Ağdam–Xankəndi yolunda təxribat: Rusiya Qərb vasitəçiliyinə qarşı

post-img

“Uzaq sahillərdə” filmində deyildiyi kimi: eyni dalğa, eyni koordinat. Bu ifadəni Qarabağdakı separatçıların Ağdam-Əsgəran yolunu bağlamaları müstəvisində işlətmək tam yerinə düşür. İzah edək nə üçün?

Yadınızdadırsa, ötən ilin dekabrında azərbaycanlı ekofəalların və qeyri-hö­kumət təşkilatları təmsilçilərinin Laçın-Xankəndi yolunda aksiyaları başlamışdı. Təxminən altı aya qədər davam etmiş aksiyanın başlıca səbəbi bu idi ki, Qara­bağdakı separatçıların təşkil etdikləri etiraz nəticəsində ölkəmizin rəsmilərinin və mütəxəssislərinin “Qızılbulaq” qızıl və “Dəmirli” mis yataqlarına girişinə ma­neçilik törədilmişdi. Nəzərə alaq ki, onların qarşısının kəsilməsi, böyük anlamda Azərbaycanın özünə məxsus olana sahiblənmək kimi haqlı məqsədinə qarşı atılmış addım idi.

 İndi də oxşar durum var. Azərbaycan öz ərazisinə və əhalisinə sahiblənmək istəyir. Ağdam-Əsgəran yolu ilə Qarabağ ermənilə­rinə humanitar yardım daşıyır. Bunu edir ki, separatçıların “humanitar böhran” şousu əhəmiyyətini itirsin. Ölkəmiz bunu həm də ona görə edir ki, Laçındakı sərhəd-nəzarət buraxılış məntəqəsinin fəaliyyətinin tam məhdudlaşdığı bir dövrdə Qarabağın erməni əhalisi korluq çəkməsin. Məntəqənin fəaliy­yəti nə üçün məhdudlaşıb, onu da hər birimiz yaxşı bilirik. Əvvəla, orada Azərbaycan hər­bçilərinə atəş açılmışdı və buna görə məsu­liyyət müəyyənləşməmişdi, ikincisi isə Qa­rabağa qaçaqmalçılığın həyata keçirilməsinə cəhd göstərilmişdi ki, bu işdə isə Beynəlxalq Qırmızı Xaç Komitəsi alətə çevrilmişdi...

Bəli, mövcud durumda Azərbaycan üzə­rinə düşəni etməlidir. Yəni, bildirdiyimiz kimi, Qarabağ ermənilərinə, yəni, öz vətən­daşlarına yaşamaları üçün yardım göstər­məlidir. Elə məhz bu məqamda növbə gəlir “Uzaq sahillərdə” filmindəki məşhur ifadəyə. Daha doğrusu, həmin ifadəni nə üçün işlət­məyimizin izahına. 

Separatçılar Azərbaycanın humanitar yardımlarının daşındığı Ağdam-Əsgəran yo­lunu məhz qondarma qurumda keçmiş “döv­lət naziri” postunu tutmuş, hazırda isə ictimai hərəkat yaradaraq, oyunbazlıq edən Ruben Vardanyanın başçılığı ilə bağlayıblar. Onlar yola beton plitələr düzərək, gediş-gəlişin qar­şısını almağa çalışıblar. Yayılmış videogö­rüntülərdə bu məqsədlə uşaqlardan istifadə edildiyi də diqqət çəkməkdədir... 

Aksiyaçılar açıq şəkildə bildiriblər ki, yolu kəsməkdə məqsəd humanitar daşıma­ların qarşısını almaqdır. Yada salaq ki, ötən ilin dekabrında da Azərbaycanın dövlət rəs­milərinin və mütəxəssislərinin “Qızılbulaq” və “Dəmirli” yataqlarına getmələrinə, eko­loji durumu müəyyənləşdirmək üçün tədbir görmələrinə əngəli məhz həmin Vardanya­nın dəstəsi törətmişdi. Bəli, eyni dalğa, eyni koordinat. 

***

Bu yerdə diqqəti Azərbaycan Pre­zidenti İlham Əliyevin və Ermə­nistan baş naziri Nikol Paşinya­nın iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşünə yönəldək. Ş.Mişelin həmin görüşlə bağlı açıqlamasında bir şərti hissə var - “Humanitar yardımlar”. 

Mişel bildirmişdi ki, 15 iyul görüşündə Qarabağın erməni əhalisinin durumunu, La­çın dəhlizi ətrafındakı situasiyanı müzakirə ediblər. “Aydındır ki, mövcud vəziyyət da­yanıqlı deyil və heç kimin marağına uyğun gəlmir. Vəziyyətin normallaşmasına kömək üçün mümkün konkret addımları da müza­kirə etdik”, - deyən vasitəçi əlavə etmişdi ki, Laçın yolunun açılmasını vacib sayır. Diqqət çəkən məqam isə onun “Azərbaycanın Ağ­damdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim” deməsidir. 

Əlbəttə, Aİ Şurasının prezidenti diploma­tikliyini qorumuş və istəmişdi ki, haqqında söz açdığı mətləb böyüməsin. Yəni, o, bir­başa “ərazi Azərbaycanındırsa, öz əhalisini təmin etməli olan tərəf də Azərbaycandır” deyə bilərdi. Ancaq deməmiş və hər iki va­riantı – həm Laçın, həm də Ağdam yolu ilə daşımaları vacib saymış və əhalinin ehti­yaclarının təmin olunması üçün müştərək humanitar yardımların çatdırılmasını dəstək­lədiyini vurğulamışdı. Ancaq cənab Mişelin təqdir etdiyi məqamı, yəni Azərbaycanın Ağ­damdan humanitar yardımları məsələsini dilə gətirməsi yenilik idi. Deməli, Ş.Mişel faktiki olaraq, bölgənin hüquqi sahibinin – Azərbay­can dövlətinin yerli əhalinin – Qarabağ ermə­nilərinin qayğısına qalmalı olduğu düşüncə­sini beynəlxalq ictimai rəyə çatdırdı.

Deməli, Ağdam-Əsgəran yolunda se­paratçıların təşkil etdikləri aksiyanın 15 iyul görüşündən sonra reallaşması təsadüfi deyil. Rusiyanın maşası olan Vardanyanın meydana çıxması da, həmçinin. Daha bir diqqətçəkən məqam Rusiyanın Xarici İşlər Nazirliyinin iyulun 15-də – Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə danışıqla­rının getdiyi bir vaxtda bəyanat səsləndirmə­sidir. Kreml tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın eykamlaşdırıldığı bu sənəd, faktiki olaraq iki Cənubi Qafqaz ölkəsi arasındakı razılığın inkarı ruhunda idi. Təxminən belə: sizin Brüsseldə hansı qərara gəlməyinizdən asılı olmayaraq, mənim şəxsi mənafe güdən oyunlarım var. Oyun isə özünü çox gözlətmədi. 

***

Rusiyanın adamı olan R.Vardanyan dövriyyəyə girdi və Azərbayca­nın Qarabağa humanitar yardım daşımasının qarşısını almağa girişdi. Bu­nunla Mişelin beynəlxalq ictimai rəyə Azər­baycanın özünə məxsus əraziyə və əhaliyə yardım göstərməsi məntiqinə qarşı çıxıldı. Qarşı çıxanları müşayiət edənlər isə Rusiya sülhməramlılarıdır. Belə nəticəyə gəlirik ki, Moskva Qarabağda separatçılığın saxlanıl­masında maraqlı olduğunu bir daha ortaya qoydu. Özü də bu niyyətin gerçəkləşdirilmə­si son dərəcə yaramaz üsullardan istifadə ilə özünü göstərdi. Hər halda, Ağdam-Əsgəran yolunun kəsilməsinə uşaqların cəlb olunma­sından böyük rəzalət yoxdur...

Bu mənzərə dəryada boğulanın saman çöpündən yapışması effekti verməkdədir. Rusiya hələ də Vardanyan kimi cılız bir kart­dan yararlanırsa, deməli, onun təsir qüvvəsi tükənib. Belə davranışlar yalnız müəyyən vaxtın udulmasına səbəb ola bilər. Bəs son­ra? Nəzərə alaq ki, bu sayaq yaramaz metod­ların tətbiqi davamlı xarakter daşıya bilməz. Üstəlik, Azərbaycanın əks addımlarını he­sablamaq zərurəti də yaranır. Hər halda Bakı borclu qalmır. Necə ki, borclu qalmadığını Laçın-Xankəndi yolunda altı aya qədər da­vam etmiş aksiya ilə göstərdi, yenə də oxşar addımlar ata və regiondakı reallığı dəyişdir­mək meyillərinə cəbhə aça bilər. 

***

Rusiyanın Qarabağ dirənişi fo­nunda R.Vardanyanın dəstəsinin aktivləşməsi və Ağdam-Əsgəran yolunda aksiyanın təşkili ilə Qarabağın er­məni əhalisinə humanitar yardımların daşın­masının qarşısının alınması Ermənistana sərf edir. Ümumən, Moskvanın mövcud müstəvi­dəki bütün qeyri-ordinar hərəkətləri İrəvana sərfəlidir. 

Diqqət yetirək, Ermənistan Rusiya XİN-in 15 iyul bəyanatına reaksiya verib bildir­mədi ki, Kreml iki Cənubi Qafqaz ölkəsi arasında sülhün əldə edilməsinə qarşı çıxır. Bildirməz də. Çünki sülh istəmir. Buna görə Vardanyanın aksiyasına da səssiz yanaşır. Hətta hansısa formada dəstək də verə və bil­dirə bilər ki, Qarabağ erməniləri guya Azər­baycandan gələn xeyiri də istəmirlər. Axı Bakı-Xankəndi dialoqu kimi sərsəm məsələ­ni gündəmə gətirib siyasi spekulyasiya yolu tutan, separatçı rejimi tərəf qismində görmək istəyən rəsmi İrəvandır. 

Yeri gəlmişkən, Ş.Mişel liderlərin Brüs­sel görüşündən sonrakı açıqlamasında vur­ğuladığımız məsələyə də toxunmuşdu. “Yerli əhalinin ilk növbədə hüquqlarının və təhlükə­sizliyinin təmin olunmasına ehtiyacı var”, – deyən vasitəçi bu kontekstdə Avropa İttifaqı­nın Bakı ilə Qarabağda yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyini diqqətə çatdırmışdı. Bu dia­loqun çox vacib əhəmiyyət daşıyan etimadı təmin etməli olduğuna diqqət çəkmişdi. 

Göründüyü kimi, cənab Mişel “ermə­ni nümayəndələr” ifadəsini işlədir. Deməli, kollektiv Qərb Ermənistan hakimiyyəti tərə­findən irəli sürülən “Bakı-Xankəndi” dia­loqu kimi siyasi avantüranın yalnız “dialoq” məntiqinin üzərində dayanır. Qarabağdakı separatçı rejimi nəzərə almır. Deyə bilərik ki, bu, nə rəsmi İrəvana, nə də Rusiyaya sərfəli­dir. Ölkənin Xarici İşlər Nazirliyinin 15 iyul bəyanatı da, əslində, Kremlin Qərb tənzim­ləməsinin gətirəcəyi və özünə xoş olmayan duruma preventiv münasibəti idi. Ermənis­tanın oxşar spekulyativ bəyanatları həddən artıq çox olduğundan, ölkənin mövqeyini ye­nidən qabartmağa ehtiyac duymuruq. Onsuz da hər şey məlumdur. 

***

Sonda bir məqamı da vurğulayaq: Separatçıların R.Vardanyanın baş­çılığı və Rusiya sülhməramlılarının müşayiəti ilə keçirdikləri aksiya onu göstərir ki, Qarabağın yerli əhalisinin durumunu dü­şünən yoxdur. Aksiya insan amilinin deyil, yalnız siyasi məqsədlərin öndə olduğunu yenidən göstərdi. Bir daha aydın oldu ki, bölgədəki mövcud reallığı dəyişmək üçün dəridən-qabıqdan çıxan qüvvələr yerli er­mənilərin yaşam hüquqlarına təcavüz yolu tutmaqdan belə çəkinmirlər, ölkəmizin qarşı­sında dirəniş cəhdi göstərirlər. 

Bəli, onu da bildirdik ki, bu sayaq gediş­lər olduqca cılız mahiyyət daşımaqdadır. Heç şübhəsiz, belə hallara qarşı Azərbaycanın əks addımları olacaqdır. Bu addımlar zaman-za­man da atılıb və onların nəticəsində hazırda Qarabağda separatçılıq çənbəri xeyli daralıb və daralacaq da.

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət