“Yaraşır libasın gül əndamına”

post-img

(Əvvəli https://xalqqazeti.az/medeniyyet/131051-yarasir-libasin-gul-endamina)

II Yazı

Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş, xalqımıza öz sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət göstərmiş Dədə Ələsgərin yaradıcılığını Qərbi Azərbaycanın qadın geyim mədəniyyəti nöqteyi-nəzərindən zəngin etnoqrafik mənbə hesab etmək olar.

Aşıq Ələsgər “Mələk” müxəmməsində qadın geyimlərinin ən bəzəklisi və zəngini olan nimtənə haqqında da danışır. Nimtənə qızıl sapla toxunan zərbaftan hazırlanırdı. Zərbaft isə qızıl və ya güləbətinlə qarışıq hazırlanan qiymətli parça idi. Qadın üst paltarı olan nimtənə gündəlik geyim kimi yun və pambıq parçadan, boğçalıq, toy-düyün paltarı kimi məxmər darayı, tirmə və başqa parçalardan hazırlanırdı. Nimtənənin ətəyinə, qollarının ağzına, yaxa və yan kəsiklərinə qızıl-gümüş düymələr bəndlənir, müxtəlif tikmələrlə bəzədilirdi. 

Tipoloji cəhətdən çəpkənlə eynilik təşkil edən nimtənə haqqında məlumata Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərində də təsadüf edilir. Həmin əsərdə şair yazır: “Onların donu (nimtənəsi) başdan dizə qədərdir” Buradan aydın olur ki, nimtənə haqqında yazılı məlumatlar XII əsrə qədər gedib çıxır. 

Aşıq Ələsgər “Qırmızı” qoşmasında təriflədiyi qız-gəlinin geyindikləri qadın üst geyimlərindən olan çəpkəni belə təsvir edir: “Qüdrətdən çəkilib qaməti-şahbaz, mərnus dizlik geyib, çəpgəni ətlaz”.Çəpkən qadın üst geyim növü olub, köynəyin üstündən geyilir və astarlı tikilir, bəzən isə yüngül sırınır və bədənə kip biçilirdi. 

Çəpkən iqtisadi durumdan asılı olaraq ipək parçalardan məsələn, məxmər, tirmə, zərxara, tafta, qumaş, atlas və s-dən, həmçinin pambıq, yun və adi parçalardan hazırlanırdı. Çəpkənin yaxasının hər iki tərəfində cərgə ilə qızıl və gümüş pullar tikilirdi. Aşıq Ələsgər bu barədə “Görürsənmi oğrun baxan gözəli” qoşmasında deyir: “Yaxası qızıldan düymələnibdi”.

Azərbaycan qadın üst geyimlərindən biri “küləcə” olmuşdur. Aşıq Ələsgər “Şahpəri” müxəmməsində küləcə qadın üst geyimini belə tərənnüm edilir: “Əynində xas güləcə (küləcə”...). Küləcənin yaxa kəsiyi oval formada biçilir, yaxası boyhaboy açıq olur və qolları düzdəmə tikilərək ensiz bilərziklə tamamlanırdı. Küləcə qurşaq yerində xırda düymə və ya çarpaz vasitəsilə tamamlanırdı. Bəzək elementləri ilə olduqca zəngin olan küləcənin yaxası, bel ətəkləri, qollarının ağzı, güləbətin, muncuqlu pilək, məlilə tikmə, zəncirə, bafta, piləkli doldurma və s. ilə işlənirdi. Onu da qeyd edək ki, küləcə Gəncəbasar, Borçalı, Naxçıvan, Şirvan, İrəvanda qadınların bayramlıq geyim növü olmuşdur. 

Aşığın yaradıcılığında Azərbaycan qadınlarının baş geyimlərindən olan kəlağayı, şal, rübənd adlarına təsadüf olunur. Aşıq “Giləyə” müxəmməsində deyir: “Başında herat kəlağay, bənzər göllər sonasına”. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, Azərbaycanda qədimdən məlumdur. Kəlağayı Azərbaycanın Təbriz, Gəncə, Şamaxı, Şəki və Naxçıvan şəhərlərində yüksək keyfiyyətlə hazırlanırdı, həmçinin Azərbaycana satınalınma yolu ilə Herat şəhərindən də kəlağayı alınıb gətirilirdi.

Aşıq “Mələk” müxəmməsində Mələyin başına örtdüyü şalı da nəzərdən qaçırmır:”...başındakı şalı gözəl” Aid olduğu dövrdə baş şalı kustar üsulla yerli karxanalarda toxunmaqla yanaşı, qadınların özləri də ağ yun ipdən kvadratşəkilli dördbucaq formada toxuyur və qıraqlarında toxunan ipdən saçaqlar qoyurdular. Bu baş şalı, Göyçə mahalı ilə yanaşı, Qazax və Naxçıvan bölgəsində də toxunurdu. Azərbaycan qadınlarının baş geyimlərindən biri də rübənd olmuşdur. 

Aşıq “Dolanır” qoşmasında deyir: “Məni qoca gördü, ürbəndin açdı”. Rübənd üzü kənar adamlardan gizlətmək üçün bir vasitə idi. Lakin, qız-gəlinlər yaşlı adamlardan çəkinmədiklərinə görə onların yanında üzlərindən rübəndlərini açırlar. Qərbi Azərbaycanla yanaşı, Naxçıvanda da yayılmış baş geyimləri içərisində rübəndlər xüsusi yer tuturdu.

XIX yüzillikdə qadın geyimlərinin bir qismini də ayaq geyimləri təşkil edir.Aşığın “Baxın” müxəmməsində qadınların geyindiyi “sarğı başmaq” haqqında belə deyir: “...Ayağına sarğı başmaq..”. Sarğı başmağı keçmişdə atın sağrı gönündən hazırlayırdılar. Heyvanın quyruq tərəfindəki sağ və sol yanlarına, eləcə də həmin yanların dərisinə sarğı deyilir. Sarğı dərisindən keyfiyyətli ayaqqabı hazırlanırdı. Sarğı başmağa Qərbi Azərbaycan qadınları ilə yanaşı, Qarabağ və Ordubadda da daha çox üstünlük verilirdi. 

İncə zövqə malik olan Azərbaycan qadınları, adətən, geyim tərzlərini tamamlamaq üçün bellərinə kəmər bağlayardılar. Azərbaycanda kişi və qadın bel kəmər və toqqalarının “ətəkli”, “təkbənd”, “gülbelbağı”, “saltoqqa”, “çilik toqqa”, “gümüş kəmər”, “zərli kəmər”, “sikkə” kəmər və s. növləri olmuşdur. Aşıq Ələsgər yaradıcılığında qadınların bellərinə bağladıqları gümüş kəmərlərdən bəhs olunur. Aşıq “Ay yağa məni” təcnisində deyir: “İncə beldə gümüş kəmər, inci dürr”. 

Göründüyü kimi, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Göyçə mahalında da qadınlar belinə gümüş kəmər bağlayır və qiymətli daş-qaşla bəzədilirdi. Qadınların kəmərləri içərisində yayılma arealına görə üstün yeri “sallama” (ətəkli) kəmərlər tuturdu. Bu kəmərin ətəyinə kəmərdən aşağıya doğru 10-15-20 qəpiklik qulplu gümüş pullar gümüş zəncirlər vasitəsi ilə aypara formasında bir-birinə bənd edilirdi. Bir qayda olaraq kəməri qızlar deyil, gəlinlər gəzdirirdi və gəlin köçən qızların toy-nişan paltar dəstlərinin içərisinə gümüş və bəzən də qızıl kəmər qoyardılar. 

Nəticə etibarı ilə demək olar ki, XIX–XX əsrin əvvəllərində Azərbaycanın ayrı-ayrı tarixi etnoqrafik bölgələrində olduğu kimi Qərbi Azərbaycan da qadınların geyimlərində lokal-məhəlli xüsusiyyətlər, bölgəyə məxsus detallar müəyyən dərəcədə özünü göstərsə də, tipoloji cəhətdən ümumazərbaycan səciyyəsi daşıyırdı.

Aytəkin QƏHRƏMANOVA,
AMEA Naxçıvan Bölməsi, tarix üzrə fəlsəfə doktoru

 





Mədəniyyət