Sentyabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə görüşüb.
Görüş zamanı avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentlərinin, Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələrin və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülhə və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb. Bu xüsusda Azərbaycanın qərb bölgələri ilə ölkəmizin Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin əhəmiyyəti diqqətə çatdırılıb.
Azərbaycanın son onilliklər ərzində Orta Dəhlizin canlandırılması və işlək vəziyyətə gətirilməsi üçün göstərdiyi səylərdən bəhs olunub, bu səylərin Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası kimi konkret layihələrlə reallaşdırıldığı diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycanın uzun illər boyu Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı bildirilib, hazırda ölkəmizin təbii qazı ilə təchiz olunan ölkələrin sayının 14-ə çatdığı qeyd olunub.
***
Dünən xarici işlər naziri Ceyhun Bayramov Cibuti Respublikasının Xarici İşlər Nazirliyinin Baş katibi Məhəmməd Əli Həsənlə də görüşüb.
Görüş zamanı Azərbaycan və Cibuti arasında ikitərəfli əməkdaşlığın perspektivləri, çoxtərəfli formatlarda tərəfdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat, ticarət, humanitar, təhsil və sair istiqamətlər üzrə əməkdaşlığın geniş perspektivləri olduğu vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. 2026-cı ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün və növbəti iki il ərzində sədrliyimizin əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı bildirilib.
Həmin gün, həmçinin Azərbaycan və Cibutinin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Cibuti tərəfindən isə Xarici İşlər Nazirliyinin Baş katibi Məhəmməd Əli Həsən rəhbərlik edib.
XQ