“Erməni şəbəkəsi” Şuşa Forumunu niyə gözdən salmaq istəyir?

post-img

Qarayaxmalara baxmayaraq Azərbaycan öz hədəfinə yetişdi

İyulun 21-də başlayan Şuşa Qlobal Media Forumu iyulun 23-də bitsə də, “erməni şəbəkəsi”nin bu tədbirə qarşı qarayaxma kampaniyası davam etdirilir, hətta daha da gücləndirilir.

Əks kampaniya ilk günlərdə yalnız Ermənistan KİV-ləri üzərindən yürüdülür­düsə, indi prosesə şəbəkənin təsirində olan “beynəlxalq təşkilatlar” da qatılıblar. Dünəndən “Sərhədsiz reportyorlar” təşki­latı da hərəkətə keçib. Ölkəmizə müna­sibətdə bu bədnam və qərəzkar qurum Forumu gözdən salmaq üçün bütün gü­cünü ortaya qoyub. Şuşa Forumu “ermə­ni şəbəkəsini” nə üçün bu qədər qəzəb­ləndirib? Onlar nə üçün həyəcanlanıblar və indiki kampaniya ilə nəyə nail olmaq istəyirlər? 

Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli ilə müsahibəmizdə bu və digər sualla­ra aydınlıq gətirdik. 

– Siz Şuşa Qlobal Media Forumun­da iştirak etmisiniz, sizin əməkdaş­lıq etdiyiniz beynəlxalq təşkilatların təmsilçiləri də Foruma qatılmışdılar. Öncə, Şuşa Qlobal Media Forumunun mahiyyətinə aydınlıq gətirək. Forumu keçirməkdə məqsəd nə idi və Forum öz hədəflərinə çatdımı? 

– Şuşa Qlobal Media Forumunun əsas hədəfi müasir media trendlərinin müzakirə edilməsi idi. Beynəlxalq me­dia məclisi bu kontekstdə öz məqsədinə çatdı. Rəqəmsal transformasiya mühiti­nin ortaya çıxardığı bütün çağırışlar Fo­rum çərçivəsində müzakirə edildi. Azər­baycanın məşhur media təşkilatlarının, o cümlədən, Medianın İnkişaf Agentliyi­nin, Mətbuat Şurasının, Audiovizual Şu­ranın, 60-a yaxın milli KİV subyektinin, həmçinin, 150 xarici KİV qurumunun, 12 beynəlxalq təşkilatın, tanınmış media ekspertlərinin iştirakı ilə baş tutan mü­zakirələr qeyd edilən istiqamətlər üzrə uğurlu nəticələr verdi. Problemlərin həlli üçün təkliflər səsləndirildi, yeni dövrün hərəkət istiqamətləri müəyyənləşdirildi. 

Prezident İlham Əliyevin Forumda çıxış etməsi, xarici və yerli jurnalistlərin suallarını cavablandırması tədbirə əlavə çalar qatdı. Prezidentin səmimi davranı­şı, arqumentli fikirləri, yeni informasiya­larla zəngin nitqi həm yerli, həm də xarici jurnalistlərdə məmnunluq yaratdı. Tədbi­rin davam etdiyi günlərdə müvafiq dövlət qurumlarının təmsilçilərinin, o cümlədən, Prezidentin köməkçisi Hikmət Hacıyevin orada iştirak etməsi, jurnalistlərlə canlı təmas yaratması, istənilən növ sualları cavablandırması tədbirin effektini artırdı.

Beynəlxalq təşkilatların təmsilçilərinə şərait yaradıldı ki, onları maraqlandıran bütün suallara cavab tapsınlar. Birmənalı şəkildə demək olar ki, Şuşa Forumu dün­ya media məkanına töhfələr verdi. 

Bununla yanaşı, Forumun birbaşa məqsədləri ilə yanaşı, digər hədəfləri də var idi. Fikrimcə, həmin hədəflərə də nail olundu. 

– Forum Milli Mətbuat və Jurna­listika Günü münasibətilə keçirilən Zəfər zirvəsində keçirilən nüfuzlu və təntənəli media bayramı, irimiqyaslı təbliğat tribunası kimi də yadda qaldı.

– Təbii ki, tədbirin uğurlu şəkildə təş­kil edilməsi ölkəmizin imicinə müsbət xal gətirdi. Foruma qatılmış xarici jurnalistlə­rin yazdıqları məqalələr, sosial media he­sabları üzərindən paylaşdıqları postlar 3 gün ərzində Azərbaycanın adını dünya­nın xəbər gündəmində saxladı. Yazılan məqalələrdə, paylaşılan postlarda media müzakirələri ilə yanaşı, Azərbaycan–Ermənistan müharibəsinə, Ermənistan tərəfinin Qarabağda törətdiyi vandalizm aktlarına da yer verildi. 

Xarici jurnalistlər Şuşaya səfər za­manı yol üzərində gördükləri dağıntıları qeydə alaraq paylaşırdılar. Ermənista­nın işğal dövründə törətdiyi dağıntılar­la, Azərbaycanın son 3 ildə bu bölgədə apardığı quruculuq işlərini müqayisə et­dilər. 

– İndi isə Ermənistan mediasının və “erməni şəbəkəsinin” son gün­lərdə apardığı çirkli kampaniyaya aydınlıq gətirək. Düşmənçiliyi bütün üsullarla davam etdirən məğlubların məqsədləri nədir? Niyə bu qədər na­rahat olublar? Nə etmək istəyirlər? 

– Əslində, “erməni şəbəkəsi”nin na­rahatlığı son günlərdə deyil, daha öncə­dən, Forumun 1-ci günündən başlayıb. Şuşa Qlobal Media Forumunun açılış mərasimindən dərhal sonra bəlli oldu ki, Ermənistan tərəfi Forumun işini pozmaq üçün hərəkətə başlayıb. Ermənistanın 11 jurnalist təşkilatı vahid bəyanat imza­layaraq, Şuşa Qlobal Media Forumunun iştirakçılarına müraciət etdilər. Onlar xa­rici jurnalistlərin Foruma qatılmasını pis­lədilər, xarici jurnalistləri “reallıqları” dilə gətirməməkdə qınadılar. Guya, “həmkar” kimi imzaladıqları müraciətlərində çağı­rış edirdilər ki, xarici jurnalistlər Forumda iştiraklarını dayandırıb Şuşanı tərk etsin­lər. Yaxud, tədbirdə söz alaraq, “Artsaxın blokadası” mövzusunu gündəmə gətir­sinlər. 

Erməni tərəfi eyni motivli müraciəti beynəlxalq təşkilatlara da ünvanlayıb. Foruma qarşı bəyanat verməyə, tədbirə qatılmış xarici jurnalistlərin fəaliyyətini pisləməyə çağırırdılar. Bir gün sonra isə bəlli oldu ki, ermənilər Foruma qatılmış xarici jurnalistlərin elektron poçt ünvan­larına hədə dolu məktublar göndəriblər. Şantaj motivli mesajlar yazaraq, Forumu tərk etmək məcburiyyəti yaratmaq istə­yiblər. 

Bütün bunlar uğursuz olunca, “ermə­ni şəbəkəsi” fərqli bir vasitədən istifadə edib. Forumda iştirak edən beynəlxalq təşkilatların təmsilçiləri adından yalançı açıqlamalar yaydılar. Məsələn, Ermənis­tanın məşhur KİV-lərindən olan “news.am” xəbər portal yazıb ki, guya Forum­da iştirak edən Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Antoni Bal­lenger “Artsaxın” blokadasının aradan qaldırılmasına çağırış edib. “Azərbaycan hökumətindən tələb edib ki, jurnalistlərin “Artsaxa” səfərinə mane olmasın” (ht­tps://news.am/rus/news/771981.html ). 

Tamamilə yanlış, dezinformasiya xarakterli məqalədir. Ermənilər BJF baş katibinin sosial şəbəkə hesabında pay­laşdığı postunu kontekstdən çıxaraq şərh ediblər. Antoni Ballengerin açıqla­ması onun sosial hesablarında qalır. O, “Artsax” sözünü ümumiyyətlə işlətməyib. Əksinə, öz postunda qeyd edib ki, “Qara­bağ beynəlxalq aləm tərəfindən tanınmış Azərbaycan torpağıdır”. Və bu məqam­dan çıxış edərək təklif verib ki, Azərbay­can dövləti jurnalistlərin bu regiona sər­bəst gediş-gəlişini təşkil etsin. 

Belə baxanda, Ballengerin çağırışı normal bir çağırışdır. Azərbaycan media ictimaiyyəti olaraq biz də hesab edirik ki, jurnalistlərin bu regiona ayaq açma­ları reinteqrasiya prosesinə töhfə verər. Amma Xankəndidə mövcud olan terrorçu qruplaşma bu cür xoş niyyətli proseslərin reallaşmasını əngəlləyir. Hətta BJF baş katibi Forum zamanı çıxışında təklif etdi ki, Azərbaycan jurnalistləri ilə Ermənis­tan jurnalistlərinin dialoqunun başlanma­sında vasitəçilik edə bilər. 

Erməni mediası isə bu fikri tamamilə baş-ayaq təqdim edərək, öz mövqelə­rinə uyğunlaşdırmağa çalışıb. Bu gün­dən başlayaraq “Sərhədsiz Reportyorlar” təşkilatı hərəkətə keçib, Forumu gözdən salmaq üçün bütün gücünü ortaya qo­yub. Burada da təəccüblü bir şey yoxdur. Çünki hamımız bilirik ki, “Sərhədsiz Re­portyorlar” Parisdə mənzillənir. Fransa hökumətinin və erməni diasporunun tə­siri altındadır. Bu baxımdan onun Şuşa Forumuna qarşı çıxması anlaşılandır. 

Bütün bunlarda məqsəd Şuşa Qlobal Media Forumunun işini pozmaq, Qara­bağda Ermənistan tərəfindən törədilmiş vandalizm aktlarının dünyaya çatdırıl­masının qarşısını almaq idi. Amma baş tutmadı. Forum möhtəşəm şəkildə təşkil edildi, uğurla nəticələndi. Azərbaycan tərəfi qarşıya qoyulan bütün hədəflərə çatdı.

– Obyektiv açıqlama üçün sağ olun.

 

Söhbəti hazırladı:

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

Siyasət