Çinin Fucien əyalətinin Siamen şəhərində 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) işə başlayıb.
Çinin Kommersiya Nazirliyinin və Fucien əyalət hökumətinin ev sahibliyi ilə keçirilən sərgi ikitərəfli və çoxtərəfli investisiya əməkdaşlığının təşviqi və investisiya tendensiyaları üzrə müzakirələrin aparılması üçün vacib beynəlxalq platformalardan hesab olunur. Üç gün davam edəcək sərgidə 120 ölkədən hökumət rəsmiləri, 5 min şirkət, 50 mindən çox iş adamı iştirak edir.
Sərgidə ölkəmizdən Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Bu, Azərbaycanın Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində 2-ci iştirakıdır.
Mərasimdə çıxış edən Şahin Mustafayev dövlət başçıları İlham Əliyevin və Si Cinpinin səyləri nəticəsində Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, cari ilin aprelində Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyanatın imzalandığını, bu tarixi hadisənin Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdığını diqqətə çatdırıb.
Azərbaycanın Çin Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olduğunu vurğulayan Şahin Mustafayev Çindən sonra Azərbaycanın bu təşəbbüsə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda ən çox sərmayə yatıran dövlətlərdən biri olduğunu bildirib. Azərbaycanın Çində keçirilən nüfuzlu sərgilərdə mütəmadi iştirak etdiyini, bunun ölkəmizin investisiya və ticarət imkanlarını tanıtmaq, Çin bazarında mövqelərimizi gücləndirmək və yeni tərəfdaşlıqlar qurmaq məqsədi daşıdığını bildirən Baş nazirin müavini əlavə edib ki, hazırda Çində fəaliyyət göstərən 6 ticarət evi Azərbaycan məhsullarının təqdimatına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edir.
Sonra sərginin ekspozisiya sahəsindəki “Invest in Azerbaijan” vahid ölkə stendinin açılışı olub. Stenddə Azərbaycanın makroiqtisadi göstəriciləri, biznes mühiti, investisiya imkanları nümayiş olunur. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə yaradılan stenddə Ələt Azad İqtisadi Zonasında, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında investorlara təklif olunan imtiyazlar, ölkəmizin nəqliyyat-tranzit potensialı, turizm perspektivləri təqdim olunur. Burada, həmçinin AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dövlət Neft Fondunun fəaliyyət istiqamətləri barədə məlumatlar, vizual və çap materiallar təqdim olunur. Bununla yanaşı, stenddə “Made in Azerbaijan” məhsulları nümayiş olunduğu “Azərbaycan Ticarət Ev”ləri guşəsi də təşkil olunub.
Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib. Çinin kommersiya nazirinin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin genişləndiyini, Çin şirkətlərinin Azərbaycanla ticarət, logistika, sənaye və yaşıl enerji sahələrində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Panel sessiyada Azərbaycan İnvestisiya Holdinqi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Çinin Horqos İqtisadi İnkişaf Zonası və hər iki ölkənin sənaye və İKT kimi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri ikitərəfli işgüzar təmasların gücləndirilməsinə dair fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər. Tədbir B2B görüşlərlə davam edib.
Səfər çərçivəsində Dövlət Neft Fondu il “China Energy İnternational” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.