Paşinyan iqtidarında başıpozuqluqdur

post-img

Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın dövrdə əsas güvənc yeri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) adlanan hərbi-siyasi qurum idi. Bu da səbəbsiz deyildi. Çünki KTMT-nin nüvəsində Rusiya Federasiyası dayanır. Ermənistan isə Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi hesab olunurdu. Əsas beynəlxalq məsələlərin əksəriyyətində Rusiya və Ermənistanın mövqeləri üst-üstə düşür və ya çox yaxın idi. Beləliklə, İrəvan Moskva ilə sıx müttəfiqlik münasibətinə istinad edərək işğal rejimini sürdürür, Azərbaycanla imitasiya xatirinə danışıqlar aparır, qoşunların təmas xəttində vaxtaşırı təxribatlar törədirdi.

Nikol Paşinyanın 2018-ci ildə Ermə­nistanda “məxməri inqilab” yolu ilə haki­miyyəti ələ keçirməsindən sonra danışıq­ların mahiyyəti tamam dəyişdi. Bəllidir ki, Paşinyan 2019-cu ilin avqustun 5-də işğal altındakı Xankəndi şəhərinə növbəti dəfə qanunsuz səfər etdi. O, şəhərin mərkə­zi meydanında çıxış edərək bədnam “Qarabağ Ermənistandır və nöqtə” fikri­ni səsləndirdi. Bu sözü həmin ilin sent­yabrında Qarakilsə (ermənilər Vanadzor deyir-S.H.) şəhərində keçirdiyi mətbuat konfransında da təkrarladı. Paşinyan eyforiyada idi, necə deyərlər, kefi göylə gedirdi. Atdığı addımların məsuliyyətini dərk etmir, Azərbaycanın səbr kasasının daşmaq üzrə olduğunun fərqinə varmır, eyni zamanda, Bakının qüvvələr balan­sını öz xeyrinə dəyişdirdiyini, ölkəmizin gücünü lazımınca qiymətləndirmirdi. Bir sözlə, rəsmi İrəvan hər şeyi etdi ki, təki müharibə başlasın. Paşinyan əmin idi ki, arxalandığı güclər, əsasən də KTMT və Rusiya ona ciddi hərbi dəstək verəcək. Ən pis halda, onlar Azərbaycanın zəfər yürüşünü durdura biləcəklər. Ancaq yan­lış hesablama burada da öz sözünü dedi. Azərbaycan ötən müddətdə ciddi diplo­matik iş aparmışdı. Haqq işi apardığını bütün dünyaya sübut etmişdi. Həmçinin Hayastanın sıx müttəfiqlərini neytrallaş­dırmışdı. Nəticədə, ölkəmiz əleyhinə dip­lomatik təxribatlar da uğursuzluğa düçar oldu. İrəvanın təhriki ilə başlayan İkinci Qarabağ müharibəsi onun sarsıdıcı məğ­lubiyyəti ilə yekunlaşdı.

Moskvadan istənilən hərbi-siyasi dəstəyin əldə olunmaması, üstəlik, Vətən müharibəsindən sonrakı dövrdə sərhəd­yanı ərazilərdə baş verən toqquşmalar zamanı KTMT-nin Ermənistan-Azərbay­can sərhədinin demarkasiya edilmədiyini əsas gətirərək, yaxasını bu məsələdən kənara çəkməsi Ermənistanda anti-Ru­siya isteriyasının yaranmasına gətirib çıxardı. Onsuz da Paşinyanın özü də daxil olmaqla hökumətinin əksər üzvləri Qərbpərəstlərdən təşkil olunub. Yeri gəl­mişkən, onun müharibədən sonra xarici işlər naziri təyin etdiyi Ararat Mirzoyan bir vaxtlar əlinə plakat götürərək Rusiya əleyhinə aksiyalar təşkil etmiş şəxsdir. Belə bir komanda ilə Rusiya əleyhinə çıxmaq o qədər də çətin deyildi.

İndi isə Ermənistan rəhbərliyi vur­nuxur. İrəvan Rusiyadan nəinki müharibə dövründə və ondan sonra istədiyi hər­bi-siyasi dəstəyi ala bilmədi, heç hazırda sifariş verdiyi və pulunu ödədiyi silah-sur­satı belə əldə edə bilmir. Sonuncu dəfə bu istiqamətdə təhlükəsizlik şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan narazılıqlarını bildirmişdilər. Onlar qeyd etmişdilər ki, sifariş verdikləri və pulunu ödədikləri silah-sursatı Rusiyadan ala bilmirlər.

Beləliklə, Şimaldan istədiyi hərbi-si­yasi dəstəyi ala bilməyən Paşinyan reji­mi hazırda gah Şərqdə, gah da Qərbdə özünə dəstək axtarır. İrəvanın Hindistan, Fransa, Yunanıstan və Kipr kimi ölkələr­lə hərbi əməkdaşlığı genişləndirməsinə, habelə silah alqı-satqısına dair müqa­vilələr imzalamasına bu kontekstdə ya­naşılmalıdır.

***

Hayların hərbi əməkdaşlıq üçün üz tutduqları ünvanlardan biri də okeanın o tayı – ABŞ olub. Belə ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, müdafiə nazirinin birinci müavini, gene­ral-leytenant Edvard Asryan bugünlərdə Vaşinqtona işgüzar səfər edib. Məlumata görə, səfərdə məqsəd ABŞ Dövlət Qvar­diyasının Milli Əməkdaşlıq Proqramının 30-cu ildönümünə həsr olunan konfrans­da iştirak etməkdir. Erməni general bu çərçivədə iyulun 18-də ABŞ Silahlı Qüv­vələrinin Birləşmiş Qərargah Rəisləri Ko­mitəsinin sədr müavini, admiral Kristofer Qreydi və ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Çarlz Bra­unla görüşüb. Görüşlərdə Ermənistan-A­merika müdafiə tərəfdaşlığının hazırkı mərhələsi, qarşıda duran proqramlar, birgə tədbirlərin keçirilməsi, “tapşırıq ko­mandanlığı” konsepsiyasının və peşəkar serjant sisteminin tətbiqi, hərbi hava qü­vvələri sahəsində daha geniş əməkdaş­lıq imkanları ilə bağlı bir sıra məsələlər, həmçinin regional təhlükəsizlik məsələlə­ri müzakirə edilib.

Hazırda ABŞ-la və bütövlükdə, kol­lektiv Qərblə Ermənistanın ən yaxın strateji müttəfiqi Rusiyanın münasibət­ləri Ukraynadakı savaş səbəbindən “so­yuq müharibə” dövründən sonra ən pis həddədir. Müharibə səbəbindən Rusiya dünyada təklənib, onun ənənəvi müttə­fiqləri isə ya ondan üz döndərib, ya da ən yaxşı halda neytral qalıblar. Bu çərçivə­də İrəvan ehtiyatlı davranaraq, Moskva ilə məsafə saxlamağa üstünlük verir. N.Paşinyan bu yaxınlarda, daha doğrusu, mayın əvvəlində Çexiyada olarkən “CNN Prima News” televiziya kanalına verdiyi müsahibə zamanı bəyan edib ki, ölkəsi Ukrayna münaqişəsində Rusiyanın müt­təfiqi deyil. Lakin bu vəziyyət iki ölkə ara­sındakı münasibətlərə birbaşa təsir edir. İndi isə Paşinyan ordunun ikinci şəxsini hərbi əməkdaşlıq üçün Rusiyanın əsas rəqibinin üstünə göndərib. Zənnimizcə, buradan hansı nəticənin çıxdığını Mosk­vada təxmin etmək çətin deyil.

Onu da qeyd edək ki, müdafiə naziri Suren Papikyan mülki şəxsdir. Onun da­şıdığı nazir vəzifəsi də siyasi vəzifədir. Edvard Asryan isə hərbçi karyerasına ma­likdir. O, bu vəzifəyə bir il öncə – 2022-ci ilin iyulun 14-də təyin olunub. Təyinat za­manı Ermənistan mediasında E.Asryan haqda yayılan üç fakt diqqət çəkirdi. Qeyd olunurdu ki, E.Asryanın həyat yoldaşı və iki övladı Ermənistan yox, Rusiya vətən­daşıdır. İkincisi, E.Asryan şərti olaraq “Qasparyan böhranı” adlanan hadisələr zamanı Paşinyana qarşı çıxan general­lardandır. Belə ki, o, 2021-ci ilin fevralında keçmiş baş qərargah rəisi Onik Qaspar­yanla N.Paşinyan arasında yaranmış qar­şıdurma zamanı baş nazirin və hökumətin istefasını tələb edən 44 generaldan biri­dir. Hayların mediası Asryanın “Qarabağ klanı”na bağlı olduğunu yazırdı. Üçüncü məqam isə onun Xocavənd rayonunun Azıx kəndində anadan olması, işğal döv­ründə Qarabağda “xidmət” etməsi idi.

Paşinyanın ailə üzvləri Rusiya vətən­daşı olan, Qarabağda doğulmuş və böl­gəni yaxşı tanıyan, “Qarabağ klanı”na yaxınlığı ilə seçilən, xüsusilə onun iste­fasını tələb edən generalı niyə baş qə­rargah rəisi təyin etməsini Ermənistan mediasının bir müddət müzakirə etdiyini diqqətli oxucular yaxşı xatırlayır. Görü­nür, Rusiya ilə bu cür bağlılığa rəğmən, ABŞ-la, bütövlükdə Qərblə hərbi əmək­daşlığı inkişaf etdirməyə çalışması, danı­şıqlar aparması, əsl hay xislətinə uyğun olaraq iki stulda eyni vaxtda oturmaq fərasəti Edvard Asryanın baş qərargah rəisi təyin olunmasını şərtləndirən əsas amillərdən imiş...

Şair RAMALDANOV,
ehtiyatda olan polkovnik

– Ermənistanın müxtəlif qütblər arasında manevr etməsi ilk dəfə deyil. Bu ölkə əsrlər boyu bütün dövlətlər və xalqlar tərəfindən etibarsız tərəfdaş kimi qəbul olunub. Həmişə də belə olacaq. Bununla bağlı bəzi tarixi şəxs­lərin müəyyən fikirləri də var. Hazırda Rusiya Ukraynadakı müharibə səbə­bindən çətin durumdadır. Onun loko­motivi adlandıra biləcəyimiz KTMT ilə NATO bir-birinə qarşı duran bloklardır. İrəvanın hərbi əməkdaşlıq etdiyi Fran­sa NATO-nun üzvüdür. İndi isə Edvard Asryanın ABŞ-a səfər etməsində təəc­cüblü heç nə yoxdur. Bu, Ermənistanın siyasi dəst-xəttinə uyğundur. Hazırda dünya iki qütbə bölünüb. Bir tərəfdə Rusiya, digər tərəfdə ona qarşı olan dövlətlər dayanır. Paşinyanın apardı­ğı siyasət, atdığı addımlar, Rusiyaya qarşı olan qüvvələrlə, yaxud ölkələrlə bilavasitə təmasda olması həm Rusi­yanı, həm də KTMT-nin digər üzvlərini qıcıqlandırır. Onlar bunu müxtəlif yol­larla Paşinyan iqtidarına çatdırırlar.

Hazırda ABŞ-ın Cənubi Qafqaz­dakı ən böyük səfirliyi İrəvanda yer­ləşir. Avropa İttifaqının müşahidə mis­siyası da Ermənistanda qərar tutub. Bunlar Rusiyaya qarşı olan qüvvələr­dir. Bu gün Ermənistan silahlı qüvvələ­rinin baş qərargah rəisinin Vaşinqtona səfər etməsi ermənilərin mahiyyətini bir daha nümayiş etdirir. Ancaq digər tərəfdən, onun səfərində prinsipcə təəccüblü heç nə yoxdur. Paşinyanın atdığı addımların yanında Asryanın addımları heç nədir. Təbii ki, o, baş qərargah rəisi kimi ali baş komanda­nın siyasətini həyata keçirən icraçı­dır. Ona görə də mən düşünürəm ki, bu səfər bütövlükdə Ermənistan hər­bi-siyasi rəhbərliyinin xəttidir. Baş qə­rargah rəisi praktik icraçı kimi bu xətt üzrə hərəkət edir.

Bundan başqa, nəzərə almaq la­zımdır ki, hazırda Brüssel formatında danışıqların müxtəlif raundları Vaşinq­tonda keçirilir. Ola bilsin ki, Asryanın səfəri zamanı da təhlükəsizliklə bağlı hansısa məsələlər müzakirə olunub. 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət