Azərbaycan dövlətinin qurucusu, dünyanı heyran qoyan dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Azərbaycan və ingilis dillərində işıq üzü görmüş “Heydər Əliyev həyatının 100 anı” kitabının Birləşmiş Millətlər Təşkilatının Cenevrə Ofisində təqdimat mərasimi keçirilib.
BMT Cenevrədəki Bölməsinin baş direktoru, xanım Tatyana Valovaya dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin BMT–Azərbaycan əlaqələrinə xüsusi önəm verməsi barədə fikirlərini bölüşərək, bu sahədə onun çoxşaxəli fəaliyyətindən, ilk növbədə, Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasındakı səylərindən danışıb.
Cenevrə Ofisi baş direktorunun kabinet rəhbəri, “Heydər Əliyev həyatının 100 anı” kitabının redaksiya heyətinin üzvü David Çikvaidze, Heydər Əliyev həyatının 100 anı” kitabının müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli bildiriblər ki, ulu öndər Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.
Qırğız Respublikasının BMT-nin Cenevrədəki Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Ömər Sultanov, Türkiyə Respublikasının daimi nümayəndəsi Güven Begeç, Azərbaycan Respublikasının Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Dilarə Abdullayeva ümummilli lider Heydər Əliyevin rəhbərliyim ilə siyasi və diplomatik sahədə öz ölkəsinə qazandırdığı böyük uğurlardan bəhs ediblər.
Sonra tədbirdə təqdimatı keçirilən kitabın videoslaydı təqdim olunub.
Xatırladaq ki, “Heydər Əliyevin həyatının 100 anı” kitabının ilk təqdimatı mayın 5-də Bakıda, Atatürk Mərkəzində keçirilib. Xarici ölkələrdəki təqdimatlar isə bundan əvvəl İstanbulda və Parisdə olub.
“Xalq qəzeti”


