Xəzərin suyu niyə çəkilir?

post-img

Yaxın gələcəkdə dənizin səviyyəsinin 9 metr enəcəyi gözlənilir

Xəzər dənizi suyunun getdikcə azalması son illər yenidən narahatlıq doğurur. Müxtəlif mülahizələr səsləndirilir. Bu ilin martında X Qlobal Bakı Forumunda da Xəzərin səviyyəsinin sürətlə enməsi mövzusu gündəliyə salınaraq müzakirəyə çıxarılmışdı. Toplantıda Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali yaxın gələcəkdə Xəzərdə suyun səviyyəsinin 9 metr azalacağının gözlənildiyini, bunun sahilyanı 5 ölkə üçün ciddi təhlükə törədəcəyini bildirmişdi. 

Ekoloqların böyük əksəriyyəti bu­nun səbəbini, əsasən, son illər yağın­tıların və qlobal istiləşmə nəticəsində Xəzər hövzəsinə tökülən suyun həcmi­nin azalması ilə əlaqələndirir. Ekoloq Rasim Səttarzadə bildirir: “Xəzər qapalı su hövzəsi olduğundan onun səviyyəsin­də periodik dəyişmələr labüddür. Dənizin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri də Xəzərin su ba­lansı elementlərindən, yəni, onu qida­landıran çaylardan və düşən yağıntının miqdarından, həmçinin buxarlanmadan asılıdır”. 

Rasim Səttarzadənin sözlərinə görə, dəniz dibində baş verən tektonik hərəkət­lər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 kilometrkub təşkil edib ki, bu da orta çoxillik normadan (146 kilometr­kub) xeyli dərəcədə azdır.

Son illər ərzində Xəzərin səviyyə di­namikasının dəyişməsindən bəhs edən ekoloq dənizin XX əsrdə ən aşağı sə­viyyənin 1977-ci ildə qeydə alındığını, sonradan isə qısa zamanda, yəni, 1977–1995-ci illər ərzində 2,5 metr artdığını, nəhayət, bundan sonrakı dövrdə yenidən azalma müşahidə olunduğunu bildirib. O, eyni zamanda, 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmənin də nəzərə çarpdığını, 2019-cu ildə isə dənizin orta illik səviyyəsinin Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alındığını, bunun da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksək olduğunu qeyd edib. 

Rasim Səttarzadə Xəzərin səviyyəsi­nin dinamikası barədə müddətli proqnoz verməyin mümkünsüzlüyünü də xatırla­dıb. Bu fikri isə bugünədək hazırlanan uzunmüddətli səviyyə proqnozlarının heç birinin özünü doğrultmaması ilə əlaqələn­dirib. 

Bu məqamda onu da qeyd edək ki, hazırda sosial şəbəkələrdə Xəzər dəni­zinin Qazaxıstan hissəsində suyun azal­masını göstərən videolar yayılıb. Həmin videolarda dənizin 200 metrə yaxın geri çəkildiyi, torpaq qatının üstə çıxdığı əks etdirilib. “Belə hal Xəzərin Azərbaycan hissəsində də baş verə bilərmi?” sualı­na cavabında ekoloq Rövşən Abbasov bildirib ki, Xəzərdə suyun səviyyəsinin düşməsi 1995-ci ildən mütəmadi hal alıb. Onun sözlərinə görə, dənizdə suyun ən aşağı səviyyəsi 1977-ci ildə olub. Hazır­kı vəziyyət də bu prosesin davamlılığını təsdiqləyib”. 

Ekspert belə bir şəraiti şərtləndiriən səbəbləri də diqqətə çatdırır. Birincisi, bu, Xəzər dənizinə tökülən çayların suyunun azalmasıdır. İkincisi isə qlobal istiləşmə­nin nəticələrindən irəli gəlir. O, deyir ki, qapalı hövzələrdə suyun səviyyəsinin artıb-azalması həmişə nəzərə çarpır. Dünyada elə göllər var ki, orada vəziy­yət daha acınacaqlıdır. Xəzərdə suyun səviyyəsinin daha çox düşməsinin qarşı­sını alan Volqa çayıdır. Belə ki, Xəzər də­nizinə suyun 80 faizi Volqa çayı ilə gəlir. Rusiya hidroloqlarının məlumatına görə, Volqada suyun yağışlı havalarla əlaqə­dar artacağı gözlənilir. Əgər belə olarsa, Xəzərdə suyun səviyyəsi qalxacaq. Avro­palı mütəxəssislər isə bildirirlər ki, Xəzər­də səviyyə bir neçə metr düşə bilər.

Bu günlərdə isə Qazaxıstan me­diasında jurnalist Talqat Umarovun həyəcan doğuran bir yazısı yayımla­nıb. Müəllif Xəzər dənizinin dayazlaş­masının kritik həddi keçdiyini, suyun səviyyəsinin kəskin aşağı düşdüyü­nü diqqətə çatdırıb. T.Umarov yazıb: “Xəzər dənizində suyun səviyyəsi 2006-cı ildən azalmağa başlayıb və 2022-ci ildə kritik həddə çatıb. Qazaxıstan hakimiyyəti hesab edir ki, dünyanın ən böyük qapalı (dünya okeanından təcrid olunan) su an­barının dayazlaşması iqlim dəyişikliyi ilə bağlıdır. Başqa sözlə, istiliyinin artması, yağıntının zəif olması və çaylarda sulu­luğun getdikcə azalması Xəzərdə suyun çəkilməsini şərtləndirir”. 

Ekoloq Azamat Sarsenbaev Aktau şəhər sakinlərinin 2016-cı ildən eti­barən Xəzər dənizinin kəskin dayaz­laşmasını hiss etdiklərini bildirib: “Ha­zırda bəzi yerlərdə su birdən-birə bir neçə metr çəkilib. Suyun azalması səbəbindən bütün adalar açılıb. Dəniz şəhərdən on metrlərlə, şimal tərəfdən isə kilometrlərlə uzaqlaşıb. “Dəniz səviyyəsinin bir metr­dən çox aşağı düşməsi Xəzər dənizinin sahil zolağının, xüsusən də Qazaxıstan sektorunun mövqeyinin dəyişməsinə sə­bəb olub. Bu, dəniz sahəsinin dibinin və ona bitişik qurunun kiçik yamaclarına ma­lik olması və hətta dəniz səviyyəsindəki kiçik dəyişikliklərin əhəmiyyətli dərəcədə daşqın və ya sahilin qurumasına gətirib çıxarması ilə izah olunur. Bu müddət ər­zində dənizin su səthinin sahəsi 22 min kvadratmetrdən çox azalıb. 

Azamat Sarsenbayev Xəzər dənizi­nin dayazlaşmasını həm də su anbarını qidalandıran iki əsas çayın–Jayk (Ural) və Volqanın vəziyyətinin pisləşməsi ilə əlaqələndirir: “Düşünürəm ki, bunun əsas səbəbi bu çayların vəhşicəsinə istismar olunmasıdır. Sovet İttifaqının dağılma­sından bəri həmin çaylar üzərində çoxlu sayda bəndlər tikilib, su kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur, sahilbo­yu şəhərlər var ki, onlar da Jayk və Volqa­dan su ilə təmin olunurlar”.

Ekoloq və “EkoMangistau” qey­ri-hökumət institutunun direktoru Kirill Osin də Xəzərin acınacaqlı vəziyyətinin səbəblərindən biri kimi çayların dayaz­laşmasını hesab edir: “Bu, əsasən, iqlim dəyişikliyindən təsirlənir. Çaylar təbii yolla suyu qəbul etmir və əlavə olaraq sudan qeyri-rasional istifadə, çay yatağının lil­lənməsi kimi amillər də mənfi rol oynayır”. 

Qazaxıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzəri qidalan­dıran çayların vəziyyətinin pisləşməsi ilə bağlı ictimaiyyət nümayəndələrinin fikri ilə həmrəydir. Nazirliyin məlumatında Xəzər dənizindəki suyun 90 faizdən çox hissə­sinin Rusiya Federasiyası ərazisindən keçən Volqa çayı vasitəsilə gəldiyi deyilir. Jaiyk çayının payının isə 2 faizdən çox olmadığı, onun Xəzər dənizinin balıq eh­tiyatlarının çoxalmasında mühüm önəm daşıdığı diqqətə çatdırılır. Eyni zamanda, bu çayın axınının 50-60 faiz azalması, buna görə də kürü tökmə yerlərinin deqra­dasiyaya uğraması səbəbindən də çayın ekoloji vəziyyəti daha da pisləşir. 

Qazaxıstan mətbuatı yazır ki, və­ziyyəti normallaşdırmaq məqsədilə Qazaxıstan və Rusiya tərəfindən“Çay hövzələrində (Jaiyk, Yertis və s.) tə­dqiqatlar üzrə əməkdaşlığın intensiv­ləşdirilməsi üzrə birgə “Vahid yol xə­ritəsi” imzalanıb. 

Bu ölkənin sosial şəbəkələrində Xəzə­rin suyunun çəkilməsi də xronoloji ardıcı­lıqla yayımlanıb. Başqa sözlə, ötən əsrdə qazax alimləri tərəfindən Xəzərdə ilk da­yazlaşma hallarının 1930–1941-ci illərdə müşahidə edildiyi, bu dövrdə dəniz sə­viyyəsinin genişmiqyaslı iqlim dəyişikliyi səbəbindən Baltik sisteminə görə, 27,85 metr azaldığı vurğulanıb. Sonrakı illərdə dayazlaşmanın sürəti azalıb və 1960-cı illərdə sabitləşmə müşahidə edilib. Ötən əsrin 70-ci illərinin birinci yarısında isə bu səviyyə son 150 ildə həddindən artıq aşağı düşüb və sahilyanı ərazilərin səh­ralaşması prosesi başlayıb. Lakin 1978-ci ildən başlayaraq, Xəzərin səviyyəsində yenidən yüksəlmə müşahidə olunub və 1995-ci ilə qədər 2,5 metr qalxaraq 26,62 metr Baltik sisteminə çatıb. Bu dövr ər­zində səviyyənin qalxmasının orta inten­sivliyi ildə təqribən 14 santimetr, bəzi il­lərdə isə 36 santimetr təşkil edib. 1995-ci ildə dəniz səviyyəsinin qalxması yenidən səngiyib, 2006-cı ildən isə təzədən azal­mağa başlayıb. 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Ekologiya