Rəsmi İrəvanın Avropada, eləcə də okeanın o tayında özünə beynəlxalq dəstək aradığı, bu məqsədlə yeni “diplomatik kampaniyaya” start verdiyi barədə ötən nömrədəki yazımızda bəhs etmişdik. Avropaya “dilənçilik turnesinə” çıxan Ermənistan XİN-in başçısı Ararat Mirzoyanın beynəlxalq institutların rəhbərləri, dövlət rəsmiləri ilə elə ilk təmaslarında Bakının ünvanına yalan və böhtandan yoğrulmuş iddialar səsləndirməsi qətiyyən təəccüblü olmadı.
Hayastanın “armenpress” agentliyi yazır ki, A.Mirzoyan ATƏT-in baş katibi Xelqa Şmidlə görüşündə Cənubi Qafqazda təhlükəsizliyin vəziyyəti, eləcə də, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində son irəliləyişlər barədə ətraflı danışıb. Ardınca “Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyi” məsələsinin beynəlxalq mexanizm (?) çərçivəsində həllinin vacibliyini xüsusi olaraq vurğulayıb. Azərbaycanın BMT Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlarının icrasından, guya, boyun qaçırdığını deyən Mirzoyan Bakının “Laçın dəhlizini bağlı saxladığını” iddia edib. Hayların baş diplomatı bir az da irəli gedərək ATƏT-in baş katibinin diqqətini “XXI əsrdə Avropanın qonşuluğunda növbəti humanitar fəlakətin və Dağlıq Qarabağ əhalisinin etnik təmizləməyə məruz qalmasının qarşısının alınması üçün beynəlxalq aktorların fəal hərəkətə keçməsinin zəruriliyinə” yönəltməyə cəhd göstərib. Hətta, bu məqsədlə ATƏT-in mövcud mexanizm və vasitələrindən “effektiv istifadəni” yada salıb. Həmçinin, Mirzoyanın Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə birgə mətbuat konfransında Azərbayacana qarşı səsləndirdiyi iddialarının nə hüquqi əsası var, nə də məntiqi izahı.
“Qarabağ əhalisi” kimdir?
Amma, əlbəttə ki, rəsmi Bakı hayların baş diplomatının əsassız iddialarını, sərsəm açıqlamalarını cavabsız buraxmadı. Azərbaycan XİN A.Mirzoyanın dediklərinə operativ və kəskin reaksiya verdi:
“İyulun 18-də Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə Azərbaycanı bir sıra əsassız iddialarla təqsirləndirərək, bölgədə sülh və sabitlikdə maraqlı olmadığını deyib.
Ermənistan xarici işlər nazirinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə, 30 ilə yaxın müddətdə işğal altında saxladığı, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyi Qarabağda yaşayan ermənilərin “hüquq və təhlükəsizliyini” bəhanə gətirərək, sülh prosesinə müxtəlif iddialarla maneçilik törətməsi Ermənistan rəsmilərinin əsl niyyətindən xəbər verir. “Qarabağ əhalisi” dedikdə yalnız erməni sakinlərin hüquqlarının nəzərdə tutulması və bu torpaqlardan qovulmuş azərbaycanlı sakinlərin “hüquq və təhlükəsizliyinin” gözardı edilməsi qəbuledilməzdir”.
Mirzoyanın Bakıya qarşı iddia və tələbləri hüquqi, məntiqi nonsenslə yanaşı, ironiyalı gülüş doğuran məqamlarla “zəngindir”. Elə götürək həmin Beynəlxalq Ədalət Məhkəməsinin Mirzoyanın dediyi iki məlum qərarını. Beynəlxalq Femida çıxardığı qərarları ilə Azərbaycanın öz sərhədləri daxilində suveren ərazisinə nəzarət hüququnu təsdiqləyib. Bu isə avtomatik olaraq şərti sərhəddə, Laçın yolunda Azərbaycanın qurduğu nəzarət-buraxılış məntəqəsinin ləğv edilməsi barədə Ermənistanın tələbinin tam əsassız olduğunu isbatlayır. Yəni, bizim ölkəmizdən nə İrəvanın, nə də bir başqasının nəsə tələb etməyə heç bir hüquqi ixtiyarı yoxdur.
Alternativ yol haylara sərf eləmir
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə ötən həftə Brüsseldə keçirilən Azərbaycan və Ermənistan liderlərinin Zirvə görüşündə danışıqlar masasına qoyulan məsələlərdən biri də Xankəndiyə humanitar yardımların Ağdam vasitəsilə çatdırılması olub. Təbii ki, bu zaman Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin təchizatı da məhz Ağdam-Xankəndi yolu ilə təmin edilməlidir. Bakının Laçın yoluna alternativ kimi təklif etdiyi bu marşrut, əslində, indiki şəraitdə ən optimal variant sayılmalıdır. Amma, nədənsə, Qarabağın erməni sakinlərinə humanitar yüklərin məhz bu yolla çatdırılmasına rəsmi İrəvan etirazını bildirdi. Ən azı Brüssel görüşündən sonra hayların Bakının bu təklifinə verdiyi reaksiyalardan bu qənaətə gəlmək mümkündür. Azərbaycan XİN bəyanatında bu məsələyə də aydınlıq gətirir:
“Azərbaycan erməni sakinlərlə dialoq təşəbbüsü ilə çıxış edən tərəfdir və Azərbaycanın bu xoşniyyətli addımlarına qarşılıq verilməsi vacibdir. Bununla yanaşı, Ermənistan tərəfinə aydın olmalıdır ki, Azərbaycan ölkədə yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyini bərabər şəkildə təmin edir və edəcək. Bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir”.
Ermənilərin Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yoluna qarşı çıxmasının səbəbi nədir? Maraqlıdır ki, İrəvanla paralel olaraq Moskva da Bakının alternativ marşrutunu özü üçün qəbulolunmaz sayır. Səbəb isə çox sadədir. Axı yeni yolla həm Qarabağın erməni sakinlərinin, həm də Rusiya sülhməramlılarının təminat və təchizatı həyata keçiriləndə Xankəndidə və ərtaf ərazidə nə qədər erməninin yaşadığı üzə çıxacaq. Bizə çoxdan bəllidir ki, separatçılar 120 mindən dəm vursalar da, Qarabağdakı hayların gerçək sayı bundan qat-qat azdır. Digər tərəfdən, sülhməramlıların sayının da üçtərəfli Bəyanatda göstərilən 1960 nəfərdən artıq olduğu faktı yeni yolda aşkar bilinəcək. Deməli, məhz bu səbəbdən İrəvan və Moskva Ağdam-Xankəndi yolunda görünmələrini istəmir. Rəsmi Bakının siyasi iradəsi və qətiyyətinə qarşılıq olaraq Kremlin Azərbaycana qarşı aqressiv mövqe nümayiş etdirməsi müşahidə olunmaqdadır. Daha həqiqəti gizlətməyin yeri yoxdur. Bəli, Rusiya sülhməramlı hərbi kontingenti Qarabağımızda separatçıları silahlandırır, onları Azərbaycana qarşı körükləyir, eləcə də revanşist-daşnak xunta rejimindən bezmiş erməni sakinlərin bölgəni tərk etmələrinə maneçilik törədir. Azərbaycan Ordusunun mövqelərinin müntəzəm olaraq Qarabağdakı separatçılar tərəfindən atəşə tutulması da, şübhəsiz, “sülhməramsızların” əməlləridir. İndi faktiki olaraq, onlar Ağdam-Xankəndi yolunu özləri üzlərinə bağlayıblar...
Dövrəyə yenə Klaar girir
“Biz Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin edəcək həll variantı üzərində işləyirik. İnsanlar öz evlərində özlərini təhlükəsiz hiss etməlidirlər. Biz Stepanakertlə (?) (bir müddət əvvəl Xankəndi yazan və buna görə ermənilərin qəzəbinə tuş gələn Toivo Klaar indi “qələtini” düzəltməyə çalışır) Bakı arasında dialoq qurmağa çalışırıq. Hesab edirəm ki, tərəflər bunu münaqişənin həlli yollarının axtarışında vacib element sayırlar”.
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar dünən ağzını göyə açıb, yenə Laçın yolundan danışıb. Azərbaycanın suveren ərazisi sayılan Laçın rayonunda sərhədinə nəzarət etməsi Aİ missionerini nədən bu qədər narahat edir? BMT üzvü olan bir ölkənin özünün sərhəd qapılarına nəzarət tətbiq etməsi həm daxili qayda-qanunlara, həm də beynəlxalq hüquqa əsaslanır. Yəqin bunu Aİ-nin xüsusi nümayəndəsi də bilməmiş deyil. Cənab Klaarın diqqətinə onu da ərz edək ki, “Dağlıq Qarabağ” ifadəsi mövcud deyil! Azərbaycanın Qarabağ iqtisadi rayonu var! Və burada yaşayan əhali yalnız etnik ermənilərdən ibarət olmayıb. Bəs onda bu avropalı diplomat-emissar nədən bölgənin aborigenlərini – 30 ildir doğma yurd-yuvalarından didərgin salınmış Azərbaycan türklərini yada salmaq istəmir?!
Klaarın bu açıqlaması isə onun litseydə siyasi coğrafiyadan “iki” almasının göstəricisidir: “Laçın dəhlizi açılmalı, Ağdamdan keçən yol Laçın dəhlizinə əlavə olmalıdır”. Cənab xüsusi nümayəndəyə gedib xəritəyə baxmasını məsləhət görürük. Onda bəlkə o, Laçın yolu ilə Ağdam-Xankəndi yolunun bir-birinə qəti aidiyyatı olmadığını görər və anlayar.
Bakının səbrini bir də sınağa çəkməyin...
Azərbaycan XİN-in Mirzoyana cavab-bəyanatında birmənalı olaraq vurğulanır ki, İrəvan bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin bərpa edilməsində maraqlı deyil. Bəli, aydın görünən reallıq ondan ibarətdir ki, Ermənistan sülh danışıqlarının indiki həlledici mərhələsində siyasi riyakarlığa və saxta manipulyasiyalara cəhdlər göstərir. Üstəlik, Paşinyan iqtidarı dialoq prosesinin uğurla nəticələnməsi üçün beynəlxalq hüququn onun boynuna qoyduğu öhdəliklərə də əməl etmək istəmir. İki il səkkiz aydır hayların hər cür şıltaqlığına dözürük. Rəsmi İrəvanın sülhə gəlməsi üçün həm bizim və həm də onlar üçün məqbul sayılacaq çox təkliflər verdik, güzəştə getməyə hazır olduğumuzu bildirdik. Hətta Qarabağ ermənilərinə ötən illərdə törətdikləri cinayətlərin, təxribatların üstündən keçərək amnistiya tətbiq edəcəyimizi rəsmən bəyan etdik. Anlamadılar, Bakının bunca insani, humanist addımını dəyərləndirməyə revanşist-şovinist beyinləri imkan vermədi. Amma bu qədər kifayətdir. Ürəyiyumşaqlığımızı, səxavətimizi sınağa çəkdiyiniz yetər. İndi Xankəndinin mərkəzi meydanında günlərini sayan baş separatçınız Arayikin ətrafına toplaşaraq keçirdiyiniz oturaq aksiyada yaxşı-yaxşı fikirləşin, olanlardan düzgün nəticə çıxarın. Sizə bir məsləhətimiz də var: ehtiyatlı olun, meydanda oturaq vəziyyətdə çox qalmayın, yoxsa… O zaman təcili müalicəyə ehtiyac duyacaqsınız. İntəhası, naqolay xəstəlikdən qurtulmaqdan ötrü kənara, tutaq ki, Moskvaya getmək üçün Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları uzağı bir nəfərə – Arayik Arutyunyana şərait yaradacaq. Fəqət, baş separatçı Qarabağdan eynilə Vardanyan kimi, sülhməramlıların yük maşınında, çirkli mələfələrin altında gizlənərək çıxmalı olacaq...
Tofiq ABBASOV,
politoloq
İrəvan Qarabağ prosesinə müdaxilə etmədiyini deyir. Guya Qarabağ erməniləri özləri öz müqəddaratlarını həll etməyə çalışırlar. Bu, Bakı ilə Xankəndi arasında danışıqların mövzusu, predmetidir. Amma biz yaxşı bilirik ki, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqda davam edir. Digər tərəfdən isə qondarma rejimin qondarma prezidenti Arayik Arutyunyan Azərbaycana xəbərdarlıq edir ki, “belə getsə, biz sərt tədbirlərə əl atacağlıq”. Bunlar ya adam dilini anlamır, ya da nə etdiklərinin fərqinə varmağa əqli qüsurları imkan vermir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev birdəfəlik bildirib ki, Qarabağ problemi bizim daxili məsələmizdir. Əslində, heç problem də deyil. Erməni sakinlər üçün yeganə çıxış yolu reinteqrasiyadır, əgər bunu istəmirlərsə, çıxıb gedə bilərlər. İndi, guya, Qarabağ ermənilərinin taleyi ilə bağlı beynəlxalq mexanizm qurulmalıdır, digər ölkələr bunun üzərində işləməlidir və s. Bu kimi sərsəm bəyanatların ermənilərə heç bir faydası yoxdur və olmayacaq. Ona görə öz işlərini elə formada qursunlar ki, başları salamat qalsın. Əgər onlar silaha əl atsalar, Azərbaycan bu prosesi çox sərt şəkildə çözəcək. Yəni Qarabağda antiterror əməliyyatı keçirməklə saparatçıları sülhə məcbur edəcək. Bir də təkrar edirik: şərtlərimizi qəbul edən qalsın, etməyən rədd olub getsin!
Ararat Mirzoyan, Nikol Paşinyan gündə bir hava çalırlar. Əslində, heç özləri özlərini eşitmirlər. Bunun adı kliniki naqislikdir. Bu səbəbdən onlarla danışıq aparmaq, razılığıa gəlmək müşkül məsələyə dönüb.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”



