Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi Kanadanın Aİ-nin Ermənistan–Azərbaycan sərhədindəki müşahidə missiyasına qoşulmaq qərarını təqdir edib
Kanadanın müşahidə missiyasına qoşulması Ermənistanda, xüsusən, sevinclə qarşılanmaqdadır. Halbuki, bu yeniliyin tərəfdarları Kanadanın bölgəyə gəlişinin Ermənistana necə fayda verəcəyi barədə konkret fikir bildirməkdə çətinlik çəkirlər. Bəs, əslində, Kanadanın Ermənistan-Azərbaycan sərhədinə gəlişi bölgədə nəyi dəyişəcək? Doğrudanmı Kanadanın regiona gəlişi bu ölkənin Ermənistana olan sevgisindən qaynaqlanır?
Hər şeydən öncə qeyd edək ki, Kanadanın Avropa İttifaqının müşahidə missiyasına qoşulması Ermənistanın tarixi müttəfiqi olan Rusiyaya növbəti xəyanətidir. Məlumdur ki, Rusiya ilk gündən Avropa İttifaqı missiyasının Ermənistanın gəlişini İrəvanın Kremlə xəyanəti – Qərbin Cənubi Qafqazda möhkəmlənmək cəhdi kimi qiymətləndirib. Hansı ki, uzun əsrlər boyu Rusiyanın Cənubi Qafqazı öz “qırmızı xətti” elan etdiyi, bu məsələyə xüsusi həssaslıqla yanaşdığı bəllidir. Təsadüfi deyil ki, Avropa İttifaqı missiyasının bölgəyə gəlişindən sonra Rusiya məmurlarının bir çoxu Ermənistanı xəyanətdə ittiham etmiş, bunun cavabsız qalmayacağı ilə bağlı eyhamlar səsləndirmişdir. Nümunə üçün deyək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 11 oktyabr 2022-ci il tarixində mətbuata açıqlamasında Avropa İttifaqı missiyasının bölgəyə gəlişinə sərt reaksiya vermiş, bunun Azərbaycanla Ermənistan arasındakı problemin həllinə töhfə verməyəcəyini bildirmişdir. Habelə, Zaxarova qeyd etmişdir ki, müşahidə missiyasının bölgəyə gəlişi Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq məqsədi daşıyır: “Biz Avropa İttifaqının mülki missiyasına təəssüflər olsun ki, bu təşkilatın Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq”.
Rusiya XİN-nin 26 yanvar 2023-cü il tarixli bəyanatı da öz kəskinliyi ilə diqqət çəkir. Bəyanatda deyilir: “Cənubi Qafqazda regiondan kənar amilin möhkəmləndirilməsinə münasibətdə Rusiyanın prinsipial mövqeyi dəyişməyib. Aİ “ekspert”lərinin Ermənistan–Azərbaycan sərhədi ərazisində baş verən hadisələrə nəzarət etməsinə “əlavə dəyər” verməyə ehtiyac görmürük. Əgər Brüsseldə Cənubi Qafqazda sülhə həqiqətən maraqlı olsaydılar, o halda öz missiyalarının fəaliyyət şərtlərini Azərbaycan ilə razılaşdırardılar.
ABŞ-ın və NATO-nun törəməsinə çevrilən Avropa İttifaqının nümayəndələrinin Ermənistanın sərhədyanı ərazilərində peyda olması və MDB məkanında qarşıdurma siyasəti yürütməsi regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud ziddiyyətləri gərginləşdirə bilər. Aİ missiyasının bəyan edilmiş mülki mahiyyəti aldadıcı olmamalıdır. O, Avropa İttifaqının təhlükəsizlik və müdafiə sahəsində ümumi siyasəti çərçivəsində bütün bunlardan irəli gələn nəticələr əsasında formalaşdırılır”.
Kremlin Avropa İttifaqının müşahidə missiyasının bölgədəki fəaliyyətinə qarşı çıxdığı, bunu açıq şəkildə Rusiyanın regiondakı maraqlarına təhdid hesab etdiyi bir zamanda Ermənistanın Kanadanı da bölgəyə gətirməsi İrəvanın Moskvanın maraqlarına hörmət etmək niyyətində olmadığını göstərir. Həmçinin bu yenilik onu göstərir ki, Ermənistanın Rusiyaya xəyanəti davam edir.
***
İrəvan Kanadanın bölgəyə gəlişini bu ölkənin erməni sevgisi kimi dəyərləndirsə də, bu barədə deyilənlərin absurd olduğu şübhəsizdir. Baxmayaraq ki, Kanadada erməni diasporunun güclü olduğu, Kanadada ingilis dili ilə yanaşı, həm də fransız dilinin rəsmi dövlət dili olması səbəbindən arada ermənipərəst Fransanın təsirinin özünü aşkar biruzə verdiyi inkaredilməzdir. Ancaq hamıya məlumdur ki, Kanadanı Cənubi Qafqaza gətirən səbəb Ermənistana olan sevgi deyil, Qərbin Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq arzusudur. Məhz bu arzu hər mənadan ABŞ-dan asılı olan, xaricisi siyasətini milli maraqları ilə yanaşı, həm də Ağ evin maraqları üzərində quran Kanadanın Cənubi Qafqaza gəlməsinə səbəb olub.
Ehtimal etmək olar ki, Avropa İttifaqı və Ermənistan Kanadanın ardınca daha bir neçə Qərb ölkəsinin bölgəyə gəlişinə cəhd edəcək, anti-Rusiya cəbhəsində yer alan digər ölkələri də bu addımı atmağa həvəsləndirəcəklər. Məqsəd Ermənistanın çağırışını əsas gətirərək bölgədə möhkəmlənmək, regionda nüfuz sahibi olmağa çalışmaq, Rusiyanın burada çoxəsrlik təsirini maksimum azaltmaqdan ibarətdir.
Şübhəsiz, Rusiyanın bölgədəki təsirinin azaldılması Qərbin regiondakı nüfuzunun güclənməsinə hesablanıb ki, bu da heç bir region dövlətinin, eləcə də Ermənistanın mənafeyinə uyğun deyil. Sadəcə, Ermənistanın 44 günlük müharibədə seyrçi mövqe tutan Rusiyanı cəzalandırmaq arzusu onun Qərbin bölgəyə gəlişinə “yaşıl işıq” yandırmasını şərtləndirməkdədir. Bu məsələdə Ermənistanın Azərbaycanla münasibətləri müstəqil şəkildə tənzimləyə bilməməsi, bunun üçün özündə kifayət qədər cəsarət və güc tapa bilməməsi də prosesə təsir göstərən əsas amillər sırasındadır.
***
Nə qədər qəribə olsa da, bu gün bütün dünya Cənubi Qafqazda Rusiyaya qarşı “beynəlmiləlçi cəbhə”nin formalaşmasına şahidlik etməkdədir. Bu cəbhənin əsas təşkilatçısı isə öz ərazisini Qərb-Rusiya qarşıdurması üçün açıq plasdarma çevirən Ermənistan, onun xəstə təfəkkürlü hakimiyətidir. İki əsrdir ki, Rusiyanın çətiri altında öz mövcudluğunu qoruyub saxlayan, bütün kritik dönəmlərdə Kremlin yardımından faydalanan Ermənistan, bu gün yaxından bələd olduğu Rusiyanın ən zəif nöqtələrini Qərbə nişan verməklə, yaxşılığa necə yamanlıq etdiyini bütün dünyaya göstərir. Ermənistanın Rusiya sülhməramlılarının mövcud olduğu bir bölgəyə Qərbin yarıhərbi-yarımülki müşahidə missiyasını gətirməsi İrəvanın yeni, qlobal qarşıdurmalarda nə qədər maraqlı olduğunu göstərir. Xatırladaq ki, hələ 26 yanvar 2023-cü il tarixində Rusiya XİN-i sülhməramlılarla Avropa İttifaqının müşahidə missiyası arasında mümkün qarşıdurmanın baş verə biləcəyini istisna etməmiş, sülhməramlıların mövcud vəziyyətə uyğun şəkildə addım atacağını bildirmişdir: “Onlar Avropa İttifaqı müşahidəçilərinin davranışlarına yerdəki vəziyyətin inkişafını nəzərə alaraq cavab verəcəklər”.
Göründüyü kimi, Ermənistan öz ikili və qeyri-stabil siyasəti ilə Rusiya ilə Qərb arasında qarşıdurmanı gücləndirməkdə, iki qütb arasındakı tarixi gərginliyə yeni nüanslar əlavə etməkdədir. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına yeni dövlətlərin qoşulacağı təqdirdə bu gərginliyin yeni bir mərhələyə qədəm qoyacağı istisna deyil. Bu gərginliyin son nəticədə nə ilə yekunlaşacağı bəlli olmasa da, Rusiyanın Ermənistanın xəyanətini cavabsız qoymayacağı şübhəsizdir. Rusiyanın başda süd məshulları olmaqla bir çox ərzaq məhsulunun Ermənistandan idxalına qadağa qoyması Kremlin cavab addımının ilk dalğası hesab edilə bilər. Unutmaq olmaz ki, həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan Rusiyadan kifayət qədər asılı olan İrəvana Kremlin təzyiq rıçaqları sonsuzdur. Bu təzyiq mexanizminin qismən belə hərəkətə gətirilməsi Ermənistanın fəlakətlə üzləşməsi üçün kifayətdir.
Seymur ƏLİYEV