Kompleksdə vahid ziyarət qaydası olmalıdır
Şəhidlər Vətənin azadlığı və bütövlüyü uğrunda canlarını fəda edən müqəddəs zirvənin sahibləridir. Onlar millətin yaddaşında ölməz, tarixində əbədi iz buraxan qəhrəmanlardır. Onlar bizim həm keçmişimiz, həm bu günümüz, həm də gələcəyimiz üçün yol göstərən mayaklardır. Dövlətimizin başçısı və xalqımız şəhidlərin xatirəsini daim uca tutur, onları ehtiramla yad edirlər. Məhz buna görə şəhidlərin uyuduğu müqəddəs məkana – Şəhidlər xiyabanına münasibət xüsusi həssaslıq tələb edir.
Vaxtilə Çəmbərəkənd, sonra Dağüstü park adlanan, bu gün şəhidlərin uyuduğu xiyaban Azərbaycana rəsmi səfərə gələn xarici dövlət və hökumət başçılarının ziyarət etdikləri məkandır. Bu, artıq protokol qaydası sayılır.
Təəssüf ki, ölkəmizə təşrif buyuran bəzi turistlər bu müqəddəs məkanda qeyri-etik hərəkət və davranışlara yol verirlər ki, bu da ictimaiyyətin haqlı narazılığına, hiddətinə səbəb olur. Son vaxtlar belə halların çoxalması ciddi narahatlıq doğurub. Təxminən on gün əvvəl Bakıya turist qismində gələn 3 ərəbin Şəhidlər Xiyabanında “nümayiş etdirdikləri” nalayiq hərəkətlər ictimaiyyətin haqlı narazılığı ilə qarşılandı. Doğrudur, hadisədən sonra turistlər hüquq-mühafizə orqanlarımız tərəfindən dərhal saxlanıldılar. Onlara qarşı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi üzrə cinayət işi açıldı, Səbail Rayon Məhkəməsi barələrində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçdi.
Bu günlərdə Şəhidlər Xiyabanında daha bir xoşagəlməz hadisə qeydə alınıb. Sosial şəbəkələrdə yayımlanan videoçarxda iranlı bloger Milad Hadinezhadin bu müqəddəs məkanda qeyri-etik davranışlara yol verdiyi görünür. Bu azmış kimi, bloger Əbədi məşəl abidəsi barədə yanlış məlumat paylaşıb. Sosial şəbəkə istifadəçiləri haqlı olaraq bu davranışlara sərt reaksiya veriblər. Onlar olayla bağlı “Şəhidlər Xiyabanına xüsusi xəbərdarlıq lövhələri asılmalıdır”, “Belə hərəkətlərə yol verənlərə yüksək cərimələr tədbiq olunmalıdır”, “Bələdçilər öz məsuliyyətini dərk etməlidirlər”, “Xiyabanın mühafizəzi gücləndirilməlidir...” kimi şərhlər veriblər.
Ölkəmizə gələn hər bir xarici qonaq müxtəlif yerlərə baş çəkir, bölgələrə səyahət edir, eyni zamanda, milli-mənəvi dəyərlərimizlə, tarixi və mədəniyyət abidələrimizlə tanış olur. Onların Azərbaycana ayaq basdıqdan sonra müvafiq şəkildə məlumatlandırılması çox vacibdir. Bu mənada xarici qonaqları ölkəmizə gətirən turizm şirkətlərinin, bələdçilərin üzərinə böyük məsuliyyət düşür. Bu məsələyə yalnız biznes və kommersiya maraqları aspektindən yanaşmaq doğru deyil. Yəni, turizm şirkətləri yalnız gəlir əldə etməyi düşünməməlidir. Onlar turistlərin düzgün məlumatlandırılması və təlimatlandırılmasının da qayğısına qalmalıdırlar. Turizmin inkişafı və kommersiya maraqları heç bir halda milli dəyərlərə sayğılı yanaşmadan üstün tutulmamalıdır.
Şəhidlər Xiyabanının mühafizəsini yüksək səviyyədə təşkil etmək vacib məsələdir. Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XQ-yə bildirildi ki, bir müddət öncə Səudiyyə Ərəbistanı və Nepaldan olan turistlər qeyri-etik hərəkətlərə yol vermişdi: “Həmin şəxslər cəzalandırıldı. Hazırda ərazidə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib”.
Müzakirəyə səbəb olan məsələlərdən biri də xiyabanı ziyarətə gələnlərin geyim formasının uyğun olmamasıdır. Şəhid ailələrinin buna etiraz etdikləri məlumdur. Mediada bu problemin Milli Məclisdə müzakirəyə çıxarılacağı, qanunverici təşəbbüsün irəli sürüləcəyinin gözlənildiyi barədə xəbərlər gedib.
Bir sözlə, bu gün igidlərin uyuduğu məzarlıq – Şəhidlər Xiyabanı “rəqs meydançası” deyil, gənclərin and yerinə çevrilməlidir. Onların ruhlarına ehtiramla yanaşmaq isə hər kəsin – yerli vətəndaşlarımızın da, əcnəbi turistlərin də borcudur.
Üzeyir ŞƏFİYEV,
sosioloq
Təəssüf ki, bəzən turistik bölgələrimizdə xoşagəlməz hallarla rastlaşırıq. Xüsusilə, xalqımızın müqəddəs saydığı məkanlarda əcnəbi turistlərin qeyri-adekvat davranışları ictimaiyyətdə haqlı narazılıq doğurur. Bu hallar məqsədli şəkildə də baş verə bilər, amma burada turist turlarının düzgün təşkil olunmaması və maarifləndirmənin yetərsizliyi də özünü göstərir. Belə halların qarşısını almaq üçün müqəddəs yerlərdə davranış qaydalarını göstərən lövhələrin yerləşdirilməsi vacibdir. Turist həmin məkanda necə davranmalı olduğunu bilməlidir. Bundan əlavə, internet resurslarında, “Google” platformalarında, sosial şəbəkələrdə də zəruri məlumatların yayılmasının faydası olar.
Burada əsas yük bələdçilərin üzərinə düşür. Həm yerli, həm də xaricdən gələn bələdçilərlə təlimlər keçirilməli, onlara xüsusi göstərişlər verilməlidir ki, bu qaydaları turistlərə izah etsinlər və məsuliyyəti bölüşsünlər. Həmçinin könüllülərin, tanınmış simaların da prosesə cəlb olunması turistlərdə müsbət təsir yarada bilər. Ümumiyyətlə, turizm və bələdçilik sahəsində peşəkarlığa xüsusi diqqət yetirilməlidir. Xoşagəlməz halların qarşısını almaq üçün qanunvericilik təkmilləşdirilməlidir. İnzibati Xətalar və Cinayət Məcəlləsində müqəddəs yerlərdə, məkanlarda yol verilən qeyri-etik hərəkətlət üçün sərt cəzalar nəzərdə tutulmalıdır.
Musa BAĞIRLI
XQ