Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının bu yaxınlarda qəbul etdiyi anti-Azərbaycan qətnaməni kəskin şəkildə qınayıb. Bu barədə İcmanın yaydığı məlumatda bildirilir:
– AŞPA-nın anti-Azərbaycan məzmunlu qətnaməsi insan hüquqlarının mahiyyətinə birbaşa zidd olan qərəzli və naşı yanaşmasını bir daha nümayiş etdirir. AŞPA-nın bir tərəfdən humanizmdən dəm vurması, digər tərəfdən isə heç bir əsas olmadan Azərbaycanın Qarabağ bölgəsindən etnik ermənilərin emiqrasiyasına dair xəyali ssenari iddiası irəli sürməsi başdan-başa böhtan olmaqla dərin hiddət doğurur.
Ermənistanın Göyçə, Zəngəzur, Dərələyəz və digər bölgələrindən zorla qovduğu etnik azərbaycanlılardan fərqli olaraq, ermənilər Azərbaycanın Qarabağ bölgəsində yaşamaqdadırlar. İnsan haqlarının müdafiəsi ilə məşğul olan AŞPA-nın Ermənistanın bütün azərbaycanlıları öz ərazisindən qovaraq, mono-etnik məkana çevrilməsi ilə rahat şəkildə razılaşması dərin narahatlıq doğurur.
Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ üçün dəstək istəyən saysız-hesabsız müraciətlərinə göz yuman AŞPA indi etnik ermənilərin hüquqlarını mövcud olmayan təhlükələrdən müdafiə etmək niyyətindədir. Əslində, AŞPA bu qətnamə ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını müdafiə edir. Əgər AŞPA insan haqları məsələsində səmimi olsaydı, o, bizim geri qayıtmaq hüququmuzu müdafiə edərdi və Ermənistanın bir milyondan çox azərbaycanlıya qarşı bədnam etnik təmizləmə aparmasını və azərbaycanlıların öz vətənlərinə qayıtmasının qarşısını almasını ardıcıl olaraq pisləyərdi.
Bəyanatda daha sonra bildirilir ki, Ermənistanın azərbaycanlılara qarşı sistemli şəkildə təbliğ etdiyi nifrəti nəzərə aldıqda, AŞPA-nın Azərbaycanda, guya, belə çıxışların olmasını iddia etməsi gülüncdür:
– Ermənistanda etnik dözümsüzlüyün ən son nümunələri sırasında İrəvanda Azərbaycana və Türkiyəyə qarşı zorakı terrorçuluğu tərənnüm edən “Nemezis” abidəsinin ucaldılmasını qeyd etmək olar. Bundan başqa, cəmi iki ay əvvəl İrəvanda keçirilən beynəlxalq idman tədbirində Baş nazirin gözünün qarşısında Azərbaycanın bayrağının yandırılması bu ölkədə tüğyan edən etnik nifrəti göstərən növbəti bir aktdır.
AŞPA Azərbaycana sual doğuran məqsədləri olan missiya göndərməkdən danışmaq əvəzinə, azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtmasını təmin etmək, onların hüquqlarının, əmlakının və mədəni irsinin qorunması üçün Ermənistana beynəlxalq missiyaların göndərilməsinə yardım etməlidir. AŞPA Ermənistanın qovduğu azərbaycanlıların hüquqları ilə bağlı müvafiq konvensiyalar çərçivəsində öhdəliklərinə əməl etməsinin monitorinqini ən ümdə vəzifə kimi qarşısına qoyumalıdır.
Qərbi Azərbaycan İcmasının bəyanatı bu sözlərlə bitir:
– AŞPA Monitorinq Komitəsinə bununla bağlı göndərdiyimiz məktub bu günə kimi cavabsız qalıb. Belə görünür ki, AŞPA zorakılıq edənləri mükafatlandırır, qanunun aliliyinə riayət edənləri isə cəzalandırır. Biz Assambleyanı insan haqlarına zidd, Azərbaycanofob mövqeyindən əl çəkməyə və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtması ilə bağlı çağırışlarımıza cavab verməyə çağırırıq.
“Xalq qəzeti”