Demarkasiyanı dalana dirəyən səbəblər

post-img

Bu məsələdə hələlik tərəflər arasında razılıq əldə olunmayıb. Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyanın dördüncü iclasında tərəflər prosesdə əsas kimi neçənci ilin xəritəsindən istifadə olunacağı barədə hələlik orta məxrəcə gələ bilməyiblər. Bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisinə istinadla “pastinfo” məlumat verib. Məlumatda birgə komissiyanın növbəti görüşünün harada və nə vaxt keçiriləcəyi göstərilmir. Əslində, burada təəccüblü heç nə yoxdur. Sərhədin demarkasiyasının həm texniki, həm də hərbi-siyasi tərəfləri var. Məsələ bundadır ki, Ermənistan SSRİ dövründəki inzibati sərhədləri qəbul etmək istəmir. Bununla paralel olaraq yenə də Azərbaycana qarşı ərazi iddialarını davam etdirir və təcavüzkar siyasətindən əl çəkmir. Göründüyü kimi, tərəflər arasında yalnız yekun sülh müqaviləsi imzalanandan sonra bu məsələ tam həllini tapa bilər. 

“Biz eramızdan əvvəlki dövrün xə­ritələrinə müraciət edə bilərik. Əminik ki, biz həmin xəritələrdə Ermənistanın ərazisini tapacağıq, həmçinin ona da əminik ki, Azərbaycanı heç kim onlar­da tapa bilməz”. Ermənistan baş na­ziri Nikol Paşinyan bu sözləri 2023-cü il mayın 4-də Praqada Transatlantik Münasibətlər Mərkəzində müzakirələr zamanı çıxışında demişdi. İki ölkə ara­sında sərhədin delimitasiya və demar­kasiyası ilə bağlı məsələ dəfələrlə sülh danışıqlarının müzakirə mövzusu olub. Bu prosesdə Rusiya arxivində olan 1920-ci il xəritələri, o cümlədən 1974-cü il xəritələrindən bəhs edilib. İrəvan və Bakı son variant kimi 1975-ci ilin SSRİ Silahlı Qüvvələri Baş Qərarga­hının xəritəsi üzərində dayanmışdılar. Amma, görünür, Ermənistan hökuməti bu xəritədə də özünü qane etməyən nəsə tapıb. 

Məsələ ondadır ki, 1986-87-ci il­lərdə keçmiş Azərbaycanın SSR-nin o dövrki birinci katibi Kamran Bağırovun “örüş yeri kimi” 3 min hektar ərazini əhatə edən Qazaxın 7 kəndini Ermə­nistana verməsi həmin kəndlərin ank­lava çevrilməsinə səbəb oldu. Artıq 37 ildir ki, o kəndlər Azərbaycan sər­hədlərindən kənarda qalıb. Danışıq­lar prosesində İrəvan həmin kəndləri qaytarmamaq, yaxud da anklav olaraq saxlamaq üçün müxtəlif bəhanələr uy­durmağa çalışır. O ki qaldı, Paşinyanın istinad etməyə çalışdığı “qədim xə­ritələr” məsələsinə, bu, hay yalanından və riyakarlığından qeyri bir şey deyildir. “Böyük Hayastan” röyasından hələ də ayılmayan ermənilər bu əfsanəni öz­ləri uydurub, özlərini də buna “inandı­rıblar”. Fəqət indi bütün dünya bilir ki, ermənilər Cənubi Qafqaza gəlmədirlər, XIX əsrə qədər bu coğrafi məkanda “hay” adında “hopens” olmayıb.

Sərhədin müəyyən edilməsində öz köməyini təklif edən Moskvanın son davranışlarından sonra 10 noyabr bə­yanatının bu bəndi üzrə danışıqların dalana dirənməsi gözlənilən idi. 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət