“Vaşinqton post” və psevdokleptokratiya

post-img

ABŞ nəşri Qubad İbadoğlu məsələsini Cənubi Qafqazdakı sülh prosesinə nə üçün daxil edir?

ABŞ-ın “Vaşinqton post” qəzeti özünün bir neçə gün öncəki sayında Azərbaycanda iqtisadçı ekspert Qubad İbadoğlunun həbsinə münasibət bildirən məqalə yayımlayıb. “Rəy” rubrikası ilə təqdim edilmiş məqalənin ilk növbədə sərlövhəsinə diqqət yetirmək kifayətdir ki, onun qərəzli mahiyyət daşıdığı barədə firkir yürütmək mümkün olsun. 

“Kleptokratiya geri çəkilir. Azərbay­canlı istisadçı azad edilməlidir”. “Vaşinq­ton post”un avqustun 6-da yayımlanmış məqaləsinin başlığı budur. Öncə “klep­tokratiya” sözünün üzərində dayanaq. Beləliklə, şəxsi fəaliyyəti və siyasi gücünü artırmaq üçün ərazisinin insanlarını və tə­bii sərvətlərini istismar edən quruluş klep­tokratiya adlanır. 

Nəzərə alaq ki, ABŞ-ın özünün ya­ranması məhz kleptokratik düşüncə tər­zinin məhsulu olmuşdur. Yəni, avropalılar var-dövlət toplamaq üçün Amerika qitə­sinə axın etmiş, oranın yerli əhalisi olan hunduların kökünü kəsmiş, sonra bir-biri ilə müstəmləkə varidatlarını bölüşdürə bilməmiş, “Boston çay dəsgahını ildırım vurmuş”, müharibə başlamış, nəticədə qitənin kolonialistləri İngiltərədən asılılığı aradan qaldırmış və beləliklə də, ABŞ adlı dövlətin formalaşması baş vermişdi. 

Birləşmiş Ştatlar mövcudiyyəti­nin müxtəlif illərində də xarici ölkələrə yanaşmada kleptokratik düşüncə tərzini müdafiə etmişdi. Özünü demokrat kimi təqdim edən Ağ ev dünya­nın bir sıra anti-demokratik quruluşlarını bilavasitə bəsləmiş, həmin quruluşların öz xalqlarının istismarına şərait yaratmış­dı. Əlbəttə, sonradan onların içərisində, necə deyərlər, ABŞ-ın üzünə ağ olanları da tapılmışdı. Məsələn, Liviyanın mərhum lideri Müəmmar Qəzzafi elə ki, Vaşinqto­nun dediyini yerinə yetirmədi, diktatora çevrildi. Belə misallar həddən çoxdur. 

Sözümüz ondadır ki, bir ABŞ nəşrinin kleptokratiyadan söz açmağa əsla haqqı yoxdur. Həm də ona görə ki, Azərbay­canda belə quruluş olsaydı, “Vaşinqton post” onu tənqid etməz, əksinə öyərdi. Axı “ənənə” də var, müasir ərəb klerikal teok-ratiyalarını dəstəkləyən təcrübə də. Elə isə düşünək görək, qəzetin dərdi nədir? 

Bu barədə söz açmazdan əvvəl bil­dirək ki, “Vaşinqton post”un Azərbaycan hakimiyyətini iqtisadçı Qubad İbadoğlunu həbsdən azad etməyə çağırış səsləndir­məsi absurddur. Daha doğrusu, məsələ­nin qəti şəkildə qoyulması yolverilməzdir. Heyrətə gəlməmək mümkün deyil. Dünya­nın nüfuzlu nəşri sayılan bir media orqa­nının qanunlardan uzaq düşüncə tərzinə necə yer verdiyi maraqlıdır. Həqiqətən, “Vaşinqton post”un hökm çıxarmaq əzmi qanunçuluğa tüpürməkdən başqa bir şey deyil. Azərbaycan məhkəmə və hüquq sis­temi olan dövlətdir. Belə görünür ki, Birləş­miş Ştatlar üçün bu anlayışlar yaddır. 

Q.İbadoğlunun kultlaşdırıldığı məqa-ləyə diqqət yetirəndə ilk baxışdan yara­nan təəssürat budur ki, guya, iqtisadçı ekspert Azərbaycandan kənarda mövcud hakimiyyətə qarşı inqilabçı nəslin hazır­lanmasında iştirak etdiyinə görə həbsə düşüb. Halbuki əsas məsələ heç də bu deyil. Sən demə, “Vaşinqton post”un ma­rağı başqa imiş. Qəzet konkret sifariş ye­rinə yetirməkdədir ki, bu isə jurnalistika prinsiplərinə də tüpürməkdir. 

Bəli, nəşrin dərdi başqadır. Bu barədə söz açarkən, bildirək ki, ABŞ-da güclü erməni lobbisi və diaspor təşkilatları var. Onlar Azərbayca­na qarşı total əks-təbliğatla məşğuldurlar. Belə yaramaz fəaliyyətin müxtəlif təzahür formaları mövcuddur. Birləşmiş Ştatların senator və konqresmenlərinin ələ alınma­sından tutmuş, ayrı-ayrı media orqanları müstəvisindəki manipulyasiyalaradək, bir çox məqamları vurğulamaq mümkümdür. İndi belə mənfi halların üzərində dayan­mağa ehtiyac duymuruq. Çünki “Vaşqinq­ton post” məqaləsində hazırkı “məqsədi­ni” bəlkə özü də fərqinə varmadan açığa çıxarır. 

Azərbaycan və Ermənistan arasın­da sülh danışıqlarının getdiyi, Birləşmiş Ştatların da prosesdə aktiv vasitəçilik həyata keçirdiyi bir vaxtda erməni lobbi və diaspor təşkilatları çalışırlar ki, ABŞ-ın öz missiyasına yanaşmasında koor­dinal dəyişikliklər yaransın. Başqa sözlə desək, mətndəki “kleptokratiya” təqdimatı fonunda iqtisadçı ekspertin həbsinə toxu­nulması, Vaşinqtonun anti-demokratik ölkə kimi səciyyələndirilən Azərbayca­na təzyiq göstərməsinə şərait yaratmağı hədəf seçib: “Azərbaycan etnik erməni qüvvələrinin otuz ildir nəzarətində olduğu Dağlıq Qarabağa tam nəzarəti bərpa et­məyə çalışır. Ermənistan və Azərbaycan sülh danışıqları aparırlar. Böhranla bağlı Azərbaycanla istənilən təmasda cənab İbadoğlunun dərhal azadlığa buraxılması xahişi də yer almalıdır”.

Demokratiyadan və kleptokrati­yadan söz düşmüşkən, Ermə­nistanın baş naziri Nikol Paşin­yan müxtəlif miqyaslı xarici toplantılarda, eləcə də qəbullarda ölkəsinin demokratik olduğunu göstərmək yönümlü fikirlər səs­ləndirir. O, belə etməklə, dolayısı ilə dün­yanın anti-Azərbaycançı ritorikasındakı motivləri yada salır. Çalışır ki, həmin mo­tivlər Cənubi Qafqazdakı sülh prosesinə nəzərən işlək halda olsun. Əslində, “Va­şinqton post”un da yanaşması məhz buna “xidmətdir”. 

Göründüyü kimi, Qubad İbadoğlunun məsələsi yalnız “vasitədir”. Hər bir halda, belə “gedişlər” gerçək nəticə verə bilməz. Azərbaycan Ermənistanla sülh prosesin­dəki qətiyyətinə və prinsipiallığına tam sadiqdir. Heç bir qüvvə ölkəmizi haqlı mövqeyindən daşındırmaq qabiliyyətində deyil. Hansısa hadisədən də Bakının geri çəkilməsi naminə istifadə konkret fayda verməyəcək. 

Yəni, “Vaşinqton post” kimi nəşrlər əziyyət çəkib nə jurnalistikanın, nə də beynəlxalq hüququn prinsiplərinə etina­sızlıq etsinlər. Demirik ki, Azərbaycana münasibətdə obyektiv olsunlar. Bacarma­yacaqları işlə məşğul olub əzab çəkmələ­rini istəmirik. Nə edək, biz də belə huma­nistik. Yalnız susmalarını arzulayırıq. 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət