“Yel əsib, Zəngəzura qoz tökülüb?”

post-img

Moskva, Tehran, Dehli və Brüssel həmin qozu toplamaq üçün konsulluq və ofislər yaradırlar

“Milçək şirəyə yığışar” deyimi köhnə bayatıdır. Elə bəzi siyasi mərkəzlərin eyni ünvandakı iqtisadi maraqların üstünə yürüş etməsi də təzə tendensiya deyil. Tarix boyu belə faktları çox görmüşük. Zaman sübut edib ki, həmin yürüşlərin sonunda qalib gələn olmur. Kimsə azacıq uğur qazansa da, həmin nəticə də müvəqqəti olur. 

Söhbət tarixi Azərbaycan torpaqların­dan olan Zəngəzur ərazisinin son illərdə hamı üçün iqtisadi maraq kəsb edən mə­kana çevrilməsindən və bəzi dövlətlərin oraya can atmasından gedir. 

Onu da xatırladaq ki, Zəngəzur mahalı qədim Azərbaycan ərazisi olmaqla yanaşı, oranın bütün dünyanın diqqət mərkəzinə düşməsi də Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfərin yaratdığı yeni reallıqlardandır. Yəni indi hamının “ağzını sulandıran” həmin dəhliz üç minə yaxın azərbaycanlı hərbçi­nin qanı bahasına yeni status qazanıb. 

Söhbət hansı statusdan gedir? Əlbət­tə ki, TransXəzər, Orta dəhliz, Şərq–Qərb, İpək Yolu, “Bir kəmər, bir yol” kimi nəhəng iqtisadi layihələrin tərkibi olmaq statusun­dan. Bu dəhliz açılarsa, Qədim İpək Yolu­nun üstündə olan ölkələrin hamısı böyük iqtisadi imkanlar əldə edəcək. Ancaq elə ölkələr var ki, bilavasitə həmin dəhlizə nə­zarət etmək, bir çox məsələləri öz əlində cəmləşdirmək iddiasından əl çəkmirlər. Bədbəxt ermənilər isə elə bilirlər ki, son il­lər o ərazilərdə konsulluq və ya ofis açan­lar Ermənistanın hansısa probleminin həl­linə kömək edəcəklər. Ay hay! Buradakı “hay” sözü lap yerinə düşdü. 

Öndə Tehran gedir

Fikrimizi əsaslandırmaq üçün bəzi faktları yada salaq. Hələ ötən il oktyab­rın 21-də regionun kütləvi informasiya vasitələri xəbər verdilər ki, bu gün Zən­gəzur vilayətinin Qafan şəhərində İranın Baş Konsulluğunun açılış mərasimi ke­çiriləcək. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian həmin məqsədlə bir gün öncədən Ermənistana gedibmiş. O, konsulluğun açılış mərasimində Ermənis­tanın xarici işlər naziri Ararat Mirzoyanla birlikdə iştirak edəcəkmiş. Erməni mətbu­atı özü də bilmədən cənab Abdullahianın bu açılışı etməyə tələsdiyini ifşa etmişdi: “Konsulluq binasında təmir və abadlıq iş­ləri hələ başa çatmayıb”.

Ruslar isə oraya sentyabrda gələcəklər

TASS agentliyi avqustun 4-də xəbər verdi ki, “Rusiya diplomatları sentyabr ayında konsulluğun açılması məsələsi ilə bağlı Ermənistanın Sünik vilayətinin Qa­fan şəhərinə səfər edəcəklər”. 

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar mətbuata bildirib ki, biz Sünik vilayətinin Qafan şəhərində Rusiya baş konsulluğunun geniş səviy­yədə açılışına fəal şəkildə hazırlaşırıq. Artıq sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcək, məsələ ilə birbaşa yerində məşğul olacaqlar”. 

Əlavə edək ki, bu il mayın 25-də Mos­kvada Nikol Paşinyanla Vladimir Putinin görüşündə Rusiyanın Ermənistanda kon­sulluq açmaq məsələsi müzakirə edilmiş­di.

Brüssel də Ermənistanda fəal şəkildə təmsil olunmaq istəyir

Məlum səbəblərdən həm Moskva ilə, həm də İranla münasibətləri həddən artıq gərgin olan Avropa İttifaqı eyni zərbə ilə həm İranı, həm də Rusiyanı Ermənistan­dan çıxarmaq üçün genişmiqyaslı plan­lar qurmaqdadır. Bu il iyunun 7-də Aİ-nin İrəvandakı nümayəndəliyinin mətbuat xidmətindən xəbər gəldi ki, İttifaqın Er­mənistandakı missiyası Cermuk, Yeqqnad-zor və İcevanda yeni əməliyyat mərkəzləri açacaq.

Əlavə etdilər ki, bizim məqsədimiz digər məsələlərlə yanaşı, sərhədyanı ərazilərdə təhlükəsizliyin sabitləşməsinə töhfə verməkdir. Maraqlıdır, həmin “digər məsələlər” nədən ibarətdir?

Xatırladaq ki, bu il fevralın 20-də Er­mənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası fəaliyyətə başlayıb. Öz fəaliyyətlərinə də ad verib­lər ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, yerlərdə inam yaratmaq və Ermə­nistanla Azərbaycan arasında münasibət­lərin normallaşdırılması səyləri üçün əlve­rişli mühiti təmin etməkdir. Təbii ki, rəsmi Bakı Avropa İttifaqını kəskin qınayıb və missiya ilə əməkdaşlıqdan imtina edib.

...Hindus da ermənini axtarıb tapır

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaza, daha doğrusu, Ermənis­tana can atan ölkələrdən biri də Hindis­tandır. Rəsmi Dehlinin İrəvanla əlaqələri son illərdə, demək olar ki, bütün sahələr­də artan templə inkişaf edir. Hindistanın xarici siyasət dairələri Ermənistanla stra­teji tərəfdaşlığın formalaşdırılmasında bir neçə səbəbdən maraqlıdır. 

Bəzi ekspertlər yazırlar ki, guya, Dehli Azərbaycan – Pakistan dostluq və tərəf­daşlığını qəbul edə bilmədiyinə görə İrəvanla qucaqlaşır. Digər mütəxəssislə­rin fikrincə isə, 2020-ci ildəki 44 günlük müharibə ilə regional güc balansının də­yişməsi və Rusiyanın Ukraynadakı uğur­suzluqları səbəbindən Cənubi Qafqazda potensial güc vakuumunun yaranması Yeni Dehli üçün regionda müəyyən für­sətlər yaradır. Guya, bu fürsətlərin dəyər­ləndirilməsi Hindistanın həm öz geosiyasi rəqiblərinin addımlarını cavablandırması, həm də geo-iqtisadi layihələrinin həyata keçirilməsi baxımından vacibdir. 

Bəlkə də, bu arqumentlərdə han­sısa həqiqətlər var. Ancaq bəzi hərbi ekspertlər Hindistanın İrəvana maraq göstərməsini Ermənistanın silah-sursa­ta ehtiyacının artması ilə əlaqələndirirlər. Fikrimizcə, dördüncü qisim ekspertlər daha haqlıdırlar. Onlar Hindistandakı müxtəlif çevrələrin Ermənistanın həm Şi­mal – Cənub, həm də Fars körfəzi – Qara Dəniz nəqliyyat dəhlizləri layihələrində iştirakının mümkünlüyünü vurğulayırlar. Ermənistanın Çin tərəfindən maliyyələş­dirilən nəhəng infrastruktur layihələrindən kənarda qalması da Hindistanın alternativ infrastruktur marşrutları çərçivəsində bu ölkəni öz layihələrinə daxil etməsini şərt­ləndirir. Diqqət yetirdinizsə, yenə də fikir­lər Zəngəzur dəhlizinin üstünə gedir. Yəni “milçək şirəyə yığışır”. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət