Sözdə “Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” – deyən Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə bu prinsip əsasında sülh sazişi imzalamağa hazır deyilmiş. O, danışıqlarda “Qarabağ ermənilərinin hüquqları” məsələsini ön plana çıxarmağa çalışır. Belə məlum olur ki, İrəvanın sülh sazişinin imzalanmasını yubatması üçün əsas bəhanəsi elə bu yanaşmadır.
N.Paşinyan “Frans-Press” agentliyinin gürcü əsilli əməkdaşı İrakli Metrevelinin suallarını cavablandırıb. Doqquz sualdan yeddisinə açıqlamasında “Dağlıq Qarabağdakı humanitar böhrandan”, erməni sakinlərin “hüquq və təhlükəsizliyindən”, Bakının “davamlı təcavüzkar ritorikasından” şikayətlənən hayların baş naziri bir çox məqamlarda özü-özünü təkzib edib.
Səhvi etiraf etmək azdır...
Agentliyə müsahibəsində Paşinyanın jurnalistin Ermənistanın Ukrayna müharibəsi fonunda Rusiya ilə Qərb arasında balansı necə saxladığı ilə bağlı sualına cavabı diqqəti çəkir: “İrəvanın illər uzun yürütdüyü komplimentar xarici siyasəti yanlış idi. Ermənistan üçün bu xarici siyasəti tamamilə səhv sayıram. Əslində, bu yanlış siyasətin tarixi uzağa – 30 ilə deyil, 100 ildən də o tərəfə gedib çıxır. Reallıq odur ki, Ermənistan Rusiya ilə Qərb arasında deyil, 4 qonşusu – Gürcüstan, Türkiyə, İran və Azərbaycan arasında yaşayır. Yəni, biz bu qonşularımız arasında təhlükəsiz həyatımızı təmin etməliyik”.
İlk baxışda sağlam məntiqə söykənən bu fikirlərinin ardınca Paşinyan sonrakı açıqlamalarında özünü təkzib edir. O, haqlı olaraq qonşuları ilə normal münasibətlərin Ermənistanın təhlükəsiz yaşaması üçün əsas şərt olduğunu etiraf edir, digər tərəfdən isə nə hərb, nə sülh vəziyyətində olduğu ən yaxın qonşusu – Azərbaycanla məsələlərin həllini qəsdən gecikdirir. Paşinyan müsahibəsində keçən əsrin əvvəllərində baş vermiş və ermənilərin “soyqırımı” kimi qələmə verdiyi olayların Rusiya imperiyasının əlində alət olması və bu imperiyanın süqutundan sonra Türkiyə ilə üz-üzə qalması ilə əlaqələndirib. Bununla hay baş nazir dolayısı ilə həm də onu demək istəyir ki, Osmanlı dövlətində yaşayan ermənilər çörəyini yedikləri Türkiyəyə xəyanət edərək Rusiya imperiyasının oyununa “düşüblər” və nəticədə məğlubiyyətə uğrayıblar. Onun sözlərinə görə, ermənilərin radikal (daşnak-red.) kəsimi bu gün də Moskvanın qurduğu oyunda iştirak etdiklərindən onlar üçün nəticə heç də fərqli olmayacaq.
Taxılı dəyirmana daşıya bilmirlər?
Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində danışıqlar prosesi, Laçın dəhlizinin Azərbaycan tərəfindən “qeyri-qanuni şəkildə bağlanması”, Qarabağdakı ermənilərin “blokadaya” alınması və beynəlxalq mexanizmlər çərçivəsində “Stepanakert (Xankəndi) – Bakı dialoqu”nun zəruriliyindən danışıb: “Mənim fikrimcə, danışıqların irəliləməsinə əsas maneə Azərbaycan rəhbərliyinin davamlı təcavüzkar ritorikası, nifrət dolu ifadələri, bütün ermənilərə qarşı nifrət aktları və əlbəttə ki, ermənilərdən Dağlıq Qarabağ xalqından qisas, aydın görünən etnik təmizləmə siyasətidir”.
İki ölkə arasında sülhün əldə olunmamasında əsas günahı Bakının üzərinə yıxmağa cəhdlər edən Paşinyan Dağlıq Qarabağ sakinlərinin gündəlik tələbat mallarından məhrum edildikləri kimi ağ yalanı beynəlxalq mediaya üfürməkdən belə çəkinmir: Bu gün Dağlıq Qarabağda bitki yağı, şəkər, müxtəlif ərzaq məhsulları, gigiyenik vasitələr yoxdur. Sözsüz ki, Dağlıq Qarabağ sakinləri zəhmətsevər insanlardır və burada müəyyən miqdarda kənd təsərrüfatı, ərzaq məhsulları istehsal olunur. İntəhası, yanacaq olmadığından həmin məhsulu potensial istehlakçıya çatdırmaq praktiki olaraq mümkün deyil. Onların zəruri taxıl ehtiyatları var, amma yanacaq olmadığından məhsulu dəyirmana çatdıra bilmirlər. Əgər kimsə bunu edə bilirsə, bu zaman unu çörək zavodlarına daşıya bilmir. Çörək zavoduna unu çatdıran isə yanacaq və elekrtik enerjisi qıtlığından çörəyin bişirilməsi mümkün olmur. Yox, kimsə bir yolla çörəyi bişirirsə, bu halda onu mağazaya çatdırmaqda çətinlik çəkir. Mağazada çatdırılan çörəyi gəlib almaq istəyən sakinlər nəqliyyat problemi yaşayırlar. Fəqət birtəhər mağazaya çatanların da əksəriyyətinin işsiz olduğundan çörək almağa zəruri maliyə vəsaiti yoxdur”.
Yəni, Paşinyan demək istəyir ki, hər şeydən məhrum olmuş, hər yerdən əlləri üzülmüş “zavallı” Qarabağ ermənilərini bu hala salan Bakıdır. Onun bu yalan və məsuliyyətsiz çıxışının cavabını isə Azərbaycan Prezidenti İlham Əliyev Şuşadan verdi: “Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazir”, gah da “deputat” adlandıranlar artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər... İnteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bax bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır”.
Bu qədər aydın və konkret cavabdan sonra dövlət başçımız “Qarabağdakı erməni azlığın hüquqlarına və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq” – dedi.
Bəli, bununla da cənab Prezident Xankəndidə mərkəzi hakimiyyətin bərpa edilməsinə, erməni əhalisinin reinteqrasiyasının həyata keçirilməsinə qədər prosesin davam edəcəyi ilə bağlı son nöqtəni qoydu.
“Pessimizm bizim siyasətimizi dəyişmir”
Danışıqlar prosesinin gedişində İrəvan üçün “qırmızı xət”dən danışan Paşinyan burada “Dağlıq Qarabağ xalqı”nın (?) hüquq və təhlkəsizliyini önə çəkir, Bakı – Stepanakert (Xankəndi -red.) dialoqunun vacibliyindən, İrəvanın dəyişməyən siyasi kursundan dəm vurur: “Doğrudur, Ermənistanda pessimizm var və bu hiss Dağlıq Qarabağda (?) hər gün güclənməkdədir. Amma bu, heç cür bizim siyasi kursumuzu dəyişə bilməz. Biz əminik ki, danışıqlar problemin həllinin yeganə üsuludur. Fəqət, digər tərəfdən, əgər məsələlər sülh yolu ilə həllini tapmırsa, onda bu proses ictimaiyyət tərəfindən boş vaxt itkisi, yaxud mediada “nəsə iş görülür” imitasiyası kimi qəbul ediləcək. Bütün bunlar isə sülh prosesinə birbaşa və ya dolayısı ilə təsir edən risklərdir”.
Müxbirin “Müharibə təkrarlana bilərmi?” – sualına məğlub ölkənin baş naziri “nə qədər ki, sülh sazişi imzalanmayıb, həmin müqaviləni iki ölkənin parlamenti paraflamayıb, müharibə ehtimalı, əlbəttə, qalmaqdadır” şəklində cavab verib. Paşinyana görə, Ermənistanın xarici siyasətinin çoxillik paradiqması Qərb və Rusiya arasında komplementarizm olub. Komplementarizmin Ermənistan üçün fəlakətli yanlışlıq olduğunu düşünən baş nazir bu səhvin heç də yeni olmadığı qənaətindədir.
“Frans-Press”ə müsahibəsində, həmçinin KTMT-nın bölgəyə hərbi müdaxiləsi variantına, Rusiyaya qarşı Qərbin sanksiya siyasətində Ermənistanın tutduğu mövqeyə də toxunan Paşinyan sonda yenidən Xənkəndidəki separatçı rejimin danışıqlarda tərəf kimi tanınmasını, Dağlıq Qarabağ ermənilərini “fəlakətdən qurtarmaq üçün beynəlxalq qüvvələri prosesə cəlb etməyin vacibliyini nəzərə çatdırmağı” da “unutmayıb”.
Düşmən marıqdadır, ayıq olmalıyıq
Azərbaycan Prezident İlham Əliyevin Şuşada Qlobal Media Forumunda çıxışı zamanı səsləndirdiyi fikirlər ölkəmizin suverenliyinə təhdid yaradan separatçılara və onlara “züy tutanlara” tutarlı cavab sayılmalıdır:
“Siz “nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir? Axı “Qarabağ Azərbaycandır” - dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox! Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Amma bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim kimi bloklayır? Bütün məsələ bundadır. Çadırlarda oturub kiməsə etiraz edilməsi komediya şousudur. Bu, sadəcə, lətifədir. Özünü “prezidentlər” adlandıran şəxslərin etiraz etməsi, oturaq tətil bizdə bəzi jurnalistlər tərəfindən zarafat mövzusu olub. Yəqin ki, növbəti mərhələdə “uzanan” tətil olacaq. Sonra nə bilim, hansı olacaq, lakin bu, məsələyə kömək etməyəcək”.
Dövlət başçımız ermənilərə ünvanladığı bu sözlərlə xalqa bir növ “yol xəritəsi”ni təqdim edərək deyib: “Biz ayıq olmalıyıq və keçmişimizi unutmamalıyıq. Unutmamalıyıq ki, qonşularımız tərəfindən kürəyimizə bıçaq sancıldı və o zaman Azərbaycandakı xaosdan istifadə edərək ərazilərimizi işğal etdi. Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayırlar. Ona görə biz istənilən ssenariyə hazır olmalıyıq”.
Şərti sərhədin o tərəfindəki yolda beton sədd qurmaqla kimdən qorunduğunu nümayiş etdirməyi hədəfləyən hayların bütün təxribatlarının, bölgədə və beynəlxalq müstəvilərdə göstərdiyi cəhdlərinin fiaskoya uğrayacağı şəksizdir. Belə lüzumsuz vurnuxmalarla danışıqlarda vaxt udduğunu düşünən Hayastanın baş naziri bununla öz sonunu yaxınlaşdırdığının fərqində olmalıdır.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Paşinyan azı il yarımdır həmin iddiaları səsləndirir. İddia və istəklə məsələlər öz həllini tapmır. Azərbaycan Qarabağ erməniləri ilə danışıqlar aparmır, onlar bizim tərəf-müqabilimiz deyil. Sadəcə olaraq, onlara dialoq çağırışı edilib, buyursunlar gəlsinlər Bakıya, burada onlarla danışacağıq. Əgər Bakı onlara uzaq və təhlükəli görünürsə, yaxınlıqda Ağdam, Şuşa var. Təhlükəsizliklərinə bütün təminatlar verilməsi şərtilə. Laçın yolunun açılması, oradan humanitar yüklərin daşınması üçün istifadə məsələsi də müzakirə olunacaq. Amma onlara Azərbaycanın həm qaz, həm də elektrik enerjisi şəbəkəsinə qoşulmaq təklifi edilib. Ən mühüm məsələ isə Ermənistandan soydaşlarımızın hamısı qovulduğu halda, rəsmi Bakı Qarabağ ermənilərinə vətəndaşlıq təklif edir.
Bu səbəbdən onların beynəlxalq platforma dedikləri ağılsız istəklərinə Azərbaycan heç reaksiya vermir. Əslində, burada məqsəd hansısa danışıq platforması qazanmaq deyil. Paşinyanın məqsədi ondan ibarətdir ki, beynəlxalq müstəvidə sülh danışıqları başlayanda Qarabağ ermənilərinin tərəf-müqabil, öz müqəddaratını təyinetmə hüququ olduğunu car çəksin. Ümumiyyətlə, beynəlxalq formatda danışıqlara bu cür yersiz müdaxilə mövcud vəziyyətin dondurulmasına xidmət edir. Guya, orada Azərbaycanın qanunları işləmir, “de-fakto” Ermənistanın bir hissəsi kimi qeyri-müəyyən müddətə bu status-kvonu qoruyub saxlaya bilsinlər. Üstəlik, ağlaşma qurmaqla bölgəyə hansısa beynəlxalq müşahidəçi qrupunu çağırmaq istəyirlər. Onların arzusu məhz budur. Təbiidir ki, Azərbaycan bunu birdəfəlik rədd edir. Bakı təklifini verib, istəmirlərsə, özlərindən küssünlər.
Azərbaycan öz siyasətini ardıcıl şəkildə aparır və önümüzdə duran əsas məsələ Qarabağ iqtisadi rayonumuzdakı qeyri-qanuni hərbi birləşmələrin tərk -silah olunması, ağır texnikanın təhvil verilməsi, burada qanunsuz yaşayan, müqavilə ilə hərbi xidmət keçən Ermənistan vətəndaşlarının torpaqlarımızdan rədd olub getməsidir. Bunu etməyə ağılları çatacaqsa, yap yaxşı, əks-təqdirdə proses ağır itkilərlə müşayiət olunacaq.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”