Mənim altmışdan çox yaşım var. Yəni Azərbaycanda kimin kim olduğunu, hansı siyasətçinin nəyə xidmət etdiyini dərindən öyrənmək üçün vaxtım və imkanım olub. Üstəlik, Naxçıvanda doğulub böyümüşəm. Bu iki faktı ona görə xatırladıram ki, ulu öndər Heydər Əliyevin türkdilli ölkələrdə, İslam aləmində və ümumiyyətlə, dünyadakı nüfuzu haqqında çox şey öyrənmişəm.
Bu ilin may ayında Astanada keçirilən bir tədbirdə hiss etdim ki, Heydər Əliyev mövzusu tükənən deyil. Yəni onun siyasi uzaqgörənliyi və lider kimi müdrikliyi haqqında hələ hər şeyi bilmirik. Biz bu mövzuda hələ çox öyrənməliyik və öyrənəcəyik. Söhbət Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Türk dünyası” adlı beynəlxalq konfransdan gedir.
Həmin konfransın iştirakçılarına təqdim olunan “Xoşbəxt həyat” sənədli filminin nümayişi sübut etdi ki, ümummilli liderimizin siyasi fəaliyyəti həqiqətən də titanik, ölçüyəgəlməz və çoxşaxəlidir. Mən onu demək istəmirəm ki, qazax qardaşlarımız Azərbaycan xalqının böyük oğlunu bizdən yaxşı tanıyırlar. Demək istəyirəm ki, “Qazaqstan” telekanalı tərəfindən hazırlanmış bu filmin müəllifləri mövzuya daha böyük məsuliyyətlə yanaşmış və daha yeni faktlar, səmimi fikirlər, arqumentlər ərsəyə gətirmişlər.
Bundan başqa, bu ilin aprelində Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində iştirak edən Qazaxıstan Prezidenti Kasım – Jomart Tokayev demişdi ki, Heydər Əliyev Bakı ilə Astana arasındakı ikitərəfli münasibətlərin təşəkkülünə və möhkəmlənməsinə çox qiymətli töhfələr vermişdir: “Biz yaxşı xatırlayırıq, o, qazaxlar haqqında həmişə səmimi sözlər deyir, bizim soykökümüzün və irsimizin ortaq olmasını vurğulayırdı. Heydər Əliyev deyirdi ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır”.
Bu, bir faktdır ki, Heydər Əliyev Türk dünyasını bütövləşdirmək, türk xalqlarını yaxınlaşdırmaq üçün böyük səylər göstərirdi. O, türk dövlətlərinin inteqrasiyasına xidmət edən əməkdaşlıq təşkilatlarının qurulmasına mühüm töhfələr verib. Təsadüfi deyil ki, bugünkü Türk Dövlətləri Təşkilatı və Türk Akademiyası kimi təşkilatların təsisi ideyası Heydər Əliyevin doğulduğu qədim Naxçıvan torpağında formalaşıb. Bu faktın özlüyündə böyük simvolik mənası var.
Mən qazaxıstanlı dostlarımdan müxtəlif tədbirlərdə dəfələrlə eşitmişəm ki, Heydər Əliyev təkcə Azərbaycan xalqının övladı deyildi. O, böyük Türk dünyasının çox ləyaqətli və müdrik oğludur. Mən bunu qazaxlardan da şəxsən eşitmişəm, özbək, qırğız və türkmənlərdən də. Təbii ki, Anadolu türkləri başda olmaqla.
Bu ölkədə çoxdan yaşadığıma görə müstəqillik dövründə Azərbaycan – Qazaxıstan dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafının bütün mərhələləri gözümün qabağında olub. Kiçik də olsa, bir çox detalların, hətta iştirakçısı olmuşam.
Yadımdadır, ulu öndər 1997-ci il iyunun 10-11-də Qazaxıstan Prezidentinin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olanda hamıdan çox biz – diaspor fəalları fərəhlənir və onu daha böyük məsuliyyətlə izləyirdik. Çünki Heydər Əliyev hansı ölkəyə səfər etsə, mütləq oradakı Azərbaycan diasporunun üzərinə yeni vəzifələr qoyurdu. Xatırladım ki, Qazaxıstandakı Azərbaycan diasporu həm tarixiliyi, həm əhatəliliyi, həm də ölkə əhalisi ilə qarşılıqlı fəaliyyəti baxımından xüsusi önəm kəsb edir.
Tarixilik arqumentini əsaslandırmaq üçün SSRİ-nin ilk onilliklərində çoxsaylı soydaşlarımızın buraya sürgün edilməsini, sonrakı onilliklərdə iqtisadi münasibətlərin bir-birinə bağlanmasını, ulu öndərin ilk dəfə Azərbaycan rəhbəri olduğu 70-ci illərdə gənclərimizin ali təhsil almaq üçün SSRİ-nin bütün ali məktəbləri kimi Qazaxıstana da çoxsaylı soydaşlarımızın göndərilməsini, 1987-ci ildən – ümummilli liderimizin Kremldəki bütün vəzifələrindən istefa verməsindən ta 1993-cü ilin payızına qədər xeyli soydaşımızın ölkəni tərk edərək bu yerlərə köçməsini xatırlatmaq kifayətdir. Məhz ona görə də bu ölkədəki diaspor təşkilatlarımızın fəaliyyəti çoxşaxəlidir. Ölkə əhalisi ilə qarşılıqlı fəaliyyətimizi asanlaşdıran isə xalqlarımızın eyni kökdən olmasıdır.
Yada saldığım 10 iyun 1997-ci il tarixli səfərdə ulu öndərimiz bu təmasların Qazaxıstan – Azərbaycan münasibətlərində, xüsusən, Azərbaycanın həyatında mühüm hadisə olduğunu vurğulamışdı. Mərhum liderimiz, eləcə də, bizim hər birimizin qürurla qəbul etdiyimiz faktları – bu gün artıq tarixin arxivinə göndərilmiş Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında qazax xalqının, o cümlədən şəxsən prezidentin dəstəyinin həmişə hiss olunduğunu, münaqişənin ilk günlərindən Qazaxıstan dövlətinin Azərbaycanın ərazi bütövlüyünü və bölünməzliyini dönmədən müdafiə etdiyini dilə gətirmişdi.
O səfərdə mühüm tarixi sənədlərin imzalanması da əlamətdar idi, Heydər Əliyevin xalqlarımızın həyatında yeni mərhələnin başlandığı barədə dedikləri də. Ulu öndər mətbuat konfransındakı bəyanatında demişdi: “Xalqlarımız ümumi tarixi köklərə, zəngin birgə tarixə, zəngin yaxın və oxşar ənənələrə malikdirlər. Bizi keçmişlə birgə tariximizdə olanlar da birləşdirir. Lakin Qazaxıstan və Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkələrimizin həyatında və xalqlarımızın həyatında tamamilə yeni mərhələ başlandı”.
Ulu öndərin 100 illiyi münasibətilə özümüzün – yəni Atırauda yaşayan azərbaycanlıların da reallaşdırdğı tədbirlər haqqında söz açmazdan əvvəl cənab Qasım –Jomart Tokayevin bu mövzuda olan daha bir neçə fikrini də yada salmaq istəyirəm: “Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir. Küçə boyunca dünyada ən böyük sferik bina olan “Nur Aləm”, Astana Balet Teatrı, Mərkəzi Botanika bağı, habelə, şəhərin ən iri ticarət-əyləncə mərkəzi kimi mühüm obyektlər yerləşir... Bu küçənin açılışı Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş bir sıra mühüm tədbirlərə start verəcək. Rəmzi haldır ki, Heydər adının tərcüməsi “irəlidə gedən” deməkdir”. Avropa ifadəsi olan “lider” sözü də elə irəlidə gedən deməkdir. Biz həmin ifadəni öndər kimi qəbul etmişik.
O ki qaldı, həyata keçirdiyimiz tədbirlərə, deyə bilərəm ki, biz ulu öndərin ad günlərini hər il qeyd edirik. Özü də yüksək səviyyədə. Bu tədbirlərin hamısı ölkəmizin Aktaudakı baş konsulluğunun xətti ilə – Atırau vilayəti də məhz Aktaudakı konsulluğun əhatə dairəsindədir – reallaşdırılır. Bu gözəl şəhərdə fəaliyyət göstərən azərbaycanlıların “Novruz” Tarix və Mədəniyyət Mərkəzi hər il Xalel Dosmuxamedov adına Atırau Dövlət Universitetində anım mərasimi təşkil edir. Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəni İrsinin Araşdırma Mərkəzində keçirilən tədbirdə universitetin müəllim və tələbə heyəti, “Novruz” Tarix və Mədəniyyət Mərkəzinin fəalları, mətbuat nümayəndələri iştirak edirlər.
Biz altı il əvvəl həm Azərbaycanın təbliğinə xidmət edərək, həm ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq, həm də şəhərimizdəki ali məktəbin tələbələrinin daha məsuliyyətlə oxumasına stimul vermək məqsədilə hər il beş əlaçı tələbəyə verilən “Heydər Əliyev mükafatı” təsis etmişik. Təbii ki, bu mükafatların kimə veriləcəyini universitet rəhbərliyi müəyyən edir. Bütün təqdimat mərasimlərində isə Qazaxıstandakı səfirliyimizin təmsilçiləri, Aktaudakı konsulluğumuzun və universitetin rəhbərliyi daim yanımızda olurlar. Onu da əlavə edim ki, 1950-ci ildən fəaliyyət göstərən bu çoxprofilli ali məktəb ölkədəki bu qəbildən olan təhsil müəssisələrinin reytinqində altıncı yeri tutur. Burada Avrasiyanın bir sıra ölkələrinin gəncləri kimi, azərbaycanlı tələbələr də təhsil alırlar.
Sonda bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Qazaxıstanda daim hörmətlə anılır və ehtiramla yad edilir. Bu, bir tərəfdən ulu öndərin türk xalqları qarşısındakı misilsiz xidmətlərinə verilən qiymətin, digər tərəfdən isə qazax xalqının qədirbilənliyinin göstəricisidir.
Təbii ki, təqvim ili hələ başa çatmayıb və ona görə də Qazaxıstanda “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlər davam edəcəkdir.
Eldar ƏHMƏDOV,
Qazaxıstanın Atırau şəhərindəki “Novruz”
Azərbaycan Tarix və Mədəniyyət Mərkəzinin rəhbəri


