Yeni Azərbaycan Partiyasının “Heydər Əliyev İli” çərçivəsində jurnalistlər arasında keçirdiyi “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda fərdi yazı müsabiqəsinin nəticələri açıqlanıb.
Partiyadan bildirilib ki, təqdim edilən yazıların qiymətləndirilməsi zamanı mövzunun əhatə olunması, əsaslandırma, dil və üslub xüsusiyyətləri, dövlətçilik maraqlarının üstün tutulması kimi meyarlar əsas götürülüb. Yekunda müsabiqə şərtlərinə uyğun olaraq, 3 nominasiyanın hər biri üzrə bir nəfər I, bir nəfər II, bir nəfər isə III yer üzrə qalib olub.
“Tənəzzüldən intibaha: SSRİ dönəmində Azərbaycanın yüksəlişi” adlı birinci mövzu üzrə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (redaksiya müdiri Abbasəli Yadigarov I,“Səs” qəzetinin müxbiri Lalə Mehralıyeva I I, “Xalq cəbhəsi” qəzetinin müxbiri Əli İbrahimov III yerə layiq görülüblər.
“Qurtuluşdan tərəqqiyə: müstəqillik dövründə Heydər Əliyevin yeni və müasir dövlət quruculuğu” adlı ikinci yaradıcılıq yarışmasında “İki sahil” qəzetinin bölmə müdiri Elçin Namazov I, “Şərq qapısı” qəzetinin müxbiri Ramiyə Əkbərova II, “Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov III yeri tutublar.
“Tərəqqidən Zəfərə: Heydər Əliyev ideyaları ilə yeni zirvələrə doğru” nominasiyasında isə “Yeni Azərbaycan” qəzetinin müxbiri Mübariz Abdullayev İ, “Azəri Press Agentliyi”nin redaktoru Ramiz Cürənov II, “moderator.az” saytının redaktoru Seymur Əliyev III yer mükafatlarını qazanıblar.
Bildirilib ki, çap mətbuatı ilə yanaşı, onlayn media subyektlərinin təmsilçiləri, regionlarda fəaliyyət göstərən mətbu orqanların nümayəndələri də müsabiqəyəhəvəslə qoşulublar. Təqdim olunmuş yazılarda Ümummilli liderin həyat yoluna, xalqımız qarşısında müstəsna xidmətlərinə, zəngin dövlətçilik irsinə, əbədiyaşar ideyalarına həssaslıqla nəzər salınıb, önəmli faktlar və maraqlı məqamlara əhatəli nəzər salınıb.
“Xalq qəzeti”

