İrəvan siyasi şantaj yolunu seçib

post-img

Qondarma “DQR” rejimini “demokratik yolla seçilmiş hakimiyyət” adlandıran erməni baş nazir bununla revanşizmdən və siyasi şantajdan əl çəkmədiyini göstərir

Ermənistanın istər indiki, istərsə də keçmiş iqtidarları 30 illik “işğalçılıq təcrübələrində” çeşidli siyasi oyunlardan çıxdılar, sivil diplomatiyanı, beynəlxalq hüququ veclərinə də almadılar. Axı, onların qonşularına qarşı yeritdiyi məkrli siyasət həmin sivil qaydalarla bir araya sığmırdı. Yəni, məsələyə bu rakursdan yanaşdıqda İrəvanın bu gün tutduğu mövqenin, sərgilədiyi diplomatiyanın sağlam məntiqdən uzaq olduğu üzə çıxır. Məntiq isə onu deyir ki, Sovet hökumətinin Azərbaycanın daxilində yaratdığı “DQMV” kimi, Ermənistan Respublikasının özü də həmin qırmızı imperiya tərəfindən düzəldilən qondarma dövlətdən başqa bir şey deyil. 

44 günlük müharibədəki rüsvayçı məğlubiyyətindən sonra İrəvanın Bakı ilə, az qala qalib statusunda danışması­nın özü bu iqtidarın sülh danışıqlarında siyasi məntiqlə deyil, diplomatik şantajla hərəkət etməsinin göstəricisidir. Yoxsa, Paşinyan hökumətinin böyük güclərin vasitəçilk etdiyi beynəlxalq sülh platfor­malarında bu qədər qeyri-ciddi davra­nışını nə ilə izah etmək olar? Hayların baş naziri dünən dediyini bu gün təkzib edir, bir şəhərdə bəyan etdiyinin növbəti görüş yerində tərsini deyərək davam­lı olaraq nala-mıxa vurur. Onun bu cür intensiv mövqe dəyişməsindən müttəfiqi sayılan digər aktorlar da bezmiş kimi gö­rünürlər.

Oğru elə bağırır ki...

Paşinyanın bu günlərdə Fransanın “Le Monde” qəzetinə verdiyi müsahi­bəsində Azərbaycanın ünvanına səs­ləndirdiyi fikirlər dediklərimizin əyani sübutudur. Yenə “Laçın dəhlizi”, “Dağ­lıq Qarabağ xalqının blokadaya alın­ması”, “humanitar böhran”, Bakının “bölgədə etnik təmizləmə əməliyyatına hazırlaşması” kimi sərsəm iddialar. 30 il ərzində torpağımızı viran qoyan, Ha­yastanda etdiyi kimi, Qarabağda da etnik təmizləmə aparan erməni daş­nak-revanşistləri sülhə gəlmək əvə­zinə, “yeni müharibədən” dəm vururlar. “Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hər hansı bir bəhanə ilə şərtləndirməsi qə­tiyyən qəbuledilməzdir. Bu, iki ölkə ara­sında münasibətlərin normallaşmasına yönəlmiş səylərə zərbədir və bölgədə gərginliyin saxlanmasına xidmət edir. Ermənistan tərəfi, nəhayət, anlamalıdır ki, bölgədə sülh və sabitliyin bərpa edil­məsinə törətdiyi maneçilik səyləri heç bir nəticə verməyəcək”. Bu fikirlər Azərbay­can XİN-in Ermənistan baş naziri Nikol Paşinyanın “Le Monde” qəzetinə müsa­hibəsinə şərhində yer alıb. 

Bəli, birmənalı şəkildə deyə bilərik ki, sülh danışıqlarının finala yaxınlaşdığı indiki mərhələsində İrəvan siyasi şantaj üsuluna keçib. Hayların baş nazirinin, baş diplomatının, eləcə də spiker və sabiq vəzifə sahiblərinin açıqlamala­rı bu qənaətə gəlməyə tam əsas verir. Azərbaycanın özünün suveren ərazisin­də – Laçın yolunda sərhəd postunu qur­masından sonra ermənilər qopardıqları saxta vay-şivənlə, beynəlxalq ictimaiy­yətə üfürməyə çalışdıqları feyk-xəbər­lərlə nəyəsə nail olacaqlarına ümid edir, reallığı gözardına alıb, xəm xəyallara qapılırlar. 

Yeganə həll yolu reinteqrasiyadır 

Fransa qəzetinə müsahibəsində Ba­kının təhlükəsizliyinə və hərtərəfli təchizatına təminat verdiyi Qarabağ ermə­nilərinin “blokadada acından qırıldığını” deyən Paşinyan vəziyyətdən yeganə çıxış yolu kimi “Laçın dəhlizinin” açıl­masını göstərir. Bu mövzu real vəziyyəti bilən və bilməyən müxtəlif xarici eks­pertlərin, beynəlxalq mütəxəssislərin də müzakirə obyektidir. Bu “problemi” tezliklə həll etməyin mümkünlüyün­dən danışan politoloq Fərid Şəfiyev aşağıdakı variantı irəli sürür: “Erməni diplomatları Azərbaycanın ərazi bütöv­lüyünü tanımaq üçün may ayında baş nazir Nikol Paşinyanın dediklərinə təkcə sözdə deyil, danışıqlar masasında və digər forumlarda əməl etməlidirlər. Xari­ci işlər naziri Ararat Mirzoyanın son bə­yanatı da birmənalı deyil. Qarabağdakı ermənilər, daha dəqiq desək, orada si­yasi kürsüləri ələ keçirənlər (Rusiyanın adamları da daxil olmaqla) - reinteqra­siya ilə bağlı razılığa gəlməlidirlər. Bu zaman Azərbaycanın Qarabağ iqtisadi rayonunda qeyri-qanuni yerləşmiş bütün silahlı erməni qüvvələri çıxarılmalıdır. Bu halda özlərinə yaratdıqları “blokada” avtomatik aradan qalxacaq”. 

Ekspert yalnız bu variantda Azər­baycanın Laçındakı sərhəd nəzarət-bu­raxılış məntəqəsində qaydalara riayət ediləcəyini, Aİ Şurasının prezidenti Şarl Mişelin son bəyanatında təklif edildi­yi kimi, Ağdam marşrutundan istifadə ediləcəyini mümkün sayır. F.Şəfiyev müqayisə üçün Ukraynada baş verənlə­ri misal gətirir: “Bəzi əcnəbi ekspertlər Azərbaycanı “güc diplomatiyası”nda itti­ham edirlər. Təəssüf ki, 30 illik erməni iş­ğalı zamanı ənənəvi diplomatiya işləmə­di və digər ölkələrin, o cümlədən “liberal düşərgədə” olanların Yaxın Şərqdə və başqa yerlərdə nə etdiklərinə baxanda görürük ki, “gücsüz diplomatiya” hələ də aciz olaraq qalır. Ukrayna ətrafında baş verənlər bir daha təsdiqləyir ki, ölkənin ərazi bütövlüyünü qorumaq üçün silaha və maliyyə vəsaitinə ehtiyacı var. Yeni “dünya nizamı” icad edilənə qədər əli­mizdə olanlarla kifayətlənməliyik”.

“DQR”, sən demə, “demokratik yolla seçilmiş hakimiyyət” imiş

Azərbaycan XİN-in Paşinyanın mə­lum müsahibəsinə şərhində bildirilir ki, baş nazirin bölgənin azərbaycanlı əhalisinə etnik təmizləmə və soyqırı­mı da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə cinayətlərin törə­dilməsi yolu ilə Ermənistan tərəfindən yaradılmış qondarma rejimi “demok­ratik yolla seçilmiş hakimiyyət” adlan­dırması Ermənistan rəsmilərinin 30 ilə yaxın davam edən işğalçılıq siyasətin­dən və əməllərdən əl çəkmədiyinin ba­riz nümunəsidir. Paşinyanın bu fikirləri, həmçinin onun “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermə­nistan tərəfindən tanındığına” dair bəya­natına tamamilə ziddir”. 

Bakının Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam–Xankəndi yolundan istifa­dəsi təklifindən boyun qaçıran İrəvanın bölgədə “gərgin humanitar vəziyyət” iddiasının reallığı əks etdirmədiyinin vurğulandığı şərhdə Ermənistanın əsl niyyətinin vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə olduğu nəzərə çatdırılır. Bəli, Ermənistan iqtidarının son vaxtlar tutduğu mövqeyinin siyasi şantajdan başqa adı yoxdur. Laçın pos­tundan hər gün onlarca erməni sakininin məntəqədən hər iki istiqamətdə maneə­siz keçməsini, Bakının bu yola alternativ marşrut təklif etməsini, guya, görməyən, eşitməyən İrəvan “DQR”ı “demokratik yolla seçilmiş hakimiyyət” olaraq qələmə verməklə, yenə “blokada” qışqırmaqla beynəlxalq ictimai rəylə manipulyasiya­nı davam etdirir. 

İlin sonuna qədər vaxtları var

Bir daha təkrar etmək istərdik ki, baş nazir Nikol Paşinyanın Ermənistan–Azərbaycan münasibətlərinin nizam­lanması, sülh danışıqlarının gedişatı ilə bağlı verdiyi açıqlamalar, bəyanatlar və müsahibələr onun həmin an olduğu coğ­rafiya qədər fərqli və təzadlıdır. İrəvanda bir söz deyir, Fransada ayrı mahnı “oxu­yur”, üçtərəfli görüşlərdə isə əsassız və məntiqsiz iddialarla çıxış edir. Poli­toloq Yeganə Hacıyava hesab edir ki, Hayastan baş nazirinin “Le Monde”yə müsahibəsi ilə onun həmin gün İrəvan­da mətbuat konfransında səsləndirdiyi açıqlamaları təzad təşkil edir: 

“Fransa nəşrinə müsahibəsində Paşinyanın sülh danışıqlarının ümumi ruhuna zidd fikirlər söyləməsi, ilk növ­bədə, onun riyakarlığından xəbər verir. Əslində, onun saat fərqi ilə bir-birinə zidd mövqe sərgiləməsini oradakı ermə­ni lobbisinin təsirindən, yaxud Fransa hakimiyyətinin özündən qaynaqlanan təxribat deyə bilərik. Həmin Emmanuel Makron Paşinyanın Kişinyov görüşündə Qarabağla bağlı fikirlərindən narazı qal­dığını gizlətməmişdi. Bu mənada İrəva­nın son davranışlarını Fransanın diktəsi ilə edilən siyasi şantaj kimi də dəyərlən­dirmək olar. 

Ümumiyyətlə, Ermənistan xarici diplomatiyası ikiüzlü diplomatiyadır. Si­yasətçiləri də adekvat deyil. Bu ənənə özü ilə bölgəyə həm yeni hədələr gəti­rir, eləcə də İrəvanın belə buqələmun siyasi xətti regionu yeni böyük risklərlə üz-üzə qoya bilər. Əslində, Paşinyanın bu tip davranışları daha çox kənar təz­yiqlərin fəsadı kimi özünü göstərir. Va­şinqton və Brüsel platformalarında sülhə yönəlik müzakirələr Paşinyanın nə söy­ləməsindən asılı olmayaraq davam edir. Amma, Prezident İlham Əliyevin Şuşa­dan bəyan etdiyi kimi, Azərbaycan sülh danışıqlarını bu ilin sonuna qədər apara bilər. Sonra Bakı problemi yeni şərtlər və beynəlxalq hüquq çərçivəsində həll etməyə məcbur olacaq”. 

Dünya birliyi nə kordur, nə də kar

Qarabağdakı separatçı rejimin dala­na dirəndiyi, himəyadarı İrəvanın Azər­baycanın ərazi bütövlüyünü tanıyandan sonra “zəncir gəmirdiyi” başadüşüləndir. Onlar Paşinyanın Qarabağın Azərbay­cana məxsus olduğunu təsdiqləməsinin nə demək olduğunu da yaxşı anlayırlar. 

Tanınmış siyasi şərhçi Fikrət Sadıxov deyir ki, Xankəndidəki separat­çıların indiki hoqqabazlığının məqsədi beynəlxalq birliyin diqqətini “bölgədəki humanitar böhrana” cəlb etməkdir: 

“Fəqət həqiqət ondan ibarətdir ki, dünya birliyi, böyük güclər, beynəlxalq təşkilatlar görür və başa düşürlər ki, Qarabağ Azərbaycanın suveren ərazisi­dir. Sadəcə tövsiyələri odur ki, biz etnik ermənilərlə danışıqlar aparaq. Bakı heç vaxt bundan imtina etməyib, dialoqa da özü təşəbbüs göstərib. O ki qaldı, Nikol Paşinyanın Fransa qəzetinə müsahibə­sində bizə qarşı məsuliyyətsiz ifadələr işlətməsinə, aydın məsələdir ki, bu, əsasən daxili auditoriyaya hesablanıb. Yəni, baş nazir sübut etməyə çalışır ki, Hayastanın Avropadakı himayədarları Azərbaycana ciddi təzyiq göstərəcək­lər və artıq, bu, baş verir. Guya, bunun sayəsində Bakı Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat məsələsinin sülh müqaviləsinə salınması ilə razıla­şacaq. Əlbəttə ki, bütün bunlar boş ifa­dələrdən başqa bir şey deyil”. 

Ermənistanın indiki, eləcə də keçmiş siyasi, hərbi rəhbərlərinin son vaxtlar intensivləşən təxribatçı addım və bə­yanatlarının, anti-Azərbaycan təbliğa­tının haradan körükləndirildiyi və han­sı məqsədə xidmət etdiyi məlumdur. Amma Azərbaycan XİN-in şərhində deyildiyi kimi, bu səylər heç bir nəticə verməyəcək və İrəvan gec-tez Bakının sülhə aparan şərtlərini qəbul etməyə məcbur olacaq. 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”







Siyasət