Ölkəmiz beynəlxalq logistika qovşağına çevrilib

post-img

Prezident İlham Əliyev iyulun 11-də cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunan müşavirədəki çıxışında bildirib ki, ölkəmizin son vaxtlar nəqliyyat sektorunun əhəmiyyətinin daha da artması, bəzi məhdudlaşdırıcı tədbirlər hesabına yeni nəqliyyat marşrutlarının açılması və respublikamızın əlverişli coğrafi vəziyyəti Azərbaycan üçün əlavə imkanlar yaradıb. 

Ölkə rəhbəri daha sonra respubli­kamızda nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparıl­dığını və öz ərazimizdə infrastrukturun əvvəlki dövrün tələbatına uyğun olaraq tam modernləşdirildiyini vurğulayıb. “Amma bu gün tələbat daha da artır. Çünki yüklər artır, nəqliyyat marşrutla­rı, qeyd etdiyim kimi məhdudlaşır. Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə və əks is­tiqamətdə yükdaşımaların artması göz önündədir. Burada da Azərbaycan çox etibarlı tərəfdaş kimi çıxış edir və öz qonşuları ilə sıx təmasdadır, qonşula­rın nəqliyyat problemlərinin həlli üçün öz köməyini də əsirgəmir”,–deyə döv­lətimizin başçısı diqqətə çatdırıb. 

Göründüyü kimi, Prezident İlham Əliyevin mövcud sahəyə diqqət və qay­ğısının nəticəsidir ki, bu gün Azərbay­canın beynəlxalq yükdaşımalarda fəa­liyyəti getdikcə genişlənir. Bu, müxtəlif istiqamətlərdə hərəkət edən nəqliyyat vasitələrinin sayının getdikcə artması, mövcud sahədə bazarın şəffaflaşması nəticəsində “kölgə”də işləyən daşı­yıcıların qeydiyyata alınması, onların bəzilərinin fəaliyyətinin bərpa edilmə­si, bəzilərinin isə daxili bazardan bey­nəlxalq bazara keçidinin reallaşması ilə bağlıdır. Bundan savayı, yükdaşımalar­da qanunvericiliyin təkmilləşdirilməsi də daim diqqət mərkəzində saxlanılır. 

Həyata keçirilən tədbirlərin nəticə­sidir ki, cari ilin 6 ayında isə idxal-ixrac əməliyyatları üzrə 29 milyon 910 min 271 ton yük daşınıb. Bunun isə 4,8 faizi dəniz, 12,7 faizi dəmir yolu, 8,7 faizi isə avtomobil nəqliyyatına aid olub. Xari­ci ticarət əməliyyatları üzrə nəqliyyatın bütün növləri ilə daşınan yüklərin dəyə­ri isə həmin dövr üzrə 26 milyard 166 milyon 413 min ABŞ dolları təşkil edib.

Hazırda yük daşımaların artmasın­da Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fəaliyyəti daha çox diqqət çəkir. Bu marşrut Çin­dən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük axınının artırılmasına xidmət etməklə region ölkələrinin ticarət-iqtisadi əlaqələrinin səmərəliliyinin yüksəldilməsində mü­hüm rol oynayır.

Cari ilin I yarısında Orta Dəhlizin Azərbaycan seqmenti üzrə yükdaşı­maların həcmi əvvəlki ilin müvafiq döv­rü ilə müqayisədə 1,8 dəfə və yaxud 77,2 faiz artaraq 1 milyon 325 min ton təşkil edib.

Xatırladaq ki, Orta Dəhliz Çindən Avropaya quru yolla daşınan yüklə­rin Qazaxıstan və Azərbaycandan keçərək ötürülməsini nəzərdə tutur. Çin yükləri Qazaxıstanın sərhəddə yerləşən Dostık dəmir yolu stansiya­sından daxil olaraq birbaşa Xəzərdə yerləşən Aktau dəniz limanına daşınır və oradan bərə ilə Bakı Beynəlxalq Də­niz Ticarət Limanına gətirilir. Buradan isə Türkiyə və Gürcüstanın Qara dəniz limanları vasitəsi ilə Avropaya ötürülür.

Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdik. Belə ki, Rusi­ya–Ukrayna müharibəsi başlayandan indiyədək dünyanın ən böyük yükda­şıma şirkətləri tərəfindən Azərbaycan üzərindən daşımaları şərtləndirən Orta Dəhlizdən istifadəyə start verilib. Bu isə ölkəmizin ərazisindən tranzit yük­daşımaların həcmində kəskin artıma gətirib çıxarıb. 

Orta Dəhlizin tam gücü ilə işə düş­məsi üçün gömrük sənədləşdirilməsi­nin unifikasiyası, “vahid pəncərə” siste­mi və tarif siyasəti çərçivəsində ümumi prinsiplərin hazırlanması da sürətlənib. Bütün bunlar isə marşrutun həm kom­mersiya dəyərini, həm də geosiyasi önəmini artırmağa hesablanıb. 

Beləliklə, Orta Dəhliz yalnız Azər­baycanın yox, bütün regionun iqtisa­di inkişafına təkan verəcək, bölgədə sülh və sabitliyin bərqərar olması üçün əlavə təsir vasitəsinə çevriləcək, Avro­pa İttifaqı (Aİ) ölkələrinə yükdaşımala­rın fasiləsizliyini təmin edəcək. 

Hazırda Çinlə Aİ arasındakı üç tica­ri marşrutdan biri məhz Orta Dəhlizdir ki, onun uzunluğu avtomobil və dəmir yolu ilə 4256 kilometr, dəniz yolu ilə isə 508 kilometrdir. Bu marşrut ilə hərəkət edən standart konteyner qatarı Çindən Aİ-yə yükləri orta hesabla 20-25 sut­kaya çatdırır. Müqayisə üçün deyək ki, Çindən və Cənub-Şərqi Asiya ölkələ­rindən Aİ-yə yüklərin əhəmiyyətli his­səsi indi Süveyş kanalından keçilməklə 35-42 sutkaya daşınır.

Xəzər dənizində ən böyük tica­ri donanmaya (53 gəmi) malik olan Azərbayan Avropa və Asiya qitələrinin qovşağında yerləşdiyindən beynəlxalq miqyasda nəqliyyat habına çevrilib. Belə ki, ötən il ölkəmizdən keçən tran­zit yükdaşımaların həcmi 75 faiz artıb. Artım bu ilin əvvəlindən bəri sürətlə yüksəlməkdədir.

Qeyd edək ki, Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qa­zaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin–Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbay­can və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılaraq “vahid pəncərə” prinsipi tətbiq olunur.

Aqil ƏSƏDOV,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru 

Qloballaşma və inteqrasiya pro­seslərinin sürətlənməsi ilə xarakte­rizə olunan XXI əsr milli iqtisadiy­yatın və onun ayrı-ayrı sektorlarının inkişafına öz təsirini göstərir. Qlobal məkanda baş verən sosial-iqtisadi proseslər bütövlükdə milli təsərrü­fatların, eləcə də ayrı-ayrı sahələrin qarşısında müəyyən vəzifələr qoyur ki, bu vəzifələrin də uğurlu icrasını nəqliyyatın iştirakı olmadan təsəvvür etmək mümkün deyil.

Bütün bunları dəqiqliklə nəzərə alan Azərbaycan hökuməti ölkəmiz­də nəqliyyat sisteminin təkmilləşdi­rilməsi, nəqliyyat xidmətlərinin yax­şılaşdırılması istiqamətində davamlı addımlar atır, müvafiq proqram və layihələr hazırlayaraq uğurla real­laşdırır. Ölkə başçısının qəbul etdiyi qərar və sərəncamlar ölkəmizin nəq­liyyat sistemində idarəetmənin və xidmətlərin təkmilləşdirilməsi, bey­nəlxalq tələblərə uyğunlaşdırılması və ümumilikdə milli nəqliyyat sistemi­nin dünya nəqliyyat sisteminə inteq­rasiyasının hüquqi əsaslarını təşkil edir. Uğurla reallaşdırılan qərar və sərəncamların nəticəsidir ki, həyata keçirilən layihə və proqramlar mü­hüm nəqliyyat-tranzit qovşağı kimi Azərbaycan Respublikasında yeni bir nəqliyyat sistemi formalaşdırır.

Ölkədə mobillik, yol hərəkəti təh­lükəsizliyi və yol-nəqliyyat infrastruk­turu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prin­sip və yanaşmalar, vahid nəzarət və cavabdehlik olmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Nəqliy­yatı Əlaqələndirmə Şurasının ya­radılması haqqında” 2023-cü il 19 aprel tarixli sərəncamı da məhz va­hidlik, çeviklik, mobillik və səmərəli koordinasiyanın təmin olunması zə­rurətindən irəli gələn addımdır.

Onu da qeyd edim ki, bu is­tiqamətdə görüləsi işlər də çoxdur. Məsələn, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri boyunca, Azərbay­can daxilində TIR avtomobillərinin parklanması və sürücülərin istirahəti üçün, texniki baxış və xidmətlər üçün xüsusi məntəqələrin yaradılması zə­ruridir. Regional nəqliyyat qovşaqla­rında intellektual idarəetmənin tətbiqi ilə daşıma sifarişlərini qəbul edən və tənzimləyən xüsusi mərkəzlərin for­malaşdırılması isə dəhliz boyunca aktivliyi artıra bilər. Bütün bunlarla yanaşı, özəl sektorda yerli və bey­nəlxalq bazarda daşımaları həyata keçirməyə qadir milli daşıyıcı şirkət­lərin fəaliyyətinin dəstəklənməsi va­cibdir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”





İqtisadiyyat