Bir müddətdir blokadada olduqlarını iddia edərək haray-həşir salan Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyəti zonasında yaşayan erməni azlığının başbilənləri bu hay-küydən nəticə çıxmadığını görüb yeni üsullara baş vurmaqdadırlar. Onlar bu dəfə İrəvanda mitinq keçirməklə, Xankəndidə “oturaq aksiya”lar düzənləməklə, dünyanın aparıcı dövlətlərinin başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə məktublar ünvanlamaqla və sair formalarda təxribatçı əməllərini davam etdirməyə çalışırlar.
Dünən onlar İrəvanın mərkəzi meydanlarından birində etiraz aksiyası keçiriblər. Aksiyadan öncə Azərbaycan torpaqlarında vaxtilə mövcud olmuş separatçı rejimin tör-töküntülərinin “dövlət naziri” Qurgen Nersisyan İrəvanda olan Qarabağ ermənilərini orada fəal iştiraka səsləyib. O, özünün “Facebook” səhifəsində yazıb: “44 günlük müharibə nəticəsində məcburi köçkün düşmüş (?) və hazırda Ermənistanda olan “artsaxlılar” İrəvanın Aleksandr Myasnikyan meydanında “Artsaxın və xalqımızın” hüquqlarının müdafiəsi üçün mitinq təşkil edəcəklər. Hər kəsdən fəal iştirak etməyi xahiş edirəm”.
Q.Nersisyanın daha sonra “biganə biznesmenlərlə” bağlı yazdığı fikirlər daha çox diqqət çəkir: “Çoxsaylı çağırışlardan sonra mən İrəvan restoranlarında vaxt keçirən, öz biganəliyi ilə həmvətənlərimizin “Artsax”ın müdafiəsi uğrunda apardığı mübarizəni dəyərsizləşdirən, illərdir “Artsax”ın ictimai vəsaitlərini yeyən və istifadə edən “biznesmenləri” öz davranışlarına yenidən baxmağa və soydaşlarımızın “Artsax”ın müdafiəsinə yönəlmiş səylərində iştirak etməyə çağırmaq məcburiyyətindəyəm. Onları tək buraxmaq xəyanətə bərabərdir”.
Edilən bu çağırışa, aparılan təbliğata baxmayaraq, “qarabağlı”ların İrəvandakı “mitinqi”nə qatılanların sayının azlığı diqqət çəkib. Onlar əllərində ənənəvi şüarlar yazılmış plakatlar qaldıraraq və yazıq görkəm alaraq beynəlxalq ictimaiyyətdən imdad diləyiblər. Yeri gəlmişkən, hayların bu davranışı 1988-ci ildə baş verən hadisələri yada salır. Həmin dövrdə də onlar Azərbaycanı qaralama kampaniyası aparır, Bakının Qarabağ ermənilərinin hüquqlarını pozduğunu bildirirdilər. Məhz bu kampaniyanın nəticəsi idi ki, ölkəmiz informasiya blokadasına düşmüşdü. Nəinki Qərbdə səsimizə səs verən yox idi, əksinə, bizim əleyhimizə müxtəlif sənədlər qəbul olunurdu. ABŞ Konqresinin 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul etdiyi və Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan Azadlığa Dəstək Aktına 907-ci düzəliş bunun bariz nümunəsi idi. Bu düzəlişlə Azərbaycan ABŞ Administrasiyasının keçmiş sovet respublikalarına göstərdiyi yardımından xaric edilən yeganə ölkə olub. Bütün bunlar o vaxt baş verirdi ki, ABŞ-da heç Azərbaycanın səfirliyi fəaliyyət göstərmirdi. Yalnız 2001-ci ilin 11 sentyabr terror hadisəsindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. İndi isə erməni lobbisi hər nə qədər çalışsa da, Azərbaycanın fəal, hücumçu mövqeyi, aktiv diplomatik iş aparması nəticəsində istədiyi nəticəni əldə edə bilmir.
Hayastanın xəbər saytları dünən separatçı rejimin tör-töküntüsünə rəhbərlik edən Arayik Arutyunyanın da Xankəndinin mərkəzi meydanında, guya, oturaq aksiyanı davam etdirməsi (?) barədə xəbər yayıblar. Ancaq bununla bağlı yayılan xəbərləri oxuduqda, heç bir oturaq aksiyadan söhbət getmədiyi məlum olur. Onun, həmçinin müxtəlif şəxslər və vətəndaş qrupları ilə mütəmadi görüşlər keçirdiyi bildirilir. 44 günlük müharibədə ölən və itkin düşən hərbçilərin qohumları ittifaqı adlı qondarma qurumun üzvləri ilə görüşdə A.Arutyunyan oturaq aksiya keçirmək qərarının səbəblərini açıqlayıb. O, gələcək proqramlardan da danışıb və istənilən qərarın “xalqla” birgə veriləcəyini vurğulayıb.
Yeri gəlmişkən, Qarabağın “parlamenti” dünən “növbədənkənar sessiya” keçirib və BMT-nin bölgədə sülhün təmin edilməsi üçün müvafiq tədbirlər görməsinə dair müraciət göndərib. Müraciətdə deyilir ki, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin beynəlxalq mandatı yoxdur və bu vəziyyət, guya, Azərbaycanın üçtərəfli bəyanatı və beynəlxalq hüququn norma və prinsiplərini “pozmasına” yaşıl işıq yandırır. Ona görə də “parlament” Ermənistanı BMT Təhlükəsizlik Şurasına, Baş Assambleyaya müəyyən olunmuş proseduru tətbiq edərək, regionda sülhün və təhlükəsizliyin qorunması naminə Qarabağda yerləşən sülhməramlı missiyaya beynəlxalq mandat vermək üçün dərhal tədbirlər görməyə çağırıb.
Qondarma “Artsaxın təhlükəsizlik və inkişaf cəbhəsi”nin koordinatoru, sabiq “dövlət naziri” Ruben Vardanyan isə deyib ki, yaranmış “böhran”dan çıxmaq üçün atılmalı olan addımların biri Rusiya sülhməramlılarının Qarabağdakı missiyasının BMT-nin rəsmi beynəlxalq mandatını almasıdır. O qeyd edib ki, BMT, məsələn, Çin sülhməramlı kontingentini cəlb etməklə, Qarabağda sülhməramlı missiyanın genişləndirilməsi variantlarını nəzərdən keçirə bilər. Onun digər sərsəmləməsi humanitar hava dəhlizinin işə salınması ilə bağlı olub. Həmçinin Qarabağa mümkün qədər tez BMT və ya digər beynəlxalq təşkilatlar (AŞPA, Avropa İttifaqı) faktaraşdırıcı missiya göndərməlidir.
Qondarma parlamentin “xarici əlaqələr komitəsinin sədri” Vahram Balayan isə separatçıların gizli hazırlıq içində olduğunu etiraf edib. Qeyd edək ki, bir müddət öncə A.Arutyunyan “müxtəlif tədbirlərə” əl atacaqlarını açıqlayıb. Qondarma “dövlət naziri” Nersisyan isə bu addımların bir həftədən daha tez atıla biləcəyini deyib. Məlumatlar deməyə əsas verir ki, separatçılar “dönüş” adlandırdıqları addımları yaxın günlərdə atmağa hazırlaşırlar. Bu addımların ordumuzun mövqelərinə qarşı təxribat ola biləcəyi də istisna edilməməlidir.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni azlığının separatçı tör-töküntüsünün “təhlükəsizlik şurasının sabiq katibi” Samvel Babayan da dünən Xankəndidəki “müddətsiz aksiya” şousu haqda danışıb. O deyib: “Hazırda Qarabağda ən çox işlənən söz “mübarizə” sözüdür. Mübarizə üçün müxtəlif yanaşmalar təklif olunur. Təklif edirəm ki, şüar siyasətindən uzaqlaşaq, mübarizə imitasiyasından əl çəkib praktik işə keçək. “Parlamentdəki ikinci qüvvənin lideri” kimi təklif edirəm ki, Xankəndi-Bakı dialoqu vasitəsilə qarşılıqlı etimad mühiti yaradaq. Qarabağda beynəlxalq zəmanətli sülhməramlı mandatı almaq, həmçinin Azərbaycanın BMT-yə qəbul olunduğu ərazi üzrə üzvlük məsələsinə baxılması üçün bu təşkilata müraciət etmək lazımdır. Qarabağ ətrafında yaranmış vəziyyəti həll etmək üçün SSRİ-nin hüquqi varisi kimi, Rusiya Federasiyasına müraciət etməliyik”.
Qeyd edək ki, S.Babayan, guya, Azərbaycana reinteqrasiya tərəfdarı kimi çıxış etdiyi üçün separatçılar arasında “satqın” adlandırılır. Halbuki, o, hazırkı durumda Azərbaycanla danışıqlar yolu ilə hansısa “status” almağa, guya, danışıq tərəfdarı kimi çıxış edərək, beynəlxalq müstəvidə ölkəmizə qarşı mənfi rəy yaratmağa çalışan və əli günahsız azərbaycanlıların qanına batmış şəxsdir. Onun hazırkı “təklifləri” də qəbuledilməzdir. Çünki “Xankəndi-Bakı dialoqu” deyilən bir format ola bilməz. Digər tərəfdən, Qarabağda beynəlxalq zəmanətli sülhməramlı mandatı almaq üçün rəsmi Bakının razılığı lazımdır. Azərbaycan isə 2025-ci ildə bölgədə qalma müddəti bitən Rusiya sülhməramlı kontingentinin Qarabağı tərk etməsində maraqlıdır. Ölkəmiz mücərrəd beynəlxalq zəmanət adı altında hansısa yeni sülhməramlı kontingentin bölgəyə gəlişində maraqlı ola bilməz.
Samvel Babayanın təklifi, yəni Qarabağ ətrafında yaranmış vəziyyəti həll etmək üçün SSRİ-nin hüquqi varisi kimi Rusiyaya müraciət etmək fikri də ölkəmiz üçün qəbuledilməzdir. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiası, sonra isə açıq hərbi işğalı ilə başlayıb. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı ağır məğlubiyyətə uğradıb, onu kapitulyasiya aktı imzalamağa məcbur edib. Bu ilin mayında isə ölkənin baş naziri Nikol Paşinyan Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edib. Bütün bunların baş verməsindən sonra yenidən sıfıra qayıtmaq Azərbaycan üçün heç cür qəbul oluna bilməz.
Zaur MƏMMƏDOV,
politoloq
– Görünən odur ki, həm Arayik Arutyunyan, həm də Ruben Vardanyan bölgədə yenidən qan tökülməsini istəyirlər. İstər Arutyunyan, istərsə də Vardanyan öz çıxışlarında Azərbaycana tabe olmayacaqlarını qeyd edirdilər. Onların son zamanlar “cəsarətli” çıxışlar etmələri də bunun göstəricisidir. Sanki özlərini qan tökülməsindən sığortalayıblar. Ancaq başa düşməlidirlər ki, Azərbaycanın hələ də təmkin nümayiş etdirməsinin səbəbləri var. Onların arxasında dayanan qüvvələrin kimliyi də məlumdur. Hər halda onların çıxışları Azərbaycana separatçılara qarşı əməliyyat keçirmək üçün legitim əsaslar verir. Yaxşı olardı ki, bu gün başından böyük danışan Arayik Arutyunyan 44 günlük müharibə zamanı hansı vəziyyətdə olduqlarını, hansı zirzəmilərdə gizləndiklərini unutmasın. Onlar öz çıxışları ilə Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarına da ciddi zərbə vururlar. Bunu rəsmi İrəvan da nəzərə almalıdır.
Səxavət HƏMİD, “Xalq qəzeti”


