Son illər ölkəmizin dünya miqyasındakı nüfuzu xeyli artıb. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini darmadağın edərək diz çökdürən rəşadətli ordumuz dünyanın ən güclülərindən biri olduğunu təsdiqlədi. Tarixi Qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı tikinti-bərpa işlərinə başlanılması ölkəmizin iqtisadi qüdrətindən xəbər verirdi. Hazırda yenidənqurma işləri geniş vüsət alıb və qüruuverici haldır ki, bu işlərə xarici ölkələrin tanınmış şirkətləri də qoşulub. Bu, ölkəmizin haqq işinin beynəlxalq miqyasda tanınmasının bariz nümunəsidir. Son illər bütün sahələr üzrə inkişaf müşahidə olunur. Qeyri-neft sektorumuz və qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıb. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi maliyyə vəziyyətimiz böyük dərəcədə yaxşılaşıb. Hazırda dövlət büdcəmiz 36 milyard manatdan çoxdur.
Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olmalıdır. Mütləq rəqəmlərdə bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir. Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə ayrılmış vəsait yenidən şoxaldıldı. Bütün bunlar ölkəmizin iqtisadi gücünün göstəricisidir. Prezident İlham Əliyev bu barədə bir neçə gün əvvəl 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ətraflı məlumat verdi. Dövlətimizin başçısı ilin ilk altı ayının səmərəli keçdiyini bildirdi və əsas istiqamətimizin ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi olduğunu bildirdi. Qeyd etdi ki, bütövlükdə, Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.
Göründüyü kimi, dövlət başçımızın siyasi kursunun əsasını , ilk növbədə, insanların taleyi, onların güzəranı, təhlükəsiz yaşaması təşkil edir. İnsan amilinin dövlət siyasətinin prioriteti olduğunu bir daha nümayiş etdirdi. Mən müşavirədə dövlət başçımızın bu yaxınlarda baş vermiş Gəddəbəy hadisələrinə ciddi münasibət bildirməsini, məsələnin diqqətlə araşdırılması barədə verdiyi göstərişləri, bu işlərdə əsas xalqın sağlamlığının qorunmasına diqqət yetirlməsi , öz şəxsi məqsədləri naminə vətəndaşların rahat yaşamasına problem yaradanların müəyyənləşdirilməsi və cəzalandırılması barədə sərt xəbərdarlığını xatırlatmaq istərdim. Dövlət başçımız ekologiyanın korlanmasının yolverilməz olduğunu bildirdi və ölkəmizdəı bu işi törədən xarici şirkətləri , onlara himayədarlıq edənləri kəskin qınadı. Dedi ki, bu gün dünyada ekologiyanı korlayan şirkətlər müflisləşir: “Onlar öz ölkələrində belə hərəkət edə bilərdilərmi, gedib göl qursunlar, oraya zibil, zəhər töksünlər. Onları orada ayaqlarından asardılar. Elə iş verərdilər ki, ömürlərinin sonuna qədər həbsxanada yatardılar. Amma burada hesab edir ki, nə istəyir onu da edir. Çünki gedib kimisə görüb, kiməsə salam verib, gedib kiməsə nəsə pay verib. Bunun başqa izahatı ola bilməz. Orada təbiətə, insanların sağlamlığına zərrə qədər təhlükə varsa, o fəaliyyət dayandırılmalıdır. Vəssalam!”
Dövlətimizin başçısı bu hadisələrdə təxribatçıların da “fəaliyyətini” qeyd etdi. Bildirdi ki, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur. Xaricdəkiləri də məsuliyyətə cəlb edəcəyik. Heç kim, necə deyərlər, fikirləşməsin ki, biz bunu unutmuşuq. Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Əgər kimsə unudubsa, biz xatırlada bilərik. Ona görə vətəndaşlar da həm mədəniyyət göstərməlidirlər, necə deyərlər, mərifət göstərməlidirlər, qanuna tabe olmalıdırlar.
Cənab Prezident bu hadisələr zamanı polislə vətəndaşlar arasında yaşanan gərginliyə də toxundu. Bu məsələ müşavirədə xüsusi vurğulandı. Qeyd edili ki, bizim ölkəmizdə belə hallar baş verməməlidir. Söz yox ki, xarici ölkələrdə polislə vətəndaşlar arasında daha kəskin insidentlər baş verir. Hətta Amerikada polisin ildə təxminən min nəfəri öldürdüyü diqqətə çatdırıldı: “Fransa polisi neçə nəfəri öldürür və nəyə görə öldürür? Bu yaxınlarda Fransa polisinin əməllərini bütün dünya gördü. Mən onlara bəraət qazandırmıram, bu dözülməzdir. Əfsuslar olsun ki, insanları öldürən o polisin mütləq əksəriyyəti məsuliyyətdən yayınır. Bir müddətdən sonra onları ya ümumiyyətlə məhkəmədə buraxırlar, ya da ki, şərti iş verirlər. Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur. Bizim Daxili Qoşunlarımız Qarabağda müharibə zamanı şəhid verib. İndi kimsə gəlsin, polisə ləkə vursun. Mən buna imkan verməyəcəyəm və hər kəs bunu bilsin - təxribatçılar, o təxribatlara uyanlar və bütün ictimaiyyət”.
Həmin hadisələrdə polisə daş atanlar ciddi tənqid olundu. Polisə daş atmamalıdırlar, polisə daş atmaq heç kimə şərəf gətirən hərəkət deyil. Bu, cinayətdir. Əgər Azərbaycan polisi dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil. Dövlətimizin başçısı bu barədə ciddi xəbərdarlıq da etdi: “Mən hər kəsə deyirəm, burada biz kiminsə nazı ilə oynayası deyilik, necə lazımdır, əgər lazım bilsək, kimi lazımdır, elə cəzalandırarıq ki, peşman olar. İndi yenə də deyirəm, polisə daş atan utanmalıdır - öz ailəsi qabağında, uşaqları qabağında, ailə üzvləri qabağında, ictimaiyyət qabağında. Çünki o eybəcər mənzərəni ictimaiyyət görüb. Ona görə mən tapşırıram, bir həftə vaxt verirəm, həm mənə, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır”.
Möhtərəm Prezidentimiz həmişə olduğuğu kimi, yenə də Azərbaycan xalqını əmin etdi ki, təhlükəsizliyimiz etibarlı əllərdədir. Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərindən biz elə güc yaradırıq ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edə bilək.
Sülh danışıqları ilə bağlı Azərbaycanın mövqeyi aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Dövlətimizin başçısı bəyan etdi ki, hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır, biz o qədər də ayıracağıq. Bu gün Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat baxımından daha da güclü olacağıq. Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru