Ermənistan və Qarabağ erməniləri neçə aylardır ki, “blokada”da olduqlarını iddia edirlər. Laçın sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradıldığı aprelin 23-dən iyunun 15-də törədilən məlum təxribata qədər məntəqədən hər iki istiqamətdə sərbəst keçidin olmasına baxmayaraq haylar Azərbaycanı qaralamaq, ona böhtan atmaq üçün dəridən-qabıqdan çıxırlar. Son vaxtlarda Ermənistan, Qarabağ erməniləri və diasporlarının bu istiqamətdə səyləri birləşdirdikləri, bir növ koordinasiyalı hərəkətləri diqqəti cəlb edir. Onlar bununla öz aləmlərində rəsmi Bakının iradəsinə təsir etmək, böyük dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə təzyiq etməsinə nail olmaq məqsədi güdürlər.
Bu istiqamətdə sonuncu hadisə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ABŞ Prezidenti Co Baydenə, Rusiya Prezidenti Vladimir Putinə və Fransa Prezidenti Emmanuel Makrona yazdığı açıq məktubdur. Serj Sarkisyanın açıq məktubu, təbii ki, Qarabağın “blokadası” ilə bağlıdır. O, girişdə əsl hay xislətinə uyğun olaraq hiyləgərcəsinə gediş edir. Dünya ictimaiyyətinin hər zaman xüsusi həssaslıqla yanaşdığı uşaqların hüquqlarının qorunmasından bəhs edir. Bu kontekstdə dövlət başçılarının diqqətinə aşağıdakı fikirləri çatdırır: “Bir neçə gün əvvəl “Artsax”ın “Martakert” rayonunun (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonu Milli Məclisin 1992-ci ilin 13 oktyabr tarixli qərarı ilə ləğv edilərək ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonlarına verilib-S.H.) kəndlərindən birində üç yaşlı Levon və altı yaşlı Gita onların qidalanması üçün yemək tapmaq məqsədilə şəhərə getmiş analarını tapmaq istəyərkən boğularaq ölüblər. “Artsax”ın 7 aydan çox davam edən blokadası qocaların və uşaqların, sadəcə günahı öz torpağında və babalarının torpağında (?) doğulub yaşamaları və həyatı sevmələri olan sadə insanların canını almağa başlayıb. Biz bu vəziyyətlə bağlı aydın bəyanatlar verdiyinə görə bütün nüfuzlu ölkələrə və beynəlxalq strukturlara minnətdarıq. O bəyanatların həyatları uğrunda mübarizə aparan “Artsax xalqı” üçün böyük əhəmiyyəti var. Ancaq, təəssüf ki, bu bəyanatlar balaca Levon və Gitanın həyatını xilas edə bilmədi və ən dəhşətlisi, mücərrəd gələcəkdə deyil, sabah səhər bir çox başqa uşaqların və qocaların da həyatını xilas edə bilməyəcək”.
Təbii ki, S.Sarkisyanın yalan-palanla dolu geniş məktubunu burada nöqtə-vergülünədək əks etdirmək kimi bir niyyətimiz yoxdur. Onun yazdığı iki-üç abzas da bizim ona cavab yazmağımız üçün kifayət edər. Odur ki, gəlin, Sarkisyanın bura qədərki yalanlarına aydınlıq gətirək. İlk olaraq müraciətin üç ölkənin dövlət başçısına ünvanlanması diqqəti çəkir. Bunlar ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri olan dövlətlərdir. O ölkələr ki, ərköyün uşaq kimi hər zaman Ermənistanın nazı ilə oynayıblar, hər zaman onun başını sığallayıblar. Onlar bir dəfə də İrəvanın işğal və təcavüz siyasəti ilə bağlı aydın bəyanat verməyiblər. Hər zaman ikibaşlı, çoxmənalı sözlərlə tərəfləri hansısa mücərrəd barışığa çağırıblar. Necə deyərlər, “dovşana qaç, tazıya tut” deyiblər. Məhz bu ölkələrin təcavüzkarı dəstəkləməsi işğalçını şirnikləndirib, onu yeni-yeni torpaqlar ələ keçirməyə həvəsləndirib. Nəticədə, ərazilərimizin 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı törədilib. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmənin atəşi nəticəsində 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.
Yeri gəlmişkən, S.Sarkisyanın Xocalı soyqırımında iştirakı sübuta yetirilmiş faktıdır. Bu haqda az sonra bəhs edəcəyik. Ermənilər işğal olunmuş ərazilərimizə divan tutub, əllərinə keçən hər şeyi daşıyaraq satıblar. Hələ 2021-ci il yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edən Prezident İlham Əliyev işğal dövründə ərazilərimizdə baş verənləri olduqca sərrast qiymətləndirmişdi: “Azərbaycan işğal olunmuş ərazilərə qayıdandan sonra, beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil, bu ərazilərdən vəhşi qəbilə keçib”.
Həmsədr ölkələrin isə bütün bu vəhşiliklərə səssizliyi Azərbaycanı hərəkətə keçməyə vadar edib, ordumuz Ali Baş Komandanın əmri ilə 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq onların üzərinə yürüş edib. Cəmi 44 gün ərzində torpaqlarımız yağı düşməndən təmizlənib. Nəticədə ATƏT-in Minsk qrupu da tarixin arxivinə göndərilib. Buna baxmayaraq, haylar həmin qrupu “diriltmək” istiqamətində səmərəsiz gedişlər edirlər. S.Sarkisyanın müraciətinin üç keçmiş həmsədr dövlətin başçısına edilməsi bu mənasız cəhdlərdən biridir. Alınmayacaq!
***
Serj Sarkisyanın iki uşağın “blokada” nəticəsində vəfat etməsi yalanını bir müddət öncə hayların xarici işlər naziri Ararat Mirzoyan da dilə gətirmişdi. O, təxminən 10 gün əvvəl özünün “Twitter” hesabında Qarabağda “humanitar vəziyyətin pis olması” səbəbindən 3 və 6 yaşlı iki uşağın vəfat etdiyini yazmışdı. Həmin vaxt Mirzoyana ən tutarlı cavabı Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vermişdi. Cənab Hacıyev Mirzoyanın yalan paylaşımını elə “Twitter”də yazdığı bu sözlərlə ifşa etmişdi: “Ermənistan XİN rəsmi olaraq dezinformasiya yaydığı zaman faktların yoxlanması və miflərin aşkarlanması lazımdır. Birincisi, yerli polis valideyn tərəfindən nəzarətsiz qalan iki uşağın səhlənkarlıq və maşındakı yüksək temperatur nəticəsində yuxuda olarkən vəfat etdiyini təsdiqləyib. Bu, riyakarlıqdan başqa bir şey deyil. İkincisi, Laçın sərhəd nəzarət-buraxılış məntəqəsi işləyir, lakin ümumilikdə onun bu hadisə ilə heç bir əlaqəsi yoxdur. Üçüncüsü, Ermənistan xarici işlər naziri, yəqin ki, Laçın sərhəd nəzarət-buraxılış məntəqəsini qeyd etməklə, guya, Qarabağda ərzaq qıtlığı varmış kimi rəy yaratmağa çalışır. Amma Xankəndi restoranından olan videoda bunun əksi görünür”.
Beləliklə, S.Sarkisyanın bu yalanı artıq ifşa olunmuş sayılır. Onun “ananın uşaqların qidalanması üçün yemək tapmaq məqsədilə” şəhərə getməsi fikri Qarabağ ermənilərinin dünya ictimaiyyətinin gözündə fağır, mağmın obrazının yaradılması məqsədi daşıyır. “Yemək almaq” sözünün “yemək tapmaq” sözü ilə əvəzlənməsi isə ayrıca məzmuna malikdir.
***
Qeyd etdiyimiz kimi, S.Sarkisyanın Xocalı soyqırımında iştirakı sübuta yetirilmiş faktdır. Əsl adı Serjik olan bu şəxs məlum faktı Qafqaz, Rusiya və Qara dəniz bölgəsi üzrə ixtisaslaşan jurnalist Tomas de Vala 2000-ci il dekabrın 15-də verdiyi müsahibə zamanı ilk dəfə etiraf edib. Həmin dövrdə Ermənistanın müdafiə naziri olan S.Sarkisyanın müsahibəsi Tomas de Valın müəllifi olduğu “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibə arasında” adlı kitabın 172-ci səhifəsində öz əksini tapıb. S.Sarkisyan müsahibə zamanı deyib: “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə, zarafat etdiklərini düşünürdülər. Onlar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu. Biz bu streotipi sındıra bildik”.
İndi insanlıq əleyhinə cinayət olan soyqırımının iştirakçısının, əli azərbaycanlı uşaqların qanına batan qatilin iki erməni uşağın dünyasını dəyişməsinə görə açıq məktub yazması riyakarlığın son həddi kimi qiymətləndirilə bilər.
S.Sarkisyanın hansı xislətə malik olduğunu Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışı zamanı böyük məharətlə ölkə və dünya ictimaiyyətinə göstərmişdi: “Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya, orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır.
Bu adam ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdə. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumat var. Həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır”.
Cənab İlham Əliyevin Serjik Sarkisyan haqqında səsləndirdiyi bu fikirlərdən sonra çörəyini yediyi Azərbaycan xalqına xəyanət edən bu şəxs haqqında nə isə demək artıq olardı. Yalnız onu demək istərdik ki, onun bütün təşəbbüsləri kimi bu cəhdi də uğursuzluğa məhkumdur.
İlyas HÜSEYNOV,
politoloq
– Serjik Sarkisyanın bu məktubu onun gücsüzlüyündən, heç bir təsir imkanının olmamasından xəbər verir. Belə bir təəssürat formalaşdırmağa çalışır ki, hələ də siyasi gündəmdədir və cari proseslərlə bağlı fikir yürüdə bilər. Onun Qarabağ iqtisadi rayonundakı prosesləri yenidən “blokada” – Azərbaycanın sıxışdırması kimi təqdim etməsi artıq, həqiqətən də, ikrah doğurur. Bununla yanaşı, uydurmalarla diqqət çəkməyə çalışır, uydurmaları geniş təbliğ edirlər. Guya “blokada” nəticəsində iki azyaşlı həyatını itirib. Halbuki bu, belə olmayıb. Bu barədə bir müddət öncə açıqlama verilib. Onlar avtomobildəki yüksək temperatur nəticəsində yuxuda olarkən, yəni valideyn səhlənkarlığı nəticəsində vəfat ediblər. Bu cür cılız hekayələri uydurmaqla göz yaşları, mənəvi-psixoloji sarsıntı yaratmağa çalışırlar. Amma siyasət bu cür yanaşmalardan uzaqdır. Real siyasət tamamilə başqa prosesləri və hadisələri diktə edir. Ona görə də düşünürəm ki, Serjik Sarkisyanın məktubunu ciddi saymaq olmaz. Onun özü kimi, məktubu da mənasız və saxtadır.
Səxavət HƏMİD, “Xalq qəzeti”