Artıq təqvim sentyabrın ilk günlərini göstərir. Ölkənin bütün guşələrində yeni dərs ilinə hazırlıqlar hiss olunur.
Park və meydanlarda yeniyetmələrin səs-küyü ilə işə tələsən valideynlərin sürətli addım səsləri qarışır. Bu mənzərə məktəb bazarlarında daha aydın görünür. Bu günlərdə məktəb bazarları həyəcan, sevinc, qayğı kimi duyğuları birləşdirir. Valideynlər övladlarının gələcəyi üçün ən yaxşısını seçməyə çalışır, şagirdlər kitab rəflərində sıralanan dərslik, qələm, dəftərlərə üz tuturlar.
15 sentyabr Bilik Gününə sayılı günlər qalır. Sanki indidən hər tərəfdə yeni dərs ilinin ilk sədası eşidilir. Məktəbli yarmarkaları isə yalnız alış-veriş məkanı deyil: Bura valideynlərin qayğısı, “nəvə baladan da şirindir” deyən nənə-babaların sevgisinin, uşaqların arzularının qovuşduğu məkandır.
Rəflərdə düzülən çantalar, təzə dəftərlər və rəngbərəng qələmlər qarşıdan gələn günlərin müjdəçisidir. Valideynlər qiymətləri müqayisə edir, məktəbli forma ölçüsünü yoxlayır. Birinci sinfə gedəcək balaca həyəcanla ilk qələmini seçir, yuxarı sinif şagirdi isə yeni fənlərin kitablarını seçir. Məktəblərdə isə hazırlıq işləri aparılır, sinif otaqları təmir olunur. Yeni dərs ili bilik, zəhmət və ümidlə qurulan yolun başlanğıcıdır. Hər kəs hazırlaşır, düşünür, plan qurur və ümidlə yeni başlanğıcı gözləyir.
Biz də bu canlanmanın mərkəzinə – məktəbli yarmarkalarına üz tutduq. Qayğılarını bölüşən, nəvəsinin sevincinə şərik olan Əli Bağırov deyir ki, təhsil üçün çəkilən hər əziyyətə dəyər:
– Məktəb bazarlığı bugünlərdə ailələrin əsas qayğısıdır. Çanta, forma, dəftər-qələm – hamısını,təxminən, 150-160 manat edir. Ən çox pul geyimə və çantaya gedir, dəftər-qələmin də öz xərci var. İki-üç uşaq oxudan ailəyə daha çox yük düşür. Amma uşağın məktəbə getməsi elə bir sevincdir ki, xərclər gözə görünmür. Əsas odur ki, övladlarımız oxusun, savadlı böyüsün. Biz də buna görə çalışırıq. Çünki təhsilə qoyulan sərmayə gələcəkdə öz bəhrəsini verir.
VIII sinif şagirdi Tamerlan Baxışovun gözlərində sevinc parlayırdı. Məktəbə qayıtmaq, dostlarını görmək, həm də müəllimləriylə yenidən görüşmək onun üçün əvəzsiz xoşbəxtlik deməkdir:
– Yenidən məktəbə qayıdacağım günü gözləyirəm. Məktəbdə dostlarım çoxdur, onlarla birlikdə nəsə öyrənmək çox maraqlıdır. Ən sevdiyim fənn riyaziyyatdır.
Tamerlanın bacısı Milana isə daha çox həyəcanlı idi, ən gözəl çantanı seçmək istəyirdi:
– Bu il IV sinfə gedəcəyəm. İstəyirəm ilk dərs gününə təzə formada gedəm. Ən çox ingilis dili və Azərbaycan dili dərslərini sevirəm. Böyüyəndə isə həkim olmaq istəyirəm. Üstü bəzəkli dəftərlərə yazı yazanda çalışıram ki, xəttim gözəl görünsün.
Yarmarkada uzunsaçlı, balaca qızı ilə alış-veriş edən Aytən Zeynallı çantaları, dəftərləri, geyimləri yoxlayır, qiymətlərə fikir verir, simasında təbəssüm əks olunur:
– Övladım bu il birinci sinfə gedəcək. Biz artıq bir ildir ki, onu Avropa liseyinə hazırlaşdırırdıq. İmtahan uğurlu keçdi. Məktəbli yarmarkasına gəldikdə, mən keyfiyyətə diqqət edirəm, çünki şagirdin geyimi rahat, dəftər və qələmləri isə uzun müddət istifadəyə yararlı olmalıdır. Xərclər əlbəttə ki, çox olur, amma mən bunu heç vaxt yük hesab etmirəm. Övladımın uğuru bütün yorğunluqları, xərcləri və əziyyətləri unutdurur.
Valideynlər məhsulları diqqətlə yoxlayır, satıcılar çantaları, dəftərləri və qələmləri təqdim edir, alıcıların suallarına cavab verir, məhsulların xüsusiyyətlərini izah edir, bəzən də gülümsəyərək uşaqların seçimlərinə yardımçı olurlar. Gəlin, indi bazarın bu canlı ritmini, satıcıların alıcılara yanaşmasını və onların gündəlik işini elə özlərindən öyrənək. Satıcı Nərmin Baxşəliyeva bildirir ki, alıcılarla ünsiyyətdə ən vacib məsələ səmimi olmaqdır. Yalnız bu halda insanlar bir-birinə yardım edə, kiçik xoşbəxtlikləri paylaşa bilərlər:
– Şəhərimizdə mağazalar çoxdur. Bəzən insanlar ucuz qiymətə aldanırlar. Lakin unutmaq olmaz ki, əsas məsələ məhsulun keyfiyyətidir. Biz çalışdığımız müəssisədə daim bunu prioritet hesab edirik. Hər il olduğu kimi, bu il də xüsusi endirimlərlə valideynləri sevindiririk. Ötən il bizə müraciət edən valideynlərlə yenə sentyabr ayında görüşürük. Ümumi alış-verişləri nəzərdən keçirəndə isə aydın olur ki, məktəb xərcləri təxminən 200-300 manat arasındadır.
Təhsil eksperti Kamran Əsədov dərs ilinə hazırlıq prosesinin əvvəlki illərlə müqayisədə planlı və sistemli aparıldığını bildirir:
– Yeni dərs ilinə hazırlıq prosesi Azərbaycanda bu dəfə əvvəlki illərlə müqayisədə daha sistemli və planlı şəkildə aparılıb. Dövlətin təhsil siyasətində son illərdə ardıcıl olaraq həyata keçirilən tədbirlər nəticəsində bu gün məktəblərin yeni tədris ilinə tam hazırlığı müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkə üzrə 1,6 milyondan çox şagird məktəbə qədəm qoyacaq, onlardan təxminən 148 min nəfəri isə ilk dəfə parta arxasında oturacaq.
Bu qədər böyük kontingentin təhsil alması üçün lazım olan bütün infrastruktur və resurslar dövlət tərəfindən əvvəlcədən təmin edilib. Hazırlıq prosesində məktəblərin təmiri məsələsi xüsusi önəm daşıyır. Son illərdə ölkənin müxtəlif bölgələrində yüzlərlə yeni məktəb binası tikilib, köhnə məktəblərin əksəriyyətində əsaslı təmir işləri aparılıb. Təkcə 2024–2025-ci dərs ili ərəfəsində 300-dən çox məktəbdə yenidənqurma işləri həyata keçirilib.
Bu, “Təhsil haqqında” Qanunun 14-cü maddəsində dövlətin öhdəliyi kimi göstərilən “təhsilalanların keyfiyyətli təhsil alması üçün bərabər şəraitin yaradılması” tələbinin praktik təsdiqidir. Artıq şagirdlər təmiz, işıqlı və müasir standartlara cavab verən sinif otaqlarında təhsil almaq imkanı qazanıblar. Bu prosesdə Heydər Əliyev Fondunun xüsusi rolu var. Fond illərdir ki, respublikanın ən ucqar kəndlərində belə yeni məktəb binaları inşa etdirərək uşaqlara bərabər imkanlar yaradıb. Dərslik təminatı məsələsi də bu il əvvəlki illərdə olduğu kimi ciddi nəzarətə götürülüb. Elm və Təhsil Nazirliyinin açıqlamasına əsasən, yeni dərs ilinə bütün şagirdlər dövlət hesabına dərsliklərlə tam təmin olunublar. Bu, “Ümumi təhsil haqqında” Qanunun 6.2-ci maddəsində qeyd olunan “şagirdlərin dövlət hesabına dərsliklərlə təmin olunması” öhdəliyinin icrasıdır. Əlavə olaraq elektron dərslik bazası genişləndirilib, bütün siniflər üzrə müasir elektron resurslardan istifadəyə şərait yaradılıb.
Bununla həm ənənəvi dərslik problemi tam aradan qaldırılıb, həm də şagirdlərin rəqəmsal resurslardan faydalanması üçün imkan açılıb. Yeni dərs ilində müəllim təminatı məsələsi də uğurla həll edilib. Sertifikasiya prosesi ilə müəllimlərin bilik və bacarıqları yoxlanılıb, nəticədə, məktəblərdə peşəkar kadrların sayı artıb.
Bu il regionlara lazımi sayda müəllim göndərilib, dərs bölgüsü yekunlaşdırılıb. Elm və Təhsil Nazirliyi müəllim çatışmazlığının qarşısını almaq üçün xüsusi proqramlar hazırlayıb. Bu, “Təhsil haqqında” Qanunun 35-ci maddəsində yazılan “təhsil işçilərinin peşəkarlığının artırılması” prinsipinin real təminatıdır.
Uğurların hər biri Prezident İlham Əliyevin təhsilə göstərdiyi xüsusi diqqətin nəticəsidir. Prezidentin sərəncamları, dövlət proqramları və büdcədə təhsilə ayrılan vəsaitin ildən-ilə artırılması bunun bariz nümunəsidir.
Fidan ƏLİYEVA
XQ