Azərbaycan Mətbuat Şurası Ermənistanın Şuşa Qlobal Media Forumu ilə bağlı apardığı məqsədli əks təbliğata və bu fonda ölkənin media qurumlarının “fəaliyyətinə” etiraz əlaməti olaraq bəyanat yayıb.
Şuradan “Xalq qəzeti”nə daxil olmuş bəyanatda bildirilib ki, Şuşa Qlobal Media Forumu auditoriya genişliyi, mövzu zənginliyi ilə Azərbaycanda, Cənubi Qafqaz regionunda və bütövlükdə dünyada mühüm əhəmiyyət daşıyan hadisəyə çevrildi. İki gün ərzində nüfuzlu media, jurnalist təşkilatları rəhbərləri, ekspertlər media və informasiya-kommunikasiya sahəsinin aktual məsələlərini ətraflı müzakirə etdilər.
Təəssüf ki, böhtan və qarayaxma ənənəsinə sadiq qalan Ermənistanın Azərbaycana qarşı apardığı qaralama kampaniyası hələ tədbirin gedişində özünü göstərməyə başladı. Ölkənin 11 jurnalist təşkilatı Forumun iştirakçılarına müraciət ünvanlayaraq və yersiz həmkar sentimentallığı nümayiş etdirərək, əcnəbi media mənsublarını qınadılar, onları Şuşanı tərk etməyə çağırdılar. Müraciətdə, həmçinin, Qarabağın erməni əhalisinin, guya “blokadada” olduğuna dair iddianın irəli sürülməsi və xarici jurnalistlərdən mövzunu gündəmə gətirmək istənilməsi bu mühüm hadisəni siyasiləşdirmək və bundan mümkün dividend əldə etmək cəhdindən başqa bir şey deyildi, – deyə sənəddə vurğulanıb.
Bəyanatda erməni tərəfinin eyni motivli müraciəti beynəlxalq təşkilatlara da ünvanlamasına toxunulub. Bildirilib ki, həmin müraciətdə Foruma qarşı bəyanatın verilməsi, tədbirə qatılmış xarici jurnalistlərin fəaliyyətinin pislənilməsi kimi qəbul-edilməz fikirlər irəli sürüldü. Bu azmış kimi, həmin jurnalistlərin elektron poçt ünvanlarına hədə-qorxu dolu məktublar göndərildi, onlar şantaja və sözün əsl mənasında terrora məruz qaldılar. Bəzi iştirakçılar hətta öz sosial şəbəkə hesablarını müvəqqəti qapatmaq məcburiyyətində qaldılar.
Şura hesab edir ki, beynəlxalq ictimai rəyi çaşdırmağa yönəlmiş, xarici media mənsublarını təhdid edən bu kimi hallar tam yolverilməzdir və məsələyə sərt reaksiyanın göstərilməsi mütləqdir. Qurum beynəlxalq ictimaiyyəti, habelə dünyanın aparıcı jurnalist təşkilatlarını mövcud istiqamətdə həmrəylik nümayişinə, müvafiq tədbirlər görməyə çağırır: “Ermənistanın, ermənipərəst dairələrin bu sayaq spekulyativ addımları heç bir nəticə verməyəcək. Mətbuat Şurası əmindir ki, Şuşa Qlobal Media Forumu davamlı xarakter almaqla, dünyada media sahəsindəki problemlərin dərin müzakirə olunacağı mötəbər platformaya çevrilməkdədir”.