Prezident İlham Əliyevin inteqrasiya məntiqi: tələblər, şərtlər və xəbərdarlıq

post-img

Prezident İlham Əliyevin iyulun 21-də keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusundakı Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər nəinki Azərbaycanın, bütövlükdə regionun və beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dövlətimizin başçısının toxunduğu vacib məsələlərdən biri də Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasıdır. 

Maraqlıdır ki, ölkəmizin liderinin mövcud xüsusda üzərində dayandığı ilk məqam Qarabağa qanunsuz daşımala­rın həyata keçirilməsi idi. Məlum olduğu kimi, əvvəllər söhbət silah-sursat və mina daşınmasından gedirdisə, hazırda gün­dəmdə olan məsələ qaçaqmalçılıqdır. Hər iki hal Azərbaycan qanunlarına say­mazyana münasibətdir. Halbuki, ölkəmiz 44 günlük müharibədən sonra haylara şans vermişdi…

***

Əslində inteqrasiya təklifinin özü də şansdır. Prezident isə sözü­gedən forumda Ermənistana şansın müharibədən əvvəl də verildiyini vurğuladı: “Biz İkinci Qarabağ müharibə­sinin başlanmasına qədər iki il müddətin­də erməni rəhbərliyinə də şans vermişik, amma onlar bundan istifadə etmədilər. Biz Laçın-Xankəndi yolunun, sadəcə, “özbaşına keçid” olduğu, Ermənistanın 2021-ci ildə istehsal etdiyi minaların bu yol vasitəsilə göndərdiyi vaxtda da şans verirdik. Biz bu minaları aşkar etdik, tapdıq. Biz Rusiya sülhməramlı kontin­gentinin, həmçinin Ağdamda yerləşən Rusiya-Türkiyə monitorinq mərkəzinin nümayəndələrini dəvət etdik, göstərdik və sual verdik: “Bu minalar Qarabağa necə gətirilib? Onları kim gətirib? Kim diqqətdən qaçırıb?”. Halbuki, bu, müm­kün deyil. Ermənistan terroru davam et­dirdiyindən, biz qələbədən sonra öz əra­zimizdə nə üçün həlak olmalıyıq?!”

Azərbaycan Prezidenti bütün bun­ların Qarabağ ermənilərinin Azərbayca­na inteqrasiyasına maneçilik törətdiyini əsaslandırarkən, ölkəmizin mövcud is­tiqamətdəki əks addımlarından da söz açdı, postmüharibə dövrünün xüsusiy­yətlərinə nəzər saldı, həmçinin bu addım­ların məntiqli, əsaslandırılmış, müdrik və kifayət qədər cəsarətli olduğunu bildirdi. Əlbəttə, dövlətimizin başçısı Azərbayca­nın götürdüyü kursun legitimliyinin bütün aktorlar tərəfindən həvəslə, tam qəbul edilmədiyini də vurğuladı. “Lakin biz neçə dəfə mesaj göndərməliyik, neçə dəfə işarə etməliyik? Məgər bunlar artıq az idi?”, – deyən cənab İlham Əliyevin ölkə­mizin qətiyyət və prinsipiallıq nümayişini obyektiv zərurət kimi dəyərləndirməsi, mövcud xüsusda Fərrux əməliyyatını, 2021-ci ilin mayında Ermənistan-Azər­baycan sərhədindəki vəziyyəti, o cümlə­dən 2022-ci ilin sentyabrındakı durumu və nəzarət-buraxılış məntəqəsinin qurul­ması ehtiyacını qabartması, onu deməyə əsas verir ki, Bakının mesajlarından düzgün nəticə çıxarılmaması, inteqrasi­ya istəklərimizə qarşı çıxmaq mahiyyəti daşımaqdadır. Hər halda səbrimiz tükən­məz deyil və qarşı tərəfin də bunu anla­ması mütləqdir. 

Ermənistan hakimiyyəti, ermə­nipərəst dairələr, xaricdəki erməni lobbi və diaspor təşkilatlarının təmsilçiləri an­lamalıdırlar ki, 44 günlük müharibədən sonra bölgədə yaranmış reallıqlara qarşı çıxmaq cəhdləri əbəsdir. Həmin qüvvələr onu da dərk etməlidirlər ki, Bakının inteq­rasiya çağırışlarının nəzərə alınmaması, Qarabağın erməni əhalisinin durumuna mənfi təsir göstərməkdədir. Ancaq anla­maq istəmirlər.

*** 

Bəli, Qarabağın erməni icması­nın nümayəndələri bilavasitə təşəbbüs göstərməli, vətəndaşı olduqları dövlətin iradəsini əsas götür­məlidirlər. Düşünməlidirlər ki, Bakının in­teqrasiya məntiqinə adekvat davranma­ları ölkəmizin onları separatçılardan ayrı tutması baxımından son dərəcə mühüm amildir. Bu durum hansısa ön şərtin irəli sürülməsini inkar edir. Lakin biz görürük ki, bölgənin separatçı rejimi özünü oranın erməni əhalisinin baxışlarının ifadəçisi qismində aparır. Elə bu səbəbdən Azər­baycanın inteqrasiya ritorikasından irəli gələn görüş dəvətləri heçə sayılır. Yada salaq ki, Azərbaycan Respublikası Prezi­dentinin Administrasiyası Qarabağın er­məni nümayəndələrini iki dəfə Bakıya gö­rüşə çağırıb. Üstəlik, cənab İlham Əliyev əvvəlki çıxışlarında separatçı rejimin təmsilçilərinə amnistiyanın şamil ediləcə­yinin mümkünlüyü barədə danışıb…

Deməli, ölkəmizin sərt və prinsipi­al davranması üçün əsaslar formalaşır. Azərbaycan lideri bildirdi ki, indi inteq­rasiya məsələsinin yeni fazası Qarabağ ermənilərinin yanlışlardan, onları girov götürən, qul kimi istismar edən xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır. An­caq görünən budur ki, istismar davamlı xarakter alıb. Vaxtilə ekofəallarımız La­çın-Xankəndi yoluna çıxanda, Xankən­didəki sözdə “erməni rəhbərliyi” sadə insanların bu yoldan istifadəsinə icazə vermirdisə, hazırda dövlətimizin başçı­sının dili ilə desək, istismarın digər tə­zahür formaları var. “Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar. Siz “nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir? Axı “Qara­bağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gə­tirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır”, – deyən Prezident İlham Əliyevin Bakının prinsi­pial yanaşmasının məntiqi çalarlarına müfəssəl aydınlıq gətirdiyi göz qabağın­dadır.

Deməli, Qarabağ erməniləri bölgədə separatçıların düzənlədikləri, Ermənistan hakimiyyətinin dəstək verdiyi “proseslər­dən” kənar durmalıdırlar. Belə “ssenarilə­rin” onların yaşadıqları, ömür sürdükləri ərazidə perspektiv mövcudiyyət baxımın­dan heç bir nəticə doğurmadığını hesab­lamalıdırlar. Onu da düşünməlidirlər ki, siyasi oyunlarda alətə çevrilmək gələcək mövcudiyyət üçün ziyanlı tendensiyadır. Axı Azərbaycan Prezidentinin haqqında söz açdığı Fərrux əməliyyatı, eləcə də şərti sərhəddə yaranmış gərginliklər, ən əsası Laçında Həkəri çayının üzərində qurulmuş sərhəd məntəqəsi Qarabağda­kı separatçılıq çənbərini daraldır. Çənbər daraldıqda isə separatçı rejimin təmsil­çiləri ilə yanaşı, sıravi ermənilər də mən­gənədə sıxılırlar. Bu sıxıntını kimlərinsə “blokada” adlandırmasının heç bir əhə­miyyəti yoxdur. Çünki bir prinsipial yol var və bir daha bildirək ki, Azərbaycan o yol­dakı qətiyyətini heç bir qüvvəyə güzəştə gedən deyil. Bu, sadəcə mümkünsüzdür. Həm də ona görə ki, İkinci Qarabağ mü­haribəsi olub və həmin müharibədə xalqı­mız şəhidlər verib. O şəhidlərin qanı qar­şılığında kimlərinsə etiraz edirmiş kimi çadırlar qurması dövlətimizin başçısının vurğuladığı kimi, komediya şousundan başqa bir şey deyil: “Bu, sadəcə, lətifədir. Özünü “prezidentlər” adlandıran şəxslə­rin etiraz etməsi, oturaq tətil bizdə bəzi jurnalistlər tərəfindən zarafat mövzusu olub. Yəqin ki, növbəti mərhələdə “uza­nan” tətil olacaq. Sonra nə bilim, hansı olacaq, lakin bu, məsələyə kömək et­məyəcək”. 

Bəli, Prezident İlham Əliyev bildirir ki, ölkəmiz Qarabağdakı erməni azlığının hüquqlarına və təhlükəsizliyinə əməl et­məklə, Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübəyə əsas­lanaraq, yenidən inteqrasiya yolu ilə irə­liləməyə hazırdır. Bu baxışın alternativi yoxdur. 

***

Azərbaycan çoxmillətli və çox­konfessiyalı dövlətdir, ölkə­mizdə yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq və və­zifələrə, təhlükəsizlik səviyyəsinə ma­likdirlər. Ermənistan rəhbərliyi, dünya erməniliyi isə çalışır ki, Qarabağ ermə­niləri əlahiddə imtiyazlı təbəqə kimi təsbit olunsunlar və belə yanaşma Azərbay­canla Ermənistan arasındakı sülh müqa­viləsində əksini tapsın. Nə üçün? Cavab çox sadədədir – gələcəkdə Azərbaycana qarşı ərazi iddiası sürmək mümkünləş­sin. Nəzərə alaq ki, belə bir hal vaxtilə yaşanmışdı – 1923-cü ildə Azərbaycanın tərkibində keçmiş Dağlıq Qarabağ Mux­tar Vilayətinin yaradılması XX əsrin 80-ci illərinin sonuna yaxın erməni avantürizmi üçün qondarma hüquqi zəmin formalaş­dırmışdı. İndi də eyni düşüncə ortada­dır. Fərq yalnız ondadır ki, əvvəl ərazi məsələsi “prioritet” götürülürdü, indi isə əhali. 

Azərbaycan Qarabağ ermənilərinə şansı bütün bunlara rəğmən verir. Əs­lində, cənab İlham Əliyevin Şuşa Qlobal Media Forumunda mövcud istiqamətdə səsləndirdikləri də şansdır. Əlbəttə, söh­bət prinsipial yanaşmaya əsaslanmış, er­məni separatçılığı üçün heç bir perspek­tiv vəd etməyən şansdan gedir. Elə bir şansdan ki, onun daxili təbiətinə hansısa etnik qrupu fərqləndirmək təmayülü tam yaddır. Bunu ölkəmizin başçısı da vurğu­layır: “Nə üçün hansısa etnik qrup bu fon­da fərqlənməlidir, bu, mənə də tam aydın deyil. Bax, bizim yanaşmamız belədir. Biz indiyədək Xankəndidə və ətrafında yaşayan cəmiyyətin sağlam düşüncəli hissəsinin Azərbaycana belə məhəl qo­yulmamasının bütün perspektivsizliyini başa düşəcəyinə və sağlam düşüncənin üstünlük təşkil edəcəyinə inamımızı itir­məmişik”.

*** 

Bəs, inamımızı itirsək, necə ola­caq? Yəni, çənbər bir qədər də daralsa, hadisələr hansı səmtdə inkişaf edəcək? Axı Azərbaycan Prezidenti heç də əbəs yerə ölkəmizin ordu quruculuğuna diqqəti daha da artır­dığını vurğulamadı. Əbəs yerə bildirmədi ki, hazırda Azərbaycan Ordusu üç il əv­vəlkindən daha güclüdür. Bu kimi xatır­latmalar, əslində xəbərdarlıq idi. Cənab İlham Əliyev xəbərdarlığını Qarabağ er­mənilərinin inteqrasiyasına qarşı çıxan qüvvələrə ünvanlamaqla, Azərbaycanın baxışlarına zidd məntiqin növbəti hərbi eskalasiyaya rəvac verəcəyini də bildir­məkdədir. Belə olduqda isə yaranacaq mənzərə aydındır. Ölkəmizin lideri Şuşa forumunda həmin mənzərənin doğuraca­ğı reallıqlardam söz açdı: “Əks halda, dü­şünürəm ki, kiminsə gəlib onların yerinə döyüşəcəyinə indi yalnız sadəlövhlər bel bağlaya bilər”. 

***

Bəli, istər Qarabağdakı separatçı rejimin, istər Ermənistan rəh­bərliyinin, istərsə də bölgənin sadə erməni əhalisinin reallıqları anlaya bilməsi və barışması üçün bir neçə mər­hələ olub. Ancaq görünən budur ki, hə­min mərhələlərin doğurduğu nəticələrdən dərs götürmək istəyənlər yoxdur. Əvə­zində ayrı-ayrı instansiyalara, qonşular­dan başlayaraq, uzaqda yerləşən bəzi ölkələrə qədər müxtəlif dövlətlərə müra­ciətlər var. “Amma, zənnimcə, ağlı başın­da olan heç kim Azərbaycanın ərazisində bizimlə döyüşməyəcək. Ona görə də on­lar sonunda bu reallıqları başa düşmə­li və barışmalıdırlar”, – deyən Prezident İlham Əliyev bir daha ölkəmizin mövqeyi­nin sarsılmazlığına əminlik yaradır. 

Sonda onu da deyək ki, Azərbayca­nın liderinin əminliyi sınaqdan çıxmış, yaxın tariximizdə bizə aşılanan təslimçilik meyillərinə qarşı barışmazlıq təbiətinə və xarakterinə malikdir. Ölkəmiz bu xarak­teri inkişafına, əldə etdiyi gücə və qüd­rətə, proqmatik dəst-xəttinə güvənərək formalaşdırıb. Bu xarakter bizi xalq kimi ayaqda saxlayıb, Qarabağa yenidən sahiblənməyimiz üçün ideoloji motiv for­malaşdırıb. Bu mənada Prezident İlham Əliyevin də tarixdən söz açması heç də təsadüf sayılmamalıdır.

*** 

İndi Qarabağ ermənilərinin inteqra­siyası məsələsinə prinsipial yanaş­dığımız kimi, illər əvvəl də bizi işğal reallığı ilə barışmağa çağıranların fikirlə­rinə qarşı çıxmaqda əzmkarlıq göstəririk. Bu yerdə dövlətimizin başçısının növbəti xəbərdarlıq mesajını diqqətə çatdırmaqla yazımızı tamamlayaq: “Artıq söylədim ki, işğal dövründə vasitəçilər mənə dəfələr­lə deyirdi ki, “Birinci Qarabağ müharibəsi belə qurtarıb, siz reallıqları qəbul etmə­lisiniz”. Lakin mən onları qəbul etmirdim və etmədim. Ancaq indi mən yenə də deyirəm: gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq. Bu səbəbdən ümid edirəm ki, onlar bu sözləri eşidəcək və düzgün nəticə çıxaracaqlar”.

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət