Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Qlobal Forumu sonuncu gündə panel müzakirələrlə davam edib.
Forumun “Mediada investisiya və istehlak tendensiyaları” adlı sessiyasında ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media Proqramının direktoru Şəfəq Mehrəliyevanın moderatorluğu ilə yeni mediada istehlak tendensiyaları və media savadlılığı (dezinformasiya və feyk xəbərlərlə mübarizə üsulları) müzakirə olunub.
Sessiyada çıxış edən Böyük Britaniyanın PA Media Qrupunun Baş icraçı direktoru Klayv Marşal iyirmi il əvvəl qəzet satışının azaldığını bildirərək deyib: “Biz ümid edirdik ki, ovaxtkı gənclər yaşlanacaq və qəzetləri alacaqlar. Amma indi baxırıq ki, onlar bu gün o qəzetləri almırlar. Gənclər onlara maraqlı gəlməyən məsələlərdən imtina edirlər. Buna görə də onların nə istədiyini nəzərə almaq lazımdır”.
Yalnız bir platformanın istifadəsinin kifayət olmadığını diqqətə çatdıran “DigiTips“ şirkətinin təsisçisi və baş icraçı direktoru Matthias Lüfkens bildirib: “Biz auditoriyanı mütləq nəzərə almalı, tviter, tiktok və ddigər sosial şəbəkə hesablarının hamısında fəal olmalıyıq. Davos illik görüşündə xəbərlərlə bağlı bildirmişdim ki, yutub platformasında yerləşək. Mənə dedilər ki, xeyr, o platformanı uşaqlar izləyir. Daha sonra tiktoku təqdim etdilər ki, orada daha aktiv ola bilərik. Demək istədiyim odur ki, auditoriya nəyi necə istəyirsə, biz o istiqamətdə hərəkət etməliyik”.
Müdafiə analitiki Oubai Şahbandar çıxışında vurğulayıb ki, oxucular, izləyicilər qarşısında əsas məqsədləri reallığı onlara çatdırmaqdır. Hadisə yerindən dəqiq, operativ, qərəzsiz məlumatların izləyiciyə çatdırılması əsas vəzifədir”
Qarabağa gəlməklərinin əsas səbəbinin buradakı vəziyyəti dünyaya çatdırmaq olduğunu deyən Oubai Şahbandar əlavə edib: “Hadisələri olduğu kimi görərək reallığı ictimaiyyətə çatdırmaq ən vacib məsələmizdir. Biz dünən üç il əvvəl baş verən müharibə yerlərində olduq. Həmin ərazilərdə reportaj hazırlayaraq şərhlərimizi bildirdik, gördüklərimizi ictimaiyyətə çatdırmağa çalışdıq. Dünyada bəzilərinin heç xəbəri yox idi ki, Azərbaycan, Şuşa haradır? Orada nə baş verib? Bütün bunları dünən bu ərazilərdə çəkdiyimiz videoreportaj sayəsində biz də öz növbəmizdə beynəlxalq ictimaiyyətə çatdırdıq”.
Gürcüstanın İctimai Televiziyasının Baş direktoru Tinatin Berdzenişvili isə deyib: “Qürur duyuruq ki, işimizi müstəqil şəkildə qururuq. Biz görürük ki, bütün Qərb mediası daha konstruktiv olmağa, ictimaiyyət üçün həll yolları tapmağa çalışır. Çalışmalıyıq ki qərəzsiz, obyektiv olaq. İctimaiyyətin problemləri üçün həll yolları axtarıb tapmaq istiqamətində irəliləməliyik”.
Yeni nəslin daha qərəzsiz mediaya ehtiyacının olduğunu söyləyən T.Berdzenişvili vurğulayıb: “Rəqəmsal dünyada bizim vəzifəmiz bu imkanları ictimaiyyətə təqdim etməkdir. Biz bilmirik ki, gələcək necə olacaq. Buna görə də çağırışlara çevik reaksiya verməliyik. Həmçinin biz, həmçinin təkcə xəbərlərə fokuslanmamalı, ictimaiyyətin istəyini də nəzərə alaraq iş görməliyik”.
Sessiyada iştirakçılar, həmçinin media məhsullarının istehsalı və istehlakı ilə bağlı dəyişən trendlər, mediada investisiya məsələləri, media savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes modellərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, qonaqların suallarını cavablandırıblar.
***
Həmin gün “TRT World”un aparıcısı Reagen Des Vignesin moderatorluğu ilə keçirilən “Təhlükəsizlik məsələləri” mövzusunda sessiyada jurnalistlərin təhlükəsizliyi məsələləri müzakirə olunub.
Sessiya iştirakçıları böhran vəziyyətlərinin kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi, münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, peşəkar “münaqişə jurnalistikası”nın inkişafı və jurnalistlərin təhlükəsizliyinin qorunması məsələləri ətrafında müzakirələr aparıblar. Bildirilib ki, dünyada baş verən müxtəlif hadisələr fonunda qərəzsiz və faktlara əsaslanan xəbərlərin yayılması, eyni zamanda, yanlış və çaşdırıcı məlumatların qarşısının alınması sağlam informasiya mühitinin yaranması üçün əsas şərtlərdəndir.
Rumıniyanın Milli İnformasiya Agentliyi – AGERPRES-in Baş direktoru Klaudia-Victoria Nikolae deyib ki, jurnalist peşə fəaliyyətini maddiyyat qarşılığında qurmamalıdır. Çünki bu sahə bu məqsədlə ediləcək iş deyil. Məqsəd odur ki, oxuculara, izləyicilərə qərəzsiz, doğru məlumatları olduğu kimi çatdırılsın.
Hədə-qorxularla bütün jurnalistlərin rastlaşdığını vurğulayan Klaudia-Victoria Nikolae əlavə edib: “Bəzən belə hallar yaşansa da, yenə də peşəyə sadiq qalmaq mütləqdir. Çünki bizim işimiz elədir ki, bu hallarla qarşılaşmaq təbiidir. Vəziyyət belə olsa da, biz ictimaiyyətə yenə də doğru xəbərləri çatdırmalıyıq”.
Koreya Siyasi Elm Assosiasiyasının vitse-prezidenti professor Gi Vung Jung jurnalistlərin təhlükəsizliyini, qorunmasını ümumi məsələ adlandıraraq deyib ki, bunun üçün, ilk növbədə, cəmiyyətlərdə sağlam düşüncənin olması vacibdir. “Əgər cəmiyyət sağlam düşüncədə olarsa, həmin vaxt jurnalistlərin təhlükəsizliyi probleminin həlli istiqamətində irəliləyişə nail olmaq mümkündür”, - deyən koreyalı professor Şuşa Qlobal Media Forumunun keçirilməsinə görə Azərbaycana təşəkkürünü ifadə edib.
Milli Məclisin deputatı Nigar Arpadarai çıxışında zamanımızda gördüyümüz yeni tendensiyaların özü ilə birlikdə bir çox yeniliklər gətirsə də, bəzi təhlükələrə də yol açdığını söyləyib. O qeyd edib ki, “Media haqqında” Qanunla jurnalistlərin, media təmsilçilərinin hüquqları təmin edilir. Çünki jurnalistlərə hədə-qorxu gəlib zərər yetirmək istəyənlər onlardan peşələrini buraxmalarını tələb edirlər.
Jurnalist peşəsini olduqca təhlükəli olduğunu hesab etdiyini vurğulayan deputat bildirib: “Bizim iki jurnalistimiz Kəlbəcərdə öz peşə fəaliyyətini yerinə yetirərkən minaya düşərək həlak olub. Yəni, jurnalistika bu qədər təhlükəli peşədir”.
Sonra çıxış edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) xüsusi müxbiri Vüqar Seyidov deyib: “Hər hansı bir jurnalistin yadda saxlamalı olduğu başlıca məsələ dürüstlük, peşəsinə sadiqlikdir. Jurnalist məlumatları ictimaiyyətə qərəzsiz və doğru şəkildə çatdırmalıdır. Ümumiyyətlə, ictimaiyyət, konkret olaraq xəbər istehlakçıları qərəzsiz, doğru informasiyaları almaq istəyirlər. Bu, hər bir jurnalistin işini icra edərkən yadda saxlamalı olduğu vacib amildir”.
Daha sonra sual-cavab sessiyası olub. İştirakçıların suallarını cavablandıran çıxışçılar bildiriblər ki, jurnalistlərin peşə öhdəliklərini yerinə yetirmələri və cəmiyyətə xidmət etmələri üçün media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi son dövrlərin əsas məsələlərindəndir. Bu məqsədlə jurnalistlərin təhlükəsizliyinin qorunması ilə bağlı müxtəlif qabaqcıl və uğurlu strategiyaların araşdırılması və hazırlanması, zəruri avadanlıqlarla təmin edilmələri ciddi zərurətdir.
Bununla da Şuşa Qlobal Media Forumunun sessiyaları yekunlaşıb.
Xatırladaq ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.