anlam­da haqlı saymaq mümkündür. Çünki yeni müharibə başlasa, əvvəlki şərti sərhəd anlayışı qalmayacaq. Bu isə o deməkdir ki, Ermənistan adlı dövlətin də mövcudlu­ğu sual altına düşəcək. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət