İkinci Qarabağ müharibəsinin Ermənistan ordusu üzərində şanlı qələbə ilə başa çatmasından sonra Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti altında işğaldan azad edilmiş ərazilərimizin bərpasına start verildi. Budur, artıq üçüncü ildir ki, Qarabağ və Şərqi Zəngəzurun erməni barbarlığından xilas edilərək ayağa qaldırılması üçün böyük tikinti-quruculuq işləri aparılır.
Bu da təbiidir. Çünki işğalçı Ermənistanın təxminən 30 il ərzində dağıdıb viran qoyduğu onlarla şəhərimiz, yüzlərlə kəndimiz, tarixi-mədəni abidələrimiz, infrastruktur obyektlərimiz yenidən qurulmalı, məcburi köçkün insanlarımız öz yurd-yuvalarına qayıtmalıdır. Azərbaycan lideri dəfələrlə bəyan edib ki, bu insanlar üçün ən yüksək səviyyədə şərait yaradılmalı, onların ləyaqətli şəkildə öz yurdlarına qaytarılması təmin edilməlidir.
Hazırda bu istiqamətdə böyük işlər görülür. Amma qarşıda daha böyük vəzifələr dayanır. Məşhur yazıçı Anarın Dədə Qorqudun dili ilə dediyi kimi, torpağı qorumadınsa, əkib-becərməyə, əkib-becərmədinsə, qorumağa dəyməz. Odur ki, bu gün biz dağıdılmış şəhər və kəndlərimizi tikib-yaradırıqsa, demək, onların qorunması qayğısına da qalmalıyıq. Özü də hazırkı dolaşıq, çox şeylərin qayda-qanunlarla, beynəlxalq hüquq normaları əsasında deyil, güc yolu həll olunduğu bir dövrdə...
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışında qeyd etdiyi kimi, nəzərə almalı olduğumuz əsas istiqamətlərdən biri hərbi gücümüzün artırılması olmalıdır. Cənab Prezident bununla bağlı dedi: “Beynəlxalq vəziyyət bəllidir... Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Biz həmişə hüququn tərəfdarı idik, o cümlədən beynəlxalq hüququn. Biz həmişə ədalətin tərəfdarı idik. Bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq və beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik. Həm bir ölkə kimi, həm də 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının sədri kimi və nazirlər səviyyəsində son toplantı bir daha onu göstərdi. Ancaq biz görürük ki, dünyada qaydalar tamamilə pozulub, davranış qaydalarına, beynəlxalq hüquqa əməl edilmir”.
Beynəlxalq hüquq və prinsiplərlə bağlı vəziyyət, təəssüf ki, bu gün acınacaqlı vəziyyətdədir və bu, hər bir dövlətdən, o cümlədən, qonşuluğunda yırtıcı, vəhşi xislətli Ermənistan kimi bir ölkə olan Azərbaycan üçün. Hazırda beynəlxalq aləm elə bir vəziyyətə gəlib çatıb ki, beynəlxalq hüququn qarantı rolunu öz üzərinə götürmüş ölkələrin özləri bu hüquq və prinsipləri uf demədən pozur, amma başqalarının qarşısına həmin qaydalara əməl etmək tələbi qoyurlar. Amma özləri on illərlə formalaşmış, beynəlxalq sənədlərdə təsbit olunmuş, necə deyərlər, oturuşmuş beynəlxalq davranış qaydalarına əməl etmirlər. Belə olan təqdirdə bizim də zəif və gücsüz olmağa nə ölkəmiz, nə xalqımız, nə də tariximiz və gələcəyimiz qarşısında haqqımız yoxdur. Biz də istənilən situasiyada özümüzü qorumaq, öz müstəqilliyimizi, ərazi bütövlüyümüzü müdafiə etmək üçün güclü olmalıyıq. Müşavirədə dövlət başçısı da bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu istiqamətdə çox ciddi addımlar atılıb və bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi potensialı kifayət qədər artırılıb. Həm döyüş qabiliyyəti, həm silah və texnika ilə təchizat sahəsində mühüm işlər görülüb və davamlı şəkildə görülməkdədir. Prezident bununla bağlı qeyd etdi ki, biz “daha da güclü olacağıq, çünki bu proses dayanmır və dayanmamalıdır. Mən demişəm, iki istiqamət üzrə – hərbi potensial və azad edilmiş torpaqların bərpasına nə qədər vəsait lazımdır, biz o qədər də ayıracağıq”.
Azərbaycan bu gün məhz bu istiqamətdə irəliləyir, ölkəmizin qüdrətinin, ordumuzun döyüş qabiliyyətinin artırılması üçün lazımi addımlar atılır. Çünki bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Dövlətimizin başçısı məhz bunları nəzərə alaraq dedi ki, son iki il yarım ərzində bir neçə dəfə bunu müvafiq ünvana göstərmişik, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi və milli maraqlarımızı qoruya bilmişik: “... Əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz və hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq”.
Prezidentin qeyd etdiyi kimi, artıq Azərbaycanda Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması və təkmilləşdirilməsi, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. Silahlı Qüvvələrimizin ən qabaqcıl ordular səviyyəsinə çatdırılması üçün, demək olar ki, hər gün işlər aparılır. Struktur islahatları, idarəetmə və özünü müdafiəetmə qabiliyyəti nöqteyi-nəzərdən mühüm addımlar atılır ki, yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin-arxayın hiss edə bilək. Amma bütün bunlarla da arxayınlaşmaq olmaz. Kapitulyasiya aktına imza atmış, üzərinə öhdəliklər götürmüş Ermənistan sülhə gəlməkdə çətinlik çəkir, hələ də revanşizm xülyaları ilə yaşayır. Arada təxribata əl atanda isə regionun ən güclü hərbi qüvvəsi olan Azərbaycan ordusunun sərt qapazını dadır və geri çəkilir. Odur ki, biz də gücümüzü artırmaqda davam etməli, istənilən anda təxribatlara layiqli cavab verməliyik. Bununla bağlı Prezident İlham Əliyevin müşavirədə dediyi fikirlər də maraqlıdır: “... Bu sahə elə sahədir ki, burada az danışmaq, çox iş görmək lazımdır. Ona görə bundan artıq demək istəmirəm. Hər halda Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir. Azərbaycan xalqı bundan sonra da rahat yaşaya bilər və yaşamalıdır”.
Paşa ƏMİRCANOV,
"Xalq qəzeti”