Biz Cənubi Qafqaza sülhü hərb yolu ilə gətirmək istəmirik

post-img

Xəbər verildiyi kimi, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandıran Azərbaycan Prezidentinin arqumentləri, səsləndirdiyi proqnozlar və xatırlatdığı faktlar artıq dünyanın əksər ölkələrinin mətbuat vasitələrində özünə kifayət qədər yer tapmışdır. Eyni zamanda, beynəlxalq aləmdə hamı növbəti dəfə gördü ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və rəsmi Bakı sülhə nail olmaq üçün güc tətbiq etmək istəyindən uzaqdır. Təbii ki, bu forum Azərbaycanın həmin xoşməramlı mövqeyinin dünya ictimaiyyətinə bir daha çatdırılması baxımından xüsusi önəm kəsb etdi. 

Mən bu faktları nəzərdən keçirərkən rəsmi Bakının 2008-ci ildə keçirdiyi möhtəşəm beynəlxalq tədbirlərdən biri­ni xatırladım. Belə ki, həmin il paytaxtı­mızda baş tutmuş Avropa dövlətlərinin mədəniyyət nazirləri ilə İslam ölkələ­rinin mədəniyyət nazirlərinin görüşü sonradan sivilizasiyalararası dialoqa xüsusi töhfələr vermiş “Bakı prosesi”nin təməlini qoymuşdu. İndi artıq əminliklə demək olar ki, Azərbaycan beynəlxalq aləmə “Şuşa prosesi”ni də təqdim edir. Elə tədbirin türkiyəli iştirakçıları da bu istəklərini dilə gətirdilər. 

Dövlət başçımızın “həm ölkəmiz üçün, həm də Qarabağ bölgəsi üçün möhtəşəm əhəmiyyət kəsb edən təd­bir” adlandırdığı Qlobal Media Foru­munun Azərbaycanın mədəniyyət pay­taxtında, işğalçı ordu üzərindəki tarixi Qələbəmizin və sülhün rəmzi olan Şu­şada keçirilməsi də qürurverici idi. Cə­nab Prezidentin xatırlatdığı kimi, Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatmışdı.

Forumun gedişində Azərbaycan vətəndaşının daha çox eşitmək istə­diyi fikirlərin səsləndirilməsinə şahidlik etdik. Məsələn, ABŞ-dan olan jurnalist Ceyms Flunun dövlət başçımıza ün­vanladığı “Siz ölkənizlə bağlı ən əsas təhlükələri nədə görürsünüz?” – sualı­nın cavabını bəlkə də təkcə on milyon­luq əhalimiz deyil, əlli milyonluq dünya azərbaycanlıları da gözləyirdilər. Cə­nab Prezidentin cavabının ilk cümləsi də elə bütün soydaşlarımızın ürəyincə idi: “Torpaqlarımızı azad edəndən son­ra biz ölkəmizə qarşı potensial təhlükə görmürük. Birincisi, daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiy­yətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqti­sadi inkişafı olduqca təsirlidir... keçmiş­də bizə olan təhlükə məhz Ermənis­tan və onun işğalı ilə bağlı idi. Həmin təhlükə 30 il ərzində məhz buradan qaynaqlanırdı və artıq biz bu təhlükə­nin öhdəsindən gəlmişik. Ancaq, əlbət­tə, biz ayıq olmalıyıq, biz keçmişimizi unutmamalıyıq”.

Ancaq hamının diqqətini özünə çəkən başqa bir nüansa da şahidlik etdik. Azərbaycan Prezidenti xatırlat­dı ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Er­mənistan cəmiyyətinin, hətta hökumə­tinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır və onlar bunu gizlətmirlər: “Ona görə biz hər hansı bir ssenariyə hazır ol­malıyıq. Bu məqsədlə biz İkinci Qara­bağ müharibəsi bitən kimi, möhtəşəm zəfərimizi nümayiş etdirən kimi dərhal yenidən müdafiə sahəsində dərin is­lahatlar həyata keçirməyə başlamışıq. Mən artıq bunu ictimai şəkildə bəyan etmişəm. Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür. Buna, əlbəttə ki, ehtiyac var. O da bizim tariximizdən qaynaqlanır və biz görürük ki, bu gün beynəlxalq hüquq normaları kobud şə­kildə pozulur”. 

Dövlət başçımızın bütün bunları xatırladandan sonra dediyi fikirlər isə artıq Şuşa ərazisindən və forum çər­çivəsindən çıxaraq bədxahlarımızın yaşadığı bütün ünvanlara göndərilirdi: “Ancaq hazırda xaricdən qaynaqlanan təhlükə səviyyəsi o qədər də yüksək deyil. Yəqin, bu, ona görədir ki, biz hə­min təhlükənin öhdəsindən gələ bilirik”.

Azərbaycan oxucusu üçün diqqət çəkən məqamlardan biri də Birləş­miş Krallıqdan olan Cordan Morqanın müxtəlif beynəlxalq proseslər fonun­da Azərbaycan və bütün region üçün hansı perspektivlərin olduğu barədə verdiyi sualın cavabı idi. Dövlət başçı­mız dedi ki, əslində, Cənubi Qafqazın inkişaf perspektivləri, əsasən, Azər­baycanla Ermənistan arasında müna­sibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tap­maqda yardım etməyə çalışırlar. Əl­bəttə, bu günə kimi bütün beynəlxalq təşkilatlar başa düşürlər ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsi başa çatan­dan təxminən, üç il keçib, biz getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın əra­zisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı”. 

Dövlət başçımız bir daha dünya ic­timaiyyətinin nəzərinə çatdırdı ki, biz Cənubi Qafqaza sülh gətirilməsi üçün lazım olan bütün addımları atırıq. Hət­ta, qalib tərəf olsaq da, diktə ilə danış­mır, qarşı tərəfə həqiqi sülhə çatmaq üçün lazım olan təkliflərimizi göndərmi­şik. İşğal dövründə beynəlxalq aktorlar bizə deyirdilər ki, xalqların öz müqəd­dəratını təyinetmə və ərazi bütövlü­yünü inteqrasiya etməlisiniz. Ancaq biz deyirdik ki, beynəlxalq hüququn fundamental prinsipləri var, ərazi bü­tövlüyü və xalqların öz müqəddəratını təyin etməsi bu prinsiplərdir: “Lakin öz müqəddəratının təyin olunması ərazi bütövlüyü prinsipini kölgədə qoymur və nəzərə alsaq ki, Ermənistan artıq müstəqil dövlət kimi mövcuddur”.

Forum iştirakçıları Prezident İl­ham Əliyevin regiondakı son vəziyyət haqqında dediklərini elə həmin gün – iyulun 21-də öz ölkələrinin mətbuat orqanlarına göndərmişdilər. Azərbay­can Prezidenti son vəziyyət barədə danışarkən dedi ki, hazırda üç bey­nəlxalq tərəf var ki, bu prosesə dəstək olurlar – ABŞ, Rusiya və Avropa İtti­faqı: “Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə bu prosesə qatılıb və nəticəyönümlü yanaşma ortaya qoyur. Lakin indiyədək bir nəticə yoxdur. Çün­ki düşünürəm ki, Ermənistan son addı­mını atmalıdır. Onlar artıq müharibə­dən sonra bir sıra addımlar atıblar və mən deməzdim ki, bu addımlar könüllü olaraq atılıb. Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımaya­cağıq. Bunun nə məna daşıdığı onlara kifayət qədər aydındır”. 

Bəli, işğalçı ölkədə artıq qəbul edib­lər ki, Qarabağ Azərbaycandır. İndi qa­lır bu məntiqin sənədlə, imza ilə rəs­miləşdirilməsi. Prezident xəbərdarlıq etdi ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonunadək imzalanması kifayət qədər mümkündür: “Lakin bu olmasa… sülh olmayacaq. Bu, bölgə üçün heç də yaxşı ssenari deyil, sa­bitliklə, təhlükəsizliklə nəticələnməyə­cək”. 

Prezident əmindir ki, ABŞ, Avro­pa İttifaqı və Rusiya kimi vasitəçilərin üçündən birinin fəaliyyətində təkamülü, irəliləyişi görəcəyik. Bütün hallarda biz sülhə hərb yolu ilə nail olmaq istəmirik. Ermənistanın davranışları isə yeni hər­bi eskalasiyalara zəmin yaradır. Təbii ki, haqqa qayıtmasalar, özləri peşman olacaqlar. 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Siyasət