Qərbi Azərbaycan: Zəngəzur xəyanəti

post-img

(Əvvəli https://xalqqazeti.az/siyaset/131049-qerbi-azerbaycan-zengezur-xeyaneti)

Tarixə nəzər saldıqda görürük ki, XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlıqlarının tərkibində, Çar Rusiyası dövründə isə Gəncə (Yelizavetpol) quberniyasının tərkibində olmuşdur.

Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər Zəngəzur qəzası da daxil olmaqla Şuşa, Cavanşir, Cəbrayıl qəzaları əsasında yaradılan Qarabağ general-qubernatorluğunu 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi tanımışdır. Amma faktik olaraq o vaxt Osmanlı dövlətinə xəyanət etmiş general, quldurbaşı Andranik Zəngəzuru müsəlman türk və kürdlərdən təmizləmiş, orada daşnak qubernatorluğu elan etmişdir. 

Yeri gəlmişkən deyək ki, Antanta agenti olan, eyni zamanda, bolşeviklərlə gizli əlaqə saxlayan bu satqın və qəddar general Laçında Sultan bəyə biabırçı vəziyyətdə məğlub olandan sonra Qafqazdan getmiş, 1922-də ABŞ-a sığınmışdı. Əli on minlərlə soydaşımızın qanına batmış bu başkəsən, hərbi cani 1927-ci ildə ölmüş, Kaliforniya ştatının Fresno şəhərində basdırılmışdır. Daşnak tör-töküntüləri onun cəsədini 1 il sonra Parisə köçürmüşlər,  2000-ci ildə isə erməni millətçilərinin bədnam milli qəhrəmanının lənətə gəlmiş sür-sümüyü Yerevana gətirilmişdir.

Zəngəzur isə 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra respublikamızın tərkib hissəsi kimi rayonlaşmaya qədər ayrıca inzibati bölgə – qəza olmuşdu. 

Daha qədim tarixə getsək, görərik ki, Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanını olmuşdur. Xilafət zamanı ərəblər Cənubi Azərbaycandan Naxçıvan-Biçənək–Gorus–Laçın–Bərdə istiqamətində hərəkət edərək o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt etmişlər. 

O zaman Qafqaz Albaniyasının tərkibində olmuş Sünik knyazlığı da əsasən Zəngəzurun Qarakilsə (Sisyan) və Gorus bölgələrini əhatə etmişdir.1065-ci ildə Səlcuq-türk imperiyasının hökmdarı Alp Aslan Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoymuşdur 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirmiş, bu yerlərdə çox sayda türksoylu tayfalar məskunlaşmışdır. 

1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ və Zəngəzuru çox böyük itkilər hesabına tutmuşlar. Teymur bu yerləri xarabazara çevirmiş 10 min ailəni Əfqanıstana köçürmüşdür. Təkcə 4 min ailə Qəndəhar yaxınlığında məskən salmışdır. Yerli əhali bu köçürülənləri öz adları ilə “ağvan” çağırırmışlar, sonralar isə bu ad fonetik dəyişimə uğrayaraq “əfqan”a çevrilmişdir. 

Zəngəzur Qaraqoyunluların (1410–68), Ağqoyunluların (1468–1502), 1503-cü ildən isə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşmüşdür. I Şah Abbasın (1571–1629) Naxçıvan və Zəngəzur uğrunda apardığı qanlı savaşlar zamanı onun yerli müsəlman əhalisinə qarşı düşmən münasibətinin nəticəsiolan köç fərmanına əsasən, hər iki vilayətin əhalisi öz yerlərini tərk etmişlər. 

Sonrakı dövrdə Zəngəzur Osmanlı və İran xanədanları arasında bir neçə əsr savaş meydanına çevrilmiş, bir əsrə yaxın Naxçıvan bəylərbəyliyinə tabe olmuşdur. 748-ci ildə Qarabağ xanlığını yaradıb, ilbəil güclənən Pənahəli xan 1750-ci ildə iti zəkası, hərbi qüvvələrinin üstünlüyü sayəsində Zəngəzur ellərini–Bərgüşad, Tatev, Qarakilsə, Qafan, Mığrını Naxçıvan bəylərbəyliyindən qoparıb öz xanlığına qatmış və bu ərazilər Qaraçorlu mahalı adlandırılmışdır. 

Rusiya Azərbaycanı ilhaq edəndən sonra da Zəngəzur Qarabağın tərkibində qalmışdır. Qafqaz və Zaqafqaziya diyarının idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol (Gəncə) quberniyası yaradılmış, Zəngəzur, Şuşa, Nuxa Yelizavetpol və Ordubad qəzasının bir hissəsi onun tərkibinə daxil edilmişdir. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olunmuşdur. Sonralar Cəbrayıl qəzasına Azərbaycana qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.M.Karyaginin adı verilmişdir. 

1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17- də Gəncədə Fətəli xan Xoyskinin sədrliyi ilə 2-ci hökumət kabinəsi təşkil edilmişdir. Gəncə şəhəri 1918-ci il iyunun 17-dən sentyabrın 17-dək  AXC-nin paytaxtı olmuşdur.

 1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə, 9 sünni məscidi fəaliyyət göstərmişdir. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 olub. Bu rəqəmlər bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə soydaşlarımızın mütləq çoxluq təşkil etməsindən xəbər verir. Lakin sovet hakimiyyətinin ilk illərində bolşevik şineli geymiş daşnakların xalqımıza qarşı düşmən münasibətini gizli surətdə davam etdirməsi və sovet Rusiyasının xəyanətkar himayəsi, eləcə də Azərbaycan kommunistlərinin milli maraqları susqunluqla satması nəticəsində Qərbi Azərbaycanda Ermənistan adlı dövlətin qurulması ilə yanaşı, AXC-nin ərazisi olmuş Zəngəzur da ermənilərə bağışlandı.

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində bu tarixi xəyanətkarlıqla bağlı demişdir : “O vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu böyük ədalətsizlik idi. Çünki  Zəngəzur tarixi, əzəli Azərbaycan torpağıdır. Zəngəzurun ovaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq”.

Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi bu dahi fikirlər artıq çin olmağa başlamışdır. Zəngəzura qayıdış və Zəngəzur dəhlizinin açılması artıq Azərbaycanın deyil, regionda marağı olan dövlətlərin diqqət və marağındadır. Azərbaycan həm də Avropanın əsas enerji təchizatçılarından biridir. Ona görə də Avropa İttifaqı və Biləşmiş Ştatlar  tezliklə sülh müqaviləsinin bağlanmasında, regionda sabitlik olmasında maraqlıdır.

Bildiyimiz kimi, Zəngəzur dəhlizinin bərpası həm də Şərqlə Qərb arasında  Azərbaycandan keçən Orta Dəhlizin ikinci xəttinin açılması deməkdir. Hazırkı  geosiyasi şərtlər daxilində, Rusiyanın və İranın sanksiya altında olması Şimaldan və Cənubdan keçən yolların istifadəsi üçün maneələr yaradır. Ona görə də Azərbaycandan keçən orta dəhlizin əhəmiyyəti daha da  artır. Gələcəkdə bu yol ilə daşınacaq yüklərin artma ehtimalı çox böyükdür. Bu proses artıq başlayıb. Yəni Zəngəzur dəhlizinin açılması orta dəhlizə  əlavə nəfəs verəcəkdir. Zəngəzur dəhlizinin açılması Qərbin Çin, Yaponiya və Koreya ilə əlaqələrinin inkişafına daha böyük töhfə verəcəkdir.  

Biz inanırıq ki, yaxım gələcəkdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevın parlaq zəkası, uzaqgörənliyi və qətiyyəti ilə Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar. Zəngəzur dəhlizinin açılması ilə Türk dövlətləri daha da yaxınlaşacaq, qloballaşan  dünyaya öz layiqli töhfəsini verəcəkdir. Artıq zəngəzurlular bu inamla öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

İsmayıl ƏLİYEV,  
 Bakı Dövlət Universitetinin  ­kafedra müdiri, professor

 



Siyasət