Özbəkistanla əlaqələrimiz yüksələn xətlə inkişaf edir

post-img

Bugünlərdə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Şuşada keçirilmiş 12-ci iclasında bu barədə geniş danışılmış, müzakirə olunmuş məsələlər və imzalanmış sənədlər çoxtərəfli əməkdaşlığın uğurla davam etdirilməsinə yönəlmişdir.

Azərbaycanın dost Özbəkistanla iqti­sadi əlaqələri ildən-ilə genişlənir. İqtisadi münasibətlərin dərinləşməsində ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumət­lərarası komissiya mühüm rol oynayır. Xatırladaq ki, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya 1997-ci il iyunun 18-də Daş­kənd şəhərində yaradılıb. Ötən müd­dətdə komissiya ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfələr verib.

İclasda çıxış edən Azərbaycan Res­publikasının iqtisadiyyat naziri, hökumət­lərarası komissiyanın həmsədri Mikayıl Cabbarov tədbirin Şuşada təşkil olunmuş ilk hökumətlərarası komissiya iclası ol­duğunu vurğulayıb. Nazir xalqlarımızı və ölkələrimizi dostluq münasibətləri, ortaq tarix, kök, ənənələr və mədəniyyətin bir­ləşdirdiyini deyib, əlaqələrin genişləndiril­məsi məqsədilə reallaşdırılan tədbirlərin önəmini diqqətə çatdırıb. Bildirilib ki, Öz­bəkistanla qarşılıqlı faydalı əlaqələr yük­sələn xətlə inkişaf edir.

Azərbaycanla Özbəkistan arasın­da iqtisadi əlaqələrin mövcud vəziyyəti barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, iqtisadi-ticarət, investisiya tərəfdaşlığımız genişlənir. Qeyd olunub ki, Azərbaycan–Özbəkistan İnvestisiya Fondunun yaradılması da investisiya əməkdaşlığının, işgüzar dairələr arasın­da dialoqun inkişafına yeni təkan verə­cək. Bundan əlavə, enerji, regionlararası əməkdaşlıq, sənaye, xüsusilə avtomobil sənayesi, tekstil, kənd-təsərrüfatı, nəqliy­yat-tranzit, səhiyyə, turizm, humanitar və digər sahələr üzrə əlaqələrin inkişafı iqti­sadi əməkdaşlığımızın gündəliyində olan məsələlərdəndir.

İclasda Azərbaycanda əlverişli biz­nes mühiti, iqtisadi fəallığın artırılması istiqamətində tətbiq edilən mexanizm­lər, azad olunmuş ərazilərimizdə həyata keçirilən reinteqrasiya tədbirləri barədə məlumat verilib. Özbəkistan tərəfindən Füzulidə 960 şagird yerlik məktəb binası­nın tikildiyi vurğulanıb, Qarabağın bərpa­sında iştirak etdiyinə görə qardaş ölkəyə minnətdarlıq ifadə olunub.

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov hökumət­lərarası komissiyanın Şuşada təşkilindən məmnunluğunu ifadə edib, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqur­ma işlərini yüksək qiymətləndirib. Bildiri­lib ki, Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə daim hazırdır. Özbəkistanlı nazir ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrini vurğulayıb, yeni əməkdaşlıq istiqamətləri, işgüzar münasibətlərin in­kişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.

İclasda iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, nəqliyyat-tranzit, səna­ye, energetika, kənd təsərrüfatı, investi­siya və digər sahələrdə tərəfdaşlıq mü­nasibətlərinin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Tədbirin sonunda hökumətlərara­sı komissiyanın həmsədrləri tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədə əsasən, iqtisadi-ti­carət, enerji, nəqliyyat, innovasiyalar və startaplar, səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi, su təsərrüfatı, turizm, hu­manitar və sosial sahələrdə əməkdaşlı­ğın genişləndirilməsi nəzərdə tutulur.

İclasda Azərbaycanın İqtisadiyyat Na­zirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan–Öz­bəkistan İnvestisiya Şirkətinin yaradılma­sı haqqında saziş, həmçinin energetika sahəsində əməkdaşlığın genişləndirilmə­sinə dair sənədlər imzalanıb.

Yeri gəlmişkən, Azərbaycanın iqtisa­diyyat naziri Mikayıl Cabbarov özünün “Tvitter” səhifəsində Şuşa tədbiri ilə bağlı paylaşım edib. “Özbəkistanın investisi­yalar, sənaye və ticarət naziri Ləziz Kud­ratovla Azərbaycan–Özbəkistan birgə hökumətlərarası komissiyasının Şuşada keçirilən 12-ci iclasına həmsədrlik et­dik. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı sahəsində əməkdaşlığın və qarşılıqlı investisiyaların təşviqi istiqamətində həyata keçirilən təd­birləri dəyərləndirdik”,–deyə paylaşımda qeyd edilib.

İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, nazirlərin Şuşa görüşün­də dost Özbəkistanla ikitərəfli əlaqələrin inkişafında dövlət başçılarımızın siya­si iradəsinin, yüksək səviyyəli səfərlə­rin, keçirilən görüş və tədbirlərin xüsusi rolu vurğulanıb. Qeyd olunub ki, iqtisadi əlaqələrin inkişafında mühüm platforma olan Azərbaycan Respublikası ilə Özbə­kistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti qarşılıqlı səylərlə daha da ak­tivləşdirilib. Görüşdə Azərbaycanın əl­verişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən yenidənqurma və bərpa, həmçinin, biz­nesin dirçəldilməsi işləri, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib, özbəkistanlı investorlar ölkəmizdə yaradılan işgüzar mühitdən yararlanma­ğa dəvət ediliblər.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, nəqliyyat-tranzit, səna­ye, energetika, kənd təsərrüfatı, investi­siya və digər sahələrdə tərəfdaşlıq mü­nasibətlərinin inkişaf etdirilməsi barədə müzakirələrlə yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlərdən də ətraflı bəhs olunub.

Yeri gəlmişkən, Azərbaycan ilə Öz­bəkistan arasında əməkdaşlıq üzrə bir­gə hökumətlərarası komissiyanın 12-ci iclasında iştirak etmək üçün Şuşa şəhə­rinə səfər edən Özbəkistan nümayəndə heyəti ölkəmizin mədəniyyət paytaxtında həyata keçirilən bərpa və yenidənqur­ma işləri ilə tanış olub. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovun da iş­tirakı ilə keçirilən tanışlıq zamanı Şuşa­nın tarixi, dağıdılmış abidələrin bərpası istiqamətində həyata keçirilən tədbirlər, şəhərin yenidən qurulması məqsədilə görülən işlər haqqında ətraflı məlumat verilib. Özbəkistan nümayəndə heyətinin üzvləri qədim Azərbaycan şəhərinin bər­pası və abadlaşdırılması işlərini yüksək qiymətləndiriblər.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat