Qərbin riyakar sifətindəki ləkə

post-img

Donetskə olmazdı, Qarabağa olar... Niyə?

Əlbəttə, “Caliber.az” saytının Qərb dövlətləri Rusiyanın Ukraynanın Donetsk vilayətinə yardımı ilə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə yardımına münasibətindəki ikili standartlı yanaşmalarını müəyyənləşdirməsi, apardığı paralellər və müqayisələr alqışlanmalıdır. 

Sayt indiyədək haqqında söz açdığımız ikili standartlar siyasətinin dünyanın gündəmindən düşmədiyini, Azərbay­cana münasibətdə xüsusən həyasız xarakter daşıdığını bir daha ortaya qoydu. Təsəvvür edin, illər əvvəl Rusiya Ukraynaya humanitar yardım göndərir, aparıcı beynəlxalq təşkilatlar ayağa qalxıb bildirir ki, bəs, Kiyevin razılığı olma­dan həyata keçirilən bu aksiya ölkənin ərazi bütövlüyünün pozulmasıdır. Azərbaycana gəldikdə isə, Laçın-Xankən­di yolunun başlanğıcında Həkəri çayı üzərindəki körpüdə yaratdığımız sərhəd buraxılış-məntəqəsi zonasında, necə deyərlər, lövbər salmış Ermənistanın “Spayka” “tır”ları, az qala, “təkərli mələklər” obrazında təqdim olunmaqdadır. Doğrudan da, həyasızlığın bundan böyük həddi yoxdur. Ancaq onu da deyək ki, ümumən bundan o yana hədd yox­dur. Yəni, növbə müharibənindir. Fikrimizi əsaslandırmaq üçün bir neçə məqama diqqət yetirməyi zəruri sayırıq. 

Birincisi, Qarabağa “tır” göndərən Ermənistan Rusi­yanın qət etdiyi separatizm yolu ilə gedir. O Rusiyanın ki, beynəlxalq ictimaiyyət hazırda onu Ukrayna müharibəsinə görə, sözün bütün mənalarında, linç etməklə məşğuldur. Dünya isə İrəvan hakimiyyətinin Qərbpərəst olduğuna ina­nır. “Spayka” “tır” şousuna diqqət yetirəndə, baş nazir Nikol Paşinyanın, əslində, haradan nə öyrəndiyi üzə çıxır.

Qərb əziyyət çəkib 2018-ci ildə Er­mənistanda inqilab elədi, məlum oldu ki, erməni xisləti Moskvadan “dərs mənim­səməyi” tərgitməyib. İndi isə Qərb həmin “rus dərsinin” müdafiəsi ilə məşğuldur. Belə getsə, 2018-ci il inqilabı rus tarixşü­naslığının pafosla təqdim etdiyi Böyük Ok­tyabr Sosialist İnqilabına çevriləcəkdir... 

İkinci məqama keçid alaq. Cənubi Qafqazda separatizmin saxlanılması­nı istəyən Rusiyadır. Moskva niyyətini müxtəlif arqumentlərdə pərdələmək yolu tutur. Guya, sülh naminə iş aparılmalıdır, Azərbaycan və Ermənistan cəmiyyət­ləri bir-biri ilə dialoqa girməlidir, yaxın­laşmalıdır və sair bu sayaq mətləbdən yayındıran məsələləri gündəmə gətirir. Sanki 1945-ci ildə nasist Almaniyasını məğlubiyyətə uğradanda onun boğazına çöküb bütün şərtləri qəbul elətdirən SSRİ olmayıb. Və sanki Rusiya həmin dövlətin varisi rolunda çıxış etmir. Yeri gəlmişkən, Rusiyanın baş naziri Dmitri Medvedyev bir neçə gün əvvəl bildirmişdi ki, Ukray­na diz çöküb aman diləyənədək, Kiyevə qarşı reallaşdırılan xüsusi hərbi əməliy­yat davam edəcəkdir. Deməli, düşüncə 1945-ci ilin düşüncəsidir. Söhbət heç də ondan getmir ki, Rusiya Ukrayna müha­irbəsində haqsız və ya haqlıdır. Məsələ yanaşmadadır. 

Bəli, Azərbaycan Qarabağdakı sepa­ratizmin kökünü kəsməkdə haqlıdır. Bu­nun üçün bütün vasitələr keçərlidir, bu, öz yerində. Maraqlı olan isə həm də odur ki, hazırda Qərb Rusiyanın məntiqindən çıxış edir. Bəlkə məsələnin fərqində de­yil, ancaq nəticə bunu deməyə əsas verir. Halbuki, həmin Qərb Moskvanın Cənubi Qafqazdan sıxışdırılmasını istəyir. Hazır­kı durum prosesin reallaşmasına imkan verirmi? Əsla yox! Yəni, dolayısı ilə bu gün “Spayka” “tır”larının qurduğumuz sər­həd məntəqəsindən keçməsini istəyən və mövcud istiqamətdə özünün ermənipərəst mövqeyini ortaya qoyan Qərb, faktiki ola­raq, Rusiyanın xeyri üçün çalışmaqdan başqa bir iş görmür. Nəzərə almır ki, “Spayka” ilə birgə Qarabağa dürtülməsinə çalışılan separatizmin davamıdır. Kreml bu gedişatdan faydalanmaq üçün daha böyük şanslara malikdir, nəinki Qərb. 

Üçüncü məqam. Görünür, Ermə­nistan Rusiyanın Donetskdə etdiyi kimi, “humanitar yüklər”lərdən sonra Qaraba­ğa qoşun göndərsə, Qərb İrəvanın iş­ğalçılıq niyyətini əsaslandırmaq üçün də nələrsə tapa bilər. Necə ki, otuz ilə yaxın müddətdə tapmışdı. Əvvəldə də bildirdik ki, “Spayka” “tır”larını sərhədə yığmaq Qarabağ müstəvisində Ermənistanın ata biləcəyi son addımdır. Bundan o tərəfi müharibədir. 

Nəzərə alaq ki, ölkəmiz həmin “tır”ların Qarabağa keçməsinə ona görə yol vermir ki, Ermənistan hökumətinin bölgəyə huma­nitar yardım göndərmək qərarı Azərbayca­nın ərazi bütövlüyünə təhdiddir. Təhdiddən sonra isə bir qayda olaraq, müharibə gəlir. Ukraynadakı kimi. Rusiya birinci Donetsk-də humanitar yüklər göndərdi, sonra tank-top. Yeri gəlmişkən, onun yardım “tır”ları­nın içərisində “humanitar Kalaşnikov av­tomatı”nın olduğunu da söyləmək üçün müəyyən əsaslar var. Çünki həmin yüklər Donetskə gedib çatdıqdan sonra bölgədə “fəallaşma” olmuşdu. Tam mümkündür ki, “Spayka” “tır”ları Qarabağa yetişsə, orada da separatizm aktivləşəcək. 

Onu da nəzərə alaq ki, yük avto­mobillərinin içərisində silahların deyil, humanitar təyinatlı malların olduğunu müəyyənləşdirmək mümkünsüzdür. Digər tərəfdən, Ermənistanın 44 günlük mühari­bədən sonra daim sadiq qaldığı “ənənə” var – Laçın yolundan silah-sursat, mina daşımaq. Belə görünür, indiki halda Azər­baycandan Ermənistanın “tır”larının Qara­bağa buraxılmasını tələb edən beynəlxalq ictimaiyyətin istədiyi elə budur. 

Dördüncü məqam. Ötən həftə Ru­siyanın Xarici İşlər Nazirliyinin rəsmi nü­mayəndəsi Mariya Zaxarova brifinq za­manı bildirmişdi ki, Ermənistan Qarabağa humanitar yüklər göndərəndə Azərbaycan ilə məsləhətləşməmişdi. Bu fikir, əslin­də, Qarabağın hüquqi sahibinin kimliyini müəyyənləşdirmək baxımından böyük əhəmiyyətə malikdir. Hərçənd, hiss olu­nurdu ki, Zaxarovanın cavabı Ermənistan jurnalistlərinin çoxsaylı təxribatçı sualları­na qarşı bir növ üsyandır. Təxminən belə: əl çəkin məndən. Qarabağ sizin deyil, birtəhər istəyirik ki, nə isə edək, gic-gic suallarla baş-beynimizi tökürsünüz. 

Nəsə etməyə gəlincə, Zaxarova ondan da söz açmışdı. Yəni, o, İrəvanın Qaraba­ğa humanitar yük göndərərkən, məsələ­ni Bakı ilə razılaşdırmadığını bildirsə də, hazırda Rusiyanın Azərbaycanla həmin yüklərin ünvanına çatması üçün danışıq­lar apardığını vurğulamışdı. Əlbəttə, Azər­baycan özünün prinsipial mövqeyindən geri çəkilməyəcək. Ölkəmiz Qarabağdakı separatizmin çənbərini hər ötən gün daha da daraltmaqdadır. 

Sonda bir daha ikili standarlar siyasə­ti barədə. Azərbaycan buna öyrəncəlidir. Yəni, prinsip etibarilə dünyanın vaxtilə Ukraynaya yanaşdığını hazırda ölkəmizə münasibətdə ortaya qoymaması təəc­cüblü deyil. Həmin Qərb idi ki, onun bəzi dairələri 44 günlük müharibə başlayanda dünyaya Azərbaycanın Ermənistana qar­şı işğal törətdiyini car çəkmişdilər. İndi də bizi qeyri-insani rəftarda, sadə insanların həyatını siyasi oyunlarda alətə çevirmək­də günahlandırırlar. 

Qərb bir şeyi ciddi düşünməlidir: Uk­raynaya münasibətdəki yanaşma sonda böyük müharibə doğurdu ki, bu gün də həmin müharibə neçə-neçə insanın arzu­larını torpağa gömür. Yəni, Ukraynadakı müharibəyə görə Rusiya nə qədər təqsir­kardırsa, Qərb də eyni dərəcədə müqəs­sirdir. Sabah Qarabağda müharibə başla­sa, yenə təqsirkar Rusiya və Qərb olacaq. Çünki ikili standartlar siyasəti fonunda bu iki cinahın bir-biri ilə apardığı rəqabət perspektivdə yalnız müharibə vəd edir.

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət